Novruz qədim tarixi kökləri olan bahar bayramıdır

Qədim dövrlərdə yaranmış Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir. Hələ XX əsrin 80-ci illərində Azərbaycanın rəsmi sovet sənədlərində göstərilirdi: “Biz hamımız bəzi adətlərin necə bayağılaşdırıldığının şahidi olmuşuq. Bu da guya adamları mənəvi cəhətdən saflaşdırmaq naminə edilirmiş. Əməksevərliyi, nəcibliyi, rəhmdilliyi tərənnüm edən “Novruz bayramı” dini bayram elan edilmişdi. Halbuki baharın gəlişinin rəmzi olan bu bayram eramızdan çox-çox qabaqlar qeyd edilirdi”.

Xalq yazıçısı Mirzə İbrahimov Novruz bayramının qədimliyi və xalqımızın ruhunda Azərbaycançılıq hissinin yaranmasında mühüm rol oynadığını qeyd edərək yazırdı: “Xalqların lap qədimdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər. Bayram, təbii olaraq, hər xalqın tarixən formalaşmasını, həyat yolunun xüsusiyyətləri, yaşadığı və ölkənin coğrafi vəziyyəti ilə bağlı olur. İqlimin təkrarolunmaz və gözlənilməz hadisələri də bayramlara öz təsirini göstərmişdir. Bayramın necə keçirilməsi və mənalandırılmasında insanların mənəvi-psixoloji aləmi, əxlaqi, dünya və kosmik aləm barədəki təsəvvürləri də az rol oynamır. Bütün bunların təsirini ən qədim bayramlardan tutmuş bizim əsrimizdə yaranan bayramların da keçirilməsindəki modellərdə, geyim və əyləncə vasitələrinin müxtəlifliyində, zənginliyində, xüsusi milli forma rəngarəngliyində görmək və hiss etmək mümkündür”.

Akademik Teymur Bünyadov Novruz bayramının qədim tarixi kökləri haqqında yazır: “Novruz bayramının dərin tarixi köklərini, ulu qatlarını kiçik ərazi ilə məhdudlaşdırmaq olmaz. Onu daha əhatəli miqyasda arayıb-axtarmaq, geniş nəzərlə baxmaq lazımdır. Bununla əlaqədar dərin məna və məzmun kəsb edən şənliyi hər hansı bir xalqın adı ilə bağlamaq, kiməsə şamil etmək də ən azı ədalətsizlik olardı. Bizə belə gəlir ki, Novruz bayramını Qədim Şərq ölkələrində yaşayan, oturaq güzəran keçirən və yüksək əkinçilik mədəniyyətinə malik olan xalqların ixtisarı, kəşfi, onların bəşərə bəxş etdikləri zəngin mənəvi dünya kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, həmin qədim xalqların, o cümlədən, Azərbaycan xalqının bu bayramın təşəkkül tapmasında, inkişaf etməsində öz töhfəsi, öz payı öz yeri vardır. Bu bayramın ümumi və oxşar cəhətlərilə yanaşı, hər bir xalqın özünəməxsus lokal variantı, səciyyəvi xüsusiyyətləri də aşkar duyulur ki, bu da tamamilə qanunauyğun bir haldır”.

