Əsl sevgi

Bütün insanların ortaq bir arzusu var:  xoşbəxt olmaq.  Hər kəS xoşbəxt olmaq istəyir. Xoşbəxtliyin sirri isə əsl sevgidə gizlənmişdir. Həyatdan almaq istədiyimiz çox şey olsa da, əslində bizi xoşbəxt edəcək tək şeyin əsl sevgi olduğunu bilirik. Bu gözəl duyğunu yaşamaq istəsək də, bir çoxumuz buna heç vaxt nail ola bilmir. Çünki əsl sevgi bizi Yaradan Allah çox sevildikdə yaşana bilər. Qəlbində zərrə qədər Allah sevgisi olmayan bir insan nə qədər cəhd etsə də, məqsədinə çatmaz. Əsl sevginin ləzzətini duya bilməz. Əsl sevgi Allah sevgisidir. Bir qadına, körpə uşağa, gülə-çiçəyə, ümumiyyətlə gözəl varlıqlara yönəldilən sevgi təməlində Allah sevgisi yoxdursa, heç nə ifadə etmir.

 Allah'a səmimi inanan insanın qəlbində Allah sevgisi olur. Bu sevgi tərtəmizdir, məsumdur. Səbirlidir, güclüdür, səbəblərə görə dəyişmir, azalmır, zəifləmir. Getdikcə artır...

Sevgi çox böyük nemətdir, bu gözəl neməti insanın qəlbinə ilham edən isə Allah'dır. Fitrətimiz sevgi üzərində qurulmuşdur. Buna görə də sevgini sevirik. İnsanın bütün hüceyrələri Allah sevgisinə görə yaradılıb. Buna görə Allah aşiqlərinin üzündə onları başqalarından fərqləndirən nur olur.  Baxışları donuq, cansız, təbəssümləri belə süni görünən, ruh kimi gəzən insanlar isə həqiqətən Allah sevgisini yaşamayan bədbəxt insanlardır.  

İnsanlara sual verəndə ki, səni yaradan Allahı sevirsənmi? Təbii ki, sevirəm — deyə cavab verirlər. Amma Allah'ı nə qədər sevirsən deyə soruşduqda duruxurlar. Allah'ı sevmək kifayət deyil. Allah'ı Onun istədiyi qədər sevmək lazımdır. Bir çox insan Allah'ı sevir. Lakin anasını, atasını, sevgilisini, övladını Allah'dan daha çox sevir. İnsan vicdanla düşünməlidir ki, ananı, atanı, sevgilini yaradan Allah'dır. Sevgini yaradıb qəlbə yerləşdirən də Allah'dır. Sevginin çoxu onu qəlbə ilham edən yaradıcıya yönəlmirsə, insanın əsl sevgiyə və onun gətirdiyi xoşbəxtliyə qovuşması da qətiyyən mümkün deyil. Allah bizdən əbədi, sarsılmaz, şiddətli sevgi istəyir. Həqiqi Aşiq sevgisi...Səhrada günlərlə susuz qalan bir yolçunun bir udum suya olan sevgisi kimi...İynənin ucu boyda işığa həsrət qalan kor işığı sevən kimi..

Lakin sevginin önündə bir əngəl vardır: Nəfs. İnsan nəfs əngəlini aşaraq Allah sevgisinə qovuşa bilər.  Həyatı boyu nəfsi ilə imtahan olunan insan gərək nəfsin yanlış təlqinlərinə aldanmasın heç vaxt. Çünki nəfs bir tərəfdə dünya həyatının bər-bəzəyi ilə insanın ağlının qarışdırır. Digər tərəfdən isə imtahan gərəyi yaşadığımız çətinlikləri, əziyyətləri insana çətin və ağır göstərir. Doyumsuz nəfs hər istədiyini əldə edə bilmədiyinə görə, getdikcə azğınlaşır, insanı Allah sevgisindən uzaqlaşdıraraq bədbəxtliyə sürükləyir. Nəfs əngəlini aşmaq üçün imtahan dümyasında yaşadığımızı unutmamalıyıq. İmtahan olunduğumuz üçün də həyatda hər cür çatışmazlıq, əzab-əziyyət, məşəqqətlə qarşılaşa bilərik. İnsan bu çətinliklərə, əziyyətlərə sinə gərərək Alah sevgisinə qovuşa bilər.

Onu da qeyd edim ki, insan nə qədər ailə həyatı və ya kariyera sahəsində uğur qazansa da, istər dünyanın ən zəngin, ən məşhur, ən gözəl insanı olsun, əgər qəlbində Allah sevgisi yoxdursa, daxili hüzur və rahatlığı da olmayacaq. Elə buna görə də, insanı həqiqətən xoşbəxt edən yeganə şey Allah sevgisidir. Nə olursa olsun, nə cür vəziyyətlə, hansı hadisə ilə qarşılaşmasından asılı olmayaraq bütün diqqətini, sevgisini Allah'a yönəldənlər əsl sevgiyə qovuşan, həqiqətən mənəvi cəhətdən xoşbəxt olan insanlardır.

 

 

Nuridə Nuriyeva

 

 

0 şərh