“Stolkholm sindromu”

Bu günün azərbaycanlısı xalis fərdiyyətçidir. O qədər fərdiyyətçidir ki, əmindir — ona özündən başqa heç kim kömək etməyəcək.
Əmindir ki, heç kəsə inanmaq olmaz. İlk növbədə də dövlətə. Dövlət onu incidəcək. Qonşu aldadacaq. İş yoldaşı satacaq. Odur ki, əsl türmə qanunları ilə yaşa: “İnanma, istəmə, qorxma”. Doktrinaya çevrilmiş 3 kəlmə.
Və bu xüsusiyyətlərdə hamı yumruq kimi birdir. Elə bu fərdiyyətçilər də öz oxşarlıqları ilə ümumiləşərək özlərini xalq adlandırır.
Çoxdan bəllidir — totalitar rejimlərin özlərinə layiq də xalqları olur. Və bu rejimdə yaşayanlar üzərlərində dövlətin amansız presini hiss etməkdən mazoxistcəsinə ləzzət alır. Sanki bununla fəxr də edir: “Dövlət məni əzirsə, deməli dövlət güclüdür”. Əsl “Stokholm sindromu”.
Bu terminlə terroristlərin əlində olan girovlarıda tədricən öz cəlladlarına ehtiram və həmrəylik hisslərinin yaranmasını ifadə edirlər. Nə vaxtsa — 35 il əvvəl — İsveç paytaxtında terrorçular bankda girovlar götürüb və polisin hücumu vaxtı da, xilas olduqlarından sonra da girovlar terrorçuları müdafiə edib. Eynilə 1979-un 20 noyabrında Məkkədə olduğu kimi. O vaxt Cüheymanın dəstəsi Məkkəni tutmuşdu. Və yüzlərlə girov da onların tərəfinə keçmişdi.
Adi azərilərin içində bir “Stokholm sindromu” yaşayır. O, dövlətə inanmır, ancaq onu repressiya etməyən dövlətə də hörmət bəsləmir.
Bu “tənhaların toplusu”nu xalq edən də o ümumi qorxu, inamsızlıq və innmadığına mütiliyidir. Fərdlər öz fərdiyyətçiliyində kollektiv kimidir.
Adi azəri bilir — dövlətdən heç nə tələb etmək olmaz. İstəmək, yalvarmaq — yenə də olar. Ancaq tələb etmək mənasız və qorxuludur. İstər prezidentdən, istər deputatdan, istərsə də jek müdirindən. Faydası yoxdur — onsuz da kömək etməyəcəklər.
Odur ki, atomlaşmanın və yadlaşmanın total olduğu bu günkü cəmiyyətdə hər kəs başlı başınadır. Xalis fərdiyyətçilər bilir ki, boğulanın xilası onun öz işidir. Dövlətin və digər fərdlərin köməyinə ümid olsa, daha da tez suyun altına gedəcəklər.

Haradasa xalqlar var — onlar ya dövlətə, ya da kollektiv gücə inanır. Oralarda fərdlər küçələrə təkcə ona görə çıxmır ki, qalib gələ biləcəkləri təqdirdə “Yer cənnəti”nin bərqərar olacağına inanırlar. Yox, ona görə çıxırlar ki, əmindirlər — dövlət onlara borcludur, dövlət onlar üçündür, dövlət mütləq yardım etməlidir. İçlərdəki bu inam onları mübariz və mobil edir. Bu əminlik onları xalis fərdiyyətçi olan azərilərdən fərqləndirir.
Azəri isə bir an da şübhə etmir ki, o və dövlət — kəsişməyən xətlərdir. Şübhə etmir ki, çətinə düşəndə dövlətdən də, qonşudan da, tanışdan da heç nə gözləməməlidir, öz növbəsində o da başqalarına yardım etməməlidir. Və bu ölkə Məhşər ayağı deyil. Bu ölkə — cəhənnəmdir. Cəhənnəmdə isə hər kəs öz cavabını özü verməlidir...
Bununla da yaşayış taktikası özünəxidmət olan fərdiyyətçi azəri toplumu formalaşıb və “sümükləşib”.

***

Cəmiyyət çoxdan atomlaşıb — hər kəs özünə, hər kəs özü üçün. İndi bu atomlaşmaya tənhaların kütləvi darıxma hissi də qoşulub.
Erik Xoffer «Həqiqi inamçı» kitabında yazırdı: «Kütləvi hərəkatların vaxtının çatdığını göstərən əsas əlamət insanları çulğayan darıxma hissidir». Hamı tənhalığına qapılıb darıxır. Və bu, totaldır.
İnsan darıxma hissi ilə uzun müddət yaşaya bilməz — ya bu mənfur hiss onu yeyib-dağıdacaq, ya da ona qalib gəlmək üçün fərd səfərbər olacaq.
Və tarix göstərib ki, yalnız ikinci variant mümkündür. Çünki, hadisələr birinci varintla getsəydi, bəşəriyyət bu gününə qədər sağ qala bilməzdi.
Xoffer haqlı çıxacaq. Geniş yayılmış darıxma hissi insanları səfərbər edəcək. İnsan darıxırsa, deməli barışmayıb. Deməli, özünü boz çoxluqla qarışdırmaq istəmir. Sadəcə bunu anlamaq üçün əvvəlcə boz çoxluq qara azlığı hakimiyyətə gətirməliymiş. Ki, darıxan adamlar boz çoxluğa da, qara azlığa da layiq olduqları yerlərini göstərsin.
Darıxma hissi inkişafın lokomotivinə çevriləcək…

Müəllif: Məmməd Süleymanov
Mənbə: Bizim Yol qəzeti

0 şərh