Ərazi

Beynəlxalq hüquqda genış mənada “ərazi” dedikdə, yer kürəsinin quru və su səthi, yerin təki, bütün hava məkanı, habelə kosmik fəza və orada yerləşən göy cisimləri başa düşülür. Öz hüquqi rejiminə görə bütün bu ərazi üç növə ayrılır:
1 )dövlət ərazisi;
2 )beynəlxalq rejimi olan ərazi;
3) qarışıq rejimi olan ərazi.   
Dövlət ərazisi – hər hansı dövlətin suverenliyi altında olan əraziyə deyilir. Həmin ərazi çərçivəsində dövlət öz ərazi üstünlüyünü həyata keçirir.
Beynəlxalq rejimi olan ərazilərdə heç bir dövlətin suverenliyi altında olmayan və bütün dünya dövlətlərinin beynəlxalq hüquq normalarına müvafiq olaraq ümumi istifadəsində olan ərazilər aiddir. Bu ərazilər aşağıdakılardır: açıq dəniz, onun üzərindəki hava məkanı, kontinental şelfin hüdudlarından kənardaa yerləşən dəniz və okeanların dibi, Ay və digər göy cisimləri daxil olmaqla kosmik fəza, Antarktika və onun üzərindəki hava məkanı.
Qarışıq rejimi olan ərazilərə kontinental şelf və müstəsna iqtisadi zona aiddir. Bu ərazilər, bir tərəfdən, heç bir dövlətin suverenliyi altında deyildir, lakin digər tərəfdən, hər bir sahilyanı dövlət öz kontinental şelfinin və müstəsna iqtisadi zonasının təbii ehtiyatları üzərində suveren hüquqlara malikdir; həmin ehtiyatların kəşfiyyatı və emalı hüququ müstəsna olaraq müvafiq sahilyanı dövlətə məxsusdur.

