Bəzi sait səslərin tələffüzü

Uzun tələffüz olunan sait səslər.
Dilimizdə [ı], [ü] saitlərindən başqa bütün saitlər uzun tələffüz olunur.Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər əsasən ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün müxtəlif hecalarında ola bilər. Məs:Akif, xiyaban[a:]; elan, memar [e:]; mədə,tərif [ə:]; möcüzə, mötərizə [ö:]; musiqi, rütubət [u:]; zinət, vəsiqə [i:]. Bu halda həmin sözlərin səs və hərf tərkibində heç bir fərq yaranmır. [o] və [ö] saitlərinin uzun tələffüz olunmasında müəyyən fərq var. Belə ki, v və n samitləri tələffüzdə ixtisar olunur və həmin səslər uzun tələffüz olunur. Məs:dovşan, dovğa, sonra [o:]; lövhə, bənövşə [ö:]. Bu cür uzun tələffüz olunan sözlər deyilişi və yazılışı fərqli sözlər adlanır

Yadda saxla!
Uzun tələffüz olunan hecalar vurğu qəbul etmir. Istisna: bəzi ,bəzən sonra, yəni sözlərində uzun tələffüz olunan səslərlə vurğulu heca eyni-birinci hecadır.
Milli sözlərimizdə uzun tələffüz olunan sözlər yoxdur. Istisna: dovğa
Uzun tələffüz olunan səslər sözün bütün hecalarında işlənə bilər.
İstisna olaraq ov, öv hərf birləşmələrində uzun tələffüz olunma baş vermir: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran və s.

Qoşasaitli səslərin yazılışı və tələffüzü

Dilimizdə mənşə etibarilə alınma sözlər var ki, həmin sözlərdə iki sait səs yanaşı gəlir. Bu cür sözlər qoşasaitli sözlər adlanır.Qoşasaitli sözlər iki qrupa bölünür: 1) eynicinsli sait qoşalığı 2) müxtəlifcinsli sait qoşalığı

Eynicinsli qoşasaitli səslər

Eynicinsli qoşasaitli sözlərdə saitlərdən hər ikisi bir yerdə uzun tələffüz olunur.Eyni sait qoşalığı sözün ortasında və sonunda işlənə bilər. Məs:təəccüb [tə:ccüb], təəssüf [tə:ssüf], əmtəə [əmtə:], bədii [bədi:] və s. Qoşa o saiti ilə işlənən bəzi sözlər vurğu qəbul etməyərək [a:] kimi tələffüz olunur. Məs:zoologiya [za:logiya], kooperasiya [ka:perasiya] və s.

Qeyd: Eynicinsli qoşasaitli sözlərin hamısı deyilişi və yazılışı fərqli sözlərdir.

Müxtəlifcinsli qoşasaitli səslər

Müxtəlifcinsli sait qoşalığında səsartımı,səsdüşümü hadisələri baş verir. Bəzi sözlərin isə deyilişində və yazılışında heç bir fərq baş vermir. Müxtəlifcinsli sait qoşalığı sözün əvvəlində, ortasında və sonunda işlənə bilər.

a) ai, iə, əi, io, ea, aü, ia hərf birləşmələrinin işləndiyi sözlərdə -y samiti artırılır. Məs:Səidə [Səyidə], iaşə [iyaşə], bioloq [biyaloq] və s. Bu cür sözlərdə səsartımı hadisəsi baş verir.

b) əa, üa, üə hərf birləşmələrinin işləndiyi sözlərdə isə birinci sait tələffüz olunmur, ikinci sait isə uzun tələffüz olunur. Məs: müəyyən [mə:yyən], müəllim [mə:llim], müasir [ma:sir] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş verir.

c) Qoşasaitli mürəkkəb sözlərdə də yanaşı gələn sait səslərdən birincisi tələffüzdə düşür. Məs: xalaoğlu [xaloğlu], dayıoğlu [dayoğlu], bacıoğlu [bacoğlu], əliaçıq [əlaçıx] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş versə də, uzun tələffüz olunan səs olmur.

d) Dilimizdə bəzi müxtəlifcinsli sait qoşalığı olan sözlər var ki, həmin sözlərdə tələfüz zamanı heç bir fərq yaranmır. Məs: aktual, memuar, qiraət, Laos, xaos, Seul, şüəra, bəraət, seans, mətbuat, sual, məcmuə, pauza, sauna, fauna, raund, şücaət, şüa, riayət və s.

