Qədim Fələstin

Fələstində samilərdən əvvəlki dövrlərdə yaşamış əhali barədə arxeoloji qazıntılar və Tövratda əks olunmuş materiallar məlumat verir. Ərəbistan yarımadasından Mesopotamiyaya üz tutan sami qəbilələri Fələstindən keçib gedirmiş. Şimaldan əks istiqamətdə hirrilər, sonrakı dövrlərdə hetlər hərəkət edirmiş. Fələstində VIII-V minilliklərə aid neolit məskənləri aşkar edilmişdir. Fələstin əhalisinin böyük hissəsini qərbi sami qrupuna məxsus hanaanlar və onların bir boyu olan amorilər təşkil edirdi. Ümumi yəhudi adı ilə məlum olan samilərin növbəti köçü mənşəyinə görə amorilərə yaxın idi. Onlar yəhudi və israilli boylarına bölünürdülər. Bu qrupa müxtəlif yəhudi ləhcələrində danışan ammoni, moavi və edomi qəbilələri yaxın idi. Aralarında qanlı toqquşmalar baş verirdi. Tövrat həmin qəbilələrin yəhudi və israillilərlə etnik yaxınlığından xəbər verir.

Tövratda yəhudi və israillilərin Misirə köçməsi, onların Musa peyğəmbərin başçılığı altında Misiri tərk etməsi, Sinay səhrasında 40 il dolaşdıqdan sonra Fələstinə qayıtması təsvir olunur. E.ə. XIII əsrdə onlar artıq bir neçə qala istisna olmaqla (o cümlədən Qüds) Fələstinin böyük hissəsini tutub bu ərazilərdə məskunlaşırlar. Yəhudi və israillilərlə eyni zamanda Fələstində ehtimal ki, Krit mənşəli filistin qəbilələri də məskunlaşırlar. Filistinlilər Fələstin mədəniyyəti və iqtisadiyyatında böyük rol oynamışlar. Yerli etnoslar dəmir emalını onlardan öyrənmişdi.

Fələstinin sahil zolağını zəbt etmiş filistinlilər yəhudi və hanaanlarla amansız müharibələr aparırdılar. Qısa barışıq dövrlərində qarşılıqlı mədəni əlaqələr yaranırdı.

İsraillilər ölkənin bağçılıq və əkinçiliyin inkişaf etdiyi şimal bölgəsində, yəhudilər isə oturaq maldarlığın üstünlük təşkil etdiyi cənub bölgəsində məskunlaşmışdılar.

Davudun dövründə əhalinin siyahıya alınması keçirildi. Davud filistinliləri bir neçə dəfə döyüşdə məğlub etdi, qərb sərhədlərini möhkəmləndirdi, şərq, şimal-şərq və cənubda bir neçə qonşu dövləti işğal edib ölkə ərazisini genişləndirdi. Edumun zəbt olunması  Akab  körfəzinin  limanlarına  çıxmaq  imkanı  verdi.
Davud Hanaan şəhəri Qüdsü tutub ölkənin paytaxtı elan etdi.

Davudun oğlu Süleymanın hakimiyyəti dövründə dövlət aparatı möhkəmləndirildi. Misir, Finikiya, Suriya və cənubi Ərəbistanla ticarət əlaqələri quruldu. İnşaat işləri vüsət aldı, Finikiyadan peşəkar memar və nəqqaşlar dəvət olundular. Qüdsdə möhtəşəm Yahve məbədi və gözəl imarətlər tikildi.

qədim Filistin

Şərqi Aralıq dənizi ölkələrinin mədəniyyəti yerli kənani tayfalarının nailiyyəti əsasında inkişaf tapmışdı. İlk zamanlar Misir və İkiçayarası mədəniyyətinin burada güclü təsiri olmuşdu. Əhali qonşu xalqların yüksək mədəniyyətini yerli mühitə uyğun tətbiq edirdi. Bunun nəticəsində Şərqi Aralıq dənizi ölkələrinin əhalisi özünəməxsus mədəniyyət yaratmışdı. İncəsənət sahəsində müəyyən nailiyyətlər əldə etmişdilər. E.ə. II minillikdə qala və məbəd tikintiləri geniş yayılmışdı. Məbəd divarlarında təsvirlər verilmirdi. E.ə. VIII-VI əsrlərdə Yerusəlim (Qüds) kahinləri insan və heyvanların təsvirini qadağan etmişdilər. Hətta allah Yahve belə təsvir olunmurdu. Allah və müqəddəslərin şəklinin qadağan edilməsi İslam dinində də qalmışdır.

