Təkəbbür, lovğalıq

Qədim Yunanıstanda yaşayan hökmdar Zevs
Allahı tanımayıb,özünü baş allah elan edib.
Odur ki,bu dünyadan cəhənnəmlik kimi gedib.
Çünki Zevs əsilzadə deyildi,zatı qəliz idi.
Əsatirə görə o, qardaşla bacının
izdivacından doğulmuşdu.
Atası vəhşi, qaniçən,
özü isə azğın, zülümkar olmuşdu.
Zevs özündən başqa bir neçə allah da təyin etmişdi.
Sonralar hamısının ömrü faciə ilə bitmişdi.
Qədim Misir padşahı Firon da
özünü allah bilib,
odur ki,Allahdan ona da böyük bəla gəlib.
O da nə qədər insan qırıb,ölkələr talamışdı,
axırda ordusu ilə birgə,dənizdə qərq olmuşdu.
Süleyman peyğəmbər də təkəbbür göstərdi,
ona elə gəlirmiş ki,quş dili bilməyi,
ixtiyarlığı və padşahlığı çox böyük hünərdi.
Yadından çıxıbmış hər növ ölçü, mizan-tərəzi,
az qala dünyaya susayıbmış nəfsi,gözü.
Deyirmiş,özümə yüz örvət alaram,
hərəsindən bir oğul atası olaram.
Hər birini bir ölkəyə hökmdar qoyaram,
özümü dünyaya mütləq hakim sayaram.
Onun bu təkəbbürü Allaha xoş gəlməyib,
Rəbbin izni ilə sonralar üzü heç gülməyib.
Xaliq onu bir şikəst övladla cəzalandırıb,
əziz peyğəmbərini şikəst övlad dağı ilə sındırıb.
Musa peyğəmbər də lovğalıq eyləyib,
Tanrıdan gözünə görünməyini diləyib.
Bunu özünə ən böyük şöhrət bilib,
ancaq göydən ona ayrı nida gəlib.
Bu nida ilə dağ-daş silkələnib,
şiş zirvələr ovulub, tökülüb.
Musanın qorxudan dili tutulub,dizləri bükülüb.
Təbii ki, Allah Musanın gözünə görünməyib,
Göydən ona-Mən gözə görünməzəm-yox,
-sən Məni görə bilməyəcəksən-nidası enib.
O zamandan ki,Musa peyğəmbər
öz acizliyini anlaya bilib,
həmin andan da təkəbbür dolu ruhu ölüb.
Başlayıb yenidən öz adi həyatına,
bəşər də ehtiram göstərib həmişə adına.
Sonra İsa peyğəmbər gəlib Yer üzünə.
O da “Allahın oğlu” adını götürüb özünə.
Bu bir böyük günah idi,əlbət,
axı –Mənim heç bir övladım yoxdur-demişdir
–Quranda O Ali Qüdrət!
Bəs niyə Məryəm oğlu bu xülyaya uymuşdu,
özünü çətin bir imtahan qarşısında qoymuşdu?
Bəlkə elə burdan başlanırdı
sonrakı əzablarının da səbəbləri,
hələ də bəşərə bəlli deyil nə ölüsünün,
nə də dirisinin yeri?!
Demək,Tanrı heç kimin təkəbbürünü götürməz,
hətta peyğəmbərlərinə də mütləq
səlahiyyətlər verməz!
Yoxdur o bənzərsiz qüdrətin tayı-bərabəri,
ən yüksək məqamdan da ucadır
Xudavəndin yeri!
Tarix boyu nə qədər zülümkar padşahlar,
qəddar insanlar.
dağıtdılar nə qədər ölkəni,
tökdülər nahaq qanlar!
Çünki onlar öz zəif cəhətlərini görmədilər,
ədalət carçılarını dinləmədilər,
haqqa meydan vermədilər.
Allah qarşısındakı acizliklərini
anlamaq istəmədilər,
özlərini hər məqamda hamıdan güclü bildilər.
Öz zəifliyini görməyən mənən ucala bilməz,
təkəbbürü çox olan insanın ürəyinə rəhm gəlməz.
İnsanda rəhm də olmalıdır,güzəşt də,qorxu da,
heyif ki,ancaq hökm var,iddia var çoxunda.
Siz ey xudpəsənd və lovğa insanlar,
bizi məhəbbətə, mərhəmətə çağırır
səmavi kitablardakı qanunlar.
Budur bütün dinlərin və elmlərin baş mənası,
budur insanlığı düşünənlərin iç dünyası.
Bizi gücsüzlüyümüzü anlamağa çağırır
fəzilətin qüdrəti,
Hər kəs idrakında yaşatmalıdır
bu əbədi hikməti!

Yanvar, 2007
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008

Oxşar məqalələr

 

2 şərh

ayxansevda
çox maraqlı yazıdır sevdiyim mövzulardan biri. lakin təcrübə onu göstərir ki, sadə olanda da başına çıxırlar sənlə necə gəldi rəftar edirlər. Əndazəsində hər şeyin. nə kimisə aşağılayıb özünü hamıdan üstün bilməyəsən, nə də hamıya ürəklə yanaşıb bihörmət olmayasan