Madlen Olbrayt

O, ABŞ-ın ilk qadın dövlət katibi kimi adını tarixə yazdı. Madlen Olbrayt! (Madeleine Korbel Albright)
O, bu vəzifəyə 1996-cı il dekabrın 5-də, dövrün ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edildi, Senatda isə yekdilliklə qəbul edildi. Beləliklə, ABŞ-ın ilk qadın dövlət katibi 1997-ci il yanvarın 23-də vəzifəsinin icrasına başladı. Başladı, nə başladı… Madlen Olbrayt

Amerika, Allah və Dünya işləri barədə fikirləşən Olbrayt
Xanım Olbrayt təqaüdə çıxdıqdan sonra “Madam Katib” (2003) adlı memuar, “Güclü və daha güclü: Amerika, Allah və Dünya işləri barədə fikirlər” (2006), “Seçilmiş Prezidentə Yaddaş: Amerikanın nüfuzunu və liderliyini necə bərpa edə bilərik” (2008) və “Mənim işarələrimi oxuyun” (2009) adlı kitablarını yazdı. Necə deyərlər, məzmunu adından bəlli olan kitablarını! Bu kitabları oxumuş bir insan kimi hesab edirəm ki, siyasətçilərin, siyasətlə maraqlananların, ABŞ və onun siyasətini daha yaxşı anlamaq istəyənlərin və ümumiyyətlə, hər kəsin bu kitabları oxuması vacib, əhəmiyyətli və maraqlı olardı. Mən şəxsən onları böyük maraqla oxumuşam. Düzdür, bəzi məsələlərlə razılaşmasam da etiraf etməliyəm ki, oxuduğum ən maraqlı kitablar arasında onun kitablarının xüsusi yeri var!
Jurnalist fəaliyyətim dövründə onunla görüşmək, qısa da olsa söhbət etmək, müəyyən məsələlərlə bağlı məni maraqlandıran suallara cavab almaq imkanım olmuşdu. Amma doğrusu, bu qısa söhbətin ən azı 1-2 saat olmasını o zamanlar bir jurnalist kimi çox arzulamışdım. Ona veriləsi çoxlu suallarım vardı. Özü də kamera, mikrofon və diktofonsuz da görüşməyə hazır idim. Təki suallarımın həqiqi və səmimi cavablarını ala bilim… 
Onu sonra bir dəfə də gördüm. Artıq o dövlət katibi deyildi, mən də jurnalist. Mən onun yavaş-yavaş vidalaşmağa başladığı siyasətə təzəcə gəlmişdim. Yenə də ayaqüstü görüş və qısa söhbət. Qısa olsa da, maraqlı söhbət… Etiraf edim ki, bu gün də onunla səhərdən axşama qədər böyük siyasətdən söhbət etməyə hazıram və əminəm ki, bu mənim həyatımda ən maraqlı günlərdən və söhbətlərdən biri ola bilər. Dünyanın o qədər böyük sirləri yatır ki, Olbraytın ürəyində, düşüncəsində, xatirələrində… Onların bir hissəsini kitablarında oxucuları ilə paylaşsa da, mən onların hamısını paylaşdığına, sözün doğrusu, tam inanmıram. Çünki böyük siyasətdə hər şey tam açıqlığı ilə çox zaman danışıla bilmir — hətta bəzən on illər keçsə belə… Üstəlik, ürəyimdə hələ də ona vermək istədiyim və kitablarında cavablarını tapa bilmədiyim çoxlu suallarım qalır və mən inanıram ki, günlərin birində mən o suallara onun cavablarını dinləyə biləcəm… 