Həmçinin bax: Fonetika

 

8 şərh

ayxansevda
Uzun tələffüz olunan saitlər vurğu qəbul etmir. Istisna: bəzi ,bəzən sonra, yəni sözlərində uzun tələffüz olunan səslərlə vurğulu heca eyni-birinci hecadır. bu sıraya -  yəni, bəli, lakin sözlərini də artırmaq olar
tenqo
Əgər mən səhv tələffüz etmirəmsə, madam sözü də bura aiddir. Bir də paho nidasını mən tələffüz edəndə ilk sait uzanır və vurğu ilk hecaya düşür.
luminat
Düzdür tamamilə. Ma'dam sözündə vurğu birinci hecaya düşür.
Xarici sözlərdə vurğu birinci hecaya düşən sözlər lap çoxdur.
tenqo
Düzü, vurğu ilə bağlı heç bir qaydanı oxuyub yadda saxlamamışam, çünki əlavə olaraq beyin yüklənir. Vurğunu ən yaxşısı duyumla hiss etməkdir. Mən sözü tələffüz edib müəyyənləşdirirəm ki, vurğu filan hecaya düşür. Daha qayda əzbərləmirəm ki, filan şəkilçci vurğu qəbul etmir, yaxud alınma sözlərdə adətən bu cürdür və yaxud hansısa digər qayda var. Vurğunu duymayanlar, əlbəttə ki, məcburdurlar bu qaydaları əzbərləməyə və düzü, bu cür əzbərçiliyin effekti zəif olur.
tenqo

Ümumiyyətlə, vurğu saitin üzərinə düşmür. Vurğu hecanın üzərinə düşür. Ona görə də xahiş edirəm məqalədə düzəliş edəsiniz, vacib amildir. Abituriyent dövrlərində hazırlıq zamanı qrupda hansısa şagird səhvən vurğu filan saitin üzərinə düşür deyəndə Ədalət müəllim (ən sevdiyim pedaqoqlardan biri) həmişə əsəbləşib həmin şagirdi danlayardı :)

ayxansevda
Bir çox kitablarda uzun tələffüz edilən saitlər vurğu qəbul etmir, yazılıb, indi deyirsiniz Ədalət müəllimin sözünü düşünürəm ki, doğurdan da o haqqlıdı, İndi gördünüz bu kitablarda nə qədər səhv var, daha doğrusu qeyri -dəqiqlik, Ədalət müəllimin iradını qəbul etsək burada yazılmalıdı ki, Uzun tələffüz edilən saitli hecalar vurğu qəbul etmir.
tenqo

Kitab müəlliflərininin səhvləridir bu. Çox kitablarda səhvlərə, boşluqlara rast gəlmək olar. Amma bu o demək deyil ki, onlar dedikləri düzdür və əsas qayda səhvdir. Vurğunun tərifində saitdən söhbət belə getmir. Sözdə bir hecanın digərlərinə nisbətən yüksək tonla deyilməsidir vurğu. Açıq-aydın heca sözü yazılıbsa, vurğunun hansısa saitin üzərinə düşməsini iddia edən istənilən şəxs səhvdir. Orta məktəbin azərbaycan dilini dəsrliyində normal və aydın tərzdə yazılıb. Digər kitablarda səhv yazılırsa, artıq müəllifin səhvidir bu.


Biri var qaydanın özündəki boşluq, biri də var qaydanı səhv anlayıb təhrif etmək.