Temperament haqqında

Adətən, hər hansı bir insan qrupunda müşahidə apar­dıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu gö­rürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiy­yətinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumi­ləşmiş portretlərini tipologiyasını verməyə cəhd göstərmişlər, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.
Temperament – insanın elə bir anadangəlmə xüsu­siyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərt­lən­dirir.
Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 il­lər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi» nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin sözü yunanca tempe­ramentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De tem­peramentum» kitabında şərh etdiyi temperamentlərin tipo­lo­giyasını işləyib hazırladı.
Onun təliminə əsasən temperamentin tipi orqanizimdə bu şirələrdən birinin üstünlüyündən asılıdır.. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun veril­miş­dir:sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd).

 

Temperament haqqında təlimlər tarixindən

İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir. Bu cür fərqlərin ya­ranmasının səbəbləri müxtəlif istiqamətdə öyrənilmişdir. Müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.
Temperament haqqında humoral nəzəriyyənin bani­si Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (ma­ye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nə­zəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrdə də saxlanmışdır. Hippokratın nəzəriyyəsi tem­pe­ramentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları gös­tərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxana bənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik və qıcıqlanması ilə şərtlənir.
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quru­luşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və qruplaşdırmağa çalışıblar. Nəticədə temperamentin çoxsaylı konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu kon­sepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyul­muşdu. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipo­logiyalar konstitusion tipologiya adını alır.Bu tipologiya tem­pe­rament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur. Burada bədən quruluşu temperament tipi üçün əsas kimi götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya 1921-ci ildə öz məşhur «Bədən quruluşu və xarakter» əsərini nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E. Kreç­mer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik, displastik ayırmağa imkan verdi.

  1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy, yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla xarakterizə edilir.
  2. Piknik, – ifrat piy toxumu, balaca və ya orta boyla, böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə xarakterizə edilir.
  3. Atletik–inkişaf etmiş əzələləri, möhkəm bədən quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.
  4. Displastik–formasız, düzgün olmayan quru­luşa malik adamdır. Bu tipdən olan fərqlər bədən quruluşunun müxtəlif deformasiyaları ilə xarakterizə edilir.

Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 tempe­rament tipini aid edir.
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quru­luşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asan­­lıq­­­la əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayıl­mışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun tempe­rament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən quru­luşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
Şeldona görə bədən quruluşunun bu tiplərinə tem­pe­ramentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və sosial şəraitin rolunun tonu qiymətləndirilməsinə görə kəskin təngidə məruz qalır.

Temperamentin tipləri

Yuxarıda qeyd etdiyimiz kimi, müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərq­ləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir psixologiyada tempe­ra­mentin özünə məxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir. :
Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur.
Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa dü­şülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərə­yanetmə və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və key­fiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi fərqləndirirlər.
Emosiyaların gücü. Burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür.
Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa düşülür.
Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədərtez uyğunlaşmasından (plas­tiklik) və ya, əksinə, davranış adət və mülahizələrinin nə qədər ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar.
Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləşdirmək müm­kündür.
Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlə və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun muddət işləyə bilir. Sanq­viniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürtli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək olur.
Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xo­leriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar.Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Bu işi onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inad­karlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətin­lik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də eks­travertlik yüksək olur. Müvazinətsiz olurlar.
Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həd­dindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa mə­ruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal gi­rişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əks­olunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini ol­duq­ca ləng dəyişə bilirlər. Bunlarla yanaşı fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni adamlara çətin alışırlar.
Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsir­lənirlər. Hədsiz dərəcədə küsəyəndir. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür. On­larda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarına göz­ləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. O tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmir. Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tip­lərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər.
Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplə­rindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri vardır.

Temperamentin fizioloji əsasları

Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq­qında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P. Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəa­liy­yəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır.
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1)oyanma və ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsa­sında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təs­nifatını vermişdir. O, oyanma və ləngimənin güvvəsi xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yeə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəa­liyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkarı çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ;
3) diribaş (cəld); 4) sakit.
Aşağıdakı şəkildə bu tuplərin necə yarandığını əyani şəkiuldə görə bilirik.


Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, güvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz (coşğun sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, mü­vazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müva­zinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik tem­perament tipinin fizioloji əsasını təşkil edir.

 

0 şərh