Madlen Olbrayt hazırda Corctaun Universitetinin Ualş Xarici Xidmət Məktəbində Beynəlxalq Əlaqələr professorudur. Bundan əlavə, o, Vaşinqton Universitetinin, Smit Kollecinin, Vinnipeq Universitetinin, Quzey Karolina Universitetinin və Noks Kollecinin fəxri hüquq doktoru, həmçinin Xarici işlər Şurasının direktorudur. 
Olbrayt poliqlotdur – ingilis, fransız, çex və rus dillərində mükəmməl bilir, o cümlədən polyak və serb (xorvat) dilində yaxşı oxuyur, fikirlərini sərbəst ifadə edir. 
Olbrayt Mari Cana Korbelova kimliyi – ad ünvanı ilə Praqada Smiçov əyalətində doğulub. O anadan olanda Çexoslovakiya 20 ildən az müddət idi ki, Avstriyadan müstəqillik əldə etmişdi. Onun atası Cozef Korbel yəhudi əsilli çex diplomat idi. Olbraytın atası Çex demokratlarının tərəfdarı kimi tanınırdı. Mari onun Anna adlı yəhudi arvadından olan qızı idi. O, 1937-ci ilin 15 mayında anadan olanda atası Belqraddakı Çex səfirliyində mətbuat attaşesi kimi fəaliyyət göstərirdi. Ancaq 1938-ci ilin martında Münhen Sazişinin imzalanması və Çexoslovakiyanın Hitlerin əlinə düşməsi ailəni sürgünə vadar etdi. Ölkədən getməzdən öncə Olbraytın ailəsi yəhudilikdən katolikliyə keçmişdi. Atası sürgündə olan Çexoslovakiya hökuməti üçün işləyərkən Olbraytın uşaqlığı İngiltərədə keçdi. İngiltərədə olan gənc Mari qaçqın uşaqlara simpatiya yaratmaq məqsədi ilə çəkilmiş filmdə qaçqın uşaq rolunu oynamışdı. 

Olbrayt katolik kimi böyümüş, ancaq 1959-cu ildə ailə qurakən Yepiskopializmə keçmişdi. Olbrayt uzun müddət ailəsinin əslində yəhudi olduğunu və bir çox qohumlarının, o cümlədən nənə və babalarının Çexoslovakiyada yəhudilərin soyqrımında həlak olduğunu bilməmişdi. 
Nasistlərin məğlubiyyətindən sonra Olbrayt və ailəsi Praqaya geri qayıdır. Atası Çexoslovakiya hökuməti tərəfindən kommunist Yuqoslaviyaya səfir təyin edilir və ailə yenidən Belqrada köçür. Qızının kommunist ideyalarının təsiri altına düşəcəyindən ehtiyat etdiyinə görə atası onu Yuqoslaviyada məktəbə göndərmir və o, ilk təhsilini əvvəlcə dayəsindən, sonra isə İsveçrədə Cenevrə Gölü sahilində Gənc Qızlar Məktəbində alır. Burada o, fransız dilini öyrənir və ona Madlenka adının fransız versiyası olan Madlen (Madeleine) kimi müraciət edirlər. 

1948-ci ildə Sovet İttifaqının köməyi ilə Çexoslovakiyada kommunist rejim qurulur və antikommunist düşüncəli Korbel vəzifəsindən istefaya göndərilir. O, BMT-də iş tapdıqdan sonra ailəsini ABŞ-a (Nyu-Yorka) göndərir. Onlar 1948-ci ilin noyabrında Nyu-Yorka gəlirlər. Korbel, antikommunist olduğuna görə onu Praqada təhlükə gözlədiyini dilə gətirərək, siyasi sığınacaq istəyir. Kolumbiya Universitetində rus dili müəllimi olan Filip Moslinin köməyi ilə o, Koloradoda Denver Universitetinin siyasi elmlər departamentinə işə düzəlir. O, universitetin Cozef Korbel Beynəlxalq Əlaqələr Məktəbinin dekanı olur (və gələcək dövlət Katibi Kondaliza Rays da daxil olmaqla bir çox ünlülərə (daha doğrusu, sonra ünlü olacaq şəxslərə)) dərs deyir. 

