Qısqanclıq nədir və nə dərəcədə olmalıdır?

Qısqanclıq nə dərəcədə normaldır?
Doğuşdandır, yoxsa sonradan inkişaf edir? Zorakılıqla, hətta qətllə nəticələnə bilən qısqanclığın qarşısını necəsə almaq olarmı? Qarşı cinslə münasibətdə “sıfır” qısqanclıq mümkündürmü?

Qısqanclıq cütlüklər arasında ən çox müzakirə olunan və mübahisə yaradan problemlərdən biridir. Sevdiyiniz insanın sizə olan qısqanclığı sizi narahat edirsə, öncəliklə standart normal qısqanclıq necə və nə dərəcədə olur onu anlamaq lazımdır. 

Qısqanclıq hissi 2-3 yaşlarından etibarən yaranmağa başlayır.
Qısqanclıq anadangəlmə bir davranış deyil. Bu zamanla və yaşadıqlarımıza görə yaranan bir hissdir. İnsan körpəlikdən paylaşmağı, dostluğu öyrənir. Zamanla dostunun başqa biri ilə dostluq etməsinə şahid olan uşaqda paxıllıq hissi və itirmək qorxusu yaranır. Qısqanclığın növləri və həddləri fərqli olur. Yeni doğulan körpəni daha çox seviləcək qorxusu ilə qısqanan böyük bacı/qardaş, valideynlərin bir-birinə olan sevgisini qısqanan övlad və s. 

Qarçı cinslə dostluqlara müsbət yanaşmır.
Alimlər əksər hallarda qısqanclığın yeniyetməlik dövründə artdığını və qocalığa qədər davam etdiyini ifadə edirlər. Bu etapda qısqanclığa yiyələnən insanlar, sərt formada qısqanclığa yeniyetməlik dövründə ailə üzvlərini, bacı və anasını qısqanmaqdan başlayırlar. Daha sonra həyatında olan xanımı sevgili və ya həyat yoldaşını qısqanmağa başlayır. Sevgilinin oğlan iş yoldaşı, tanışlarının olması, qısqanc bir kişini daha da əsəbi və gərgin olmağa aparır. Bir bəyin, həyatında olan xanımı qısqanması normaldır amma bu həddi aşdıqda artıq cansıxıcı olmağa başlayır. Zamanla bir çox insan bunu sevginin olmaması və ya sədaqətsizlik kimi  kimi şərh edir. Qısqanclığın olmadığı bəzi münasibətlərdə, «o mənimlə maraqlanmır, nə edirəm, hardayam heç vecinə deyil» kimi fikirlər də yaranır. Həddindən artıq qısqanclıq həm kişilərdə, həm də qadınlarda həyatı yaşanılmaz edir. Bunu davranış pozğunluğu kimi qiymətləndirə bilərik.

Qısqanc bir insan, özünün və qarşısındaki insanın həyat keyfiyyətini aşağı salır.
Qısqanclıq münasibəti çürüdən, araya dava salan bir hissdir. Bu hal qısqanılanla yanaşı qısqanan insanın da həyat keyfiyyətinə ziyan vurur. Zamanla fiziki və ya şifahi zorakılıq baş verir. Artıq qısqanclığa məruz qalan insan, demək olar ki, hər şeyi, hər addımını sübut etməyə və daim hər addımının hesabatını verməyə başlayır. Bununla da ümidlərlə, xoş fikirlərlə qurulan münasibətlər, yox olub gedir. Çünki partnyorunuz bütün sosial münasibətlərinizi korlayır, başqalarını görməyinizə icazə vermir o, hətta həmkarlarınızla danışmağınızı belə qadağan edə bilər. Geyiminizə və makiyajınıza həddən artıq müdaxilə edir. Sosial media hesablarınızı bağlaya, telefonlarınıza qulaq asa bilər.Tez-tez harda olduğunuzu soruşur, dediyinizin düz olduğunu anlamaq üçün təsdiq etmənizi tələb edir, İşinizə qəfil basqınlar edir. Evdən tək çıxmağınızı istəmir və s.
Bu cür qısqanc insanlara daim günahsız olduğunu daim sübut etmək məcburiyyətində qalırsınız. Bu isə zamanla insanın özünə olan hörmət və inamını sındırır.

Qadınların səhvi.
Qadınların etdiyi ən böyük səhvlərdən biri «qısqanır, qadağalar qoyursa deməli sevir» düşüncəsini dəstəkləmələridir. Normal qısqanclıq qadağalara, məhdudiyyətlərə gətirib çıxarmamalıdır. Qədərində qısqanclığın göstəriciləri, məsələn «axşam gec çıxacaqsan işdən. Gəlim səni özüm ötürüm evə», «səni narahat edən nəsə olsa bir zəng qədər yaxınam unutma», «icazənlə səni gedəcəyin yerə mən aparıb gətirim. Bununla da səni daha çox görmüş olaram» kimi fikirlərdir. Yəni qədərində qısqanclıq sizin həyatınızı məhdudlaşdırmaq demək deyil. Qədərində olan qısqanclıq, sizi qorumaq, sizin rahatlığınızı təmin etmək, zərif cinsin nümayəndəsi olduğunuzu ən gözəl formada sizə aşılamaqdır. 

 

0 şərh