Sonu samitlə bitən sözlər

Sonu qoşa samitlə bitən təkhecali sözlər
Dilimizdə bəzi təkhecalı sözlər var ki, sonu iki samitlə bitir.
Belə sozlər iki növə bölünür: 1.Eynicinsli qoşasamitli təkhecalı sözlər. 2.Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər.
Eynicinsli qoşasamitli təkhecalı sözlər əsasən ərəb mənşəli sözlərdir. Məs: haqq, sirr, sədd, fənn, xətt, hədd, zidd, həzz, həll, rədd, hiss, küll və s. Belə sözlərə samitlə başlayan şəkilçi qoşulduqda son samit düşür. Məs: hədsiz, haqlı, sirli və s.

Yadda saxla!
Mürəkkəb sözün tərkibində ikinci tərəfdə işlənən belə sözlərdə qoşa samitlərdən biri yazılır:rəsmxət, hüsnxət və .s
Mürəkkəb sözün tərkibində birinci tərəfdə işlənən belə sözlərdə şəkilçisiz qoşa samitlərin hər ikisi yazılır və mürəkkəb söz defislə yazılır. hədd-hüdud, haqq-hesab, hədd-buluğ və s.
Hiss və küll sözləri tək samitlə işləndikdə ayrı leksik məna ifadə edir.
His-balığı hisdə bişirdim.
Kül-Ocağın külünü təmizlə!

Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlər

Müxtəlifcinsli qoşasamitli təkhecalı sözlərdə iki fərqli xüsusiyyət yaranır:
1) Samitlərdən ən azından birinin cingiltili olduğu belə sözlərdə tələffüz zamanı samitlərin arasına sait səs artırılır. Məs:qəbz, qəsr, əmr, zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn, fəhm, sehr və s. Bu sözlərə samitlə başlayan şəkilçi artırıldıqda da səsartımı hadisəsi baş verir. Məs: zülmkar [zülümkar], fəhmli [fəhimli] və s.
2) Sonu iki kar samitlə bitən sözlərə samitlə başlayan şəkilçi qoşulduqda ikincisi tələffüz olunmur. Məs: dostluq [doslux], neftçi [nefçi] və s.

İkinci variantda verilmiş qayda çoxhecalı sözlərə də aiddir. Məs:sərbəstlik [sərbəsdix`], xoşbəxtlik [xoşbəxdix`] və s. Ümumiyyətlə, st, ft, şt hərf birləşmələri ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi gələrsə, ikinci samit düşür.
Bəzi sözlər var ki, onların tələffüzü təkhecalı qoşasamitli sözlər kimi tələffüz olunsa da, yazılışında onlardan fərqlənir. Həmin sözlər bunlardır: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, cisim, nəsil, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, şeir, əsil və s.

Sonu “q” ilə bitən sözlər

Dilimizdə son səsi [x] və ya [ğ] kimi tələffüz olunan çoxhecalı sözlər q ilə yazılır. Söz şəkilçisiz tələffüz olunduqda q-x əvəzlənməsi baş verir. Məs: uşaq [uşax], qonaq [qonax] və s. Bu cür sözlərə saitlə başlayan şəkilçi artırıldıqda q-ğ əvəzlənməsi baş verir. Bu təkcə tələffüzdə deyil, yazılışda da belədir. Məs: uşağa, qonağın və s. Bu tipli sözlərin hamısı milli sözlərdir.
Sonu q ilə yazılıb [k`] kimi tələffüz olunan sözlər ərəb mənşəli sözlərdir. Həmin sözlər bunlardır: müttəfiq, ittifaq, nifaq, istintaq, şəfəq, üfüq, hüquq, eşq, əxlaq, vərəq, aşiq, natiq, irq və s. Belə sözlərə saitlə başlayan şəkilçi artırıldıqda heç bir fərq yaranmır. Məs: müttəfiqimiz, aşiqi və s.
Qeyd: Sonu q ilə yazılan təkhecalı sözlərə də saitlə başlanan şəkilçi artırdıqda son samit dəyişmir: xalq-ım, irq-i və s.

Sonu “k” ilə bitən sözlər

Son səsi [x`] kimi tələffüz olunan çoxhecalı milli sözlər ke ilə yazılır.Bu cür sözlər şəkilçisiz k ilə yazılır. Məs:bilik [bilix`], külək [küləx`], ürək [ürəx`] və s. Belə sözlərə saitlərə başlanan şəkilçi artırılanda yazılışda k-y əvəzlənməsi baş verir. Məs: biliyi, küləyə, ürəyin və s.
Qeyd: Sonu k ilə bitən təkhecalı milli və çoxhecalı alınma sözlər saitlə başlanan şəkilçi qəbul etdikdə son samit dəyişmir. Məs: türk-ü, börk-ü, lək-in, idrak-i və s.
Həmçinin bax:
Samit səslər

 

0 şərh