Qədrini bilmədiklərimiz

Bu ittihamı çox eşidirik: “Pul filankəsi dəyişdi“. Doğrudur, bu deyimdə qeybət də var. Ancaq həqiqət budur ki, sonradan əldə edilən var-dövlət, şan-şöhrət çoxumuzu asanlıqla dəyişir. Elə bil biz sosial vəziyyətimizə görə tənzimlənirik, münasibətlərimizi imkanlarımıza görə qururuq.
Bəxtimiz gətirir, işimizdə ciddi irəliləyiş olur, var-dövlətimiz xeyli artır… Beləcə ətrafımız bizi sıxır və yeni mühitlə, yeni insanlarla ünsiyyət qurmalı oluruq. Bəzən də köhnə mühitdən uzaqlaşmaq üçün bəhanələr axtarırıq. Maşınımızı dəyişirik, evimizi dəyişirik, geyimimizdə ciddi “yeniliklər“ görünür, gedib-gəldiyimiz ünvanlar, danışdığımız adamlar təzələnir. Beləcə, addım-addım dəyişir, başqalaşırıq. Təbii ki, bu dəyişiklik hər şeydən əvvəl bizim xarakterimizdə, davranışlarımızda özünü göstərir. Təkcə çöldə-bayırda yox, evdə də tamam başqa adam oluruq. Həyat tərzinin dəyişməsi daxili münasibətlərdə də özünü göstərir.
Təbii ki, biz bu sözləri hər kəsə şamil etmək fikrində deyilik. Çünki var-dövləti milyonlarla hesablanan, ancaq “bircə tükü də dəyişməyən“ insanlar da az olmayıb. Qazandıqca var-dövlət ehtirası bir az da artır, ətrafda hər kəsdən güclü, üstün olmaq istəyirsən. Elə hesab edirsən ki, sənin üçün həll olunmayacaq məsələ yoxdur, hər şeyi maddi imkanlarla yoluna qoya bilərsən. Bu düşüncə ruhuna hakim olduqca həyatında çox şey dəyişir. Təsəvvür edin ki, belə bir iş adamının sadə, təvazökar, səmimi bir xanımı var və o həyat yoldaşı ilə münasibətlərini qoruyub saxlamaq üçün hər gün baş sındırır...

Bir tanışım ötən illərdə başına gələnlərdən çox ləzzətlə danışır. Deyir ki, SSRİ dağılandan sonra kimdənsə 3-5 manat borc alıb ticarətə girişdim. Əlim gətirdi, işlərim yaxşı getdi, xaricə səfərlər etməyə başladım. Yaxşı pulum var idi. 1 milyon dolların başını bağlayıb bir tərəfə atdım. Sonra necə oldusa, kimlərinsə təhriki ilə təyyarə reysi açmağa girişdim. Artıq işlərimə özüm nəzarət etmirdim, köməkçilərim hər şeyi yoluna qoyurdular, mənim işim-peşəm yeyib-içmək, boş və mənasız əyləncələrlə gün keçirmək idi. Bir də onda ayıldım ki, başını bağladığım 1 milyon da gedib. Əvvəlki ölü nöqtədə dayanmışam. Şirkəti, ofisi, hamısını bir tərəfə buraxdım. Daha doğrusu, borclarıma ödədim. Yenə özümə iş axtarmağa başladım, axır ki, əvvəlki peşəmə qayıdıb birtəhər ailəmi dolandırmağa çalışdım. Ancaq o günlərdən mənə yadigar qalan bir düşüncəni heç unuda bilmirəm: çoxlu pulum olanda canımda bir arxayınlıq var idi. Bilirdim ki, hansı məsələ çıxsa, həll edə biləcəyəm. İmkanlarımı itirəndən sonra isə çox qorxaq olmuşdum, elə bil hər kəsdən çəkinirdim.

Bahalı-bahalı maşınlarım getdi, evlərim satıldı, uşağı bahalı liseydən çıxarıb evimizin yanındakı məktəbə qaytardım, sürücülərimi, xidmətçilərimi işdən azad elədim. Xəstələnməkdən qorxurdum, həkimə getməyə pul tapa bilməmək məni çox narahat edirdi. Təbii ki, bu yüksəliş və enişdə mənim ailə münasibətlərimdə də çox şeylər dəyişmişdi. Doğrusu, zəngin vaxtlarında bir bəhanə axtarırdım ki, dava salım, münasibətlərimizi korlayım. Ancaq xanım heç bir əsas vermədi. Neylədimsə, gülərüzlə qarşıladı, sözlərimi uddu, üzümə qayıtmadı. Elə bil hiss etmişdi ki, ailəmi dağıtmaq üçün fürsət axtarıram. O bu fürsəti mənə vermədi və bu gün mən ona çox minnətdaram ki, həyatımızın həmin mərhələsində öz fədakarlığı ilə ailəmizi uçuruma düşməkdən xilas etdi. Cəmisi 5-6 il ərzində çox fərqli həyat yaşadım. Yoldaşım isə necə var idisə, elə də qaldı.
Təsəvvür edin ki, mən müflis bir vəziyyətdə gecəni səhərə qədər küncdə oturub fikirləşirdim. Və yaxşı bilirdim ki, yoldaşım da mənimlə birlikdə yuxusuzdur, sadəcə olaraq büruzə vermək istəmir. Nəfəs almağından hiss edirdim ki, yatmayıb, bütün diqqəti məndədir. Bilirdim ki, məni qoruyur. Onun münasibətlərində hər şey əvvəlki kimi idi, elə bil arada evimizə gələn o qonaqlar, o naz-nemət, o məclislər, hamısı əfsanə imiş. Yenə evliliyimizin ilk illərində olduğu kimi, səhər-səhər yağ-pendiri süfrəyə düzüb əvvəlki səmimiyyətlə: “Bəy əfəndi, süfrə sizi gözləyir“, — deyib məni çağırırdı. Yeməsəm, o da əlini süfrəyə uzatmırdı. Onu da bilirdim ki, yoldaşım məni vəziyyətdən çıxarmaq üçün hər cür fədakarlığa hazırdır. Sadəcə olaraq, bunu təbii şəkildə icra edir, sözə çevirmir.
Dostum hər şeyi səmimi şəkildə etiraf edir. Pullanıb özünə aşiq olduğunu da, haqsız davranışlarını da, həyat yoldaşının fədakarlığını da...

Araşdırmalar göstərir ki, bu gün ailə münasibətlərinin korlanmasında maddi çatışmazlıq böyük rol oynadığı kimi, bəzən hər şeyin birdən-birə dəyişməsi, həyat şəraitinin köklü şəkildə yenilənməsi də xeyli problemlər doğurur. Hər kəsin öz otağı, öz xidmətçisi, öz avtomobili, öz əyləncələri, öz dairəsi… Beləcə münasibətlər qopur, hər kəs öz mühitinə qapılır, münasibətlər adiləşir, soyuyur. Oturub düşünəndə onlarla səbəb ortaya çıxır. Təbii ki, ağılla istifadə olunmayan sərvət nəticədə ailənin fəlakətinə səbəb ola bilir.

Mənbə: Zaman qəzeti
 

0 şərh