Uşaqlara kitab oxumağın faydaları

Uşaqların məktəbdə, işdə və ümumiyyətlə həyatda uğur qazanması üçün oxu bacarıqlarının əhəmiyyəti danılmazdır. Onlara çox erkən yaşlarından kitab oxumaqla övladlarınızın uğurlu olacağına zəmanət verə bilərsiniz. Gəlin, uşaqlara kitab oxumağın ən böyük faydalarını və mütaliənin onların gələcəyini necə dəstəkləyə biləcəyini öyrənək.
Uşaqlara kitab oxumağın faydaları
Uşaqlara kitab oxumağın 7 faydası
Övladlarınıza yatmazdan əvvəl ucadan bir klassik əsər və ya nağıl oxumaq onların həyatına xeyli fayda verə bilər. Oxunun uşaqlara olan faydalarına aşağıdakılar daxildir:
  • Əqli inkişafa dəstək
  • Dil bacarıqlarının təkmilləşməsi
  • Uğurlu təhsilə hazırlıq
  • Övladınızla aranızda xüsusi əlaqənin yaranması
  • Diqqətin və intizamın artması
  • Təxəyyülün və yaradıcılığın inkişafı
  • Mütaliə sevgisinin aşılanması
 
Əqli inkişafa dəstək
Sübut olunub ki, uşaqlara kiçik yaşlarından kitab oxumaq onların əqli bacarıqlarını təkmilləşdirir və əqli inkişaf prosesinə kömək edir. Əqli inkişaf: Düşünmək və anlamaq bacarığının yaranmasıdır; bu “xatırlamaq, problemi həll etmək və qərar verməkdən ibarət düşünmə proseslərinin uşaqlıqdan yetkinliyə qədər formalaşmasıdır.”  Bu, insanın öz dünyasını məlumat emalı, şüur, təfəkkür, dil inkişafı, diqqətin mərkəzləşməsi və yaddaş vasitəsilə görüb dərk etməsinə aiddir. Övladlarınıza ucadan kitab oxuyanda onları ilk növbədə öz kiçik dünyalarına dair təməl biliklərlə təmin edirsiniz. Bu onlara gördüklərini, eşitdiklərini və oxuduqlarını anlamağa kömək edir. Əslində bir çox pedaqoq və tədqiqatçının fikrinə görə, “oxu sözlərin səslənməsindən daha çox söhbəti qüvvətləndirir, uşaqlara hekayə ilə öz həyatlarını qarşılaşdırmağa kömək edir.”  Az yaşlı övladınızın həyatına kitabların daxil edilməsi və onların müzakirəsi ona xüsusən də kiçik yaşlarında öz həyatını dərk etməyə kömək edəcək.

Az yaşlıların əqli inkişafına dair tədqiqatın bir parçasına diqqət edin:
“Uşaq baxıcısı az yaşlıya kitab oxuyur. Bir neçə saniyənin içində bu uşağın beyin hüceyrələri buna reaksiya verir. Bu təcrübədən bir neçə beyin hüceyrəsi  “oyanaraq”  hərəkətə gəlir. Bir çox mövcud hüceyrələr arası əlaqələr güclənir. Eyni zamanda yeni beyin hüceyrələri formalaşır və uşağın bütün həyatı boyu davam edəcək bu mürəkkəb hərəkətliliyə daha çox mürəkkəblik gətirir.” Beləliklə, valideynlər övladlarına nə qədər çox kitab oxusalar, uşaqların söz ehtiyatı daha çox olar və onlar dünya haqqında daha çox bilib dünyada tutduqları yeri daha yaxşı dərk edərlər.
 
Dil bacarıqlarının təkmilləşməsi
Uşaqlara körpə yaşlarından başlayaraq gündəlik kitab oxumaq dili mənimsəmələrinə, ünsiyyət bacarıqlarına, sosial bacarıqlara və oxu bacarıqlarına kömək edə bilər. Çünki uşaqlara erkən yaşlarından kitab oxumaq onların beyninin inkişafına təkan verir və əsas dil, oxu və ünsiyyət bacarıqlarının yaranmasına səbəb olur. Faktiki olaraq, yaxın keçmişdə aparılmış beyin tomoqrafiyası tədqiqatına görə, “uşaqlara erkən yaşlarında kitab oxumaq beynin məhz vizual təsvirlə və dilin mənasını dərk etməklə bağlı bölmələrinin aktivləşməsi ilə sıx əlaqəlidir.”