ABŞ-dakı həyatı
Olbrayt gənclik illərini Denverdə keçirdi və məktəbi 1955-ci ildə orada bitirdi. Məktəbi bitirdikdən sonra o, tam təqaüd əldə edərək Uelsli Kollecində siyasi elmlər üzrə təhsil aldı və buranı 1959-cu ildə bitirdi. Onun diplom işinin mövzusu çex kommunisti Zdenek Firlinger barədə idi. Meri, 1957-ci ildə ABŞ vətəndaşlığı almış və Amerika Kollec Demokratlarına qoşulmuşdu. Madlen Olbrayt və Cozef Medill Olbrayt
O, “Denver Post” qəzetində təcrübə keçən zaman ünlü filantropist Herri Quqnhaymın arvadı Alisiya Pitersonun qardaşı oğlu Cozef Medill Olbraytla tanış olur və onların tanışlığı 1959-cu ildə ailə qurmalarına gətirib çıxarır. Öncə onlar Cozefin hərbi xidmət keçdiyi yerdə — Missuri ştatında yaşayırlar. Bu vaxt ərzində o, “Rolla Deyli Nyus” qəzetinin redaksiyasında işləyir. 
1960-cı ildə cütlük Çikaqoya köçür. Burada Cozef “Çikaqo Tayms”da jurnalist kimi, Olbrayt isə Britannika Ensiklopediyasında redaktor kimi işləyir. Növbəti ildə Cozef Nyu-Yorkda işə düzəldiyindən onlar bura köçürlər. Həmin ildə cütlüyün Alis Piterson Olbrayt və En Korbel Olbrayt adlı əkiz qızları dünyaya gəlir. Əkizlər vaxtından 6 həftə öncə dünyaya gəldiyi üçün uzun müddət xəstəxanada qalmalı olan Olbrayt vaxtını boş keçirməmək üçün Hofstra Universitetində rus dili dərslərinə başlayır. 
1962-ci ildə ailə Vaşinqtona köçür və Olbrayt burada Con Hopkins Universitetində beynəlxalq əlaqələrdən və rus dilindən təhsil alır. 1963-cü ildə Alisiya Piterson ölür və onlar Cozefin ailə biznesini davam etdirməsi üçün Nyu-Yorka qayıdırlar. 1967-ci ildə ailənin daha bir qızı Katrin Medill Olbrayt dünyaya gəlir. Buna baxmayaraq, xanım Olbryatın təhsil almaq şövqü, həvəsi də heç azalmamışdı. O, Kolumbiya Universitetinin Hüquq və Hökumət fakültəsində təhsilini davam etdirir, burada rus dilindən sertifikat alır, eyni zamanda fəlsəfə elmləri doktoru olur. O, Sovet Diplomatik Korpusu barədə dissertasiya, 1968-ci il Praqa Yazında jurnalistlərin rolu barəsində doktorluq dissertasiyası yazır. 

Karyera 
Olbrayt 1968-ci ildə Vaşinqtona qayıdır və doktorluq dərəcəsi üçün tez-tez Nyu-Yorka gəlir. O, qızının məktəbi üçün pul toplamaq məqsədi ilə bir çox təhsil təşkilatlarına qoşulur. O 1972-ci ildə Mayndan olan senator Ed Maskinin seçki kampaniyası üçün xeyriyyə naharı təşkil etməyə dəvət olunur. Maski ilə bu tanışlıq Olbraytı 1976-ci ildə onun assistenti vəzifəsinə gətirir. Ancaq Cimmi Karter prezident olduqdan sonra Olbraytın keçmiş müəllimi Bzejinski Milli Təhlükəsizlik müşaviri oldu və Olbraytı 1978-ci ildə Təhlükəsizlik Şurasına Konqres üzrə əlaqələndirici təyin etdi. Karter seçkilərdə Reyqana məğlub olduqdan sonra Olbrayt Vudro Vilson Alimlər üçün Beynəlxalq Mərkəzdə tədqiqat aparmaq üçün Vaşinqtona köçdü. O, Polşanın həmrəylik hərəkatına qoşulmuş dissident jurnalistin həyatı barədə tədqiqat aparmaq qərarına gəldi. Bunun üçün o, Polşaya səfər edərək Qdanskda, Varşavada və Krakovda dissidentlərdən müsahibə aldı. Bu arada, evdə onu sürpriz gözləyirdi. O, Avropada olarkən Amerikada həyat yoldaşının yanında boş qoyduğu yer dolmaqdaydı. O, qayıtdıqdan sonra əri başqa qadın üçün ondan boşanacağını açıqladı… Amma deyəsən, bu xanım Olbraytın halına təsəvvür olunan dərəcədə təsir etmədi. Deyəsən, axı o da başqasına könül vermişdi – adını siz deyin – Siyasətə, Diplomatiyaya, Dövlət işinə! 
Olbrayt 1982-ci ildə Corctaun Universitetinin Şərqi Avropa Departamentində işləməyə başladı. O, universitetin “Beynəlxalq siyasətdə qadınlar” proqramının direktoru idi. 1992-ci ildə Bill Klinton demokratları Ağ Evə qaytardı və Olbrayt Milli Təhlükəsizlik Şurasında yeni administrasiyaya keçidi təmin etmək üçün yenidən fəaliyyət göstərməyə başladı. 1993-cü ildə Klinton onu Olbrayt üçün ilk diplomatik vəzifə olan ABŞ-ın BMT-dəki səfiri təyin etdi. 

