Fransa Birinci Dünya Müharibəsindən sonra

Ərazisində hərbi əməliyyatların getməsi ilə əlaqədar ölkənin şimal-şərqində yerləşən və iqtisadi cəhətdən daha yaxşı inkişaf etmiş 10 departament viran qoyulmuşdu. Əmək qabiliyyətli əhalinin sayı azalmışdı. Fransa müharibədə milli sərvətinin 1/4-ni itirmişdi. Hərbi əməliyyatlar başlamamışdan əvvəl dünyanın əsas kreditor ölkələrindən olan Fransanın müharibədən sonra müttəfiqlərinə xeyli borcu var idi. Rusiya, Osmanlı və Avstriya-Macarıstan imperiyalarında baş vermiş inqilablar nəticəsində onun xaricdə kapital qoyuluşu xeyli azalmışdı. Müharibə illərində sənayesini texnoloji cəhətdən yenidən quran Fransa dünyanın aparıcı sənaye ölkələrindən biri oldu. Hərbi cəhətdən ən qüdrətli dövlətlərdən birinə çevrilməsi beynəlxalq aləmdə ona aparıcı mövqe qazandırdı. Müstəmləkə mülklərinin genişləndirilməsi, Elzas və Lotaringiyanın geri qaytarılması, Almaniyanın Saar daş kömür mədənlərindən yararlanması, genişmiqyaslı bərpa işlərinin aparılması iqtisadiyyatın inkişafına güclü təkan verdi.

Parlament seçkilərində bir sıra siyasi qüvvələri birləşdirən Milli blok qalib gəldi. Milli blok hökumətləri ölkədə müharibədən sonra başlamış iqtisadi böhranın qarşısını almağa çalışırdı. İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin rolunun azaldılması xəttinə üstünlük verən hökumətlər mülayim vergi siyasəti tətbiq edirdilər. Artan büdcə kəsirini aradan qaldırmağa çalışan Milli blok hökumətinin Rusiyadan borcları geri almaq səyi uğursuz nəticələndi. Ağır iqtisadı vəziyyətdə olan Almaniyanın təzminatın verilməsini təxirə salmaq cəhdlərinə cavab olaraq 1923-cü ilin yanvarında Fransa və Belçika qoşunlarının Rur sənaye bölgəsini işğal etməsi Fransanın daxilində siyasi böhranın yaranmasına və müttəfiqləri ilə münasibətin gərginləşməsinə səbəb oldu. 1924-cü ildə keçirilən parlament seçkilərində Sol blok qalib gəldi.Eduard Errionun başçılıq etdiyi hökumətin səyləri nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə yalnız ABŞ iqtisadiyyatından geri qalırdı. Bu meyil 1920-ci illərin sonlarına kimi davam etdi. Lakin 1930-cu ilin payızında Fransada dünya iqtisadi böhranının ağır təsiri özünü göstərdi.

Siyasi qeyri-sabitlik ölkədə faşist təşkilatlarının fəallaşmasına səbəb oldu. Fransanın faşist təşkilatlarının əsas məqsədi ölkədə parlament quruluşunu ləğv edərək öz diktaturalarını qurmaq idi. 1934-cü ilin fevralında Parisdə faşistlərin qiyamı uğursuzluqla nəticələndi.

Faşizm təhlükəsinə qarşı mübarizə məqsədilə sosialistlər, kommunistlər və radikallar 1935-ci ildə Xalq Cəbhəsini yaratdılar. 1936-cı ilin aprelində keçirilən parlament seçkilərində Xalq Cəbhəsi bloku qalib gəldi. İki ilə qədər fəaliyyət göstərən Xalq Cəbhəsi hökumətləri geniş sosial islahatlar keçirdi, dövlətin iqtisadi və sosial münasibətlərdə tənzimləyici rolu artırıldı, faşist təşkilatları qadağan edildi, vergi və təhsil sistemində islahatlar aparıldı və s. Hökumət fəhlələr və sahibkarlar arasında münasibətləri tənzimləyən sazişin imzalanmasına nail oldu. Lakin buna baxmayaraq, iri kapital nümayəndələri Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdilər və buna görə kapitalın ölkədən çıxarılma miqyası xeyli artdı. Bu isə iqtisadi vəziyyətə mənfi təsir göstərdi. Faşist təşkilatları qadağan edilsələr də, onlar başqa adlarla yenə də fəaliyyət göstərməkdə davam edirdilər. Xalq Cəbhəsi blokunda ölkənin daxili və xarici siyasəti ilə bağlı partiyalar arasında kəskinləşən ideoloji fikir ayrılıqları onun dağılmasına səbəb oldu. Radikallar partiyası üzvlərindən təşkil olunan yeni hökumət Xalq Cəbhəsinin hakimiyyəti dövründə qəbul olunmuş bir sıra qanun və qərarları ləğv etdi.

 

0 şərh