Sevgisizlik xəstəliyinə tutulmuşuq…

Hər gün yolda, iş yerində, televizorda, internetdə rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz donuq, mənasız, boş, hüzünlü və davakar üz ifadəsinin ardında sevgisizlik ruhu gizlənmişdir. Sevgisizlik əvvəl insanın qəlbində bir tənhalıq arzusu, hüzursuzluq, bikefliklə özünü göstərir, sonra da stres, depressiya, laqeydlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, aqressivliyə qədər gedib çatan bir xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bəziləri “inteligent”, millətə üstdən aşağı baxan, çox bilmiş, lovğa-lovğa danışan, heç kimi bəyənməyən, heç kimi sevməyən, hər kəsə ağıl verən insanlardır. Belə düşünək: bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşlığı təqdir etdiyinə, bir insana hörmət göstərib könül aldığına, gözəl sevgi cümlələri istifadə etməsinə rast gəlmək mümkün deyil. Ruhları təkəbbürdən, eqoizmdən bərkimişdir. Amma həmin insanlar qəzəbə, nifrətə, kinə gələndə özlərini bu hisslərə ən yüksək səviyyədə qapdırırlar. Sevgisizliyin gətirdiyi qəddar ruhun təsiri ilə heç kimə dəyər verməyən bu insanlar kəndliyə nifrət edirlər, amma ki şəhərlini də sevmirlər. Ermənilərə nifrət edirlər ki, baş kəsirlər, azğındırlar. Bəs öz Azərbaycan –türk qardaşlarını necə? Onları sevirlərmi? Onları da sevmirlər. Deyirlər yəhudilər, xristianlar bizə düşməndir. Onlara da nifrət edirlər. Bəs öz müsəlman din qardaşlarını sevirlərmi? Onları da sevmirlər. Nifrət etdikləri bu qədərmi ki? Ateistdə, kommunistə hörməti, sevgisi varmı? Heç yoxdur. Ya da ki ölkələr, millətlər? Ərəb ölkələrinə qəzəb duyurlar. İsraili düşmən hesab edirlər. Amerika, o onsuzda baş düşmənləridir. Müdirindən, iş yoldaşlarından, qonşusundan, hətta yolda qarşılaşdığı adamlardan nifrət edirlər. Qohumları ilə küslü olurlar aylarca. Demək olar ki sevdikləri tək bir insan yoxdur, yəni özlərindən başqa. Hansı millətdən, hansı dildən, hansı irqdən və ya hansı düşüncədən olursa olsun, bir insanın zərər görməsinə, öldürülməsinə, fiziki və ya mənəvi əzab çəkməsinə sevinmək, əcəb oldu demək necə böyük vicdansızlıqdır. Qəlbsizlikdir. İnsan bir qarışqanı incitməyə çəkinməlidir. Dünyanı sevgisizlik dörd tərəfdən mühasirəyə alıb. Mən insanam deyən bir şəxs kiminsə dərdinə, əzabına sevinməz. Sosial  şəbəkələr də belə insanların kin dolu şərhləri, paylaşımları ilə özlərini büruzə verdiyi yerlərdəndir. Klaviatura başına keçən kimi sivri dilləri ilə hər kəsi incitməyə çalışılarr. Tək kəlmə şəfqətə, mərhəmətə, yaxşılığa dair bir şey yazmırlar, dayanmadan insanları səmimiyyətsizcə acı-acı tənqid edirlər.  Özləri cavabını tapa bilmədiyi sualla qarşılaşanda isə, acıqlarından demaqoqluğa baş vururlar. Tək bacardıqları şey sevgisizliyin, o bəlanın acısı ilə insanları incitməkdir. Amma Allah adətən sevgisizlikdən kömürləşmiş bu ruhla bu çirkin əxlaqla etdiyi bütün hərəkətləri öz ayaqlarına dolaşdırır və ən çox inciyən yenə özləri olur. Çünki sevgisizlik elə bir şeydir ki, insanın ruhunu adətən bədəni sürətlə yayılıb məhv edən xərçəng xəstəliyi kimi məhv edir. İçdəki bu əzab və nifrətdən, qəzəbdən yanıb-qovrulma  insanın üçündə zillət və nursuzluq şəklində kəs olunur. Belə insanın bədəni də bu sevgisizliyə, kinə, qəzəbə dayana bilmir və bu çöküntüdən payını alır, sürətlə məhv olur.  Düzdür ki, az-çox hamımızda nifrət hissi, kin duyğusu, qəzəb ola bilər. Heç birimiz mükəmməl, qüsursuz deyilik çünki. Qarşımızdakı insanların qüsursuz olmalarını gözləmək də doğru deyil. Sadəcə biliriksə, öyrətməliyik. İnsan xətalara düşmədən bəzən doğruları öyrənə bilmir, ya da qərarlı bir şəkildə tətbiqə keçirə bilmir. Bəzən bir doğruya yönəlmək üçün bir az incinməliyik. Əsas olan keçmiş deyil, bugündür. Və bəlkə də indi verəcəyimiz bir qərar gözəl dostluqlara, sevgiyə, qardaşlığa, sonsuz nemətlərə açıla bilən bir açar, bir yol olar. Əsas olan odur ki bir də, vicdanın, doğrunun, gözəlliyin və haqq olanın sözünü eşitmək, içindəki pisliyin səssiz dilini batırmaqdır. Gözəl sözə tabe olmağın vaxtıdır. Dünyaya gəliş məqsədimiz sevgi ilə rifah içində yaşamaq, dünyanı sevgi ilə abadlaşdırmaqdır. İnsana sevgini qazandıracaq yeganə güc isə sadəcə iradə və imandır. İman özü ilə Allah sevgisi gətirir. Allah sevgisi də insanın üzərində çox gözəl və pozitiv təsir yaradır. Unutmayaq ki, sevgi Quranın ruhunda da əsas mövzudur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahandır. Sevgi dolu qəlblərlə sevgisiz kirli paslı qəlblərin bir-birindən ayrılmasıdır. Və yenə dünya kurs yeridir əslində, sevgi dərsini öyrədən kurs. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl sevginin, dərinliyin, şəfqətin dərsini aldığımız bir kurs..

 Nuridə Nuriyeva

 

0 şərh