ABŞ-ın BMT-də səfiri
1993-cü il fevralın 9-dan ABŞ-ın BMT-dəki səfiri olan xanım Olbrayt, oradakı fəaliyyəti dövründə BMT-nin baş katibi Butros Butros-Qali ilə ziddiyyətli münasibətdə oldu və onu tez-tez Ruanda soyqırımına biganəlikdə tənqid etdi. Olbrayt yazırdı: “Uzun illər ABŞ hökumətinə xidmətimə görə ən çox təəssüfləndiyim şey ABŞ-ın və beynəlxalq ictimaiyyətin bu cinayətlərin qarşısının alınmasına gec cəhd göstərməsidir”. 
Romeo Dalare “Şeytanla əl sıxma” əsərində Olbraytın əslində Ruanda soyqırımı zamanı bunu təsvir etməkdən çəkindiyini və ancaq öz memuarlarında bu haqda yazmağa başladığını iddia edirdi. Olbrayt sonralar PBS telekanalına müsahibəsində bunun çox ağır zamanlar olduğunu və hər şeyin bu qədər aydın olmadığını deyirdi. “Bilirsiz, əslində hər şey çox sadə görünə bilər. Ancaq həmin vaxt orada olduqda Ruandada əslində nəyin baş verdiyini anlamaq çətin idi”.
O, 1996-cı ildə CBS telekanalında, “60 dəqiqə” verilişində, ABŞ-ın İraq əleyhinə sanksiyalarını dəstəkləməkdə günahlandırıldı: “Eşitdiyimizə görə, sanksiyalara görə İraqda yarım milyon uşaq öldürülüb. Bu, Xirosimada ölənlərdən də çoxdu. Buna dəyərmi?” sualına Olbrayt belə cavab vermişdi: “Düşünürəm ki, bu çox çətin qərardı. Ancaq buna dəyər”. 
Bəli, “faktdan başqa fakt yoxdu” deyiblər, – bunu o demişdi… Ancaq Olbraytdan başqa Olbrayt yoxdu, o Olbrayt olmazdı bu faktı faktlıqdan çıxarmasaydı. Necə ki, 2001 və 2003-cü ildə “özkeçmiş”ini yazarkən bu sözlərə görə təəssüfləndiyini bildirdi, həm də necə? “Mən yəqin ki dəli olmuşdum. Mən suala onu yenidən qurmaqla və onun arxasındakı məqsədləri açıqlamaqla cavab verməli idim. Cavabdan sonra zamanın dayanmasını və o suala bir daha geri qayıtmağı arzuladım. Mənim cavabım çox böyük səhv idi. Mən tələyə düşmüşdüm və əslində fikirləşmədiyim şeyi demişdim. Bu heç kimin yox, ancaq mənim səhvim idi”.