Dövlət ərazisinin tərkibi və hüquqi təbiəti


Dövlət ərazisinin tərkibinə daxildir: a) quru ərazi; b) daxili sular; c) ərazi suları; ç) quru ərazisinin, daxili suların və ərazi sularının təki; d) quru ərazisinin, daxili suların və ərazi sularının üzərində yerləşən hava məkanı.
Azərbaycan Respublikası  Konstitutsiyasının 11-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.     
Dövlətin quru ərazisi onun sərhədləri çərçivəsində olan bütün quru hissəsidir.
Buraya, təbii ki, adalar və anklavlar da daxildir.
Su ərazisinə, yuxarıda göstərildiyi kimi, daxili sular və ərazi suları aiddir. Daxili sular dedikdə, hər şeydən əvvəl, dövlətin ərazisi daxilində olan, sahilləri həmin dövlətə məxsus olan çaylar, göllər, kanallar və digər su hövzələri başa düşülür. Bundan əlavə, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, daxili sularaaşağıdakılar aiddir: a) ərazi sularının enini ölçmək üçün qəbul olunmuş düzünə başlanğıc xətlərdən sahilə doğru yerləşən dəniz suları; b) liman suları; c) sahilləri həmin dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan körfəzlərin suları; ç) tarixi körfəzlər.
Bunlardan başqa, dövlətə məxsus olan hav və dəniz gəmiləri (müvafiq olarq “uçan” və “üzən” ərazi), kosmik obyektlər, sualtı boru və kabellər, açıq dənizdə şelf üzərindəki qurğular da dövlətin ərazisi sayılır. Bunlara bəzən “kvazi-dövlət ərazisi” və ya “şərti ərazi” deyilir.
Dövlət ərazisi təkcə onun öz ali hakimiyyətini həyata keçirdiyi məkan deyildir; o, həm də quru ərazisi, sular, hava məkanı, yerin təki və habelə təbii ehtiyatlar kimi ünsürlərdən ibarət olan təbii mühitdir. Bunlar hamısı dövlət ərazisinin maddi məzmununu təşkil edir.
Hər bir dövlət öz ərazisi hüdudlarında öz ərazi üstünlüyünü həyata keçirir. Ərazi üstünlüyü o deməkdir ki:
a) dövlətin hakimiyyəti onun ərazisindəki bütün fiziki və hüquqi şəxslərə şamil edilir;
b)  dövlətin hakimiyyəti üzərində başqa hakimiyyət ola bilməz: dövlətin ərazisində istənilən digər dövlətin və ya beynəlxalq təşkilatın hakimiyyəti istina edilir;
c) dövlət öz ərazisindən heç bir halda, hətta ən ağır cinayətə görə belə zorla məhrum edilə bilməz: dövlətin sərhədləri pozulmaz və toxunulmazdır.
Bu, Azərbaycan Respublikası Konstitutsiyasının 12-ci maddəsində öz aydın ifadəsini tapmışdır. Həmin maddəyə görə, “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” (I hissə) habelə “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir...” (III hissə). Qeyd edək ki, ölkəmizin Əsas Qanununda” torpaq dövlətə deyil, xalqa məxsusudur” konsepsiyası öz əksini tapmışdır. Belə ki, 11-ci maddənin III hissəsinə görə, “… yalnız Azərbaycan Respublikası Milli Məclisinin  qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”.
ç) dövlətin ərazisi, o cümlədən yer və onun təki, dövlətin razılığı olmadan xarici dövlətlər, onların hüquqi və fiziki şəxsləri tərəfindən istifadə oluna bilməz.
Bununla belə, dövlətin öz milli qanununda və ya hər hansı beynəlxalq müqavilədə ifadə etdiyi razilığı ilə onun ərazisində başqa bir dövlətin qanunvericiliyi tətbiq oluna bilər və ya əcnəbi vətəndaşların müəyyən kateqoriyası dövlətin yurisdiksiyasından kənarda qala bilər. Dövlət öz ərazisinin müəyyən hissələrindən istifadə hüququnu, habelə ərazisində olan təbii ehtiyatların istismar edilməsi hüququnu xarici dövlətlərə, onların hüquqi və fiziki şəxslərinə verə bilər (məsələn, dövlət ərazisinin icarəyə verilməsi, dövlət ərazisindən tranzit uçuşlar və ya keçidlər, dövlətlə əcnəbi hüquqi şəxslər arasında konsessiya sazişləri).
Lakin dövlətin ərazi üstünlüyü mütləq xarakter daşımır. Belə ki, ümumi beynəlxalq hüquq bir sıra məhdudiyyət və qadağalar müəyyən edir. Məsələn, dövlət öz ərazisindən hər hansı bir dövlətə qarşı təcavüz tödədilməsi üçün istifadə olunmasına imkan verməməlidir; əks halda bu əməlin özü təcavüz aktı hesab olunur (BMT Baş Assambleyasının 1974-cü ildə qəbul etdiyi “Təcavüzün tərifi” haqqında qətnamənin 3-cü maddəsinin “f” bəndi). Bundan əlavə, dövlət öz ərazisindən elə istifadə etməlidir ki, başqa dövlətlərə zərər dəyməsin.

