Gələcəyəm, gəl desən

Fikrim yenə tamam sənin yanında,
Uça-uça gələcəyəm, gəl – desən.
Səndən ayrı bir həsrət var canımda,
yuxuma gir, öləcəyəm, öl – desən.

Bundan sonra görüşümüz bir güman,
bizi üzüb yetişəcək dərd kama.
Mənim kimi sən də orda ağlama,
göz yaşımı siləyəcəm, sil – desən.

Bəxti mənə sən yazırsan, neyləyim,
nə ömürdən, nə yaşdandır gileyim?
Qismətiylə barışarmı taleyim,
sənsiz keçən günlərimə il – desən?

Sən gedəli artan ancaq göynəyim,
ruhdan qeyri qalmayıbdı heç nəyim.
Görsəm səni çox incidir ölməyim,
öləndə də güləcəyəm, gül – desən,
yuxuma gir, öləcəyəm, öl – desən!

Fevral, 1998, Şeirin orijinal adı YUXUMA GİR adlanır.
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
 

0 şərh