Həştərxan xanlığı

Qazan xanlığı ilə eyni vaxtda Qızıl Ordudan ayrılaraq müstəqil dövlətə çevrilən Həştərxan xanlığının mərkəzi Həştərxan şəhəri idi. Bu şəhər indiki Həştərxan şəhərindən təxminən 12 km məsafədə yerləşən Hacıtərxan kəndinin yerində yaranmışdı. Xanlığın əsası Qızıl ordu xanlarından biri olan Kiçik Məhəmmədin nəvəsi Qasım xan tərəfindən qoyulmuşdur. Böyük karvan yolu və su qovşağında yerləşən bu kənd sürətlə böyüyərək ticarət mərkəzinə çevrildi. Bu ərazidə Həştərxan türkləri ilə yanaşı, xəzər, bolqar,peçeneq kuman türkləri də yaşayırdılar.

Həştərxan xanlığının ərazisi Aşağı Volqa sahillərindən başlayaraq Şimali Qafqazadək olan geniş bir ərazini əhatə edirdi. Həştərxan şəhəri ölkəni şərqdə Xarəzm və Buxara ilə, cənubda Qafqaz və Krımla, şimalda rus torpaqları və Qazan xanlığı ilə birləşdirirdi. Şəhərin belə bir əlverişli mövqedə yerləşməsi ona böyük ticarət əhəmiyyəti qazandırmışdı. Təxminən bir əsr ərzində müstəqil bir dövlət kimi fəaliyyət göstərən Həştərxan xanlığı bir müddət Qızıl Ordudan, Krım xanlığından və Noqay Ordusundan asılı vəziyyətdə olmuşdur. Təsərrüfat həyatı. Xanlığın ərazisi geniş otlaqlardan ibarət olduğu üçün qədim zamanlardan bu yerlərin əhalisinin əsas məşğuliyyəti maldarlıq olmuşdur. Əhalinin digər məşğuliyyət növləri yardımçı sənətlər, ovçuluq və balıqçılıq idi. Bu ərazidə balıq vətəgələri və çoxlu duz gölləri var idi. Əkinçilik mədəniyyəti qismən də olsa inkişaf etmişdi.

Həştərxan xanlığı öz ictimai və dövlət quruluşuna görə digər türk dövlətlərindən çox az fərqlənirdi. Ölkədə feodal təsərrüfat sistemi hökm sürürdü. İri dünyəvi və ruhani feodallar hakimiyyədə xüsusi rol oynayırdılar. Xan qeyri-məhdud hakimiyyətə malik idi. Xandan sonra ən böyük səlahiyyət bəylərin, murzaların və ruhanilərin əlində cəmləşmişdi. «Qara camaat» adlandırılan sosial təbəqə də onlara tabe idi. Qara camaat yasaq adlanan vergi ödəyirdi, feodallar isə vergilərdən azad idilər. Mərkəzi dövlət aparatı ilə yanaşı, yerli dövlət orqanları fəaliyyət göstərirdi. Bu orqanlara xanın yaxın qohumları, iri feodallar və din xadimləri başçılıq edirdilər.

Tamamilə müstəqil olan ayrı-ayrı ulusların hakimləri xanın hökmranlığını xeyli məhduldlaşdırırdılar. Bu hakimlər içərisində birinci yeri xanın silahlı dəstələrinin baş komandanı olan kalqa tuturdu. Kalqanın böyük hüquqları var idi. O, xanın varsi hesab olunur, xan tərəfindən öz sülaləsinə mənsub olan xanzadalar arasından təyin olunurdu. Ölkədə şəriət qanunları hökm sürürdü. Qonşu dövlətlərlə münasibətlər. Həştərxan xanlığının ərazisi qızğın

ticarət mərkəzi idi. Odur ki, onun qonşu dövlətlərlə münasibətlərində ticarət əlaqələri mühüm yer tuturdu. Mərkəzi Asiya, Sibir və Qazaxıstandan buraya çoxlu şərq parçaları, ipək, müxtəlif ədviyyat malları, saxsı qablar gətirirdilər. Əvəzində isə qiymətli xəz dəriləri,gön, balıq, duz aparırdılar. Rus şəhərlərindən buraya hər il duz aparmaq üçün gəmilər gəlirdi. Həştərxan hökuməti ilə əldə edilmiş sazişə əsasən Moskva knyazlığından buraya balıqçı dəstələri göndərilirdi. Həmin dəstələrə yerli türk əhalisi ilə birlikdə balıq tutmağa icazə verilmişdi.

XV əsrin sonlarından başlayaraq xanlığın ticarət əlaqələri daha da genişlənirdi. Ticarət əlaqələri ölkənin etnik tərkibinin dəyişməsinə də güclü təsir etmişdi. Həştərxanda və onun ətraf ərazilərində rusların, ermənilərin və yəhudilərin sayı xeyli artmışdı. Həştərxana Venesiyadan da tacirlər gəlirdi. Əhalisi az və zəif olan Həştərxan xanlığı qüdrətli qonşu dövlətlərlə rəqabətə tab gətirmir və getdikcə zəifləyirdi. Çoxdan bəri Həştərxan torpaqlarını ələ keçirmək istəyən Rusiya dövləti üçün belə bir fürsət XVI əsrin 50-ci illərində yarandı.

 

0 şərh