Fədakarlıq

“...özləri еhtiyyac içində olduqları halda onları (ehtiyaclıları) özlərindən üstün tutarlar (qabağa salarlar)...”

Bir ayənin hekayəti...

Türkiyəli kinorejissor Murat Aslanın “Ümid” adlı filmini izlədim bu gün. Çox qəddar filmdir. Amansızdır. “Getmək zamanı indi” cümləsi ilə başlayır melodram. İkinci cümləsi: “səndən sənin üçün imtina edirəm”...

Yəqin ki, anladınız; filmin leytmotivi fədakarlıqdır; Həbsdən illər sonra çıxan Yılmaz ilk öncə xəstə olan həyat yoldaşını itirir. Oğluna qovuşur amma o sevinci yaşaya bilmir, çünki oğlu da xəstədir. Cəmisi 5-6 yaşı olan Ümidə (uşağın adı belədir) “ilik nəqli” əməliyyatı gərəkir. Bunun üçün isə nə az, nə çox, düz 400 min avro lazımdır. Amma hardadır Yılmazda bu qədər pul?! Xəstəxanada Yılmaz təsadüfən bir nəfərlə tanış olur. O, Yılmaza deyir ki, böyrəyini satıb oğlun üçün uyğun ilik ala bilərsən, mənim tanışlarım var, gəl sənə kömək edim. Yılmaz razılaşır. O adam Yılmazla müştərini görüşdürür. Uzun söhbətdən sonra müştəri ona lazım olan üzvün hansı olduğunu dedikdə Yılmaz şoka düşür. Sən demə müştərinin xəstəsi üçün böyrək deyil, ürək lazım imiş. Beləliklə Yılmaz seçim qarşısında qalır, ya özünün ya oğlunun həyatı davam etməlidir. Həyat bahasına həyat yəni. Bir müddət düşündükdən sonra qərarını verən Yılmaz onu müştəriyə belə açıqlayır: “şərtim budur ki, birinci oğlumu həyata döndərəsən ki, rahat olum”. Razılaşrlar. Yılmaz Ümidinin yaşaması üçün öz həyat arzusundan keçə bilir yəni.

Bax belə… Amma burada çətin olan bir məqam da var ki, 5-6 yaşlı Ümid ağlaya-ağlaya atasını onu atıb gedir deyə qınayaraq “sən də anam kimi məndən vazmı keçdin?” -deyə sorduqda Yılmaz işin əslini ona izah edə bilmir. Axı nə desin, uşağı necə başa salsın? O, sadəcə bu cümlə ilə kifayətlənir: “Mən səndən sənin üçün imtina etdim, zaman gələcək məni çox gözəl anlayacaqsan, oğlum!”
Bu tip fədakarlıq çətindi ona görə dedim ki, qarşı tərəf sənin bu fədakarlığını anlamır, anlaya bilmir, buna baxmayaraq sən bunu edirsən, yəni qarşılıqsız edirsən. Bilirsiz bu, nə boyda ürək istəyir?!

Dostlar, filmi izləyərkən adamın ağlına ilk bu fikir gəlir: Mən də edə bilərdimmi bu fədakarlığı? İmtina edə bilərdimmi kimin üçünsə həyatımdan? Axı bu, çox böyük güc istəyir. Sizə deyim ki, mən insanın gücünü onun imtina edə bildikləri ilə ölçürəm. Baxıram ki, bu insan kimə görə nəyindən imtina edə bilər? Bu insan indiyə kimi, kimə görə nədən imtina edib? Fədakar insan dinindən, millətindən asılı olmayaraq mənim gözümdə çox böyük insandı. Hələ imtina etdiyi həyatıdırsa bu insan mənim aləmimdə həqiqətən dahi insandır. Biz dahiliyi adətən yalnız yazı-pozu, elm, siyasət, idarəçilik və s. sahələrdə uğur qazanmış insanlar üçün nəzərdə tuturuq amma düşünürəm ki, bu yanlışdır.

Məsələn mənə görə Mübariz İbrahimov şəhid, qəhrəman olmaqla yanaşı həmdə dahi bir insandır. Baxın nə boyda ziyası var bu oğulun? Görün necə parlaq yolu var bu igidin? Doktor Şəriəti İmam Əli (ə) haqda deyirdi:

“Əlinin (ə) haqqında oxuyanda elə güman edirsən ki, o bir əfsanədir amma məsələ budur ki, o bir reallıqdır, əfsanə deyil.”
Mübariz də belədir, etdiyini nəzərdən keçirəndə düşünürsənki sanki bir filmdir, amma yox, həqiqətdir. Mübariz bu fədakarlığı ilə sübut etdi ki, o bir dahidir.