Amerika Pediatrlar Akademiyasına əsasən, uşaq bağçasına başlayan üç uşaqdan ikisi oxunun mənimsənilməsi üçün vacib olan bacarıqlara malik deyilsə, bu dərk etmə bacarıqları və tənqidi təfəkkür bacarıqları xüsusilə önəmlidir. Üçüncü sinifi bitirən uşaqların təxminən üçdə ikisi sərbəst oxumağı bacarmır. Bundan başqa, uşağın ətrafında eşitdiyi sözlərin və dilin qavraması ilə yanaşı onun eşitmə təliminə oxunun daxil edilməsi daha da faydalıdır. Uşaq gündəlik həyatda eşitdiyi dildən fərqli olan bədii dil ilə də tanış olmuş olur. Fərq etməz, bu bir uşaq kitabıdır və ya klassik əsərdir. Bədii dil daha təsviridir və daha çox qrammatik quruluşlardan ibarətdir.
 
Uğurlu təhsilə hazırlıq
Uşaqlara erkən yaşlarından kitabların oxunması onlara valideynləri ilə, valideynlərin isə övladları ilə ünsiyyət qurmağına real imkan yaradır. Bu, uşaqlara yeni sözlər vasitəsilə söz ehtiyatını artırmağa imkan verir, kiminsə kitab oxumağını eşitmək isə onlarda dinləmək qabiliyyətini inkişaf etdirir və bu da onların uğurlu təhsili üçün çox vacibdir. Tədqiqatlar göstərir ki, “uşağın lüğətində nə qədər çox söz varsa, o qədər çox söz öyrənə bilir və o uşaq bağçasına gedəndə onun dil bacarıqları daha güclü olur, sərbəst oxumağa daha hazırlıqlı olur və nə qədər gözəl oxusa, onun ali məktəb bitirmək ehtimalı o qədər daha yüksəkdir.”
Çox saylı təcrübələr göstərir ki, məktəbəqədər dövrdə oxu ilə sıx təmasda olan şagirdlər formal olaraq təhsilə başlayanda daha çox müvəffəqiyyət əldə edirlər. Miçiqan Universitetinin keçirdiyi tədqiqata əsasən, beş erkən oxu bacarığı inkişaf üçün əhəmiyyətlidir. Bunlar:
 
  • Fonematik həssaslıq: Deyilən sözlərdə fərdi səsləri eşitmək, müəyyən etmək və onlarla oynamağı bacarmaq.
  • Fonetika: Yazılı dilin hərflərini danışıq dilinin səsləri ilə əlaqələndirmək bacarığı.
  • Lüğət: Effektiv ünsiyyət qurmaq üçün uşaqların bilməli olduqları sözlər.
  • Oxuduğunu anlama: Oxuduqlarının mənasını başa düşmək.
  • Səlislik (şifahi oxu): Mətni dəqiq və sürətlə oxumaq bacarığı.

Bir halda ki uşaqlar bu oxu bacarıqları və dil inkişafı ilə ibtidai və yuxarı siniflərdə qarşılaşacaqlar, körpə və az yaşlı dövrlərində onlara kitab oxumaqla onların oxumaq bacarıqlarına təkan verə bilərsiz. Bu mərhələdə səlis oxuma və ya fonetikanı tətbiq edə bilməsələr də, fonematik həssaslıqla, lüğətlə, oxunu anlamaqla erkən yaşdan tanış olacaqlar. Bütün bunlar onların gələcək uğurlarını təmin edəcək.
 
Övladınızla aranızda xüsusi əlaqənin yaranması
Şübhəsizdir ki, övladınıza müntəzəm olaraq kitab oxumaq sizə onunla daha sıx əlaqə yaratmağa kömək edir. O ki, qaldı uşaqlara, onların inkişafına müsbət təsir edən ən vacib amillərdən biri onlarla zaman keçirməkdir. Övladlarınıza kitab oxumaq birlikdə zaman keçirə biləcəyiniz müntəzəm və müştərək hadisəyə çevrilə bilər. Müştərək oxu saatında övladınız sizin onun yanına gələcəyinizə inanaraq sizi gözləyəcək. Az yaşlı uşaqlarda inamın əhəmiyyəti hədsiz böyükdür.
Övladlarınıza sevdikləri kitabları oxumaq nəinki onlarla bağ qurmağa kömək edir, eyni zamanda övladlarınıza yaxınlıq və xoşbəxtlik hissi bəxş edir. Bu yaxınlıq hissi onlara sizə yaxın olduqlarını hiss etməyə kömək edir, sevgi və diqqət hissləri isə pozitiv inkişafa səbəb olur. Xüsusən körpələrə kitab oxumaq onları misilsiz qayğı və rahatlıqla təmin edir, baxmayaraq ki, onlar sizin nə oxuduğunuzu başa düşmürlər. Körpələr tanış səsləri eşitməyi sevir və kitab oxumaq bu hissi yaratmaq üçün mükəmməl seçimdir.
Daha geniş və elmi nöqteyi nəzərdən, valideyn-övlad münasibətləri, tərbiyəçilər və uşaqlar arasındakı qayğı münasibəti pozitiv həyat tərzini formalaşdırır. Əgər siz övladınıza gündəlik həyat rejiminə uyğun olan müəyyən saatlarda kitab oxuya bilsəniz, onları səbisizliklə gözləyəcəkləri mütəmadi və dəyişməz fəaliyyətlə təmin etmiş olacaqsınız.
Birlikdə kitab oxumaq və müştərək fəaliyyətlə məşğuliyyət sizə və övladınıza müzakirə üçün mövzu verir, bu da öz növbəsində oxu və yazı bacarıqlarının inkişafını dəstəkəyir. Gələcəkdə, birlikdə oxumaq real həyatdakı hadisələri və problemləri müzakirə etməkdə istifadə oluna bilər. Uşaq kitabları, uşaqların tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirəcək bir çox fərqli mövzuların əsaslı müzakirəsinin təməlini təşkil edir. Əslində, ədəbiyyat uşaqlara hər hansı hadisəni yaşamadan onu anlamağa kömək edən ən yaxşı yollardan biridir. Övladlarınıza kitab oxumaq ətraflarındakı dünyanı anlamalarını sürətləndirir və onların hər növ məfhum və hadisələrlə tanışlığına kömək edir.
 