Dövlət Katibi
Olbrayt 64-cü dövlət katibi kimi vəzifəyə gəldikdə, ABŞ tarixində ilk dövlət katibi qadın oldu. ABŞ-da doğulmadığına görə ABŞ prezidentinin davamçısı ola bilmədiyi üçün o, nüvə planlarından uzaqlaşdırılmışdı. Olbrayt dövlət katibi kimi demokratiya və insan haqlarını müdafiə etmiş, Amerika ticarət və biznesini, o cümlədən əmək və ətraf mühit standartlarını xaricdə təmsil etmişdi. 
Fəaliyyəti dövründə Olbrayt Bosniya və Herseqovinada, həmçinin Yaxın Şərqdə ABŞ siyasətinə təsir göstərib. O, Kosovo və Bosniya müharibələrində ABŞ siyasətini təyin etməkdə roluna görə serblərin qəzəbinə tuş gəlmiş, ancaq Klintonla birlikdə regionda, özəlliklə də Bosniya və Herseqovinada, Kosovoda və Xorvatiyada çox populyar oldu. O, memuarlarında bir dəfə ordudan istifadə edilməsinə görə Kolin Pauellə mübahisə etdiyini yazırdı: “Kolin, əgər biz bu ordudan istifadə edə bilmiriksə, onda onu qorumağın nə anlamı var?”
Dövlət katibi kimi o, 1997-ci il iyulun 1-də ABŞ-ı Honk Konqa suverenliyin keçməsi törənində təmsil etmiş, Britaniya kontingentləri ilə bilikdə Honk Konqda müstəqil seçilmiş qanunverici Konsulun yerinə Çin tərəfindən təyin olunmuş Konsulun andiçmə törənini boykot etmişdi. 
Bəzi qaynaqlara görə, ABŞ-ın Keniyadakı elçisi Prudens Buşnel Nayrobidəki elçiliyin təhlükəsizliyinin artırılması ilə bağlı təkrar-təkrar Vaşinqtona, o cümlədən şəxsən Olbrayta müraciət etmiş, ancaq ona heç kəs fikir verməmişdi. Riçard Klark “Bütün düşmənlərə qarşı” əsərində 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ elçiliklərində partlayışdan sonra Olbraytla söhbətləri barədə yazır: “Daha bir elçiliyi itirsəniz, sizcə, nə baş verə bilər?” deyə Klark soruşur və özü də əlavə edir: “Senatdakı Respublikaçılar sizə qarşı çıxacaqlar.” Olbrayt isə cavabında deyir: “...Mən o elçilikləri itirməmişəm. Onlar mənə olduqları formada miras qalıblar”.

1998-ci ildə NATO sammitində Olbrayt NATO-nun “3 D” siyasətini açıqladı: “Azalmaya (dimunition) yox, diskriminasiyaya (discrimination) yox, ikiləşməyə (duplication) yox! – çünki mən hesab edirəm ki, biz bu üç D-dən heç birinin baş verməsini istəmirik”.
2000-ci ildə Olbrayt Quzey Koreyaya rəsmi səfəri zamanı ölkənin kommunist lideri Kim Conq Li ilə görüşən ən yüksək səviyyəli Qərb diplomatlarından biri oldu. 
Dövlət katibi kimi sonuncu addımlarından biri Kofi Annanla vida çıxışında, ABŞ-ın Klinton administrasiyasından sonra belə İraqa kütləvi qırğın silahlarının məhv edilməsi qarşılığında iqtisadi sanksiyaların qaldırılacağı barədə təzyiq göstərəcəyinə davam edəcəyini dedi. 

2001-ci ildən sonrakı karyerası
Dövlət katibi vəzifəsindən sonra çoxları hesab edirdi ki, o, çex siyasəti üzrə karyerasına davam edəcək. Çexiya Prezidenti Vaslav Havel özünün 2002-ci ildə prezidentliyi müddəti bitdikdən sonra Olbraytın onu əvəz etməsi barədə fikrini açıq-aşkar ifadə etmişdi. Olbrayt daha sonralar, heç vaxt belə fikirdə olmadığını iddia edirdi. 
O, Praqa Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən Hanno Ellenbogen Ödülünü alan ikinci şəxs idi. 
2001-ci ildə Olbrayt beynəlxalq strateji məsləhət firması olan “Olbrayt Qrup”un əsasını qoydu. Onun müştəriləri arasında Olbraytın qlobal əlaqələrindən məharətlə istifadə edən Koka Kola, Merk, Dubai Port Vorld və Marş&Maklennan Kompaniyaları kimi şirkətlər daxildir. 
2003-cü ildə o, Nyu-York Fond Birjasının Direktorlar Şurasında xidmət etməyə başladı. 2005-ci ildə o, Şuranın direktoru Riçard Qrasso ilə bağlı maliyyə qalmaqalından sonra ikinci dəfə Şurada xidmət etməkdən imtina etdi.
Olbrayt 2005-ci il oktyabrın 25-də Qilmor Qızları teleserialında özünü canlandırmışdı. 2006-cı ilin yanvarında Buş administrasiyasının xarici siyasətini müzakirə etmək üçün keçmiş müdafiə və dövlət katiblərinin iclasına dəvət olundu. Mayın 5-də o yenidən ABŞ-ın İraqdakı siyasətini müzakirə etmək üçün Ağ Evə dəvət olundu. 