Bəli, amma bir zaman görsəniz ki, onun yazdığı vəsiyyətnamədən orfoqrafik səhvlər tutanlar da tapıldı təəccüblənməyin. Çünki indi ölçülər çox dəyişib, indi hər şey alt-üst olub. İnsana mindiyi maşınına, geydiyi paltarına görə hörmət qoyulan bir zamandan siz nə gözləyirsiz ki? İndi oxumaq ona görə təbliğ olunmur ki, o bir dəyərdir, ona görə təbliğ olunur ki, o bir kapital vasitəsidir.
Elmin yalnız kapital vasitəsi olduğu bir zamanda fədakarlıq kimi kapital gətirməyən dəyərlər də yavaş-yavaş unudulmağa məhkum olur. İndi insan insan üçün ölmək yox e, heç yaşaya da bilmir. İntiharlara bir baxın; İnsan eqoistcəsinə, özündən sonra gözüyaşlı qalanları düşünmədən yaşamından vaz keçir — intihar edir və bunu hünər sayır. Görürsüz, insan bu qədər bəsit bir fədakarlığı belə bacarmır artıq. Görün nə qədər cılızlaşır insan get-gedə, nə qədər gücsüzləşir?...
Bir zamanlar Fyodor Dostoyevski haqlı olaraq deyirdi:

“Yaşaya bilməmək insana xas olan bir bacarıqsızlıqdır.Yoxsa harda görmüsüz ki, bir balıq özünü suda boğsun və ya bir sərçə özünü damdan atsın?”

Bəli, İntihar bacarıqsızlıqdı, dostlar.
Şəhidlik — kimin üçünsə həyatından imtina etməkdirsə, intihar — kimin üçünsə ölümündən belə imtina edə bilməməkdir.

Ayə bizə bunu deyir; Özünün bir şeyə hədsiz ehtiyaclı olduğun halda onu başqasına təqdim edə bilmək fədakarlıqdır. Fədakarlıq ehsandan çox üstün bir dəyərdir. Ehsan o əmələ dеyilir ki, insanın imkanı var və həmin imkandan həm özü istifadə еdir, həm də başqalarına vеrir. Məsələn, bir insanın içməyə suyu var, o sudan həm başqalarına vеrir, həm də özü içir. Bu ehsandır! Bu da gözəldir amma bir də var fədakarlıq. Fədakarlıqsa özünün bir şеyə еhtiyacı olduğun halda, ondan imtina edib başqasına vеrə bilməkdir. Məsələn, iki nəfər susuzdur və onlardan birinin cəmisi bir içimlik suyu var. Həmin şəxs öz suyunu özü içmədən, o biri şəxsi özündən qabağa salaraq suyunu ona təqdim edir. Bu artıq kefindən deyil, vicdanından edilən yaxşılıqdır. Bu əməlin Allah qatında misli-bərabəri yoxdur! Allah belə əməli əsla qarşılıqsız qoymur! Əsla!

Ayənin hekayəti budur; baxın, görün sizin də belə bir dəyər ölçünüz varmı həyatınızda? Bir hesaba çəkin özünüzü, yoxlayn, görün indiyə kimi, kimin üçün nəyinizdən imtina etmisiniz və ya etməkdəsiniz?
Varmı belə bir fədakarlıq, əməlmenyunuzda?
İndiyə kimi, kimdən o üzülməsin deyə nəyisə gizlətmisiniz?
İndiyə kimi, kimə görəsə öz istəklərinizdən imtina etmisiniz?
Baxın görün olubmu məsələn, atanız özünü aciz hiss etməsin deyə arzularınızı içinizə gömdüyünüz?
Axtarın, görün olubmu həyat yoldaşınız xoşbəxt olsun deyə onun (ondan asılı olmayan) qüsurunu ona bir özəlliyi kimi hiss etdirdiyiniz?...

Uzun illər asma xəstəliyi ilə çabalayandan sonra dünyasını dəyişən bir şəhidin həyat yoldaşı deyirdi:
“Mən onun hər şeyindən çox, gecələrimin sükutunu pozan öskürklərini özləyirəm.”