Şərqi Aralıq dənizi əhalisi əlifba sistemli yazı yaratmışdılar. E.ə. II minillikdə burada Misir heroqlif yazısından və İkiçayarasının mixi yazılarından istifadə edirdilər. Həmin dövrdə Bibldə 100 işarədən ibarət hecalı yazı növü icad etmişdilər. Bu protobibl yazısı adlanır. Bu işarələri yadda saxlamaq daha asan idi. Protobibl yazı işarələri yeni  yazı sisteminin yaradılmasına təsir göstərdi. İşarələrin sayını azaldıb sait səsləri ləğv etməyə başladılar. Saitlə samit səslər bir işarədə əks olunurdu. Bunun nəticəsində sadələşdirilmiş yazı sistemi yaradıldı. Uqaritdə belə yazılı hərflərin sayı 30-a çatırdı. Finikiya yazısı təkmilləşmiş əlifba sistemi təşkil edirdi. Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər isə bu əlifbanı Hindistan və mərkəzi Asiyaya kimi yaydılar. Qərbdə yunanlar müəyyən dəyişikliklər etməklə Finikiya əlifbasını mənimsədilər. Yunanlar bu əlifbanı soldan sağa yazmağa başladılar və bir neçə sait səsi əlavə etdilər. Bir sıra hərf adları Finikiya adlarını saxlamışdı. Məsələn, "əlif (Finikiya dilində "öküz" deməkdir), «beta» (həmin dildə «ev» deməkdir). Beləliklə, Finikiya əlifbası qərb və şərq əlifba sisteminin ilk nümunəsi olmuşdur.

Şərqi Aralıq dənizi əhalisinin dini təsəvvürləri müxtəlif olmuşdur. İlk əvvəl vahid panteon mövcud deyildi. Hər şəhərin özünəməxsus allahı vardı. Onlar müxtəlif adlar daşıyırdılar. Adətən bu allahlar Baal (ağa), yaxud El (allah), bəzən Melek və ya Molox (hökmdar) adlanırdılar. Bibldə Adon (yunan allahı Adonis) allahına sitayiş geniş yayılmışdı. O, ölən və dirilən allah surətini təmsil edirdi. Mənası isə sadəcə olaraq «mənim ağam» deməkdir. Yahve hələ vahid allah hesab  olunmurdu. Tövratda Elohim (allahlar) allah adı da işlənilirdi. Kosmik ilahələrə sitayiş uzun müddət davam etmişdi. Bəzən yadelli allahlara da sitayiş olunurdu. Tədricən Yahve israillilərin və yəhudilərin ümumi allahına çevrildi. Yahve öküz şəklində təsvir olunurdu. E.ə. V-III əsrlərdə yəhudi dini formalaşdı və iki təriqət əsasında  inkişaf tapdı. Çoxallahlılıq təqib edildi və vahid allaha sitayiş bərqərar oldu.

Yəhuda və İsrail ədəbiyyatı qonşu xalqları, xüsusilə İkiçayarası və Misir ədəbiyyatı əsasında formalaşırdı. Bu ədəbiyyat Tövratda öz əksini tapmışdı. Dünyanın əmələ gəlməsi, ümumdünya daşqını əfsanələri bilavasitə Şumer və Babilistan təsiri altında meydana gəlmişdi. Tövrat mövzuları nəinki xristianlığa, eyni zamanda islam dininin formalaşmasına da böyük təsir göstərmişdi.

 

Mənbə: QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ dərsliyi. Bakı, 2009
ISBN 978-9952-8087-1-2

Müəlliflər:  Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu Hüseynov və kulturologiya elmləri doktoru Nigar Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır.

 

0 şərh