Enşteynin Freydə məktubu

Tarixdə iz qoymuş bu iki insan məktublaşmalarından beş il öncə 1926-cı ildə Berlində tanış olublar. Enşteynin bu yazışmalarla bağlı təəssüratlarını bilmirik, lakin Ziqmund Freyd dostlarına yazdığı məktublarda Enşteyndən tez-tez söz edib. Ondan özündən əmin və sevimli bir insan olaraq bəhs edib. «Mən nə qədər fizikadan anlayıramsa, o da elə o qədər psixologiyadan anlayır, lakin söhbətimiz çox xoş idi» deyir. Enşteynlə olan məktublaşma dövrü isə 1931-1932-ci illəri əhatə edib. Yayımladığımız məktub «Why war?» («Niyə müharibə?») kitabından götürülüb.

Əziz Freyd, həqiqəti tapmaq istəyinin sizdə başqa bütün istəkləri, arzuları necə gözəgörünməz etdiyini bilmirəm. Açığı, çox təəccüblənirəm. Savaş və yox etmək motivlərinin insan ruhunda sevgi və yaşama gücü ilə necə iç-içə olduğunu aydın formada göz önünə sərirsiniz. Amma inandırıcı açıqlamalarınızdan bu böyük məqsədə çatmaq özləmi ortaya çıxır: İnsanın daxili və xarici savaşlardan qurtulması. Bu qocaman istəkdə bütün çağlardan və nəsillərdən, düşüncə və əxlaq sahəsində yol göstərən, hörmət görən bütün böyük insanlar birləşir. İsadan, Hötedən Kanta qədər — hamısında bu qurtuluş arzusu var. Hər nə qədər insanlar arasındakı münasibəti düzəltmək istəkləri çox reallaşmasa da, yalnız belə insanların dünyada öndər seçilməsi anlamlı bir gerçək deyilmi?

Buna inanıram ki, öz işləriylə yol göstərən bütün insanlar kiçik bir sahə üzrə olsa da, eyni düşüncəni böyük ölçüdə paylaşmaqdadırlar. Təəssüf ki, siyasi inkişafa çox da təsirləri olmur. Nəsillərin taleyini yazan bu sahə, demək olar ki, qaçınılmazcasına azğın və məsuliyyətsiz siyasət adamlarına miras qoyulmuş kimi görünür.

Siyasi liderlər və idarələr öz yerlərini ya zorbalığa ya da kütlələrin ağılsızlığına borcludurlar. Onlar nəsillərin düşüncə və əxlaq təmsilçiləri, nümayəndələri sayılmazlar. Amma seçilmiş, aydın insanlar bu gün xalqların tarixində doğrudan-doğruya heç bir təsir göstərə bilmirlər. Ora-bura səpələndiklərinə görə gündəm problemlərinin çözülməsində əngəlləri getdikcə artır. Etdikləri və yaratdıqları sayəsində bacarıqlarını və yaxşı niyyətlərini göstərmiş olan insanların birləşməsi dünyaya bir dəyişiklik gətirməzmi deyirsiniz? Bu birləşmənin üzvləri daim bir-birilə fikir alış-verişi edərək, qətiyyətlərini mətbuat qarşısına qoyaraq, öz imzalarının məsuliyyətinə qatlanaraq siyasi problemlərin çözülməsində önəmli və xəbərdaredici rol oynaya bilərlər.

Elm akademiyalarında da rastladığımız maneələr şübhəsiz ki, burda da görünəcək. Amma yenə də elə bir səy göstərmək yerinə düşməzdimi? Doğrusu, mən belə bir yük altına girməyi nəhəng bir dərs hesab edirəm. Belə yüksəkfikirli, aydınlanmış cəmiyyət qurulanda sistemli olaraq dini qurumları da müharibəyə qarşı hərəkətə keçirməyə çağırmalıyıq. Zənnimcə, yaxşı niyyətləri o olardı ki, müharibə nəticəsində «iflicə» uğramış bir nəfərə belə acı ilə boyun əysinlər. Düşüncə məhsulları ilə yüksək bir mərtəbəyə çatmış olan insanların qurduğu bu cür cəmiyyət Millətlər Liqasının gücləri üçün də dəyərli bir dayaq nöqtəsi olar.

Bu düşüncələrimi dünyadakı hamıdan çox sizə bildirirəm, çünki siz istəklərə hər kəsdən daha çox qapılırsınız və sizin mühakiməniz, yarğınız ciddiliyi ilə seçilən məsuliyyət duyğusuna söykənir.

İngilis dilindən tərcümə: Xuraman Məmmədova
 

0 şərh