2. Azərbaycanın tarixi-siyasi coğrafiyasının mənbələri və tarixşünaslığı

Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair mənbələr barədə məlumatın şərhindən əvvəl tarixi coğrafiya fənninin özünün ikili mahiyyət daşıdığına bir daha nəzər yetirmək lazımdır. Göstərildiyi kimi, tarixi coğrafiya elmi çox geniş sahələri birləşdirir və bu baxımdan onun tədqiqi üçün həddən ziyadə və müxtəlif xarakterli - tarixi, coğrafi, ədəbi, linqvistik və s. mənbələr mövcuddur. Onların sırasında yazılı, arxeoloji, etnoqrafik, toponimik, numizmatik, epiqrafik, bədii, folklor, dil, antropoloji, təbiət elmlərinə dair məlumatlar, dəqiq elmlərin göstəriciləri və s. materiallar vardır. Odur ki, Azərbaycanın tarixi coğrafiyası ümumi şəkildə götürülərsə, ona dair ilk mənbələrin çoxluğu və müxtəlif xarakterli olması diqqəti cəlb edir. Azərbaycanın tarixi coğrafiyasının «Tarixi-siyasi coğrafiya» elmi istiqamətinə dair ilk mənbələrə gəldikdə isə onların sayı və növləri heç də lazımi qədər deyildir, ayrı-ayrı vaxtlarda, tarixi dövrlərdə ölkənin tarixi-siyasi coğrafiyasını əks etdirən spesifik əsərlər, xüsusi mənbələr yazılmamışdır. Bununla yanaşı bütün dövrlərə aid ilk yazılı mənbələrdə, xüsusilə, tarixi və coğrafi əsərlərdə Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair faktlara rast gəlmək mümkündür. Bəzi mənbələrdə belə faktlar cüzidirsə, digərlərində nisbətən çoxdur. Əsas vəzifə həmin mənbələrdən tarixi-siyasi coğrafiyaya aid materialların, faktların araşdırılıb üzə çıxarılması, toplanması, tərcüməsi, tədqiqata cəlb olunması və onların əsasında dövrün tarixi-siyasi coğrafiyasını öyrənməkdən ibarətdir.
Tarixi coğrafiyaya aid ilk mənbələr, dövrlər üzrə fərqləndiyi kimi, yazıldığı dillərə görə də müxtəlifdirlər. Ən qədim mənbələr şumer, akkad, latın, yunan və s. dillərdə mövcuddur. Sonrakı dövr mənbələri isə alban, erməni, qədim fars, ərəb, orta fars, türk, rus, avropa, gürcü və s. dillərdə meydana gəlmişdir. Azərbaycanın tarixi coğrafiyasını qonşu ölkələrin, dövlətlərin, vilayətlərin tarixi coğrafiyalarından təcrid etmək də düzgün deyildir. Azərbaycan, bir vilayət, dövlət kimi, qonşu ölkələrlə, xüsusilə, Qafqaz, Kiçik Asiya, Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqədə olmuş, buna görə də, Azərbaycanın tarixi coğrafiyası ilə həmin ölkələrin tarixi coğrafiyaları arasında bir sıra oxşarlıq, eynilik, ümumilik mövcuddur. Bu oxşarlığın təzahürü ilk mənbələrin eyniliyində də özünü göstərir. Bir çox ilk mənbələr, xüsusilə qədim və antik dövr mənbələri qonşu ölkələrin tarixi coğrafiyası ilə yanaşı Qafqazın, o cümlədən Azərbaycanın tarixi-siyasi coğrafiyası barədə faktlara malikdir. Bu baxımdan şumer-akkad dastanları ilə yanaşı Herodotun «Tarix», Strabonun «Coğrafiya», Plutarxın «Parallel tərcümeyi-hallar», Klavdi Ptolomeyin «Coğrafiya dərsliyi», Pomponi Melanın «Yerin təsviri» və s. əsərlər diqqəti cəlb edir. Bu mənbələrdə qonşu ölkələrlə yanaşı Atropatena və Qafqaz Albaniyasının tarixi-siyasi coğrafiyası barədə qiymətli faktlar verilir ki, məhz onların köməyi ilə diyarın həmin dövrlərdəki vəziyyəti araşdırılır. Herodotun Dərbənd keçidi, Araz çayı, Xəzər dənizi, kaspilər, utilər, Strabonun Albaniyanın ərazisi, Kür çayının mövqeyi, 26 alban tayfası, Plutarxın bir sıra toponimlər, Kür və Araz çayları, Klavdi Ptolomeyin Albaniyanın 29 şəhəri, kəndi, çayları, dağ aşırımları, Pomponi Melanın Atropatena və Qafqaz Albaniyasının çayları, dağları, adaları, bəzi tayfaları, həmçinin, Böyük Plininin Albaniyanın baş şəhərləri, albanların mənşəyi və s. barədəki məlumatı bu baxımdan əhəmiyyət kəsb edir.
