11. Yonqarı "mişarlamağa" cəhd göstərməyin

Nə vaxt evimin pəncərəsindən bağçama baxıramsa mən orada gil və daş üzərində həkk olunmuş dinozavr izini görürəm. Bu izləri mən Yelsk universitetinin Pibodi muzeyindən satın almışam. Məndə muzeyin mühafizəçisinin məktubu vardır, orada deyilir ki, bu izlər yüz səksən milyon il bundan qabaq həkk olunmuşdur. Hətta ən sarsaq adamın ağlına belə gəlməz ki, yüz səksən milyon il keçmişə qayıdıb bu izləri dəyişəsən, lakin yüz səksən saniyə bundan öncə vaqe olmuş hadisəni dəyişdirmək arzusu ilə narahatçılıq keçirmək daha axmaq hərəkət sayılmazdımı? Əfsus ki, bizim əksərimiz məhz belə hərəkət etmək arzusunda oluruq.
Həqiqətdə isə yüz səksən saniyə bundan qabaq olmuş hadisənin nəticələrini dəyişdirməyə necə cəhd göstərə bilərik? Ancaq hər halda, bütün ehtimallara baxmayaraq biz çətin ki, keçmişdə baş vermiş hadisənin nəticələrini dəyişmək iqtidarında ola bilək.
Bu dünyada keçmişdən dərs almağın yalnız bir üsulu mövcuddur, o da ki, keçmiş səhvləri bir daha təkrar etməmək üçün sakitcə onları analiz etməkdən və sonradan bu haqda bir daha düşünməməkdən ibarətdir.
Mən tam anladım ki, bu, həqiqətən düz nəticədir. Lakin bunu təcrübədə tətbiq etmək üçün məndə kişilik mətinliyi və ağıl yetərincə idimi? Bu suala cavab vermək üçün icazə verin sizə keçmişdə öz başıma gələn fantastik bir hadisəni nağıl edim. Bu, belə olmuşdur. Əlimdə olan üç yüz min dollardan artıq nağd pul vəsait küləyə sovrulmuş oldu və mən bundan bir sent də qazan əldə edə bilmədim. Belə ki, yaşlıların tədrisi üçün geniş miqyaslı müəssisə təşkil etmək istədim, onun filiallarını ölkənin müxtəlif bölgələrində yaratdım və bunun üçün əlavə xərclərə, reklam və elanlara çəkilən xərclərə heyfsilənmədim.
Mən kurslarımda müəllimlik peşəmə o qədər qapılmışdım ki, maliyyə işlərimlə məşğul olmağa nə vaxtım, nə də ki, həvəsim vardı. Mən son dərəcə avam idim və başa düşmürdüm ki, mənim çəkilən xərclərimə rəhbərlik edən nüfuz sahibi və ağıllı bir başçı lazımdır.
Nəhayət, bir il keçdikdən sonra «ayıldıcı» və heyrətləndirici bir həqiqəti kəşf etdim. Mən dərk etdim ki, bizim kursların təşkilinə qoyulan kapital bir sent də gəlir gətirməmişdir. Bunu biləndən sonra mənə iki şey etmək lazım idi: ən əvvəl mənə sağlam düşüncə gərək idi ki, Corc Vaşinqton Karver kimi hərəkət edəm. Onun qırx min dollar vəsaiti saxlanılan bank müflisləşmişdi. Bu, onun həyatı boyu topladığı və qoruduğu pul idi. Ondan soruşanda ki, o, artıq tamamən müflisləşmişdimi? O, belə cavab vermişdi: «Bəli, mən bu barədə eşitmişəm.» Sonra o, sakitcə leksiyasına davam etmişdi. O, bu itki barədəki fikirləri öz yaddaşından tamamilə sıxışdırıb çıxarmış və bir də bu haqda heç vaxt düşünməmişdi.
İkincisi isə, mənə aşağıdakı işləri görmək lazım idi: mən öz səhvlərimi analiz etməli və nəticəni bütün həyatım boyu dərs kimi qəbul etməli idim.
Açığını desək, mən bunların heç birini etmədim. Bunun əvəzinə mən özümü narahatçılıqla əldən saldım. Aylarla mən dəli vəziyyətində qaldım. Mən yuxumu itirdim və möhkəmcə o ki var arıqladım. Bu etdiyim böyük səhvimdən özümə nümunə götürmək əvəzinə, mən yenə də iflasa uğradım, ancaq kiçik miqyasda!
Əlbəttə, bütün bu axmaqlıqların etirafı xoşagəlməz bir haldır, amma bundan bir çox illər qabaq belə dərk etmişdim ki, nəyi etməyi, necə etməyi 20 nəfərə öyrətmək asandır, təki onlardan biri sən özün olmayasan.
