Həmidə Cavanşir Məmmədquluzadə

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlmişdir.
Qeyd edək ki, Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan Cavanşirin oğlu Mehrəli bəyin nəticəsi olan Əhməd bəy Peterburqda hərbi məktəbi bitirib, 6 il rus ordusunda xidmət etdikdən sonra, Kəhrizli kəndinə qayıtmış, burada 50 il quruculuq işləri, xeyriyyəçiliklə məşğul olmuşdur. Aqrar sektorda o dövr üçün çox qabaqcıl texnoloji vasitələri tətbiq edən, kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir 7 «Qarabağnamə»dən ən məşhurunu — «Qarabağ xanlığının siyasi vəziyyətinə dair» əsəri yazmışdır. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə «Qeyrət» mətbəəsində kitab kimi nəşr edilmişdir.
Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də indi Əhməd bəyi kasıbların böyük himayədarı, alicənab kişi kimi ehtiramla xatırlayırlar. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz «ot kökü üstə bitər» məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdur.
İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdir. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdır. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, «Molla Nəsrəddin»in isə xeyirxah himayədarı olmuşdur. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdür. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdir. Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: «Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim». Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: «Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi». Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
 

0 şərh