Sovet liderinin sirrini bildiyinə görə güllələnən Abakumovun həyat hekayəsi

SSRI tarixində adı cəllad kimi hallanan dövlət məmurları az olmayıb. İosif Stalinin hakimiyyəti illərində bu cür məmurlara daha çox rast gəlinib. Əsasən «NKVD” adlı qurumda təmsil olunan bu şəxslər milyonlarla insanı xof içində saxlamağı bacarıb. Bu sırada Viktor Abakumov isə öz qəddarlığı ilə daha çox fərqlənib.
Müasirləri Viktor Abakumovu xarakterizə edərkən xüsusilə vurğulayıblar ki, hətta „hər şeyə qadir” Lavrenti Beriya belə Abakumovdan çəkinib. Əslində, Abakumovu üzə çıxaran, karyerasında mühüm rol oynayan da elə Beriyanın özü olub. Nədənsə ən kiçik məsələləri belə dəfələrlə ölçüb-biçən Beriya ağlına gətirməyib ki, nə vaxtsa Viktor Abakumov ən böyük təhlükəyə çevriləcək, öz varlığı ilə hətta yüksək ranqlı Kreml məmurlarını belə narahat edəcək...
1908-ci ildə Moskvada yoxsul bir ailədə dünyayaViktor Abakumovgələn Abakumov cəmisi dörd sinif oxuyub. İki il Moskvada xüsusi təyinatlı hərbi hissədə sanitar kimi xidmət edib. Daha sonra ayrı-ayrı müəssisələrdə fəhlə işləyib. 1927-ci ildə komsomol sıralarına daxil olan Viktor Abakumov həmin dövrdə fəhlə sinfindən vəzifələrə irəli çəkilən kütləvi kampaniya zamanı Rusiyanın Ticarət və Sənaye Komissarlığında işə qəbul edilib. Abakumov qısa müddət ərzində bu qurumun ilk komsomol təşkilatının katibi seçilib, eyni zamanda komissarlığın inzibati şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. O, çox keçməmiş Kommunist Partiyasına üzv olub. İş bacarığı və fəallığı ilə fərqlənən gənc kommunist vəzifə karyerasında bir addım da irəli gedərək Xalq Komissarları Sovetində baş müfəttiş vəzifəsinə təyin edilib.
Görkəmcə kifayət qədər yaraşıqlı, ali təhsili olmamasına baxmayaraq yüksək nitq qabiliyyətinə, güclü məntiqə malik olan, tez bir zamanda ünsiyyət qurmağı bacaran Abakumov işlədiyi bütün qurumlarda rəhbərliyin diqqətini cəlb edib, ən mühüm tapşırıqlar ona həvalə olunub, o, kollektivlərdə özünün işgüzar imicini yaratmağı bacarıb.
Gələcək karyerası üçün bütün gücünü, enerjisini, bacarığını sərf etsə də, qara zolaqlar Abakumovun da həyatından yan keçməyib. Amma onun həyatında problemləri mövcud rejim deyil, özü yaradıb. Son dərəcə qadın düşkünü olan fəal kommunist haqqında Xalq Komissarları Sovetinə hüquq-mühafizə orqanları tərəfindən bir neçə dəfə rəsmi yazılı məlumat daxil olub. Məlumatlarda bildirilib ki, Abakumov müntəzəm olaraq Moskvanın mehmanxanalarında qadınlarla əyləncə məclisləri təşkil edir. Nəticədə rəhbərlik onun bu əməllərini kommunist əxlaqında zidd sayaraq Abakumovu vəzifəsindən azad edib.
Abakumovun işsizliyi uzun sürməyib. Bütün əlaqələrini işə salan ləkənlənmiş kommunist Moskvada islah əmək düşərgəsində əməliyyat müvəkili vəzifəsinə qəbul edilib və kiçik leytenant rütbəsi alıb. Bu təyinat isə onun böyük gələcəyinin başlanğıcı olub.
Əvvəlki iş yerlərində olduğu kimi, Abakumov yeni xidmətində də sürətli irəliləyişə nail olub. O, əməliyyat müvəkkili kimi istintaq proseslərində iştirak edib, bu proseslərdə ittiham olunanlara qarşı ən dəhşətli işgəncələr tətbiq etməklə ad çıxarıb. İstintaq altında olan istənilən şübhəli şəxsdən lazımi ifadəni almaq Abakumov üçün çox rahat olub və beləliklə o, cinayətlərin aşkar olunmasında ən yüksək göstəriciləri əldə edib. Abakumov bacarıqlı kadr kimi irəli çəkilib, 1939-cu ildə isə o, “NKVD”-nin Rostov vilayət idarəsinə rəis göndərilib.
 