Alban və erməni dilli mənbələr arasında Ananiy Şirakatsinin «Erməni coğrafiyası» (VII əsr), Moisey Kalankatlının «Albanların tarixi» (VIII əsr), Mxitar Qoşun «Alban xronikası» (XII əsr), Gevond Vardapetin «Tarix» (VIII əsr), Gəncəli Kirakosun «Tarix» (XIII əsr) əsərləri Azərbaycanın tarixi-siyasi coğrafiyasına aid materialları ilə seçilirlər. Moisey Kalankatlının və Gəncəli Kirakosun Albaniyanın ərazisi barədəki faktları bu baxımdan diqqəti daha çox cəlb edir. Son müəllifin əsərində Albaniyanın Ermənistan və Gürcüstandan ayrı olması xüsusi vurğulanır.
Ananiy Şirakatsi də əsərində Albaniyanın sərhədlərini göstərir, əyalətlərinin adını sadalayır və bildirir ki, Albaniyaya 20 mahal daxildir. Lakin, onun yazdığından Albaniyanın Kürdən şimalda yerləşdiyi anlaşılır. Gevond Vardapetin əsərində də Albaniyanın VIII əsrdəki hüdudları barədə məlumat verilir.
Ərəbdilli ilk mənbələrin xronoloji çərçivəsi əsasən IX-XV əsrləri əhatə edir. Onların böyük bir qismi Xilafətin tərkibinə daxil olan ölkələrin, o cümlədən Azərbaycanın tarixi-siyasi coğrafi-yası barədə faktlara malikdirlər. Ərəb müəllifləri - tarixçi və coğrafiyaşünas alimləri İbn Hişam (IX əsr), İbn Xordadbeh (IX əsr), əl-Yaqubi (IX əsr), İbn əl-Fəqih (IX əsr), ət-Təbəri (IX-X əsrlər), əl-Məsudi (X əsr), əl-İstəxri (X əsr), İbn Havqəl (X əsr), əl-Müqəddəsi (X əsr), əl-Biruni (XI əsr), əl-İdrisi (XII əsr), əl-Qərnati (XIII əsr), Yaqut əl-Həməvi (XII-XIII əsrlər), İbn əl-Əsir (XIII əsr), ən-Nəsəvi (XIII əsr), Zəkəriyyə əl-Qəzvini (XIII əsr), İbn Bəttutə (XIV əsr), İbn Ərəbşah (XIV-XV əsrlər), Əbdürrəşid Bakuvi (XV əsr) və başqaları öz əsərlərində bu diyarın tarixi, coğrafiyası və eləcə də, tarixi coğrafiyası barədə müəyyən dəlillər, faktlar verirlər. Məsələn, İbn Hişam (IX əsr) Azərbaycandan bəhs edərək yazır: «Ora türk torpağıdır». İbn Xordadbehin Azərbaycan şəhərləri, onların arasındakı məsafə, ticarət yolları, ən-Nəsəvinin Azərbaycanın qərb sərhədləri, İbn Bəttutənin XIV əsrin ortalarında Hülakülər dövlətinin 11 hissəyə parçalanması, əl-Kufinin, əl-Bəlazurinin, İbn Xəldunun Azərbaycanda məskən salmış ərəb qəbilələri, İbn Ərəbşahın Əlincə qalası və s. barədəki məlumatları ölkənin orta əsrlərdəki tarixi coğrafiyasının araşdırılması baxımından çox əhəmiyyətlidirlər.
XI-XII əsrlərdən başlayaraq ərəbdilli mənbələr öz mövqeyini tədricən farsdilli mənbələrə verir. Bu hal fars dilinin inkişafı, mədəniyyət, elm, siyasət dili statusu kəsb etməsi ilə əlaqədardır. Fars dilində yazılmış tarixi və coğrafi əsərlər müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair maraqlı faktlarla zəngindir. Onların bəziləri bu baxımdan xüsusilə fərqlənirlər. Ravəndinin «Rahət əs-südur və ayət əs-sürur» (XI-XII əsrlər), anonim «Əcaib əd-dünya» (XIII əsr), Rəşidəddinin «Came ət-təvarix», «Mükatibat» (XIII-XIV əsrlər), Həmdullah Qəzvininin «Nüzhət əl-qulub», «Zeyl-e tarix-e qozide» (XIV əsr), Şərəfəddin Əli Yəzdinin «Zəfərnamə» (XIV-XV əsrlər), Hafiz Əbrunun «Zübdət üt-təvarix» (XV əsr), Həsən Rumlunun «Əhsən ət-təvarix» (XV əsr), Əbdürrəzzaq Səmərqəndinin «Mətlə' üs-sə'deyn» (XVI əsr), İskəndər Münşinin «Tarix-e alam aray-i Abbasi» (XVII əsr), A.A.Bakıxanovun «Gülüstani-İrəm», Mirzə Camal Qarabağinin «Qarabağ tarixi» (XIX əsr), «Qarabağnamələr» və s. mənbələr həmin qəbildəndir. Yeri gəldikcə farsdilli və eləcə də, ərəb və başqa mənbələrdəki tarixi-siyasi coğrafiya və tarixi-etnik coğrafiyaya aid mühüm faktlara diqqət yetiriləcəkdir.
Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından XVI əsrin sonunda və XVIII əsrin 20-ci illərində türk dilində tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri», «Naxçıvan sancağının müfəssəl dəftəri», «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri», «Tiflis əyalətinin müfəssəl dəftəri «Ərdəbil livasının müfəssəl dəftəri» və başqa qəbildən olan məlumat kitabları böyük əhəmiyyət kəsb edir. Onların hamısı son vaxtlarda Azərbaycan dilində nəşr olunaraq elmi ictimaiyyətin istifadəsinə verilmişdir. İki nüsxədə tərtib olunmuş bu dəftərlərdə adı çəkilən bölgələrin həmin dövrlərdəki ərazisi, inzibati bölgüsü, yaşayış məskənləri, kəndləri müfəssəl şəkildə şərh olunur və diyarın əhalisi, gəlirləri göstərilir.
Məlum olduğu kimi, son orta əsrlərdə Avropanın bir çox ölkələrindən müxtəlif səviyyəli şəxslər - dövlət xadimləri, diplomatlar, səfirlər, səyyahlar, tacirlər və s. Şərq ölkələrinə gəlmişlər və gəzdikləri, gördükləri yerlər barədə xatirələrini qələmə almışlar. Onların bəziləri Azərbaycanda da olmuşdur. Alessandri Vinçesso, Adam Oleari və başqalarının xatirələrində, gündəliklərində Azərbaycanın tarixi-siyasi coğrafiyası barədəki qeydlər diqqəti cəlb edir. Məsələn, Alessandri Vinçesso 1572-ci ildə Səfəvilər dövləti haqqında hazırladığı hesabatda dövlətin inzibati quruluşu barədə qiymətli məlumat verir. Alman alimi Adam Olearinin (XVI əsr) xatirələrində də Səfəvilər dövlətinin inzibati quruluşundan bəhs olunur. İohann Şiltberqerin (XIV əsr) Qafqazın vilayətləri, şəhərləri, İohann de Qalonifontibusun (XV əsr) Qafqazda yaşayan xalqlar, Oruc bəy Bayatın ispan dilində yazılmış hekayələrində (1604) qızılbaş tayfaları və s. barədəki qeydləri Azərbaycanın tarixi-siyasi mənzərəsinin araşdırılmasında çox qiymətlidir.
Cənubi Qafqazın, eləcə də Şimali Azərbaycanın Rusiyanın nüfuz dairəsinə keçməsi tarixi coğrafiyaya dair mənbələr sırasında rusdilli ədəbiyyatın meydana gəlməsinə və tədricən çoxalma-sına səbəb oldu. Bilindiyi kimi, çar Rusiyası Qafqaza meyl saldığı ilk vaxtlardan başlayaraq ayrı-ayrı bölgələrin coğrafi mövqeyi, təsərrüfatı, əhalisi, adət-ənənələri, mədəniyyəti, inzibati bölgüsü, yaşayış məskənləri, iqlimi, maddi nemətləri və s. barədə dəqiq araşdırmalar aparmışdır. Qafqaz arxeoloji komissiyası tərəfindən toplanmış xüsusi sənədlər (aktlar), müxtəlif statistik məlumatlar, əhalinin kameral siyahıyaalınmaları, ayrı-ayrı rus məmurlarının qeydləri bu baxımdan maraq doğurur. İ.Q.Qerber, P.Q.Butkov, V.Leqkobıtov, F.F.Simonoviç, F.A.Şinitnikov, və s. müəlliflər bu sahədə müəyyən işlər görmüşlər. 1870-ci ildə Qafqaz bölgəsi üzrə tərtib edilmiş Rusiya imperiyası yaşayış məskən-lərinin Siyahısı Şimali Azərbaycanın tarixi-siyasi coğrafiyasının tədqiqi baxımından qiymətlidir. Burada Azərbaycanın şimal ərazilərindəki ayrı-ayrı yaşayış məskənləri öz əksini tapmış və onların əhalisi, təsərrüfatı göstərilmişdir.
Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair mənbələr sırasında müxtəlif dövrlərdə tərtib olunmuş, çəkilmiş xəritələrin və tarixi coğrafi təsvirlərin rolu əvəzsizdir. Belə xəritələrdən ərəb müəllifi İbn Havqəlin (X əsr) «Kitab surət əl-ərd» əsərindəki «Xəzər dənizi xəritəsi», «Azərbaycan və Arran xəritəsi», əl-İdrisinin (XII əsr) xəritəsi, XIX əsrə dair rus məmurlarının Qafqaza və Xəzəryanı bölgələrə həsr olunmuş xəritələri, 1903-cü ildə Qafqaz hərbi bölgəsi (KaBKa3cKHH BoeHHbiM oKpyr) tərəfindən tərtib edilmiş xəritə (1993-cü ildə təkrar nəşr olunmuşdur), əsrimizin 20-ci illərində tərtib olunmuş «Qafqaz və İran Azərbaycanı xəritəsi», «Şimali Azərbaycan Rusiya imperiyası tərkibində» (1868-1917-ci illər inzibati bölgüsünə əsasən), «Azərbaycan xəritəsi (1920-ci il ünvan-təqvimi)», 1926-cı ildə çəkilmiş «Azərbaycanın siyasi və təbii xəritəsi» (İbrahim Ağa Vəkilovun), xüsusilə də, 1994-cü ildə tərtib olunmuş «Karta Azerbaydjanskoqo Respubliki 1918-1920 qq.» xəritəsi diqqəti cəlb edir.
Azərbaycanın tarixi coğrafiyasının tarixşünaslığına gəldikdə burada da iki cəhəti bir-birindən ayırmaq vacibdir. Qeyd olunduğu kimi, tarixi coğrafiyanın müxtəlif elmi istiqamətləri mövcuddur və bu elm sahəsi hər hansı tarixi dövr ərzində bu və ya başqa ərazinin vəziyyətini hərtərəfli şəkildə öyrənir. Bu baxımdan Azərbaycanın nəzərdə tutulmuş hər bir dövrdəki vəziyyətinin müəyyən istiqamətlərinin - siyasi tarixinin, iqtisadi vəziyyətinin, coğrafi şəraitinin və s. araşdırılmadığını söyləmək doğru olmazdı. Tarixçi və coğrafiyaşünas alimlərin həmin sahələrdəki əməyi az deyildir. Azərbaycanın şəhərləri, qalaları, ticarəti, ticarət yolları, mədəniyyəti və s. sahələrdə də müəyyən tədqiqatlar aparılmışdır. Alimlərimizin çoxsaylı araşdırmaları, əldə etdikləri elmi nailiyyətlər, çap olunmuş monoqrafik əsərlər, akademik nəşrlər və s. buna canlı sübutdur.
Ümumiyyətlə götürüldükdə, Azərbaycan tarixinin və eləcə də tarixi coğrafiyasının tarixşünaslığı A.A.Bakıxanovun adı ilə əlaqələndirilir. Müəllif «Gülüstani-İrəm» əsərində ilk dəfə olaraq Azərbaycanın bir hissəsinin - Şirvanın tarixi coğrafiyasına dair qiymətli məlumat verir. O, Şirvanın orta əsrlər dövründəki şəhərləri, qalaları, yaşayış məskənləri, dağları, çayları, kənd təsərrüfatı, əhalisi və məşğuliyyəti və s. barədə ətraflı danışır. A.A.Bakıxanovdan sonra Mirzə Camal Qarabaği, Mirzə Adıgözəl bəy və s. tarixçilər öz əsərlərində tarixi coğrafiyaya aid faktlar vermişlər. Azərbaycanın qədim və orta əsrlərdəki şəhərləri, qalaları, yaşayış məskənləri, ticarət yolları, əhalisi və etnik tərkibi, məşğuliyyəti və s. barədə V.V.Bartold, Z.Vəlidi, A.Krımski, V.Minorski, Ə.S.Sumbatzadə, Ə.Ələkbərov, M.Şərifli, Ə.Hüseynzadə, M.Heydərov, Q.Qeybullayev və s. tədqiqatçılar araşdırmalar aparmış və müəyyən nəticələr əldə etmişlər.