Olbrayt Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutunun sədri, Truman Təqaüd Fondunun prezidentidir. O, həm də Yoxsulların Hüquqi baxımdan Məlumatlandırılması Komissiyasına da sədrlik edir. 2007-ci ilə kimi o, Qadın Dünya Liderləri Şurasının Qadınların Nazirlik Təşəbbüsünün sədri olub. 
2006-cı il, iyulun 24-də nəşr olunmuş müsahibəsində Olbrayt ABŞ-ın siyasətinə öz münasibətini bildirərkən deyirdi: “Yanılmağı çox istərdim, amma hesab edirəm ki, İraq ABŞ xarici siyasəti üçün Vyetnamdan da betər bir fəlakət olacaq.”
2006-cı ilin sentyabrında o, beynəlxalq anlaşmanı təbliğ etdiyinə görə Vaslav Havellə birlikdə Avropada Menşen Ödülünü aldı.
2007-ci ilin noyabrında Olbrayt Uilyam Koenlə birlikdə ABŞ Holokost Muzeyi, Amerika Diplomatiya Akademiyası və ABŞ Sülh İnstitutu tərəfindən yaradılmış “Soyqrımın Qarşısının alınması İşçi Qrupu”nun həmsədri olacağını elan etdi. (Bu fikir Harut Sasonyan və Erməni Amerika Milli Komitəsi tərəfindən tənqid edildi.) 
2007-ci ildə, 70-ci ad günündən 2 gün qabaq, mayın 11-də, Quzey Karolina Universitetindən fəxri doktor ünvanı aldı.
Olbrayt Klintonu 2008-ci il prezident seçkiləri kampaniyasında dəstəklədi. O, Klintonun yaxın dostu, xarici siyasət məsələlərində qeyri-rəsmi məsləhətçisidir. O, Milli Təhlükəsizlik işçi Qrupunda Prezident Obamanın baş məsləhətçisidir. 
Olbrayt Dünya Ədalət Layihəsinin fəxri sədridir. Layihə qanunun aliliyinin gücləndirilməsi və ictimai bərabərliyin inkişaf etdirilməsinə doğru bir addımdır. 

Almaniyanın ünlü “BMW Group” Avtokonserni “Albright Group LLC” konsaltinq firması ilə müqavilə imzalayıb. “Frankfurter Allgemeine” qəzetinin verdiyi məlumata görə, müqavilənin şərtinə əsasən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt “BMW”nin məsləhətçisi olacaq.
Keçmiş dövlət katibi ABŞ-ın avtomobil bazarının inkişafı ilə bağlı Almaniya konserninə məsləhətlər verməlidir. Ekspertlər güman edirlər ki, son bir ildə ciddi itkilərlə üzləşən Amerika avtomobil bazarı ABŞ hökumətinin qanunverici aktlara dəyişikliklər etməsinin təsiri altında dəyişə bilər. Bu səbəbdən də, Olbrayt kimi təcrübəli siyasətçinin köməyi əvəzedilməz olacaq.

