Sənin varlığını kim danar,Allah?

Sən ey Yerə, Göyə göz ola bilən,
Sən ey əqlimizdə iz ola bilən.
Sən ey dilimizdə söz ola bilən,
Sən ey ürəklərdə şəhriyar Allah,
Sənin varlığını kim danar, Allah.

Səndən ucalığa bir varlıq yetməz,
nəzər diqqətindən bir zərrə itməz.
Sənsiz bir ot bitməz, bircə an ötməz,
özünü göstərsən nə olar, Allah,
Sənin varlığını kim danar, Allah.

Xaliqim, bircə yol özünü göstər,
səsini, hökmünü, sözünü göstər,
bu boz üzlülərə üzünü göstər,
yoxsa bu quldurlar qul satar, Allah,
Sənin varlığını kim danar, Allah.

İttiham etdikcə insan insanı,
min – min günahsızın tökülür qanı,
İsanı çarmıxa çəkənlər hanı?
Bu boyda günahı kim yuyar, Allah,
Sənin varlığını kim danar, Allah.

Çoxunun qəlbindən böyükmüş kini,
Göyə həcv yazır yerin sakini.
Nadanlar yandırdı Naqasakini,
bu yolla Yer üzü dağılar, Allah,
Sənin varlığını kim danar, Allah.

Tutmuş düz – dünyanı bu bədəsillər,
bu vara, dövlətə, pula əsirlər.
Bu harın insanlar, azğın nəsillər,
nə vaxt haqqa dönər, tapınar, Allah,
Sənin varlığını kim danar, Allah.

Kimi uşaqlıqdan qüsurlu, miskin,
kimi cavanlıqdan dərdə tuş, bədbin.
Milyonlar zavallı, ac-susuz - neyçün?
Sən ey adil Allah, ixtiyar Allah,
Sənin varlığını kim danar, Allah.

Bir adın Əkbərdir, bir adın Həmid,
bir adın Səbrdir, bir adın Ümid.
Ya üz səbrimizi, ya eylə səid,
Sən ey Kərim Allah, ümidvar Allah,
şübhəni qəlbimdən qır, qopar, Allah,
Sənin varlığını kim danar, Allah.

Yanvar, 2001
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
 
 

3 şərh

rezerv

Hec kes dana bilmez

Blue

Əla cavabdır