Angina

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.

Anginanın növləri və səbəbləri

Qeyd olunduğu kimi xəstəliyin əmələ gəlməsində streptokokk bakteriyaları əsas rol oynayır. Bir çox alimlərə görə angina zamanı badamcıqlardan götürülmüş yaxmada 80% hallarda bu bakteriyalar tapılır. Ümumi və yerli müqaviməti zəifləmiş orqanizmin yoluxması xaricdən, yəni hava-damcı yolu və qida ilə, yaxud da daxildən baş verir. Xarici mühit faktorlarından temperatur, rütubət, çirkli hava və digər orqanlarda olan xroniki infeksiyalar da şərait yaradan faktorlar hesab olunur. Bununla yanaşı badamcıqların travması, uşaqların konstitusional tipi və sinir sisteminin vəziyyətini də bu faktorlara aid etmək olar.

Anginanın simptomları

Kəskin ümumi zəiflik, boğazda qıcıqlanma, udqunmanın ağrılı olması, ağrının qonşu orqanlara yayılması, temperaturun qalxması (38-400C), baş ağrıları, iştahanın azalması, limfa vəzilərinin böyüməsi və s. xarakterik simptomlardandır. Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər. Kəskin tonzillitlərin növündən asılı olaraq xəstəlik özünü həm yüngül, həm də ağır formada göstərə bilər. Xəstəlik adətən 6-8 gün davam edir.

Anginanın diaqnostikası

Xəstəliyi klinik və laborator müayinələrə, eləcə də yuxarıda göstərilən əlamətlərin kəskin olaraq başlamasına əsasən təyin etmək olar. Xəstəliyin növünü və buna uyğun olaraq da müalicəni təyin etmək üçün qulaq-burun-boğaz həkimi xəstəyə baxış keçirməli, lazım gəldikdə müvafiq müayinələri aparmalıdır.

Anginanın müalicəsi

Əsasən belə xəstələr ev şəraitində, lakin yaxşı olar ki, təcrid olunmuş şəkildə müalicə olunmalıdır. Ağır hallarda müalicə xəstəxananın infeksion şöbəsində aparılmalıdır. İlk gündən 7-8 günlük ciddi yataq rejimi gözlənilməlidir. Buna həm xəstəliyin ağırlaşmalara səbəb olmasının qarşısını almaq, həm də onun xroniki hala keçməsini önləmək üçün əməl olunmalıdır. Dərman preparatlarından antibiotiklər (7-10 gün) və antihistamin preparatlarının kurs müalicəsi aparılır, yerli olaraq qarqara, inhalyasiya, temperatur olarsa hərarətsalıcı və ağrıkəsici dərmanlardan istifadə olunur. Əgər xəstəlik xroniki hala keçərsə və il ərzində bir neçə dəfə təkrarlanaraq xəstəyə əziyyət verərsə, tonzillektomiya əməliyyatı aparılmalıdır. Lakin bunun üçün xəstəliyin bir qədər sakitləşməsini gözləmək lazımdır. Bundan başqa, tonzillitin qabağı vaxtında alınmazsa, bir sıra ağırlaşmalara (peritonzilyar və udlaqətrafı abses və s.), hətta sepsis kimi ciddi problemlərə gətirib çıxara bilər.

 

5 şərh

Rene
Məndə angina var, il ərzində (əsasən də qış aylarında) tez-tez el arasında deyildiyi kimi «boğazım gəlir». Özü də son bir iki-ildə belə olur. Çirk edir və qızdırma verir. Keçən il də 1 həftə belə xəstə yatandan sonra lorun yanına getdim, 1 antibiotik yazdı, ondan başqa da 3 cür qarqara dedi. Əsas o qarqaralar mənə kömək elədi. İndi də hiss edəndə ki, yenə boğazım ağrıyır, tez o qarqaraları edirəm: perekis (bu çirki qaynadıb çıxarmaq üçündür), dərhal onun ardınca isə yarım stəkan (ya ondan da az) ilıq suda həll edilmiş «фурацилин»-lə qarqara; digər qarqara isə budur: yarım stəkan (ondan da az) ilıq suya 1 ç.q duz və 1-2 damcı yod töküb həll olana qədər qarışdırıb qarqara. Bu qarqaraları gün ərzində bir neçə dəfə təkrar etmək lazımdır. Hardasa 3-4 günə boğazım sağaldı və özümə gəldim. İndi də o həkimə dua edirəm ki, Allah razı olsun ondan, yoxsa bəzi həkimlər kimi pul xatirinə 1 siyahı dərman yazmadı. Amma ən doğrusu yəqin ki, əməliyyatdır. Çünki məndə xroniki olub, sadəcə qorxuram… (
Vusaleyusif
Xanim salam,zehmet olmasa antibiotikin adini da yazardiz
Zeyneb_Ehmedova
Anginaya görə çayda var heç çayla qarqara etmisiz?
Rene
Hə, çay da almışdım yadımdadı (onu da həmin həkim yazmışdı səhv eləmirəmsə), amma 1-2 dəfə etdim gördüm  heç bir yaxşılaşma yoxdu, day eləmədim. :) Məni sağaldan bu yazdığım qarqaralar oldu, inanırsız. Bu il də yenə xəstələnən kimi tez başladım həmin qarqaraları etməyə, onunla sağaldım. Day başqa heç bir iynə. dərmandan istifadə eləmədim. Amma keçən il həkimə gec getdim deyə pis gündəydi boğazım, dedi infeksiondu, əslində gərək bülleten yazam sənə… Mən soyuq bir şey ağzıma alan kimi belə oluram. Uşaq vaxtından yadımdadı ki, soyuq nəsə yeyib-içəndə boğazım gəlirdi, udquna bilmirdim belə olanda. İndi isə başqa cür olur, şişmir, rahat yemək yeyə bilirəm, amma qızdırma verir.
Zeyneb_Ehmedova

Həkimin dediyi qarqaralar güclü vasirədir çayı bir dəfə etməklə kömək olmurki gərək dəfələrlə edəsən yenədə Allah şəfa cersin:)