Əhməd Zəki Vəlidinin «Azərbaycanın tarixi coğrafiyası» adlı tədqiqatı öz dövrünə görə orijinallığı və mövzuya yaxınlığı ilə diqqəti cəlb edir. Əsər əslində müəllifin 1927-1931-ci illərdə İstanbul darülfünununda oxuduğu mühazirələrin bir hissəsindən ibarətdir. Onlar Rusiya Federasiyası EA Şərqşünaslıq İnstitutunun kitabxanasında mühafizə olunur. Təxminən 50 səhifədən ibarət həmin mühazirələrdə Azərbaycanın şimal hissəsinin yaşayış məskənləri barədə məlumat verilir, toponimlərin izahı, lokalizasiyası və təsərrüfat həyatı göstərilir. Burada «Azərbaycan» kəlməsi izah olunur, Dərbənd, Bərdə, Abxaz-Quba, Şabran, Şamaxı, Bərzənd, Bakı-Ərəş-Şəki-Zaqatala bölgəsi, Qəbələ və s. yaşayış məskənləri, onların lokalizasiyası ətraflı şərh olunur. Vəlidinin Azərbaycanın tarixi coğrafiyasının araşdırılması sahəsindəki əməyi müsbət qiymətləndirilməklə yanaşı, onu da qeyd etmək vacibdir ki, müəllif Azərbaycanın sərhədləri, hüdudları barədə konkret məlumat vermir və ölkənin ümumi ərazisi haqqında danışmır, daha doğrusu, Azərbaycanın tarixi-siyasi coğrafiyası məsələlərinə xüsusi diqqət yetirmir.
Azərbaycanın tarixi coğrafiyasının tədqiqi sahəsində, ümumiyyətlə götürüldükdə, müəyyən işlərin görüldüyü göz qabağındadır. Lakin tarixi coğrafiyanın bəzi elmi istiqamətləri uzun illər boyu nəzərdən qaçırılmış, unudulmuş və tədqiqatdan kənarda qalmışdır. Bu əsasən tarixi coğrafiyanın «tarixi-siyasi coğrafiya» və qismən də «tarixi-etnik coğrafiya» elmi istiqamətlərinə aiddir. Adı çəkilən müəlliflərin əsərlərində həmin elmi istiqamətlər, demək olar ki, araşdırılmamışdır. Nəticədə göstərilən elm sahələri, xüsusilə də, Azərbaycanın tarixi-siyasi coğrafiyası unudulmuş, ölkənin tarix boyu malik olduğu ərazisi, sərhədləri, hüdudları, inzibati-ərazi bölgüsü, F.Məmmədovanın müəyyən tədqiqatları istisna olmaqla, öyrənilməmişdir. Etnik məsələlər üzrə müəyyən işlər görülsə də bu elmi istiqamət də geniş tədqiqatdan kənarda qalmışdır. Həmin işdə keçmiş İttifaq miqyasındakı qadağanlar, təsirlər az rol oynamasa da, alimlərimizin, ziyalılarımızın və ilk növbədə Azərbaycan dövlətçiliyinin məsələyə laqeyd münasibəti, onu ciddi qiymətləndirə bilməmələri həlləedici mövqe tutmuşdur. Belə ki, XX əsrin ortalarından başlayaraq yaxın qonşularımız olan gürcülər və ermənilər öz respublikalarının Elmlər Akademiyalarında «Gürcüstanın tarixi coğrafiyası» və «Ermənistanın tarixi coğrafiyası» adlı şöbələr təsis edib elmin bu sahəsinin tədqiqi ilə ciddi məşğul olduqları halda, Azərbaycanda nəinki müvafiq şöbə, heç bu işlə maraqlanan da yox idi. Əksinə, Azərbaycanın tarixi-siyasi coğrafiyasına toxunan kiçik elmi məqalələrin nəşrinə belə icazə verilmir, tarixi-siyasi coğrafiya ilə maraqlananların qarşısına sədd çəkilirdi. Mövcud siyasətin, tarixi-siyasi coğrafiyaya olan laqeydliyin mənfi təsiri, nəticəsi əsrin 80-ci illərində özünü biruzə verdi. Qonşularımız öz ölkələrinin müxtəlif dövrlərdəki tarixi-siyasi coğrafiyası - tarixi əraziləri, sərhədləri, müxtəlif səmtlərdə hüdudları barədə bütün dünyaya səs sala bildikləri, çoxsaylı kitablar, əsərlər, xəritələr çap etdirdikləri bir anda bizlər, necə deyərlər, «quru yerdə qaldıq» və 1982-ci ildə Tiflisdə keçirilən bu mövzuya həsr olunmuş elmi müşavirəyə əliboş getdik.