Bu geniş ərazidə yayılan xalq bayramının təşəkkül tarixini dəqiq müəyyənləşdirmək çətin və bəlkə də qeyri-mümkündür. Lakin ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır. Bəzi yazılarda bu bayramın Babilistanda eradan əvvəl III minillikdə keçirildiyi xəbər verilir. Təxminən həmin dövrdən Azərbaycanda da mövcud olduğu ehtimalı ortaya çıxır. Bu ehtimal, hər şeydən əlavə, ərazimizdə yüksək əkinçilik mədəniyyətinin olması ilə bağlıdır. Zərdüşt salnaməsilə səslənən bu bayramın tarixi 4 min il, bundan əvvələ təxmin edilir. Deməli, Novruz bayramının ilkin izləri çox qədim çağlarla bağlıdır. Roma müəlliflərinin mülahizələrinə görə Zərdüşt eradan əvvəl altıncı minillikdə yaşamışdır. Bu müdrik ağsaqqal uzaqgörən insan, sonralar yarımtanrı səviyyəsinə yüksələn, əfsanələşən real şəxsiyyət olmuşdur. Bəzi müasir tədqiqatçılar onun üç min beş yüz il bundan əvvəl dövran sürdüyünü söyləyirlər. Hər halda, onun dövründə belə bir məzmunlu və həyati bayramın olması şübhəyə səbəb olmamalıdır. Məlumdur ki, Zərdüşt əkinçilik mədəniyyətinin yüksəldilməsinə, insanların güzəranının yaxşılaşmasına çalışmışdır. Bu amillərin, Novruz bayramının keçirilməsinə əsaslı təsir göstərməsi şəksizdir. Novruz bayramı zərdüştliyin geniş yayıldığı Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan, Pakistan və bir sıra başqa ölkələrdə çox-çox qədimlərdən keçirilmişdir. Dahi Nizami Gəncəvi “İsgəndərnamə”sində zərdüştlərin Novruz bayramını necə keçirmələrini zərgər dəqiqliyilə, qəlbə nüfuzedici bir tərzdə təsvir və tərənnüm edir. Folklorşünas alim, professor Azad Nəbiyev də Novruz bayramının qədim dövrdə yarandığını azərbaycançılıq hissinin formalaşmasında mühüm rol oynadığını qeyd edir: “Novruz Şərq xalqlarının islamdan çox-çox əvvəlki əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı bayramlarındandır. XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanğıcı kimi götürülən dünyəvi bayram adlandırırdı”.

XI əsr tarixçisi Nizam-ül-Mülk özünün “Siyasətnamə”sində isə Novruzu yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafında cəmləşmişdir.

Novruz mərasimi və onun tarixindən müxtəlif tədqiqatçılar bəhs etmiş, bəziləri onu yanlış olaraq zərdüştliklə, digərləri isə islam dini ilə bağlamağa cəhd göstərmişlər. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, Novruz nəğmələrində dinlərdən qabaqkı təsəvvürlər bütün aydınlığı ilə əks olunmaqdadır. Bu bayramın dinlərdən çox-çox əvvəl qədim insanların bolluq, bərəkət, qüdsiyyət, əmək, əkinçilik və məişət həyatı ilə bağlı yarandığını əks etdirən solmaz şəfəqləri zaman keçdikcə daha qüdrətlə şöbələnməkdədir.

Məlumdur ki, bütün dinlər onu qəbul edən xalq arasında özündən əvvəlki etiqad və təsəvvürləri sarsıtmağa cəhd göstərmişdir. Qədim əkinçilik bayramının aqibəti də belə olmuşdur. Zərdüştlük bu mərasimi xalqın hafizəsindən çıxarmağın mümkün olmadığını gördükdə, ona atəşpərəst rəngini vurmuşdur. Tonqal yandırmaq, od üstündən atlanmaq və s. kimi ənənələrlə onu “özününküləşdirmişdir”. Bu bayramı rəğbətlə qarşılayan zərdüştlər bütövlükdə onun Zərdüştün adı ilə bağlı yarandığını rəsmiləşdirməyə də cəhd göstərmişlər. Lakin bütün cəhdlərə baxmayaraq, qədim əkinçilik və bərəkət bayramının su kultu ilə bağlı, günəşi, küləyi, yağışı çağırmaq, səməni göyərtmək, axır çərşənbənin müqəddəsliyi və s. ilə bağlı bir çox ikili təsəvvürləri qorunub saxlanmışdır.

İslam xadimləri də, əslində, zərdüştlərin yolu ilə getmişlər. İlk əvvəl islam dini bu bayramı yasaq elan etmiş, lakin onu xalqın hafizəsindən silməkdə aciz olduğunu gördükdə, ona öz rəngini vurmuşdur.