Yox, biriləri var ki, onlar bunu anlamırlar, anlamazlar da. Onlar “həmən imtina et!” -deyəcəklər sənə. Çünki onlar üçün hər şey kapitalla ölçülür. Onlara görə fədakarlıq axmaqlıqdır. Amma siz uymayın onlara, bir baxın, olubmu məsələn, sevgiliniz saçının vaxtsız ağarmasından utanmasın deyə ona “mənim üçün ən ideal saç, dən düşmüş saçlardı” dedidyiniz?...

Vallah, bu kimi kiçik fədakarlıqlardı ki, insanı insan edir – böyüdür. Buna əmin olun. Baxın, Allah heç bir kəs – nə alim, nə filosof, nə yazar, nə şair...üçün öləndən sonra demir ki, onlar ölməyiblər, diridirlər. Amma təkcə şəhid üçün deyir bunu: Onlar diridirlər, mənim hüzurumdadırlar, sadəcə siz bilmirsizniz, deyir. Allah sanki şəhidə özü sahib çıxır, yiyə durur. Nə üçün?! Çünki şəhidlik ən səmimi fədakarlıqdı. Çünki şəhidlik ən qarşılıqsız imtinadır! Puldan da, məqamdan da, addan da imtina etmək olar amma candan...?! Çox çətin məsələdir!

Kiçik haşiyə: (dincəlmək üçün)
Bir dost deyirdi ki, bir qardaşım var idi, Ramazan ayında oruc tuta bilmirdi, tutmurdu yəni. Amma bir işi var idi ki, hər gün imsaka (səhər tezdən yeməyə) bizimlə o da qalxırdı. Yeyirdi, içirdi...di gəl ki, oruc tutmurdu. Nə isə, bir gün nəhayət ki, özümü saxlaya bilməyib soruşdum:
— Qardaş, bəs oruc tutmursansa imsaka niyə qalxırsan bizimlə?
Boğazındakı tikəni güclə udub, çayından bir qurtum “ötürdükdən” sonra qalşarını çatıb dilləndi:
— Dadaş, daha mən o qədər də kafir deyiləm axı, sizinlə imsaka durub yemək də yeməyəm. Oruc tuta bilmirəm, heç olmasa bacardığımı edim, qarnımdan imtina edə bilmirəm, heç olmasa yuxumdan yuxumdan imtina edim...
Bax belə, dostlar. Deməyim odur ki, fədakarlığı da imitasiya edənlər var, bu insandan nə desən çıxır vallah.


Əziz dostlar! Bu dəyərlər aradan getməkdədir. İndiki insan bu stiasiyada düşünür: Necə yəni mən payıma düşəni elə-belə başqasına həvalə edim? Necə yəni mənim olanı başqası yesin?.. Çox təəssüf ki, bütün əlaqələr, bütün münasibətlər ticariləşməyə doğru gedir. Bəli, ticarət çox gözəl bir qazanc mənbəyidir amma həyatın büs-bütün ticariləşməsi heçdə yaxşı şeylər vəd etmir.
Ticarət nədi? Qarşılıqlı anlaşma; Sən 1 manat verirsən və mən onun əvəzində sənə 1 kq kartof verirəm. Bu məntiqlə, sev, sevim, diqqət et, diqqət edim, dəyər ver ki, dəyər verim...bu əlaqələr də əməlli-başlı alverdir! Ayədə qeyd olunan Fədakarlıq isə gəlir və bu ticarəti alt-üst edir; Mən verirəm, sən bilməsən belə vecimə deyil. Mən bunu edirəm, səndən də əvəzində bir şey istəmirəm. Mən başımın çarəsinə baxaram, yetər ki sən xoşbəxt ol!
Ayə bizi xülasə olaraq buna çağırır:

Çətinliyi bəhanə edib əl tutmaqdan imtina etməyin, vicdan varsa imkan həmişə var.

                                                                                                                      İlqar Kamil

Oxşar məqalələr

 

2 şərh

imtogrul
fikirlərinizi və yazınızı alqışlıyıram, amma… Belə bir yazının başlanğıcında "ÜMİD" sözünü "ÜMÜD" sözü ilə əvəz etməyiniz, bütün yazının şübhə ilə oxunmasına səbəb olur. Azərbaycan qrammatikasının bu cür həssas məqamlarını öz yazılarınızda diqqətə almağınız yaxşı olar deyə düşünürəm və sizə uğurlar arzu edirəm.
Cavid
Maraqla və diqqətlə oxudum, təşəkkür edirəm eziyyətinizə görə