XX əsrin 80-ci illərində Azərbaycanın tarixi-siyasi coğrafiyasının araşdırılması sahəsində oyanış baş verdi, bu sahədə ciddi işlər görüldü və demək olar ki, yeni dövr başlandı. Həmin oyanışa səbəb 1982-ci ilin mart ayında Tiflisdə keçirilən regional elmi müşavirə oldu. Müşavirə keçmiş SSRİ EA SSRİ tarixi institutunun təşəbbüsü ilə keçirilirdi və «SSRİ xalqları atlası. Cənubi Qafqaz regionu» vəsaitinin hazırlanması və nəşrinə həsr olunmuşdu. Müşavirənin işində Moskva alimləri ilə yanaşı Azərbaycan, Gürcüstan və Ermənistan alimləri də iştirak edirdi. Azərbaycandan müşavirəyə İ.H.Əliyev, F.C.Məmmədova və V.Z.Piriyevdən ibarət nümayəndə heyəti getmişdi. Müşavirə öz işinə başladığı ilk andan məsələnin mahiyyəti, ciddiliyi ön plana çıxdı. Əsas çətinlik tərəflərin müşavirəyə hazırlıq səviyyələrinin eyni olmamasından doğurdu. Erməni və gürcü alimləri müşavirədə hər biri 20-dən artıq xəritə nümayiş etdirdiyi halda Azərbaycan tərəfinin əlində bir dənə olsa da xəritə yox idi. Bu hal məhz əvvəlki illərdə tarixi-siyasi coğrafiyaya olan biganəçiliyin məntiqi nəticəsi idi.
Müşavirənin və ümumiyyətlə, həyata keçirilməsi planlaşdırılan həmin tədbirin əsas məqsədi isə ermənilərin, Moskvanın köməyi ilə, Cənubi Qafqazın tarixi-siyasi coğrafiyasına dair xəritələri öz mənafelərinə uyğun hazırlayıb çap etdirmək və tezliklə bütün dünyaya yayaraq sonrakı erməni təcavüzünə «elmi dayaq» yaratmaq niyyəti olmuşdur. Atlasın işinə Azərbaycan və Gürcüstan tərəflərinin cəlb olunması əslində formal xarakter daşıyırdı və onların razılığı alınsaydı xəritələrin Cənubi Qafqaz alimlərinin iştirakı və rəyi ilə çap olunduğu xüsusi vurğulanmalı idi. İlk müşavirədə və sonralar Moskvada keçirilən 3 görüşdə çox ciddi müzakirələr keçirilsə də, mübahisələr baş versə də, atlasın nəşri baş tutmadı. Tərəflərin heç biri öz mövqelərindən geri çəkilmədilər, ərazilərini güzəştə getmədilər. Azərbaycan tərəfinin qazancı isə o oldu ki, hələ Tiflis müşavirəsində Azərbaycanın tarixi-siyasi coğrafiyasının dərindən araşdırılmasının vacibliyini dərk etdi.
80-ci illərin ortalarında Azərbaycanın tarixi-siyasi coğrafiyasına həsr olunmuş ilk kollektiv əsər - «İstoriceskaya qeoqrafiya Azerbaydjana» toplusu 10 min nüsxə ilə çap olundu. Toplunun hazırlanmasına 1982-ci ilin ortalarından başlanılmış və təxminən 2 ildən sonra toplu nəşriyyata təqdim olunmuşdu. Lakin, toplu hərtərəfli təzyiqlərə məruz qaldığından yalnız 1987-ci ildə işıq üzü gördü. Onun satışı da təşkil olunmadı, geniş yayılmasına imkan verilmədi. Toplunun hazırlanmasında Respublikanın görkəmli alimləri - Z.M.Bünyadov, F.C.Məmmədova, N.M.Vəlixanlı, V.Z.Piriyev, O.Ə.Əfəndiyev, Ə.Ə.Rəhmani, F.Ə.Əliyev yaxından iştirak etdilər. Akad. Z.M.Bünyadovun redaktəsi ilə çap olunan topluda eramızdan əvvəl III əsrdən başlamış b.e. XVIII əsrinin sonuna qədərki dövrü əhatə edən 20 xəritə verilmişdir. Hər bir xəritə əhatə etdiyi dövrün ilk mənbələrinin məlumatı ilə əsaslandırılmışdır. Müəlliflər xəritədə çəkdiyi sərhəd­ləri ilk mənbələrin faktları ilə təsbit etmişlər. Eyni zamanda Azərbaycan torpaqlarına olan yersiz iddiaların, xüsusilə erməni və gürcü iddialarının səbatsızlığı açıqlanmışdır. Min illik bir dövrün (e.ə. III əsr - b.e. VIII əsri) real tarixi vəziyyətini ilk dəfə bərpa edən F.C.Məmmədova bu sahədə təəccüb doğuran materiallarla çıxış edən qonşu tədqiqatçılarla ciddi mübahisələrə girmiş və inandırıcı dəlillərlə öz mövqeyini müdafiə edə bilmişdir. N.M.Vəlixanlı da müasir erməni və gürcü tədqiqatçılarının ərəb dövrü Azərbaycanının tarixi ərazilərinə olan yersiz iddialarını aradan qaldırmalı olmuşdur. M.X.Şəriflinin materialları əsasında tərtib olunmuş xəritələrdə IX-XII əsr Azərbaycan feodal dövlətlərinin, Z.M.Bünyadovun xəritəsində Azərbaycanın Eldənizlər (Atabəylər) dövründəki etnik-siyasi hüdudları əks olunmuşdur. Azərbaycanın son orta əsrlər dövrü tarixi-siyasi-coğrafi vəziyyəti xronoloji olaraq V.Z.Piriyevin (XIII-XIV əsrlər), O.Ə.Əfəndiyevin (XV-XVI əsrlər), Ə.Ə.Rəhmaninin (XVI əsrin sonu - XVII əsr) və F.M.Əliyevin (XVIII əsr) xəritələrində öz əksini tapmışdır. Toplu Azərbaycanın tarixi-siyasi coğrafiyasına həsr olunmuş ilk samballı əsər olmaqla yanaşı bu sahədə sonrakı tədqiqatlara təkan vermiş oldu.