Akademik Teymur Bünyadov çox düzgün olaraq Novruz bayramının dini təsəvvürlərindən uzaq olduğunu göstərir: “Belə bir fikir var ki, Novruz bayramı haqqında yazılı məlumat hələ eradan əvvəl VI əsrin əvvəllərinə aiddir. Zaman keçdikcə iqtisadi həyatda, sosial quruluşlarda, dini baxışlarda dəyişikliklər baş versə də, mənəvi mədəniyyətdə yüksəliş özünü göstərsə də, Novruz bayramının məzmunu dəyişməmiş qalmış, öz mahiyyət və təravətini, demək olar ki, olduğu kimi saxlamışdır. Bu da, heç şübhəsiz, mərasimin təbiətindən doğur, həyatiliyindən irəli gəlir.

İlk sinifli cəmiyyətin dağıldığı və feodalizm ictimai quruluşunun yarandığı bir dövrdə Azərbaycanda Atreopatena və Albaniya kimi qüdrətli dövlətlər olmuş, öz maddi və mənəvi zənginliyilə seçilmişdir. Eramızın III əsrindən təşəkkül tapan Sasani dövləti VII əsrə qədər davam etmişdir. Həmin dövlətin yarandığı və çiçəkləndiyi bir dövrdən Novruz bayramı ümumxalq bayramı olmaqla yanaşı, həm də rəsmi dövlət bayramı kimi yüksək səviyyədə qeyd edilmişdir. Qədim çağlardan Atreopatena və Albaniyada həmin bayramı qeyd etmişlər. Lakin bir neçə əsr Sasani dövlətinin tərkibində olan Azərbaycan dövlətlərində də bu el şənliyinin geniş vüsət alması şübhəsizdir.

Sasani dövlətini rəsmi tanıyan, onunla iqtisadi, sosial və mədəni təmasda olan bir sıra Avropa ölkələri Novruz təntənəsilə əlaqədar hökmdarları yad edir, onlara qiymətli bayram hədiyyələri göndərirmişlər. Eramızın VI-VII əsrlərində yaşayan Sasani hökmdarı Xosrov Pərvizin zəmanəsində Novruz təntənəsinin daha böyük vüsət aldığı qeyd edilir.

1637-ci ildə Şamaxıda olmuş və Novruz bayramında iştirak etmiş alman səyyahı Adam Oleari bu münasibətlə yazır: “Astroloq stolun arxasından tez-tez öz üstürlabı ilə günəşi müşahidə edir, saata baxır, beləliklə, günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatdığı anı müşahidə edirdi. Elə ki, gözlənilən dəqiqə çatdı, o, ucadan yeni ilin gəlişini elan etdi. Dərhal yaylım atəşi açıldı. Şəhərin qala divarları və bürclərin hər yerindən kəranay çalındı, təbillər səsləndi. Beləliklə də, böyük şənlik bayramı başladı.



Xalqımızın yüksək zövqü və bədii təfəkkürü xalq bayramlarında, el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Akademik sonda yazır: “Azərbaycanda sovet hakimiyyəti illərində Novruz bayramına münasibət vaxtaşırı dəyişmişdir. Gah bu bayram keçirilmiş, gah da ona dini don geydirilərək unudulmasına, aradan çıxmasına təzyiq göstərilmişdir. Lakin xalqımız bu əziz bayramı həmişə yad etmiş, onu geniş miqyasda olmasa da, keçirməyə can atmışır. Hazırda məişətimizlə, mənəvi aləmimizlə bağlı bir sıra həyati məsələlərə yenidən baxılmış və mahiyyəti bərpa olunmuşdur. Belə adət-ənənələrimizdən, el şənliklərimizdən biri də Novruz bayramıdır. Bu bayramın geniş miqyasda keçirilməsinin xalqımızın ürəyindən xəbər verməsinə və sevincinə səbəb olacağına əminik. Əminik ki, xalqımız yaşadıqca, onun Novruz bayamı da yaşayacaq, öz təravətini daima saxlayacaqdır”. Milli adət-ənənələrimizə, o cümlədən, Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev “Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik”də bu qədim bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən biri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

VAHİD ÖMƏROV
fəlsəfə üzrə fəlsəfə doktoru

«Səs» qəzeti
 
loading...

0 şərh