Çox heyfsilənirəm ki, Nyu-Yorkdakı Corc Vaşinqton adına məktəbdə çalışan Allen Sondersin müəllimi olan cənab Brenduaynın sinfində oxumaq mənə müyəssər olmamışdır.
Cənab Sonders mənə söyləmişdi ki, o, həyatının ən önəmli dərsini gigiyena fənni üzrə müəllim cənab Brenduayndan almışdır. Allen Sonders deyir: «Mən yeniyetmə idim, hələ o vaxtdan mən hər hansı bir səbəbə görə narahat olmağa meylli idim. Mən adətən etdiyim səhvə görə əsəbiləşir və iztirab çəkirdim. Yazılı imtahan işlərimi yoxlamaya verdikdən sonra gecələr mən yatmayıb qorxudan dırnaqlarımı gəmirirdim. Mən keçmişdə etdiyim işlərə görə daim dərd çəkir və heyfsilənirdim ki, nə üçün axı mən bunu bu və ya başqa cür etmədim? Mənə daim elə gəlirdi ki, nəyi isə düz demədim və ya düzgün etmədim.
Necə isə bizim sinif səhər tezdən cərgəyə düzülərək cənab Brenduaynın bizi gözlədiyi elmi laboratoriyaya daxil oldu. Onun işlədiyi mizin kənarında süd ilə dolu şüşə dolça var idi. Biz öz yerlərimizi tutduq, nəzərlərimiz isə həmin dolçaya dikilmişdi. Başa düşmürdük ki, südün gigiyena dərsi il nə əlaqəsi? Birdən cənab Brenduayn yerindən qalxaraq süd ilə dolu dolçanı əlüzyuyana tulladı. Dolça sındı və süd axdı. O, bu sözləri deyib qışqırdı. Dağılan südə görə ağlamayın! İtirilmişi geri qaytara bilməzsən!»
Sonra o, bizim hamımıza tapşırdı ki, əl-üz yuyana yaxınlaşıb sınmış dolçanın şüşə tikələrinə baxaq. «Diqqətlə baxın», — dedi. Mən istəyirəm ki, bu dərsi həyatınız boyu yadda saxlayasınız. Süd axıb getmişdir, artıq o, yoxdur. Siz görürsünüzmü, şüşə qırıntıları da əl-üz yuyanın su axarındadır; dünyada heç bir dərd və ya heyfsilənmək dağılan südün bir damcısını da geri qaytara bilməz. Biz əvvəldən ehtiyatlı olsaydıq, hər halda südü qoruya bilərdik.
Artıq indi çox gecdir. Bizə ancaq o südü hesabdan silmək, bu haqda unutmaq və digər bir işlə məşğul olmaq qalır."
Allen Sonders söylədi ki, bu kiçicik bir təcrübə mənim uzun müddət stereonometriya və latın dili tək yadımda qalmışdı. Həqiqətən də o hadisə mənim real həyatıma məktəbdəki dörd illik təlimimdən daha artıq şey öyrətmişdi. Bu təcrübə mənə öyrətdi ki, mümkün qədər çalışmaq lazımdır ki, süd dağılmasın, yox əgər süd artıq dağılmışdırsa və sınıq şüşə tikələri də su axarının keçidindədirsə, bu haqda fikirləşməyə dəyməz."
Bəzi oxucular burada «hm...» deyəcəkdir: «Hamıya bəlli zərb məsəllərdən nə qədər də çox danışıldı» — deyəcəkdir. «Yerə düşdü, itdi» yəni "İtmişi qaytara bilməzsən". Mən bilirəm ki, biz insanlar bunu min dəfələrlə eşitmişik. Mən bir şeyi də bilirəm ki, bu bayağı adlandırdığımız zərb məsəldə bəşəriyyətin əsrlər boyu toplanmış müdrikliyi vardır. Onlar bəşərin böyük təcrübələrinə əsasən yaradılıb və sonsuz sayda nəsillərə ötürülmüşdür. Əgər siz bütün dövrlərin böyük alimlərinin narahatçılıq barədə yazdıqlarını oxusaydınız, heç bir yerdə «köhnəlmiş və çeynənilmiş» adlandırdığımız bu zərb məsəllər qədər dərin, müdrik sözlər tapa bilməzdiniz: «Körpüyə çatmamış onu keçməyin.» Yəni vaxtından qabaq özünüzə məşəqqətlər arayıb tapmayın və «dağılmış südə görə ağlamayın.» Əgər biz bu iki zərb məsəli həyatımıza tətbiq edə bilsəydik — amma bunların hamısı bayağıdır deyib donquldanmasaydıq — bizim bu kitabı oxumağımıza ehtiyac olmazdı. Həqiqətən də, əgər biz öz təcrübəmizdə köhnə zərb məsəllərin əksərini tətbiq etmiş olsaydıq, yəqin ki, həyatımız kamilləşmiş olardı. Lakin yalnız bilik tətbiq edildikdən o, qüvvəyə çevrilir və bu kitabın məqsədi deyildir ki, sizə nə isə bir yenilik desin. Kitabın məqsədi sizin bildiklərinizi yadınıza salmaq, sizi fəaliyyətə doğru yönəltmək və bu həqiqətlərdən öz həyatınızda istifadə etmək arzusudur.