Sancaq, broşka diplomatiyası
“Mənim sancaqlarımı oxuyun: Diplomatın mücrüsündəki hekayələr” (“Read My Pins: Stories from a Diplomats Jewel Box”) adlı kitabında isə xanım Olbrayt illər uzunu bəzək əşyalarından ünsiyyət yolu kimi istifadə etməklə (moda vasitəsi ilə) güclü diplomatik mesajlar göndərə bildiyindən bəhs edir. Qeyd edək ki, sancaqlardan diplomatik bir vasitə kimi istifadə etmək fikri onda I Körfəz müharibəsi dövründə yaranıb. Özü dediyi kimi, bu ideyaya görə o, Səddam Hüseynə borcludur...
Madlen Olbrayt Səddam Hüseyni BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyinə görə kəskin tənqid etdikdən sonra İraq liderinin saray şairi onu «tayı-bərabəri olmayan ilan» adlandırmışdı. Bundan sonra İraq liderləri ilə görüşə gedən xanım Olbrayt diplomatik mesajını ilan sancağı taxaraq çatdırmaq qərarına gəlmişdi! Bax elə beləcə: sadə, anlamlı, təsirli!
Sancaqlar və broşkalar o vaxtdan Madlen Olbraytın diplomatik dəst-xəttinin ayrılmaz bir hissəsinə çevrilir. O, bu sancaqlar vasitəsi ilə danışıqlar prosesinin vacibliyini vurğulamaq, hadisələrə öz münasibətini göstərmək və Amerikanı təmsil etdiyinə görə iftixar hissini göstərməyə çalışırdı. 
Bu sancaqların çoxu bijuteriyadır, amma aralarında olduqca nadir, nəfis broşkalar da var. Xanım Olbraytın kolleksiyasını quşlar, böcəklər, kəpənəklər, ulduzlar, Amerika bayraqları və gül-çiçək motivli bəzək sancaqları bəzəyir. 
2000-ci ildə o zaman Rusiyanın xarici işlər naziri İqor İvanovla ballistik raketlər əleyhinə müqavilə ətrafında müzakirə apardıqda Madlen Olbrayt raket tutan qurğu şəklində sancaq taxır. O zaman Rusiya prezidenti Vladimir Putin ABŞ rəsmilərinə deyib ki, o, danışıqların əhval-ruhiyyəsini Madlen Olbraytın hansı sancaq taxması ilə müəyyən etməyə çalışacaq... 
Fələstinlilərin o vaxtkı lideri Yasir Ərəfatla görüş zamanı isə Madlen Olbrayt arı sancağı taxır. Dövlət katibi Yasir Ərəfatla bir neçə saat müzakirə aparır, güzəştlərin vacibliyini vurğulayır. “Bu sancaq mənim müəyyən anlamda əhvalımı əks etdirirdi. Mən çətin günlərdə bir balaca kəskin olmaq və ciddi mesajlar göndərmək üçün böcək motivli sancaqlarımı taxırdım” — deyə, o bildirir. 
Madlen Olbrayt - Read my pins
Dövlət katibi Olbraytın böyük həyat təcrübəsini əks etdirən bəzək sancaqları kolleksiyası illər keçdikcə daha ciddi sınaqlar və dəyişikləri əhatə edərək böyüyüb. 
Xanım Olbrayt ölkəsinin hər yerində yeni kitabının prezentasiyasını keçirən zaman ona verilən suallar indi onun öz təcrübəsindən istifadə edərək hansı addımlar ata bilməsi ilə bağlı olur. “Siz bu gün İran liderlərilə görüşsəniz hansı sancağı taxardınız” sualının cavabında Madlen Olbrayt belə bir sancağı olduğunu deyir: “Kitabda bu sancağı görə bilərsiniz. Bu, göyərçin və qartalın bir yerdə olduğu sancaqdır. Onu keçmiş müdafiə naziri Uilyam Koenin xanımı Canet Lanqhart Koen hazırlayıb. Bu, bir tərəfdən açıq əllə təkliflər etmək, digər tərəfdən isə güclü olmaq və bütün variantların masa üzərində olduğunu aydın etməli olduğumuz haqda mənim düşündüklərimi əks etdirir”.
İranla bağlı sözünə davam edən Madlen Olbrayt deyir ki, seçkinin nəticələri saxtalaşdırılıb və bundan sonra etiraz edən nümayişçilər zorakı repressiyalarla qarşılaşıblar. İranda islahatçı namizəd Mir Hüseyn Musəvinin seçki kampaniyasının rənginə işarə edən Madlen Olbrayt deyir ki, “iranlılarla görüşsəm, mütləq yaşıl rəng geyərəm”.
Lakin bununla belə xanım Olbrayt bütün səviyyələrdə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayır: “Prezident Obama prezident Əhmədinejadla danışıqlar aparmır. İndi Dövlət Departamentində üçüncü şəxs olan Bil Börns onların nüvə müzakirəçisi ilə görüşür. Bizim İranla 1979-cu ildən diplomatik münasibətlərimiz yoxdur. Buna görə də biz baş verənlərdən xəbərsizik. İnformasiya almaq üçün Amerikalı və Britaniyalı iranlılardan asılıyıq”.
“Mənim sancaqlarımı oxuyun” kitabında Olbrayt diplomatiya və modanı bir araya gətirə bilən, diplomatiyanın zövqlü və yüksək üsluba malik birinci xanımı kimi görünür. 
Kitab satışda oxucuların böyük marağına səbəb olub. Madlen Olbraytın bəzək sancaqlarından ibarət kolleksiyası isə Nyu-Yorkun İncəsənət və Dizayn Muzeyində nümayiş etdirilir. Sərgi Birləşmiş Ştatlar və dünyanın bir sıra başqa ölkələrində göstəriləcək. 

