Qız qalası neft emalı üçün qədim rektifikasiya qülləsidir

Azərbaycanın paytaxtı — Bakı şəhəri. İçəri şəhər adlanan tarixi mərkəzin şərq hissəsində mühəndis dühasının möcüzəsi və tarixin açılmamış sirri – Qız qalası yüksəlir.

Qız qalası Azərbaycan ərazisindəki ən qədim tarixi abidələrdən biridir. Onun tikilməsinin dəqiq tarixi, memarı, eləcə də təyinatı bu günədək sirr olaraq qalıb. 

Bir çoxları onun sirrini açmağa çalışıblar, müxtəlif fərziyyələr irəli sürüblər. Bəziləri məntiq və sağlam düşüncəyə əsaslanıb, digərləri texniki biliklərin olmamasından din və ezoterika istiqamətinə yönəliblər. 

Hazırda səsləndirilən fərziyyələr — rəsədxana, müdafiə qalası, siqnal qülləsi, dini məbəd, su quyusu və s. – ciddi tənqidə tab gətirmir və Qız qalasının memarlıq xüsusiyyətlərini izah etmirlər.
1960-cı illərin bərpasınadək Qız qalası mərtəbələr arasında arakəsmələr olmayan, hündürlüyü 28 metr, diametri 16-16.5 metr, divarların qalınlığı aşağı hissədə 5 metr, üst hissədə 4 metr olan tikili olub.
Birinci mərtəbənin diametri 6.25 metr, hündürlüyü 3 metrdən çox, sonuncu mərtəbənin diametri 7 metr, hündürlüyü 2.5 metrdir. 
Qalanın cənub-şərq divarının altında diametri 0.7 metr, dərinliyi 21 metr olan quyu var. Qala divarlarının içində diametri 30 sm, hər mərtəbədən girişi olan və üst mərtəbələrdən alt mərtəbəyə yönəlmiş saxsı boru var.
Qalanın içində onu 8 mərtəbəyə bölən, eni 80 sm-dək olan dairəvi çıxıntılar var idi. Qalanın dəniz istiqamətinə maililiyi var.
Qalaya bitişik «kontrfors» deyilən tikili və 2 nisbətən kiçik olan qüllə var. Qalanın girişi binanın 3-cü mərtəbəsi səviyyəsindədir. Qalanın çöl tərəfində taxta platforma olub. Qalanın ətrafında 10-dan çox müxtəlif dərinliyi olan quyular qazılıb.
Antik dövrün abidələrinin bir çoxunun texniki təyinatlı olmasını təxmin edirdim. Qız qalasının təyinatını müəyyən etmək məqsədilə tədqiqat keçirməyə, onun müasir analoqunu tapmağa çalışdım. Açıq mənbələrdəki məlumatlarla tanış oldum, Qız qalasına və ətrafdakı tikililərə baxış keçirdik, tarixçi və neft-kimya mütəxəssislərilə fikir mübadiləsi apardım.
Tədqiqat nəticəsində ortaya çıxan dəlillər Qız qalasının ilkin neft emalı üçün tikilmiş qədim rektifikasiya qülləsi olmasını iddia etməyə əsas verir.
Xüsusi qeyd etmək istəyirəm ki, söhbət krekinqdən yox, neftin ilkin emalı prosesinin primitiv həyata keçirilməsindən gedir.

* Çox komponentli mayenin yekcins məhlullara ayrılması prosesinə rektifikasiya deyilir. Bu proses komponentlərin eyni temperaturda müxtəlif uçuculuq qabiliyyətinə malik olmalarına əsaslanır. Rektifikasiya zamanı məhlul çox saylı buxarlanma nəticəsində onu təşkil edən komponentlərə ayrılır.
* Rektifikasiya qülləsi distillə və rektifikasiya, buxar və maye arasında istilik ötürmə proseslərində istifadə edilir. Rektifikasiya iş prinsipi müasir neft emalı qülləsində, neft-kimya, kimya, qaz və sair sənaye qurğularında istifadə edilir.
Öz fərziyyəmə əsaslanaraq Qız qalası ilə bağlı yaranan suallara hazırladığım cavabları sizə təqdim edirəm:
1. Nəyə görə 1-ci mərtəbənin girişi olmayıb? Qalanın hazırki girişinin altındakı quyuya çıxan dəlik nə üçündür? Quyudan niyə 1-ci mərtəbəyə çıxış var?

— Birinci mərtəbədə neftin fraksiyalara bölünməsi nəticəsində mazut yığılıb və qalanın yanındakı quyuya axıdılıb. Qalanın daxilinə qaynar buxar birinci mərtəbədən daxil olub. Rektifikasiya prosesində tam emal edilməyən artıq neft 1-ci mərtəbədəki dəlik vasitəsilə quyuya axıdılıb.

2. Arxeoloji qazıntılar zamanı qalanın birinci mərtəbəsinin yarıyadək daşlarla doldurulduğu məlum oldu. Bu nə üçündür?

— Həmin daşlar neftin bərabər səviyyədə qızdırılması üçündür.

3. Qız qalasına qaynar buxar haradan gəlib?

— Qalanın yanındakı “hamam” sayılan tikililər sobalar olub. Həmin “hamamın” quruluşu — su və kanalizasiya xəttlərinin olmaması, divarlarda diametri 100 mm olan saxsı boruların olması, hamamlarda rast gəlinən qalın his qatı bunun sübutu ola bilər. Həmin sobalar təbii qazla və mazutla işləyib. Balaxanı “qum hamamında” taplan daşlaşmış mazut parçası bunu sübut edir. 

