Cümlənin üzvləri

Dilin ən böyük vahidi olaraq cümlə də müəyyən hissələrdən -üzvlərdən ibarətdir. Cümlə üzvü dedikdə nə nəzərdə tutulur? Cümlə mürəkkəb sintaktik-qrammatik və məntiqi semantik əlaqələrin məcmusu olduğu üçün onun konstruktiv elementləri də bir-biri ilə əlaqədar olmalıdır. Cümlənin tərkibinə daxil olan bütün elementlər onun üzvü ola bilməz. Cümlə tərkibində çıxış edən dil elementlərindən yalnız elələri cümlə üzvü olur ki, onlar bu tərkibin hər hansı bir üzvü ilə qrammatik və məntiqi əlaqəyə girmiş olsun. Başqa sözlə, cümlə üzvlərindən heç olmazsa biri ilə sintaktik əlaqəyə girməyən bir vahid həmin cümlənin üzvü hesab edilmir. Məsələn, xitablar, ara sözlər, bağlayıcılar və s. cümlədə bu və ya digər qrammatik məna daşısa da, cümlə üzvü funksiyasını yerinə yetirmir. Cümlə üzvləri ilə uzlaşma idarə və yanaşma əlaqələrindən biri vasitəsilə birləşən hər hansı bir dil vahidi cümlə üzvü hesab edilir.

Cümlədə əsas amil predikativ minimum olduğu üçün cümlədə uzlaşan — mübtəda və xəbər baş üzv hesab edilir. Baş üzvləri izah edən və cümlənin mənasını dolğunlaşdıran üzvlər isə ikinci dərəcəli üzvlər hesab edilir. İkinci dərəcəli üzvlər üçdür: təyin, tamamlıq, zərflik.

Mübtəda. Mübtəda cümlənin baş üzvü olub heç bir üzvdən asılı deyil. Cümlənin xəbəri şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşır. Mübtəda həmişə adlıq halda olur. O, substantivləşə bilən bütün dil vahidləri ilə ifadə oluna bilər. Məsələn, Vətən hər şeydən şirindir.

Xəbər. Xəbər də cümlənin baş üzvü olub yalnız mübtədadan asılı olur və onunla uzlaşır. Xəbər də ismi və feli olaraq bütün dil elementləri ilə ifadə oluna bilər. Məsələn, Qurban başını aşağı saldı.

Tamamlıq. Cümlənin ikinci dərəcəli üzvü olan tamamlıq feli xəbər tərəfindən idarə olunur. Təsirlik halda idarə olunmuş tamamlıqlar vasitəsiz, yönlük, yerlik və çıxışlıq halda idarə olunmuş tamamlıqlar vasitəli adlanır. Məsələn,

  • Quranı atıb, çörəyi tutublar (vasitəsiz).
  • Zabitə deyin ki, özünə hörmət etsin (vasitəli).

Təyin. Təyin cümlədə yanaşma əlaqəsi ilə başqa üzvlərlə birləşir. O, feli xəbərə aid olduqda zərflik vəzifəsi daşıyır. Məsələn,

  • Yaxşı ana, fərsiz balasını da sevər (təyin).
  • Yaxşı danış, yaxşı otur, yaxşı dur! (zərflik).

Zərflik. Zərflik də cümlənin ikinci dərəcəli üzvü olub, xəbərdə ifadə edilən iş, hal və hərəkətin zamanını, yerini, tərzini, səbəbini, məqsədini, kəmiyyətini, keyfiyyətini və s. bildirir. Məsələn,

  1. Axşamdan xeyli keçmiş Safo kişi kahasına qayıtdı (zaman zərfliyi).
  2. Adam bəzən evdə otura bilmir (yer zərfliyi).
  3. Külək sürətlə əsir, yerdə nə varsa, hamısını bir yerə toplayıb göyə sovururdu (tərzi-hərəkət zərfliyi).
  4. Utandığımdan başımı yuxarı qaldıra bilmədim (səbəb zərfliyi).
  5. Qədir Qumrunu görmək üçün bütün gecəni yol getmişdi (məqsəd zərfliyi).
  6. Mən çox dedim, sən az eşitdin, indi özün bil (kəmiyyət zərfliyi).
  7. İclasda Qulamın yaxşıca dərsini verdilər (keyfiyyət zərfliyi).

 

Cümlə konstruksiyası hər bir dilin qrammatik quruluşunun məhsuludur. Bu və ya digər dildə yaxşı danışan adam həmin dilin qrammatik quruluşunu yaxşı mənimsədiyi üçün sadə cümlə quruluşunu üzvlərin mənasından asılı olmayaraq müəyyənləşdirə bilər. Bu vaxt cümlənin məntiqi ekspressivliyi nəzərə alınmır. Amma fikir ifadə etmədən qurulan cümlə də ünsiyyət -kommunikativ vasitə olmur.

Cümlə quruluşu abstrakt qrammatik konstruksiya kimi bizim şüurumuzda mövcud olur. Bu məsələni akad. L.V.Şerba vaxtilə öz tələbələrinə mənası olmayan bir «cümlə» ilə izah edirdi: «rnoKa« Ky3gpa mTƏKo öygnaHyna öokpa u y/p/'v: öoKpeHKa». Bu «cümlənin» tərkibinə daxil olan «sözlərin» heç birinin mənası yoxdur. Amma onu asanlıqla üzvlərinə görə təhlil etmək olar. Qlokaə — təyin, kuzdra -mübtəda və s. Fikrimizi sübut etmək üçün bu məsələdə bir az da dərinə gedə bilərik. L.V.Şerbanm «cümləsi» müxtəlif «sözlərdən» ibarət idisə, biz eyni «sözü» müxtəlif cümlə üzvü yerində işlədə bilərik. M., Sanaqa sanaqalı sanaqanı sanaqasızcasına sanaqaladı. Bu cümlədəki sanaqa sözünün heç bir mənası yoxdur. Amma cümləni asanlıqla təhlil etmək olar. Bu ona görədir ki, bizim hər bir üzv haqqında təsəvvürümüz var.

Cümlə üzvləri və nitq hissələri.
Cümlə dilin ən böyük vahididir. Dilin əsas qrammatik quruluşu cümlədə təzahür edir. Cümlə haqqında dilçilikdə çoxlu tədqiqat işləri aparılmışdır. Hər bir əsas söz məhz cümlə daxilində sintaktik mahiyyət alır. Cümlə üzvü məsələsi mütləq mənada olmasa da, nisbi cəhətdən nitq hissələri ilə əlaqələnir. Dünyanın əksər dillərində cümlə üzvü və nitq hissəsi problemindən bəhs edərkən onların qrammatik quruluşunu nəzərdə tutduqda sözlərin siniflərə bölünməsi asan olur. Cümlə üzvü funksiyasında bütün nitq hissələri çıxış edə bilmədiyi üçün söz qruplarını və onların təsnifi prinsiplərini nəzərə almaq lazımdır.

Cümlə üzvləri ilə nitq hissələri bir-biri ilə sıx əlaqədardır. Lakin eyni deyildir. Məlumdur ki, nitq hissələri üçün forma daha böyük əhəmiyyətə malikdir. Cümlə üzvləri üçün isə əsas cəhət mahiyyətdir.

 

Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.

 

0 şərh