Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər.

Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır. Təbii ki, eyni şeyi uşaq məsələsi üçün də demək olar.

Uşağı olmayan ailələri iki kateqoriyaya bölmək olar: birincisi, öz iradələri ilə uşaq sahibi olmaq istəməyən ailələr, ikincisi, bioloji səbəblərlə uşaq sahibi ola bilməyən ailələr…

Uşaq sahibi olmaq istəməyən ailələrdə ən böyük problem tərəflərdən birinin uşaq istəməsi, digərinin isə istəməməsidir. Bela hallarda ikinci tərəfin nə üçün uşaq sahibi olmaq istəməməsinin səbəbləri araşdırılmalı və ancaq bundan sonra məsələnin həllinə “start verilməlidir”. Bioloji səbəblərlə uşaq sahibi ola bilməyən ailələr isə, ilk növbədə, tibbi vasitələrə müraciət etməlidirlər.

Digər tərəfdən, tərəflərin uşaq sahibi olmaq istəməmələrinin məntiqli səbəbləri olduğu kimi, uşaq sahibi olmaq istəmələrinin də məntiqli səbəbləri olmalıdır. Yəni, tərəflər sırf ata və ya ana olmaq üçün uşaq sahibi olmaq istəməməlidirlər. Çünki bu münasibət həm valideyn üçün, həm də uşaq üçün təhlükəli ola bilər.

Uşaq sahibi olmaq istəyən və ola bilməyən valideynlər çox vaxt ümidsizliyə qapılır və bu ümidsizliklərini öz mövqelərində də nümayiş etdirirlər. Tərəflər bu mövqelərini ya birbaşa səbəbini izah edərək nümayiş etdirir (məsələn, “Madam ki, uşağımız yoxdur, deməli bu evliliyin də bir mənası yoxdur” kimi), ya da başqa porblemlərin fonunda ön plana çıxarmağa çalışırlar. Bundan başqa, evlilik həyatında müxtəlif problemlər yaşayan və bu problemləri “ört-basdır” edərək, uşağının olmamasını bəhanə gətirən tərəflər də var.



Əslində uşağın olmaması evlilik üçün ciddi bir problem deyil. Bunu problemə çevirən tərəflər qarşılıqlı şəkildə oturub öz mövqelərini bildirməli və ortaq bir məxrəcə gəlməlidirlər. Digər tərəfdən, uşaq sahibi olmaq istəyən tərəflər məsələyə ümumi prizmadan yanaşmamalı və nə üçün uşaq sahibi olmaq istədiklərini konkretləşdirməlidirlər. Çünki əgər bu məsələdə konkretlik olsa, tərəflər bunun əksi olduqda da problemi daha asan həll edə bilərlər.

Digər tərəfdən, başqa vəziyyətlərdə olduğu kimi, burada da qarşılıqlı anlaşma çox vacibdir. Əks halda, bioloji səbəblərlə uşaq sahibi ola bilməyən tərəflərin gərginlik yaşaması və bu gərginliyin evliliyə təsir göstərməsi labüddür. Bu mənada əgər tərəflər problemlərini həll edə bilməyəcəklərinə inanırlarsa, bir mütəxəssisə də müraciət edə bilərlər.

0 şərh