Mən həmişə qədim həqiqi hadisələri yeni, müasir koloritli dildə izah edə bilən Fred Füller Şedd kimi istedadlarla fəxr etmişəm. O, «Filadelfiya bülleten» jurnalının redaktoru idi. Bir dəfə o, kollecin son kurs tələbələrinə sualla müraciət edərək dedi: «Aranızda haçansa ağac mişarlayan vardırsa, qoy əlini qaldırsın!» Onların əksəriyyəti əl qaldırdı. Sonra soruşdu: «Bəs sizdən kimsə „yonqarı mişarlamışdırmı?“ Onlardan heç biri əl qaldırmadı.
Əlbəttə, yonqarı (taxta kəpəyini) mişarlamaq olmaz. Onlar artıq mişarlanmışdır! — deyə cənab Şedd səsləndi. Həmin hal keçmişə də aiddir. Elə ki, siz olub-bitən bir hadisə haqqında narahat olursunuz, belə də siz taxta kəpəyini mişarlamağa cəhd göstərən adamın vəziyyətinə düşmüş olursunuz.»
Cənab Şedd deyir ki, beysbol (top oyunu) üzrə məşhur usta Konni Makkın səksən bir yaşı olduqda ondan soruşdum ki, heç nə vaxtsa, uduzulmuş oyun üçün narahat olmuşdurmu?
Konni Makk dedi: "Əlbəttə ki, belə hal mənim başıma gəlmişdir, lakin mən bir çox illər bundan öncə belə axmaqlıqdan yaxa qurtarmışam, çünki nəhayət başa düşdüm ki, narahatçılıq keçirməyin heç bir xeyri yoxdur. Belə ki, narahatçılığın heç bir köməyi olmur. Axı artıq axıb getmiş sularda taxıl üyütmək olmaz."
Şübhəsiz ki, artıq axıb getmiş su nə taxıl üyütməyə, nə də ağac mişarlamağa heç bir kömək edə bilməz.
Əgər siz bu haqda narahat olmağa başlasanız, üzünüzü qırışlar şırım-şırım bürüyəcəkdir, mədə yarasına (xorasını) tutulacaqsınız.
Ötən il «minnətdarlıq günü» mən Cek Dempsi ilə birlikdə nahar edirdik. Biz quş üzümü sousunda hazırlanmış hindquşu əti yeyirdik. Cek Dempsi mənə ağır idman növü üzrə dünya çempionu adı uğrunda keçirilən yarış zamanı Tanni adlı boksçuya uduzmasından danışdı. Təbiidir ki, bu Cek Dempsin idman şərəfinə böyük bir zərbə idi. O, dedi ki, «Yarışın ortalarında gözlənilmədən mənə elə gəldi ki, qocalmışam və enerjim tükənmək üzrədir. Onuncu raundun sonunda mən artıq ayaq üstə zorla dura bilirdim, vəssalam! Mənim sifətim şişmiş və sıyrıntı içərisində idi, gözlərim demək olar ki, açılmırdı. Mən hakimin qələbə münasibətilə Cin Tanninin əlini necə yuxarı qaldırdığını gördüm. Mən artıq dünya çempionu deyildim. Mən yağışın altında camaatın arasından öz geyim otağıma keçdim. Bu zaman tamaşaçıların bəziləri əlimi tutmağa cəhd göstərir, digərlərinin gözlərində isə yaş gilələri görünürdü.