Dövlət sərhədləri


Dövlət sərhədi dedikdə, dövlətin ərazisnin hədlərini müəyyən edən xətt və həmin xətt üzərində yerləşən şaquli səth başa düşülür.
Analoji tərif “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” 9 dekabr 1991-ci il tarıxli Qanunun (20 iyun 1995-ci il tarixli dəyişikliklər və əlavələrlə) 1-ci maddəsində öz əksini tapmışdır: “Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli sərhəd. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur”.
Dövlət sərhədlərinin aşağıdakı növləri vardır: 1) quru sərhədləri; 2) su sərhədləri;
3) hava sərhədləri.
Quru sərhədləri, adətən, relyefə əsasən (dağlar və s.) müəyyən olunur. Lakin düz xətt üzrə (məsələn, bir sıra Afrika dövlətlərində olduğu kimi) və ya meridianlər üzrə (Cənubi və Şimali Koreya arasında) bölünən sırhədlər də mövcuddur.
Iki dövləti ayıran su hövzələrindən sərhədlərin (su sərhədlərinin) müəyyən olunması aşağıdakı prinsiplərə əsaslanır: gəmiçilik üçün yararlı çaylarda sərhəd kimi ya talveq (ən dərin yeləşən xətt), ya da farvaterin ortası, digər çaylarda isə çayın ortası götürülür; göllərdə sərhəd dövlətlərin quru sərhədinin gölün sahillərınə çıxış nöqtələrini birləşdirən düz xətt üzrə müəyyən olunur; dövlətin dəniz  sərhədi onun ərazi sularının kənar hədləri sayılır. Bu hədləri hər bir dövlət özü müəyyən edir. Lakin beynəlxalq hüquqa görə, ərazi dənizinin eni 12 mildən artıq olmalıdır. Üzbəüz və ya yan-yana yerləşmiş dövlətlərin ərazi dənizinin sərhədi qarşılıqlı razılaşma əsasında orta xətt üzrə müəyyən olunur (bərabərdayanma prinsipi).
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyən edilməsi qaydaları öz əksini tapmışdır. Qanunun 3-cü maddəsində deyilir: Azərbaycan Respublikasının bağladığı müqaviləlrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilr:
1) quruda – relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə;
2) Xəzər dənizində — Azərbaycan Respublikasının ərazi sularının xarici sərhədi üzrə; 
3) çaylarda (kiçik çaylarda) – onların ortası və ya çayın əsas qolunun ortası üzrə; göllördə və başqa sututarlarda – Azərbaycan Respublikası sərhədinin bu gölün və ya başqa sututarın sahillərinə yanaşdığı iki nöqtəni birləşdirən düz xətt üzrə.
Azərbaycan Respublikasının çay (kiçik çay), göl və ya başqa sututar boyunca uzanan dövlət sərhədi bunların sahillərinin konfiqurasiyası dəyişdikdə və ya çayın (kiçik çayın) yatağı yerini dəyişdikdə dəyişmir;
4) çaylarn (kiçik çaylarin) sərhədboyu hissələrində salınmış dəmir yolu və avtomobil yolu körpülərində, bəndlərdə və başqa qurğularda – Azərbaycan Respublikasının dövlət sərhədinin suyun harasından keşməsindən asılı olmayaraq bu qurğuların ortası və ya texnoloji oxu üzrə”.
Dövlət sərhədinin müəyyən olunması prosesi iki mərhələdən ibarətdir:
delimitasiya və demarkasiya. Delimitasiya zamanı sərhədin keçmə xətti dövlətlərarası müqavilədə ətraflı təsvir olunur və müqaviləyə əlavə olunan xətlərdə öz qrafik əksini tapır. Demarkasiya razılaşdırılmış sərhəd xəttinin xüsusi sərhəd nişsnları vasitəsilə yerdə müəyyən olunmasıdır. İki dövlət arasında demarkasiyanı həyata keçirmək üçün, adətən, qarışıq komissiya yaradılır.
Hər bir dövlət öz sərhədlərini toxunulmazlığını təmin etmək üçün müvafiq hüquqi rejim müəyyən edir; bu rejim beynəlxalq müqaviləlrlə və daxili qanunvericiliyə əsaslanır. Məsələn, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun II fəsli bütövlükdə bu məsələyə həsr olunmuşdurş. Sərhəd rejimi aşağıdakı məsələlri əhatə edir: 1) dövlət sərhədinin lazımi vəziyyətdə saxlanması; 2) dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçmə qaydası (o cümlədən quru sərhəddində keçid məntəqələrinin və hava sərhəddində uçuş koridorlarının müəyyən olunması); 3) dövlət sərhədinin malların və yüklərin buraxılması qaydası; 4) dövlət sərhədində təsərrüfat və ya digər fəaliyyətin (ov, bağçılıq, dağ-mədən işləri və s.) həyata keçirilməsi qaydası; 5) sərhəd rejiminin pozulması ilə bağlı insidentlərin müvafiq dövlətlərlə birgə həll olunması qaydası.
Sərhəd rejiminə riayət olunmasına nəzarət etmək və sərhəd insidentlərini həll etmək üçün müvafiq dövlətlər, adətən, sərhəd komissarları (sərhəd nümayəndələri) təyin edirlər. 
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 21-ci maddəsinə əsasən:
“Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə əlaqədar məsələləri həll etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti sərhəd qoşunlarının zabitləri sırasından Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələri üzrə Azərbaycan Respublikasının  sərhəd nümayəndələrini təyin edir.
Azərbaycan Respublikası dövlət sərhədinin Azərbaycan Respublikasının xüsusi təyin edilmiş sərhəd nümayəndələri olmayan hissələrində onların funksiyalarını sərhəd qoşunlarının müvafiq
hissələrinin komandirləri yerinə yetirir.
Azərbaycan Respublikasının  sərhəd nümayəndələri Azərbaycan Respublikasının  qanunları Azərbaycan Respublikasının  dövlətlərarası müqavilələrini, habelə Azərbaycan Respublikasının  səlahiyyətli orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.
Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər diplomatik qaydada həll edilir”.
Dövlət sərhədinin hüquqi rejimi özündə sərhədboyu rejimi ehtiva edir. Bu rejim sərhədboyu zonada sərhədboyu zonaliqda müəyyən olunur.
Bu məsələlər “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda öz geniş həllini tapmışdır. Məsələn, Qanunun 22-ci maddəsinə deyili:
“...Sərhədboyu zonanın hüdudlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti sərhədyani rayonların ərazisində, yerli şəraitdən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.
… Eni 1 kilometrədək olan sərhədboyu zolaq vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki çəpərlərin düzəldilməsi,  sərhədboyu yolların, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün sərhəd qoşunlarının müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudlarından kənarda 30-50 metr eninə lazımi torpaq zolaqları, habelə  Azərbaycan Respublikasının dövlət sərhədi bounca 5 metrlik zolaq verir”.
Qanunun 23-cü maddəsinə müvafiq olaraq, “sərhədboyu rejim… Azərbaycan Respublikası vətəndaşlarının və başqa şəxslərin gəlməsi, müvəqqəti yaşaması, bir yerdən başqa yerə getməsi, işlərin görülməsi, motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota alınması və saxlanması, Azərbaycan Respublikasının ərazi və daxili sularında onların üzməsi və hərəkət etməsi qaydalarını tənzimləyir”.
Dövlət sərhədi haqqında müqavilələr olduqca mühüm bir xüsusiyyətə malikdir:
onlar daimi müqavilələr sayılır. Belə ki,bu müqavilələr: a) müvəqqəti müddətə bağlanmır (onların məqsədi iki dövlət arasında sərhədin tam və qəti müəyyən olunmasıdır); b) denonsasiya olunmur, çünki belə müqavilələrdə denonsasiya haqqında müddəalar nəzərdə tutulmur; c) müharibənin başlanması ilə öz qüvvəsini dayandırmır; ç) müqavilənin subyektinin yox olması nəticəsində xitam olunmur; d) birtərəfli qaydada, — hətta şəraitin köklü dəyişməsi prinsipi əsasında belə, — ləğv oluna bilməz; e) dövlətlərin varisliyi zamanı toxunulmamış qalır.

