Altmış yaşlı Koroğlu

Xalq öz qəhrəmanlarına bütün dövrlərdə sevgi və həssaslıqla yanaşıb. Onları öyüb, vəsf edib, necə deyərlər, tərifini göylərə qaldırıb. Qəhrəmanların şəninə nağıllar, əfsanələr, dastanlar belə yaranıb. Zaman keçdikcə illər, qərinələr, əsrlər bir-birini əvəz edib. Dahiyanə kəşflər, böyük texniki tərəqqi köhnə dünyaya yeni-yeni qaydalar gətirib, onun hüsnünü bəzəməklə yanaşı, insanların həyat tərzini, düşüncəsini dəyişib. Ancaq nə zamanın, nə də yeniliklərin dəyişə bilmədikləri də az olmayıb. Bunlardan biri də xalqın öz qəhrəmanlarına münasibətidir.
Ədəbi-bədii nümunələrdə vəsf edilən igidlər vaxt geçdikcə həm də rəsm əsərlərində əbədiyyət qazanıblar. Kino kəşf edilib. Bundan sonra xalqın şücaətli övladları həm də ekran qəhrəmanları olublar.
Azərbaycanın ilk rəngli, tammetrajlı, genişekranlı bədii filmi
«Koroğlu” filmi də əfsanəvi qəhrəman Koroğlu haqqında eyniadlı məşhur xalq dastanının ekran variantıdır. Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən film 1960-cı ildə ekranlara çıxıb. Filmin ssenari müəllifi Sabit Rəhman, quruluşçu rejissoru Hüseyn Seyidzadə, operatorları Vladimir Meybom, Fyodor Dobronravov, rejissoru Məmməd Əlilidir.
Altmış yaşlı Koroğlu
»Koroğlu”ya Cahangir Cahangirovun bəstələdiyi musiqini Filmlər İstehsal edən İdarənin Simfonik Orkestri ifa edir. Dirijor A.Roytmandır. Mahnıların mətnini Zeynal Cabbarzadə və Tələt Əyyubov yazıblar. Filmdə mahnıları Şövkət Ələkbərova və Lütfiyar İmanov ifa ediblər.
Rollarda Əfrasiyab Məmmədov (Rövşən (Koroğlu), Leyla Bədirbəyli (Nigar), Ağadadaş Qurbanov (Həsən xan), İsmayıl Dağıstanlı (Vəzir), Mərziyyə Davudova (Dayə), Əli Qurbanov (Aşıq Cünun), (Alı kişi) və başqaları çəkilibər.
İlk rəngli, tammetrajlı, genişekranlı bədii film olan «Koroğlu”nun çəkilişi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümünə həsr edilib.
Əfsanəvi qəhrəmanın ekran həyatı
Əvvəlcə onu qeyd edək ki, belə mövzularda film çəkməyin üstün cəhətləri var. İlk növbədə ona görə ki, ekranlaşdırılan əsər tamaşaçılara məlumdur. Filmdə baş verən hadisələr, qəhrəmanlar doğmadır. Koroğlunun isə demək olar ki, bəxti ikitərəfli gətirmişdi. Həm dastan qəhrəmanı idi, həm də Üzeyir Hacıbəyli kimi dahi bəstəkar yaradıcılığının zirvəsi hesab edilən „Koroğlu” operasını bəstələmişdi. Beş pərdəli bu əsərdə Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri yaratmışdı. İlk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan və böyük rəğbətlə qarşılanan “Koroğlu” operasına maraq heç vaxt azalmadı. Bu gün də opera səhnəmizin ən baxımlı tamaşalarından biridir. „Koroğlu” filminin də geniş tamaşaçı auditoriyası qazanacağı gözlənilən idi.
Ancaq bu qədər məlum və məşhur bir mövzunu ekran əsərinə çevirməyin mürəkkəb tərəfləri də mövcud idi. Belə ki, tamaşaçıların əksəriyyətinin fikrində, xəyalında xalq qəhrəmanı Koroğlunun obrazı var. Onu ekranda dolğun şəkildə görmək niyyətindədirlər. Odur ki, “Koroğlu”nun yaradıcı heyətinin daha tələbkar tamaşaçılarla qarşılaşması başadüşülən idi. Məsələnin daha mürəkkəb tərəfi isə sovet hakimiyyətinin bütün məsələlər kimi kino sənətinə də siyasi münasibət bəsləməsi qarşıda dururdu. Sovet üsul-idarəsi xalqların milli qəhrəmanlıq dastanlarına birmənalı yanaşmayıb. „Koroğlu”, “Qaçaq Nəbi” kimi dastanların qəhrəmanları sovet düşüncəsinə görə, xanlara, bəylərə qarşı mübarizə aparıblar. Ona görə də həmin dastanların öyrənilməsi və təbliği fəhlə-kəndli hökumətinin ideologiyasına uyğun olaraq yüksək dəyərləndirilirdi. Yalnız həmin qəhrəmanların bütövlükdə hakimiyyətə, rejimə qarşı deyil, fərdlərə qarşı mübarizə aparmaları mənfi qiymətləndirilirdi.
Koroğlunu sovet dövrünün qəhrəmanına çevirmək cəhdləri...
Varlıların sərvətini əllərindən alıb yoxsullara paylayan Koroğluya münasibətlə kommunist ideyasını təlqin etməyə çalışırdılar...
Üzeyir Hacıbəylinin „Koroğlu” dastanının motivləri əsasında yazdığı operadan iyirmi üç il sonra “Koroğlu” filmi ekranlarda göründü. Kino sənətinin imkanları daha geniş olduğundan bu dəfə xalq qəhrəmanı daha çox tamaşaçı ilə „görüşdü”. Ancaq istedadlı kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı film birmənalı qarşılanmadı. Mütəxəssislər belə fikir irəli sürürdülər ki, filmdə Koroğlu, onun mübarizəsi siyasi təbliğatla birləşdiyi üçün qəhrəmanlıq dastanının məğzi və məramı təhrif edilib. Kinoşünas Aydın Dadaşov yazırdı: “Hüseyn Seyidzadənin quruluş verdiyi „Koroğlu” filminin (ssenari müəllifi Sabit Rəhman, 1960) ədəbi əsasını Məmmədhüseyn Təhmasibin tərtib etdiyi dastanın ana qolu təşkil etsə də, eposun minilliklərin yaddaşından gələn mifoloji qaynaqları sosrealizmə tabe etdirilir”. Daha sonra kinoşünas göstərirdi ki, “Koroğlu” filmi dövrün tələbinə tam uyğun gəlirdi: „Bu gün həmin tələblər yoxdur, amma film qalır. Etiraf edək ki, nə qədər sevimli qəhrəman olsa da, “Koroğlu” seyrçini cəlb etməyən film kimi yaddaşa hopub. İlk baxışda bunun „günahı” baş rolun ifaçısı, aktyor Əfrasiyab Məmmədovda görünür. Həqiqətən də, aktyor ilə obraz arasında nisbi zahiri oxşarlıq var, lakin aktyor Koroğlu kimi sevimli qəhrəmanı kino qəhrəmanı kimi sevdirə bilmədi”.
Münasibət birmənalı olmasa da, bu həqiqət dəyişməzdir ki, “Koroğlu” filmi Azərbaycan milli kino sənətinin bir səhifəsidir. Ekran əsəri yaradıcı kollektivin böyük əməyinin bəhrəsidir.
 
 

Mənbə: Zöhrə FƏRƏCOVA,
Müəllif: azerbaijan-news.az
 

0 şərh