Bu, Nigar, Həcər, Tomris, Xədicə, Vəfa, Esmira söhbəti deyil. Heç «Leyli və Məcnun» söhbəti də deyil. Bu, Raya söhbətidir. Ağır söhbətdir. Şeirə, təbiətə, yaradıcılığa tam laqeyd qalanlar, müdriklər, ən böyük arzusu prokuror arvadı olmaq istəyənlər üçün Raya söhbəti tam başadüşülməz bir söhbətdir. Axmaqlıqdır, dəlilikdir onların nəzərində Rayanın fədakarlığı.
Ostrovski Rayayla görüşəndə döyüşlərdə, cəbhədə sağlamlığını itirmiş yüz minlərlə əsgərdən biri idi. «Polad necə bərkidi» romanı gələcəkdə yazılacaqdı. Minlərlə oxucu məktubu Ostrovskinin üstünə yağış kimi hələ sonra yağacaqdı. Leninqrad əhalisi blokadanın ağır günlərində yaşamağı Ostrovskinin romanından öyrənəcəkdilər. Sovet əsgərləri ciblərində «Polad necə bərkidi» romanın gəzdirəcəkdilər. Neçə-neçə güllə bu kitabları deşəcəkdi. Hələ hər şey qarşıda idi.
Raya Ostrovskinin məşhur olacağını bilməzdi. O, sadəcə əsl qadın kimi öz vəzifəsini yerinə yetirirdi. Tiraj, məşhurluq sonra gəldi. Və Rayanın bu qələbənin qazanılmasında rolu çox böyükdür. Bax, əsl qələbə budur. Artıq tanınmış istedada sahib çıxmağı çəyirtgə belə bacarar. Raya isə döyüşlərdə sağlamlığını itirmiş sıradan bir əsgərə sahib çıxmışdı. Bu, ağır söhbətdir. Ostrovski məşhurlaşmasaydı, biz Rayanın fədakarlığından xəbər tutmayacaqdıq. Necə ki, yüz minlərlə rayaların fədakarlığından xəbərimiz yoxdur. Bu, bir məktəbdir. Bu məktəb hələ dekabristlər üsyanında özünü təsdiq edib. Bu Nigar, Həcər, Vəfa, Xədicə söhbəti deyil. Bu, ağır söhbətdir. Elə bu anda bütün tanınan və tanınmayan rayaların fədakarlığı qarşısında baş əyirəm…
Davamı →