Bir ildən sonra mən yenidən Tanni ilə boks yarışına çıxdım. Lakin bu yarış heç nə vəd etmədi. Mənim üçün hər şey bitmiş idi. Mən çox narahat idim və heç cür qərar tuta bilmirdim. Lakin mən, nəhayət, özümə belə bir fikri təlqin edə bildim ki, axı „mən keçmişdə yaşamayacaq və yaxud “dağılmış süd» üçün ağlamayacağam". Mən dəyanətlə zərbələrə dözəcək və ona imkan verməyəcəyəm ki, məni əldən salsın." Cek Dempsi özünü məhz bu cür apardı. Necə? O, öz-özünə tez-tez təkrarlayaraq: «Mən keçmişimə görə narahatçılıq keçirməyəcəyəm» — deyirdi. Yox, bu ancaq onun keçmiş narahatçılıqlarını yenidən yada salacaqdı. Nəhayət, o, öz məğlubiyyəti ilə barışa bildi, sonradan isə bu haqda unutdu və bu hadisəni yaddaşından tamamilə silib atdı və diqqətini gələcək planlarının götür-qoy edilməsinə yönəltdi. Brodveydə «Cek Dempsi» restoranını və «57-ci» küçədə «Böyük şimal mehmanxanasını açdı, boks üzrə yarışlar keçirdi və seçmə yarışlar nümayiş etdirdi. O, işinə o qədər qapılmışdı ki, keçmiş barədə narahat olmağa onun nə vaxtı, nə də həvəsi var idi. Cek Dempsi deyir ki, „mən dünya çempionu olduğum keçmiş dövrlərə nisbətən son on il ərzində daha yaxşı yaşayıram.“
Tarixi və bioqrafik əsərləri oxuyarkən və ya gərgin hallara düşmüş insanların özünü necə aparmasını müşahidə edərkən, belə adamlardan bəzilərinin başlarına gələn faciəni və narahatçılığı özlərindən necə kənar etdiklərinə və kifayət qədər şən həyat sürə bildiklərinə həmişə təəccüblənirəm və belə hal həm də məni ruhlandırır.

Bir dəfə mən məşhur „Sinq-Sinq“ həbsxanasında oldum. Burada məni hər şeydən artıq sarsıdan o oldu ki, azadlıqda olan ən adi adamlarla müqayisədə məhbuslar həyatlarından daha razı idilər. Mən bu haqda o vaxt həbsxana rəisi işləyən Lyuis E.Loueslə söhbət apardım. O, dedi ki, cinayətkarlar Sinq-Sinq həbsxanasına gəldikləri ilk vaxtlar, bir qayda olaraq, incik və sərt davranırlar. Ancaq bir neçə aydan sonra məhbusların ən ağıllılarının əksəri artıq öz talesizlikləri barədə düşünmür, həbsxana həyatına uyğunlaşır və bu həyatı daha dözümlü hala salmağa çalışır. Loues mənə bağban bir məhbusun həbsxana divarları arxasında mahnı oxuya-oxuya tərəvəz və gül yetişdirməsindən danışdı.
»Sinq-sinq" həbsxanasındakı həmin məhbus mahnının müşayiəti ilə güllərə xidmət etməklə bizim çoxumuzdan daha artıq sağlam düşüncə nümayiş etdirirdi. Əlbəttə, biz hamımız səhv buraxır və mənasız hərəkətlər edirik. Lakin nə olsun? Belə hərəkəti kim törətmir ki? Hətta Napoleon həyata keçirdiyi ən vacib döyüşlərin üçdə birində uğursuzluğa düçar olurdu. Orta hesabla götürdükdə ola bilər ki, bizim həyatda uduzduqlarımız Napoleonunkundan pis deyil? Kim bilər? Hər halda krallığın bütün süvariləri və hətta bütünlükdə tam qoşun hissələri keçmişi qaytara bilməz.
Beləliklə, gəlin altıncı qaydanı yadda saxlayaq: «Taxta kəpəyini (yonqarı) mişarlamağa cəhd göstərməyin.»

Xülasə

Qayda 1. Narahatçılığı özünüzdən uzaqlaşdırmaq üçün daim məşğul olun. Məyusluq halını özünüzdən rəf etmək üçün gərgin fəaliyyətdə olmaq ən etibarlı dərmanlardan biridir.
Qayda 2. Boş şeylərdən ötrü ruhdan düşməyin. Mənasız şeylərə məhəl qoymayın. Belə boş şeylər qarışqalar kimi həyatınızı məhv edə bilər.
Qayda 3. Narahatçılığı özünüzdən uzaqlaşdırmaq üçün «böyük rəqəmlər» qanunundan istifadə edin. Özünüzdən soruşun: «Bu hadisənin baş vermə ehtimalı nəyi vəd edir?»
Qayda 4. Labüd hallar ilə hesablaşın. Bu və ya digər vəziyyəti dəyişmək və ya düzəltmək sizin qüvvəniz xaricindədir, belə halda özünüzü inandırmağa çalışın ki, bu, belədir, başqa cür ola bilməz."
Qayda 5. Narahatçılığınıza hüdud qoyun. Bu və ya digər hadisənin hansı ölçüdə narahatçılıq törədə biləcəyini özünüz müəyyənləşdirin və bir də bu barədə narahatçılıq keçirməməyə çalışın.
Qayda 6. Qoy keçmiş "öz ölülərini" dəfn etsin. Yonqarı (taxta kəpəyini) mişarlamayın.

 

0 şərh