80-ci illərin ortalarında Azərbaycanın tarixi- siyasi coğrafiyası sahəsində daha bir mühüm nailiyyət əldə olundu. F.C.Məmmədovanın uzun illər apardığı ciddi tədqiqatların nəticəsi olan «Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası» adlı samballı monoqrafiyası «Elm» nəşriyyatında çapdan çıxdı (rusca, 1986) və elm aləmində böyük maraq doğurdu. Cənubi Qaf-qazda tarixi-siyasi coğrafiya məsələləri üzrə mövcud baxışlara kəskin düzəlişlərlə zəngin olan bu kitab 1993-cü ildə azərbaycan dilində də nəşr olundu.
Əsrin son onilliyi Azərbaycanın tarixi coğrafiyasının, o cümlədən tarixi-siyasi coğrafiyanın araşdırılması baxımından diqqəti cəlb edir. Bu dövrdə bir tərəfdən həmin mövzuya həsr olunmuş xüsusi atlas nəşr olundu, bir tərəfdən 80-ci illərdə başlanan tədqiqatlar davam etdirildi, digər tərəfdən yeni mövzular üzərində tədqiqatlar aparıldı. 1994-cü ildə Azərbaycan Ensiklopediyası tərəfindən hazırlanmış «Azərbaycanın tarixi xəritələri» adlı nəfis atlas işıq üzü gördü. Ali və orta məktəblər üçün qiymətli vəsait sayılan həmin atlas 1987-ci ildə rusca nəşr olunmuş «Azərbaycanın tarixi coğrafiyası» toplusu əsasında tərtib edilmişdir. Burada Azərbaycanın müxtəlif dövrlərini əks etdirən 24 xəritə verilmişdir. Onlardan son 5 xəritə Azərbaycanın çar Rusiyası dövründəki vəziyyətinə, Azərbaycan Cümhuriyyəti ərazisinə və başqa məsələlərə həsr olunmuşdur. Atlasın böyük tirajla çapı tarixi-siyasi coğrafiya məsələlərinin təbliğində əhəmiyyətli addım oldu.
1994-cü ildə Azərbaycanda tarixi-siyasi coğrafiyaya aid daha bir xəritə nəşr olundu. «Azərbaycan Respublikasının xəritəsi. 1918-1920-ci illər» adlanan (rusca) həmin xəritə ölkənin Azərbaycan Cümhuriyyəti dövründəki ərazilərini, sərhədlərini, inzibati-ərazi bölgüsünü dəqiq şəkildə əks etdirdi. Xəritədə Azərbaycan Cümhuriyyətinin mübahisəsiz əraziləri verilir və qərb sərhədlərimizin Göycə gölündən keçdiyi göstərilir. Xəritənin məziyyətlərindən biri də odur ki, buradakı toponimlər həmin dövrdəki adları ilə əks olunmuşdur.
Azərbaycanın tarixi xəritələrinin ali və orta məktəblər üçün «Azərbaycan tarixi» dərsliklərinə, «Azərbaycan tarixi»nin akademik nəşrinə və digər nəşrlərə daxil olunması isə ölkəmizin tarixi-siyasi coğrafiyasının geniş oxucu kütləsinə çatdırılmasında çox mühüm əhəmiyyət kəsb etdi. Hal-hazırda «Azərbaycan tarixi» üzrə bütün dərsliklərdə əhatə etdikləri dövrün tarixi-siyasi xəritələri verilir. Bu isə şagirdlərin elə məktəb illərindən öz doğma vətənlərinin ərazisi, sərhədləri ilə yaxından tanış olmasına imkan yaradır.