Diqqətin və intizamın artması
Övladınızın gündəlik rejiminə müntəzəm oxu saatlarının daxil edilməsi birgə vaxt keçirməklə yanaşı diqqətin və intizamın artmasını da təmin edir. Az yaşlı uşaqlar nadir hallarda uzun müddət sakit otururlar və onların diqqətini toplamaq çox vaxt çətin olur. Lakin övladlarınıza müntəzəm kitab oxumağa başlasaz, onların davranışında dəyişikliyə şahid olacaqsınız. Az yaşlı uşaqlar oxu saatında əvvəl yerlərində qurdalana bilərlər, fikirləri dağıla bilər, lakin sonunda kitab oxunan müddətdə sakit oturmağı öyrənəcəklər. Oxunu anlamaqla yanaşı daha güclü intizam, daha uzun sürən diqqət, daha yaxşı yadda saxlama formalaşır ki, bütün bunlar məktəbə gedəndə uşağa çox kömək edir.
 
Təxəyyülün və yaradıcılığın inkişafı
Təbiidir ki, uşaqlar böyük xəyallar qurmağı və təxəyyüllərini işlətməyi daha çox bacarırlar. Övladınıza kitab oxumaq ona tanımadığı insanları, görmədiyi yerləri, yaşamadığı zamanları və hadisələri təhlil etmək üçün öz təxəyyülünü istifadə etməyə kömək edir. Oxu, yaradıcı fəaliyyət olaraq, övladınıza müxtəlif yeni dünyalara qapıları aça bilər. Təxəyyülünü genişlətməklə övladınız daha böyük xəyalları qurur və yaradıcı davranır, bu isə gələcəkdə ona məktəbdə, işdə və həyatda fayda verə bilər.
 
Mütaliə sevgisinin aşılanması
Ən çox satılan “Ucadan oxu üzrə təlimat”  kitabının müəllifi Cim Trelisə görə: “Hər dəfə uşağa kitab oxuyanda, onun beyninə “zövq” ismarıcı göndəririk. Uşağın kitabları və yazıları zövqlə əlaqələndirməyinə şərait yaradaraq oxunu hətta reklam edə bilərsiniz.” Oxu ilə “zövqün” arasındakı bu əlaqə gələcək həyatda uğurlu olmaq üçün vacibdir. Şəxsi keyfiyyətlərin inkişafı üzrə təlimçi və natiq olan Brayan Treysi deyir ki, öz düşüncəni və oxumağa meylini genişləndirmək bacarığın sənin uğurun üçün önəmlidir. “Bilik; istənilən sahədə uğur əldə etmək üçün minimal tələbdir.”
Oxu bütün həyatı boyu öyrənməyin açarıdır və əgər siz erkən yaşlarda oxu sevgisini aşılaya bilsəz, həyatı boyu öyrənmək marağı şübhəsiz yaranacaq. Ucadan oxu,  kitabları xoş, dəyərli və həyəcanlandıran bir təcrübənin mənbəyi kimi təqdim edir. Kitablara dəyər verən uşaqlar özbaşına oxumağa həvəslidirlər və bütün həyatları boyu oxumağa davam edəcəklər. Övladlarınıza kitab oxumağın onların həyatına verdiyi faydaları onlarla sıx əlaqənin inkişafından çox daha genişdir, baxmayaraq ki, bu da onlardan biridir. Həqiqətən də,  uşaqların bütün həyatları boyu davam edəcək mütaliə sevgisi üçün əsas olan bacarıqların formalaşmasında ən vacib amil onlara kitab oxumaqdır.
 
 
 
Mənbə: ilk5il.az
 

0 şərh