Yüz gün Azıxantroplar arasında

Azərbaycan xalqı (ulu) qədim mədəniyyətə, şərəfli tarixə, yerüstü sərvətlərə, füsukar təbiətə malikdir. Bu xalq (ulu) bəşər mədəniyyətinə Füzuli, Bilal Əliyev, Orxan Fikrətoğlu (Fikrət Sadığın oğlu), Hadı Rəcəbov, Namiq Qaraçuxurlu, Pərviz («Öləngi» romanının müəllifi), Çiçək («Burc FM» radiosunun ulduzu), Vəfa Cəfərova (Asim Mollazadə adına «Dalğa» gənclər hərəkatının sədri), Zaur («Ay Zaur» verlişinin ulduzu), Məleykə Əsədova kimi əvəzsiz şəxsiyyətlər bəxş etmişdir. O taylı-bu taylı, Araz həsrətli Azərbaycan ərazisində qədim yaşayış məskənlərinə rast gəlmək olar. Azıx mağarası, Qobustan qayalıqları buna bariz nümunədir.

İtalyan səyyahı, coğrafiyaşünası, İtaliya Elmlər Akademiyasının müxbir üzvü, tədqiqatçı alim, etnoqraf, həm də xalqımızın yaxın dostu Rastra Paviç Azıx mağarasına girərkən, gördüyü səhnələr, divar yazıları, əcdadlarımızın qonaqpərvərliyi onu dəhşətə gətirmişdi. Məhşur alim, İtaliya Elmlər Akademiyasının müxbir üzvü, həm də xalqımızın yaxın dostu Rastro Paviç özünün «Yüz gün Azıxantroplar arasında» adlı kitabında yazır: «Azıxa gəlişim adını unutduğum bayram ərəfəsinə təsadüf etdi. Məni mağaranın qarşısında milli geyimli, əllərində gül tutmuş qızlar qarşıladı. Qızlardan birində devrimci tipi vardı. Mən soruşdum ki, bu devrimçi tipinə malik qız kimdir? Mənə dedilər ki, bu qız mağarada liberal olmasına baxmayaraq Türkiyəyə gedəndə solçuya, Amerikaya gedəndə feministə çevrilməyə qadir bir qızdır. Səfərim mağaranın ulu ağsaqqalının məzarını ziyarət etməklə başladı.
Sonra mənim şərəfimə tayfa başçısının əmri ilə ayaqlarım altında dörd müxalifətçini qurban kəsdilər. Müxalifətçilərin kəsilmiş başların uşaqlara hədiyyə verdilər. Onların adətləri belədir. Ətlərindən isə kabab çəkdilər. Muxalifətçilərin əti möhkəm, bərk olsa da dadlı idi. Ciyərlərindən qarın qutabı bişirdilər. Sonra məni çiyinlərində mağaranın qarşısında tikilmiş fəvvarəyə aparıb məni orada çimizdirdilər. Ətirli otlarla bədənimi sildilər. Daha sonra xalq çalğı alətləri ansamblı konsert verdi. Dünyanın heç bir yerində görmədiyim alətlər gördüm. İndiyə qədər eşitmədiyim səslər eşitdim. Mamontun bazo sümüyündən tütək düzəltmişdilər. Mənə söz verdilər. Onların təbiətini, mətbəxini, mədəniyyətini, adət-ənənələrini çox təriflədim. Dedim ki, öz ölkəmə qayıdanda sizin mədəniyyətiniz haqqında məqalə yazacam. Onlar çox sevindilər. Hətda bəziləri ağladı.

Onların arasında bir adam vardı. Həmin adam heç kimlə danışmırdı. Üzündən kədər yağırdı. Mən həmin adama yaxınlaşdım. O qaçıb bir qayaya dırmaşdı. Bildim ki, o tək qalmaq istəyir. Mən ömrümdə belə kədərli adam görməmişdim. Soruşdum, bu adam kimdir, niyə tək qalmaq istəyir. Dedilər ki, bu adam yazıçıdır. Mağarada günah işlətmiş adamı salırıq qəfəsə və bu adamın yazdığı «Öləngi» adlı romanı günah işlətmiş adama zorla oxutdururuq. «Öləngi» adlı romanın iyirmi səhifəsini oxuyan adam çərləyib ölür… Bu mağara adamlarının ən ağır cəza növüdür.

Mən soruşdum ki, bəs daha yüngül cəza növü varmı. Dedilər var. Nisbətən yüngül günah işlətmiş adamlara zorla «C» romanını oxutdururuq. «C» romanının otuz səhifəsini oxuyan adam bütün iradəsini itirir, onda əqidəsizlik xəstəliyi yaranır, gündə bir mağara başçısına təriflər yağdırır, bütün sahələrdə uğursuzluğa düçar olur, hamı onu xaraktersiz adam kimi tanıyır, heç kim ona inanmır və sonda bu adam dəli olur». İtaliya Elmlər Akademiyasının müxbir üzvü, xalqımızın dostu Rastro Paviçin «Yüz gün Azıxantroplar arasında» kitabı xalqımızın necə qonaqpərvər olmasıyla bağlı cümlələrlə doludur. Rastro Paviç yazır: «Mən vətənə qayıdanda mağara adamları İtalyaya qədər maşının dalınca qaçdılar». Xalqımızın dostu Rastro Paviçin kitabında kədərlə sevinc qoşa addımlayır. Amma əsərin bitməyinə bir səhifə qalmış sevinc kədəri ötərək bir cümlə irəli çıxır və əsər nikbin notlarla bitir: «Yeyib-içən oğlan yaman olmaz».
 

0 şərh