Mövcud dövrdə Rostov SSRİ-də kriminogen durumu mürəkkəb olan bölgələrdən biri sayılıb. Abakumov qısa müddət ərzində bu „mürəkkəbliyi” də aradan qaldırmağı bacarıb.
Lavrenti Beriya “NKVD”-yə rəhbər təyin olunduqdan sonra apardığı kadr islahatları zamanı, komandasını formalaşdırarkən Abakumovu diqqətdən qaçırmayıb. Ona „NKVD”-nin mərkəzi aparatında iş təklif edib. Beləliklə də, Abakumov qurumun xüsusi şöbəsinə rəis təyin edilib. Bu şöbə kəşfiyyat və əks-kəşfiyyatla məşğul olub.
Abakumovun bu vəzifədə fəaliyyəti onu daha da məşhurlaşdırıb. O, ən çətin və mürəkkəb kəşfiyyat tapşırıqlarının öhdəsindən yüksək səviyyədə gəlib və nəhatət, onun bu bacarığı Stalinin də diqqətini cəlb edib.
1943-cü ildə Stalinin göstərişi ilə Müdafiə Komissarlığının tabeliyində (Müdafiə Nazirliyinin — red) Baş Kəşfiyyat İdarəsi, “SMERŞ” yaradılanda elə Stalinin təşəbbüsü ilə də bu quruma Abakumov rəhbər təyin edilib. Məlum olduğu kimi, həmin dövrdə Stalin həm də müdafiə komissarı vəzifəsini icra edib. Bununla da Abakumov birbaşa Stalinin tabeliyində işləyib.

»SMERŞ”ə rəhbirliyi dövründə Abakumovla Stalinin arasında sıx münasibətlər yaranıb. O, yeganə şəxslərdən biri olub ki, ona Stalinlə istənilən vaxt görüşmək səlahiyyəti verilib.
Peşəkar cəllad kimi tanınan Abakumov «SMREŞ”-də xidmət etdiyi illərdə onlarla ali rütbəli hərbçini, marşal və generalları məhv edib. Təkcə iki il ərzində onun göstərişi ilə 80 mindən artıq zabit və əsgər vətənə xəyanətdə ittiham olunaraq güllələnib. Bu ittihamların heç biri dərindən araşdırılmayıb.
Abakumov xidməti vəzifələrini icra etməklə yanaşı, həm də Stalinin şəxsi tapşırıqlarını da yerinə yetirib. Stalin üçün arzuolunmaz şəxslər məhz Abakumov tərəfindən aradan götürülüb.
Araşdırmaçıların qənaətinə görə, Stalin Abakumovdan yüksək vəzifəli dövlət məmurlarını və hərbçiləri qorxu içində saxlamaq üçün istifadə edib. Günü-gündən onun səlahiyyətlərini artırması, Stalinin general-polkovnik rütbəsini ona şəxsən təqdim etməsi, 1946-cı ildə Abakumovu SSRİ dövlət təhlükəsizliyi naziri vəzifəsinə təyin etməsi, „SMERŞ”-i də bu qurumun tabeliyinə verməsi bu faktı bir daha təsdiq edib.
Bütün səlahiyyətlər, imtiyazlar, birinci şəxslə yaxın münasibətlər Stalin komandasının digər üzvlərində qıcıq yaradıb. Ən ötkəm dövlət məmurları, hətta Lavrenti Beriya kimi səlahiyyət sahibləri Abakumovdan çəkiniblər, istənilən vasitə ilə onu aradan götürməyə cəhd ediblər. Ancaq bütün cəhdlər boşa çıxıb.
Amma Abakumovu ən yüksək pikə çatdıran Stalinin özü sıradan çıxarıb. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Çünki Abakumov Stalinin bütün “qara” işlərindən xəbərdar olub. Beləliklə, sovet lideri nə vaxtsa böyük səlahiyyətlər verdiyi Abakumovun sirrlərini aça biləcəyi ehtimalını nəzərə alaraq, onu aradan götürməyə qərar verib. Bu isə Stalin üçün çox asan məsələ sayılıb.
 
1951-ci ildə keçirilən partiya konfransında Stalinin Abakumov haqqında söylədiyi qısa bir ifadə dövlət təhlükəsizliyi nazirinin bütün müqəddaratını həll edib: „Biz ona çox səlahiyyətlər verdik, o isə bu səlahiyyətlərdən sui-istifadə edərək etimadımızı doğrultmadı...”
Abakumovun həbsi üçün bu ifadə kifayət edib. Onun həbsində SSRİ Nazirlər Sovetinin sədr müavini Gergi Malenkov xüsusi fəallıq göstərib. Beləliklə, 12 iyul 1951-ci ildə SSRİ dövlət təhlükəsizliyi naziri, general-polkovnik Viktor Abakumov həbs edilib. O, “Lefertovo” türməsində saxlanılıb. Vətənə xəyanət, vəzifədən sui-istifadədə və digər maddələrlə ittiham olunan Abakumovun məhkəməsi üç il davam edib. Hətta Stalinin vəfatından sonra belə o, xilas ola bilməyib. Amma Xruşovun hakimiyyətə gəlişindən sonra onun üzərindən vətənə xəyanət maddəsi götürülüb.
Abakumov həm də „Leninqrad işi”ndə ittiham olunduğu üçün məhkəmə prosesi Leninqradda keçirilib. İstintaq dövründə Abakumova nə qədər işgəncələr verilsə də, sabiq nazir bütün ittihamları rədd edib. 19 dekabr 1954-cü ildə məhkəmə sona çatıb. Məhkəmənin hökmü ilə Abakumov ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Son söz hüququndan istifadə edən 46 yaşlı Abakumov son fikirlərini bir cümlə ilə ifadə edib: “Bütün əmrləri Stalin verirdi, mən isə icra edirdim...”

Məhkəmənin hökmü həmin gün icra edilib.
 
 

Müəllif: İlham Cəmiloğlu
Mənbə: Sfera.az
 

0 şərh