Hər sözü bir batman Olbrayt
“…Toyuğa ağıl öyrədən yumurta”  “Rusiyanın özünü toyuğa ağıl öyrədən yumurta kimi aparmasına ehtiyac yoxdur!” – bu açıqlama NATO ekspert qrupunun rəhbəri Madlen Olbrayta aiddir. Alyansın yeni konsepsiyasının hazırlanması ilə məşğul olan qrupun rəhbəri deyir: “Rusiya NATO-nun çoxsaylı tərəfdaşlarından biridir. Odur ki, onun alyansa nəyi necə etməyi öyrətməsinə ehtiyac yoxdur”. ABŞ-ın sabiq dövlət katibi NATO-nun yeni üzvlərin qəbuluna açıq olduğunu söyləməyi də unutmur.
“Amerikanın ən acı faciəsi” Madlen Olbrayt “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə xatırladır ki, biz xoşlamadığımız ölkələrə hücum etməyə haqlı deyilik. Fikrimcə, İraq ölkəsinə edilən hərbi hücum Amerika tarixində ən acı faciə kimi yadda qalacaqdır. Düzdür, Səddam Hüseyn normal insan deyildi, lakin bu, Amerika üçün təhlükə hesab edilə bilməzdi.
Sabiq dövlət katibi, Buşun törətdiyi bəzi xətaları xatırlayaraq, deyir: “Hazırda demokratiya nüfuzunu itirməkdədir. Məni nigaran edən demokratiyanın bayağı ifadəyə çevrilməsidir. Çünki artıq demokratiya işğalçılıqla eyni anlamda səslənir. Mən demokratiyanın tərəfdarıyam, işğalçılıq isə demokratiyanın tam ziddidir. Xalq demokratiyanı özü seçməlidir, demokratiya xalqın içindən qaynaqlanmalıdır”. 


Sonradan sonra
Xanım Madlen Olbrayt ABŞ tarixinə, ümumən dünya siyasi tarixinə düşmüş bir diplomat, ictimai-siyasi və dövlət xadimidir. 
O soy, din, ölkə, təşkilat mənsubiyyəti ilə sabitqədəm olmayan bir yol keçib, necə deyərlər, ümumqərb (ümumdünya) hadisəsinə çevrilib. 
Madlen Olbraytın yetişdirdiyi (yaratdığı) hadisələr Madlen Olbraytı yetişdirən (yaradan) hadisələrdən az deyil.
O dünyanı dünya onu tanıdığından az tanımır. 
Ona həmişə ehtiyac var. O axtarmır, onu axtarırlar, dəvət edirlər...

Müəllif: Qənirə Paşayeva
 

0 şərh