90-cı illərdə Azərbaycanın tarixi-coğrafiyasına həsr olunmuş yeni mövzular ətrafında tədqiqatlar aparıldı, dissertasiyalar yazıldı. T.F.Əliyevin Şirvanın XVII-XVIII əsrlərdəki tarixi-coğrafiyasına, S.İ.Budaqovanın Naxçıvanın XVIII əsrin II yarısı - XIX əsrin 1 qərinəsindəki tarixi coğrafiyasına həsr olunmuş tədqiqatları bu baxımdan maraqlıdır. Dövrün tarixi-coğrafiya baxımından cəzbedici cəhətlərindən biri erməni işğalına məruz qalan ərazilərimizin tarixi-coğrafi şəraitinin araşdırılmasına marağın artması idi. Qısa müddət ərzində Ə. Ələkbərlinin «Qədim türk-oğuz yurdu - Ermənistan», «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», «İstoriçeskaya qeoqrafiya zapadnoqo Azerbaydjana» kimi monoqrafik əsərlər işıq üzü gördü. Həmin əsərlərin əsas məğzini ümumi tarixi-coğrafi məsələlər təşkil etsə də, onlarda tarixi-siyasi coğrafiyaya aid materiallar da az deyildir. Son illərdə Azərbaycanın tarixi-siyasi coğrafiyasına aid bir sıra elmi məqalələr də nəşr olundu. X.Vahidovanın Ordubad şəhərinin ərazisinə, V.Piriyevin Azərbaycanın XIII-XIV əsrlərdəki hüdudlarına, Naxçıvanın həmin dövrdəki tarixi coğrafiyasına həsr olunmuş məqalələri bu qəbildəndir.
Fərəhli haldır ki, 2002-ci ildə (gec olsa da) Azərbaycan MEA Tarix institutunun strukturunda «Azərbaycanın tarixi coğrafiyası» şöbəsi yaradılmışdır. Həmin şöbənin fəaliyyəti nəticəsində vətənimizin tarixi-siyasi coğrafiyasının tədqiqi sahəsində daha mühüm nailiyyətlərin qazanılacağı şübhə doğurmur.
Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair məsələlərin araşdırılmasında, problemlərin üzə çıxarılmasında Respublikamızdan kənarda nəşr olunmuş əsərlərin özünəməxsus rolu vardır. Həmin əsərlərin əksəriyyətində Azərbaycana qarşı ərazi iddiaları irəli sürülür. Lakin, onlardan elmi polemika və müzakirələr üçün istifadə etmək vacibdir. Çünki qarşı tərəfin nə istədiyini, nədən bəhs etdiyini biləndə onunla fikir mübadiləsi etmək, ona cavab vermək nisbətən asan olur. Erməni, gürcü, rus və qismən də fars araşdırıcılarının bu baxımdan olan kitabları, məqalələri Azərbaycanın tarixi-siyasi coğrafiyasının tədqiqində müəyyən rol oynayır. S.Yeremyanın Ermənistan və ətraf ərazilərin 592-653, 701-862 və 862-953-cü illərdəki vəziyyətinə həsr olunmuş xəritələri, D.Musxilişvilinin Şərqi Gürcüstanın tarixi coğrafiyasına, M.Berdzinişvilinin XIII əsrin əvvəllərində gürcü dövlətinin sərhədlərinə, M.C.Məşkürün Azərbaycanın tarixi sərhədlərinə, V.Yeqorovun Qızıl Ordanın XIII-XIV əsrlərdəki tarixi coğrafiyasına, S.Yuşkov və A.Novoseltsevin qədim və antik Albaniyanın sərhədlərinə həsr olunmuş əsərləri, xüsusilə də, R.H.Hevsenin 2001-ci ildə nəşr olunmuş «Ermənistan. Tarixi xəritələr» toplusu, Ş.Mkrtçyanın «Arsax xəzinəsi» əsəri və s. belə «tədqiqatlar» sırasına daxildir. Bu növ «tədqiqatlarda» erməni torpaqlarının Xəzərə kimi, gürcü torpaqlarının Ağsu aşırımına kimi, Rusiya sərhədlərinin Dərbənddən cənuba kimi uzandığı, Azərbaycanın tarixən İran torpağı olması və s. barədə əsassız iddialar irəli sürülsə də, onlara biganə münasibət bəsləmək olmaz. Əsas vəzifə, bu və buna bənzər «araşdırma»lara obyektiv yanaşılmasında, onların mülahizələrinə tənqidi nöqteyi-nəzərdən münasibət bəslənilməsində və elmi dəlillərlə belə iddiaların əsassız olduğunu sübut etməkdədir. Gələcək tədqiqatlarda bu məqsədə nail olunarsa, Azərbaycanın tarixi-siyasi coğrafiyası sahəsindəki ağ ləkələr silinər, torpaqlarımıza qarşı yersiz iddialar azalar.


tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI

 

0 şərh