Gözəllik anlayışları ilə əlaqədar şəxs adları

Məlum olduğu kimi, gözəllik anlayışı çox geniş mənaya malikdir və özünü xalqın həyat hadisələrinə, insana münasibətində təzahür etdirir. Gözəllik anlayışı xalqın estetik idealı, ülvilik, qəhrəmanlıq kimi xüsusiyyətlərlə sıx əlaqədardır. Gözəllik haqqında anlayışın məzmunu və qiymətləndirilmə dərəcəsi, əsasən, xalqın estetik idealı ilə əlaqədardır. Etnoqrafiyamızda şəxs adlarının gözəl olması, gözəl səslənməsi həmişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antroponimikamızda semanti-kasında gözəllik, incəlik, saflıq, igidlik, mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın adları formalaşmışdır.

Azərbaycan şəxs adları sistemində gözəllik anlayışları ifadə edən adların əksəriyyəti Ayla, Günəşlə, eləcə də gül-çiçəklə əlaqdardır. Böyük əksəriyyəti də qadın adlarıdır. Dilimizin antroponimikasında qadın adlarının yaranmasında iştirak edən vahidlər, əsasən, gözəllik çalarlıdır. Bu əsasda formalaşan qadın adları türk estetikasının zənginliyini göstərir. Xalqımız cismani gözəlliyin mənəvi gözəlliklə tamamlanmasını arzu edir.Gözəlin xasiyyəti də gözəl olar; Qəlbinin gözəlliyidir, üzünə də çıxıbdır, kimi, atalar sözlərimizlə yanaşı Adı gözəl olanın özü də gözəl olar kimi atalar sözləri, deyimləri bu gün də yaşatmaqdadır. Azərbaycanın məşhur xalq oyunlarından olan “Bənövşə” oyununda da adı gözəl, özü də gözəl ifadəsi təyinedici kimi çıxış edir. Dilimizin şəxs adları sistemində kişi adlarının yaranmasında iştirak edən vahidlərə gəlincə, qeyd etməliyik ki, Azərbaycan dilində kişi adları, əsasən, müsbət motivli, igidlik, məğrurluq, qüdrətlilik çalarlıdır ki, bu da xalqımızın xarakteri, mental düşüncəsi, həmçinin psixologiyası ilə əlaqədardır.

Göründüyü kimi, xalqımızın mənəvi mədəniyyəti ilə yanaşı adqoyma mədəniyyətində də inkişaf zaman-zaman özünü aydın büruzə vermişdir. Azərbaycanlı ailələrində gözəl səslənən, gözəllik anlayışları ilə əlaqədar şəxs adlarını dünyaya göz açmış övladlarına verməklə valideynlər, yaxınlar ad daşıyıcısının da gələcəkdə öz adına layiq olacağına ümid edirlər. Yuxarıda qeyd eydiyimiz kimi, gözəllik anlayışları ilə əlaqədar şəxs adlarının böyük əksəriyyəti qadın adları olduğu üçün qadın adları siyahısını təqdim edirik.

AFAYƏT
AFƏT
AĞCA
AĞGÜL
AHUNUR
AYBƏNİZ
AYBİKƏ
AYCAMAL
AYÇÖHRƏ
AYƏNDAM
AYMƏLƏK
AYSİMA
AYSURƏT
AYTƏKİN
BƏHİYYƏ
CAZİBƏ
ÇİLƏNAY
ÇÖHRƏGÜL
DİLBƏR
ƏFAYƏT
ƏNTİQƏ
ƏZƏMƏT
FAXİRƏ
FƏRİŞTƏ
FİTAT   
GÖYÇƏK
GÖZƏL
GÜLBƏNİZ
GÜLCAMAL
GÜLÇÖHRƏ
GÜLDƏN
GÜLNÜMA
GÜLRUX
GÜLRUXSAR
GÜLRUH   
GÜLSARA
HÜSNİGÜL
HOŞLİQA
QƏNİRƏ
QƏŞƏNG
QƏŞƏNGGÜL
LƏTAFƏT
MAHCAMAL
MAHİZƏR
MAHİPEYKƏR
MAHRUX
MƏHBUBƏ
MƏHLUQƏ
MƏLAHƏT
MƏLEYKƏ
MƏLƏK
MƏLƏKMƏNZƏR
MƏLƏKNAZ
MƏLƏKNİSƏ
MƏLƏKNUR
MƏLƏKSİMA
MƏLƏKZƏR
MƏRZİYYƏ
NAZƏNDƏ
NAZƏNİN
NİGAR
NURBƏNİZ
NAZPƏRİ
NURXANIM
PƏRİ
NURƏFŞAN
PƏRİCAMAL
RƏNA
PƏRİCAHAN
RUXSARA
SƏBAHƏT
RİMA
TƏRAVƏT
VƏCİHƏ
SONA
YARAŞIQ
ZİBA   
YAMİN
ZİBAXANIM


