Qrip xəstəliyi

Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsilə xarakterizə olunan kəskin viruslu infeksiyadır.
Klinik mənzərə. Qripin gedişinə görə tipik və atipik, klinik təzahürlərinin ağırlığına görə isə yüngül, orta və ağır formaları olur.
Qrip zamanı inkubasion dövr, adətən, 1-2 gündür. Lakin bir neçə saata qədər qısala və 3 günə qədər uzana bilər.
Tipik hallarda qrip kəskin başlanır. Xəstə titrətməyə, yaxud üşütməyə başlayır, başı ağrıyır. Bir neçə saatdan sonra bədən temperaturu artıq maksimal rəqəmə (38,5-40°C) çatır. Zəiflik, əzginlik hissi, əzələlərdə, sümüklərdə və iri oynaqlarda arasıkəsilməyən ağrı olur. Başağrısı güclənir, alın və alın-gicgah nahiyəsində, qaşüstü qövslərdə və göz almalarında lokallaşır; bəzən işıqdan qorxma halı baş verir.
Xəstəliyin 1-ci sutkasında xəstələr burun-udlaqda quruluqdan və acışmadan, burunun «tutulmasından» şikayətlənirlər. 2-3 gün onların əksəriyyətini quru öskürək tutur. Həmçinin yüngül zökəm, 3-4 gün keçəndən sonra isə yaş öskürək başlanır.
Qripə tutulmuş xəstələrin çoxu evdə müalicə olunur. Xəstə qızdırmalı dövr ərzində yataq rejimində olmalıdır. Vitaminlərlə zənginləşdirilmiş südlü-göyərtili pəhriz, bol maye qəbulu tövsiyə olunur.
Qripin profilaktikası üçün epidemiya başlamazdan əvvəl və onun olduğu vaxt infeksion və antigen xassəsindən məhrum edilmiş interferon stimulyatorlarını təyin etmək olar.
Epidemiya dövründə təcili profilaktika üçün oksalin məlhəmi, leykositar interferon, remantadin işlədilir. Bu məqsədlə bəzən donor və plasentar qamma-qlobulindən də istifadə edirlər.
Xəstə olan otağın havasını dəyişmək, otağı 0,5 %o-li xloramin məhlulundan istifadə edərək, nəm əski ilə silmək lazımdır. Tibbi idarələrdə, apteklərdə, mağazalarda və başqa mühitdə xidmət edən işçilər dördqat tənzifdən hazırlanmış maskada işləməlidirlər.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

 

0 şərh