Milli azlıq məsələsi

Bu gün uşaqlarımı bağçaya aparanda, bağçanın həyətində Sami bayrağının asıldığını gördüm və xatırladım ki, bu gün Norveçdə Sami xalq günüdür.
Samilər Kol yarmadasının aborigen sakinləri olan qədim xalqdırlar. Norveç, Rusiya, Finlandiya və İsveç ərazisində yaşayan bu azsaylı xalqın sayı 60-70 min civarındadır. Ondan da ən çoxu, yəni 40 minə yaxını Norveçdə yaşayır. Zaman-zaman bu xalqın nümayəndələri öz milli mənsubiyyətinə görə çox məhrumiyyətlər yaşasalar da, müasir Norveçdə onlara böyük sayqı və hörmət var.
Samil
Onlar özlərinin etnik azlıq kimi adlandırılmasına etiraz etdiyindən, rəsmi olaraq onları buraların aborigen xalqı adlandırırlar.
Ənənəvi olaraq əsasən maralçılıq və balıqçılıqla məşğul olan samilərin Norveçdə öz parlamentləri var. Onlar özlərini narahat edən məsələləri burada müzakirəyə çıxarır və qəbul edilmiş qərarları mərkəzi hökümətə təqdim edirlər. Samilər bu yolla nəinki mədəni muxtariyyətlərini təmin edirlər, əslində bununla bağlı onların Norveçdə heç bir problemi yoxdu, həm də müəyyən hüquqi üstünlüklərə də nail olurlar. Məsələn samilərin ənənəvi məşğuliyyətlərindən biri də ovçuluq olduğundan, onlara ov üçün daha çox kvotalar ayrılır hər mövsümdə.
Sami dili Norveç dilindən tamamilə fərqli, fin dilinə daha yaxın bir dildir.  Buna baxmayaraq, Norveçin rəsmi dövlət dillərindən biri də sami dilidir. Samilər öz dillərində rəsmi yazışmalar apara, sənədlər hazırlaya bilirlər. Onların daha sıx yaşadığı şimal bölgələrində sami dili məktəblərdə də tədris olunur.
Samilərin öz milli bayraqları da var. Hər il fevralın 5-i Norveç tamamən Sami ölkəsinə çevrilir. Bütün dövlət binalarından Sami bayraqları asılır, məktəb və bağçalarda samilərin adət və ənənələri barədə uşaqlara məlumat verilir, sami süfrələri açılır.
Amma samilər heç də bütün tarix boyu burda özlərini belə rahat hiss etməyiblər. Heç də həmişə belə çoxlu hüquqları, imtiyazları olmayıb. Elə bu gün, sami gününün qeyd edildiyi norveç dili kursunda da, norveçli müəllim yaxın tarixdə öz xalqının samilərə etdiyi haqsızlıqlardan danışır: “Biz norveçlilər heç də həmişə samilərlə belə mehriban olmamışıq. Bir neçə onillik bundan əvvəl biz samilərin zorla “norveçləşdirilməsi”nə çalışmışıq. Məktəblərdə müəllimlər ana dilində danışan sami uşaqlarının əllərinə ağacla döyüblər. Nəticədə öz ana dilini unudan, o dildə danışa bilməyən samilər kimi bir məvhum meydana gəlib.  Amma Norveç inkişaf etdikcə, qadın, uşaq, əlillər, yaşlıların haqlarına həssaslaşdığı kimi, burda yaşayan aborigen xalqların da haqlarına qarşı həssaslaşıb və mən bir norveçli kimi bununla fəxr edirəm. Mənim evdə milli sami paltarım var, o paltar qışda isti saxlayır və çox keyfiyyətli parçadan hazırlanıb”.
Müəllimin çəkinmədən danışdığı diskriminasiya təkcə Norveçdə deyil, İsveçdə də olub, hətta bu proses barədə 2016 -cı ildə rejissor Amanda Kernellin çəkdiyi, Norveç-Danimarka istehsalı olan, baş rolunda sami əsilli aktrisanın rol aldığı “Sami qanı” filmi var ki, bu film Skandinaviyada çox məşhurdur. 
Düşünürəm ki, bir xalqın, xalq olaraq yetkinliyi, müdrikliyi və tolerantlığı onun ilk növbədə başqa xalqlara münasibəti ilə çox əlaqəlidi. Eyni ölkəni, torpağı paylaşdığın xalqın mədəniyyətindən, dinindən, dilindən narahat olmaq, qıcıqlanmaq, o xalqların nümayəndələrinin yüksək vəzifə tutmasından qorxmaq, ümumiyyətlə o xalqı təhlükə kimi görmək isə ondan xəbər verir ki, o xalqla münasibət, siyasət indi, məhz indi düz qurulmayıb.
Etnik ya da dini çoxluqda olduğun üçün özünü daha imtiyazlı görmək heç bir halda yolverilməzdir, belə olanda doğrudan da etnik ya da dini azlıqda olandan çəkinəcək, onun inkiaf etməsindən, yüksək yer tutmasından qorxacaqsan.
 
 
Müəllif: Günel Mövlud
Mənbə: azlogos.eu
 

0 şərh