Dilimizdə rəng anlamlı ağ, sarı, qara vahidləri bir çox leksik vahidlərin yaranmasında iştirak etmişdir. Xalqımız əzəldən hər boyanın öz rəngi var demişdir. Lakin şəxs adlarında rəng anlamlı — ağ, sarı, qara vahidlərindən istifadə edilmişdir. Erkən dövrlərdən ağ sözü müdriklik (ağbirçək, ağsaqqal), gözəllik (ağüz-lü, ağca), sarı sözü (buğda, güllər, payız çağının bolluğu), qara sözü gənclik, güclülük (qarasaqqal, qaragilə) mənalarını ifadə etdiyinə görə çox işlənmişdir. Ağ, sarı, qara anlamlı vahidlər sonradan şəxs adlarının yaranmasında da iştirak etmişlər. Məlum olduğu kimi, -ağ, -ağca vahidləri türk xalqlarının müştərək abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında gözəl mənasında işlənmişdir. Ağbəniz, Ağca, Ağgül və s. adların formalaşmasında iştirak edən ağ/ağca vahidləri gözəllik, saflıq, təmizlik və s. kimi mənalar ifadə edir. Sarı vahidi ən gözəl aşıq havalarımızın adında yer almışdır, “Baş sarıtel”, “Orta sarıtel”, “Ayaq sarıtel”. “Kitabi-Dədə Qorqud” dastanlarında Sarı donlu Selcan xanım Qanturalının ağlını başından almışdı. Sarı bir çox toponimlərimizdə də işlənmişdir. Məsələn, Sarıcalı (Qarabağda), Sarıbaş (İlisuda) və s. Məlum olduğu kimi, türk dillərində sarı sözü rəng bildirməkdən əlavə, sar (şahinlər sinfinə mənsub olub, quruda və suda yaşayan quşdur. Qədim türklərdə totem olmuşdur), həmçinin qızıl, Günəş, parlaq, parıltı, parıldamaq, parlamaq və s. mənaları da ifadə edir. Astrologiyada, eləcə də Şərq poeziyasında sarı həm də yeddi planetdən biri olan Günəşin adıdır. Bu planetlərdən hərəsi bir rəngin (qırmızı, qara, ağ və s.) rəmzi olsa da, hər biri sarı rəngdədir və onları da Günəş işıqlandırdığından bu rəngi alırlar.

Poeziyamızda qarasaç, qaraqaş, qaragöz kimi vahidlər gözəl mənasını ifadə etmişdir. İnanclarımıza görə, qara güc, qüvvədir. Yuxuda qara rəngdə nə isə görmək yuxu görənin qüvvətlənəcəyinə işarədir. Qara, Qaraxan, Qaratel, Qaragöz kimi şəxs adlarında da qara vahidi — güc, qüvvə, gözəllik, müdriklik kimi müsbət keyfiyyətlər ifadə edilir.

KİŞİ ADLARI:

ABI
GÖYCƏ
QARA
QARABƏY
QARAXAN
QARACA
QARAKİŞİ
QARAŞ   
SARI
SARIBABA
SARIBALA
SARIBƏY
SARIXAN
SARIOĞLAN
SAROĞLAN

QADIN ADLARI:

AĞCA
AĞBACI
AĞBƏNİZ
AĞBİKƏ
AĞCAGÜL
AĞCAXANIM
AĞGÜL
AĞGÜN
ALAGÖZ
BƏYAZ
ƏSMƏR
GÖYCƏ
GÖYCƏGÜL
GÖYGÖZ
GÜLGƏZ
QARAGÖZ
QARAŞIN
QUMRAL
RUFİNƏ
SAFURƏ
SARI
SARIGÜL
SARITEL
SƏMRA
ŞİRMAYI
ALYANAQ
 
 
Müəllif: Fidan Afad qızı Qurbanova.
Mənbə:
Azərbaycan şəxs adları. İzahlı lüğət. Bakı, 2019, 1328 səh. ISBN 9 789952 835946
 

0 şərh