Beynəlxalq çaylar


Beynəlxalq çaylar – iki və daha artıq dövlətin ərazisi ilə axan və razılaşdırılmış qaydada istifadə olunan çaylara deyilir.
Hər bir dövlət beynəlxalq çayın, öz ərazisində yerləşən hissəsi üzərində suverenliyə malikdir. Bununla belə, sahilyanı dövlət çayın bu hissəsindən elə istifadə etməlidir ki, hər hansı digər sahilyanı dövlətə zərər dəyməsin. Beynəlxalq çayların rejimi ilə bağlı əsas beynəlxalq-hüquqi akt sərhədaşırı su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında 1992-ci il Helsinki Konvensiyasıdır. Bu Konvensiya 1999-cu ildə Su və sağlamlıq haqqında Protokol əlavə olunmuşdur. Sahilyanı dövlətlər beynəlxalq çayların gəmiçilik, habelə sənaye və kənd təsərrüfatı məqsədləri üçün istifadəsi və hımin çayların qorunub saxlanması haqqında konkret müqavilələr bağlayır (məsələn, Dünyada gəmiçilik rejimi haqqında 1948-ci il Konvensiyası; Argentina və Uruqvay çayının sularına dair 1946-cı il Sazişi, BƏR və Sudan arasında Nil çayının sularına dair 1959-cu il Sazişi və s.). Bu müqavilələr, bir qayda olaraq, bütün sahilyanı dövlətlər üçün, bəzən isə bütün ölkələr üçün gəmiçilik azadlığı nəzərdə tutur. Müqavilədə nəzərdə tutulmayıbsa, qeyri dövlətlərin gəmilərinin müəyyən beynəlxalq çaydan üzüb keçməsi qadağandır. 
 

0 şərh