 4. Hər mərtəbəyə çıxmaqla üst mərtəbədən alt mərtəbəyədək çəkilmiş saxsı boru nə üçündür?

— Bu boru mayenin artığını üst mərtəbələrdən alt mərtəbələrə ötürmək üçündür.

 5. “Su quyusu” deyilən quyunun 12 metr dərinlikdən başlayaraq 3-cü mərtəbəyədək qalxması nə üçündür?

— Əslində bu su quyusu deyil, nefti qalanın içinə çıxarmaq üçündür, müasir rektifikasiya qülləsindəki kimi, Qız qalasında da neft qalanın orta hissəsinə verilib.

6. Diametri 70 sm, dərinliyi 21 metr olan quyudan neft çıxarmaq olarmı?

— 1848-ci ildə Bibi Heybət neft yatağnda qazılmış, dərinliyi 21 metr, diametri 60 sm olan quyudan neft çıxarılmışdır. Bu fakt onu göstərir ki, quyunun dərinliyi neft çıxarmaq üçün kifayət edirdi.

7. Neft 3-cü mərtəbə səviyyəsinə necə qalxırdı?

— Qədim neftçilər qazma qurğuları (bur) vasitəsilə quyular qazırdılar. Qazma vasitələrinin istifadə edilməsini quyuların divarlarındakı dairəvi izlər təsdiq edir. Təzyiq altında olan neft borularla 3-cü mərtəbəyədək qalxırdı.


8. Mərtəbələrin arasının açıq olması, eni 80 sm-ə çatan halqavari çıxıntıların olması, bu çıxıntılarda mayenin axıdılması üçün novalçaların olması nə üçündür?

— Müəyyən hərarətədək qızdırıldıqda neft fraksiyalara bölünür, ağır fraksiyalar alt mərtəbələrin, daha yüngül olanlar üst mərtəbələrin çıxıntılarında yığılır və qaladan xaric edilib. Eləcə də hər mərtəbədə saxsı novalça formalı “boşqabların” olması ehtimal edirəm.

60-cı illərin bərpasından qabaq qalanın daxili görünüşü

9. Niyə qala 8 mərtəbədən ibarətdir?

— Neftin ilkin emalı prosesində hər mərtəbədə bir fraksiya alınır — qudron, yağ, qazoyl, dizel, kerosin, liqroin, benzin, qaz.


10. “Kontrfors” deyilən tikili və qalanın yanındakı 2 qülləsi olan divar nə üçündür?

— «Kontrfors» soyuducu funksiyasını yerinə yetirib. Soyudulmuş məhsul Qalanın yanındakı 2 qapalı qülləyə doldurulub. «Kontrfors»un və 2 qülləsi olan divarın yanındakı yeraltı kommunikasiyalar həmin tikililərin içində boşluqların olmasını etimal edir. 

11. Nə üçün qalanın və «kontrforsun» üst hissəsi qabırğalı formada, hörgü isə sıx olmayan şəkildə inşa edilib?

— Sıx olmayan hörgü, forma və kontrforsun istiqaməti təbii soyumaya xidmət edir. Bakı üçün tipik olan küləklər – xəzri və gilavar – şərq istiqamətinə yönəlmiş kontrforsun səthini soyudur.


12. Qalanın “kontrfors” istiqamətinə maililiyi nə ilə izah edilir? 

— Dairəvi çıxıntılarda yaranmış fraksiyanı qalanın xaricinə yönəltmək üçün binaya maililik verilib.

13. Nəyə görə qalanın qapısı 4-cü mərtəbə səviyyəsində yerləşir? Qalanın çöl tərəfində qurulmuş taxta platforma nə üçün istifadə edilib?

— Qapı və platforma — qalanın içində təmir işləri aparmaq və borulara xidmət etmək üçündür. Qalanın fasadında aşkar edilmiş və bərpa vaxtı götürülmüş tunc halqalar fasadda boruların olmasını ehtimal etməyə əsas verir.

14. Günəşin çıxmasına və hərəkət istiqamətinə yönəlmiş dar pəncərələr nə üçündür? 

— Pəncərələrin yerləşməsi gün çıxandan zenitə qalxanadək qalanın içini maksimum işıqlandırmağa imkan verir. Gün batan vaxtı qalanın içi sonradan “memarın” adı olan lövhə yerləşdirilmiş pəncərə vasitəsilə işıqlanırdı. Eyni zamanda pəncərələr daxili baxış üçün istifadə edilib.



15. Qalanın divarlarının eninin 5 metr olması necə izah edilir? 

— Neft ayırma — partlayış təhlükəsi olan prosesdir, ona görə bu məcburi ehtiyat tədbiridir. 

16. Qalanın daxili diametrinin 6 metr olması nə ilə əlaqədardır?

— Müasir sənaye rektifikasiya qüllələrinin diametri 6 metrə çatır.

17. Qalanın içindən pilləkənlərə çıxışın olması qalanın germetikliyini pozur, bunun qarşısı necə alınıb?

— Qalanı tədqiq edən zaman hər mərtəbədə girişin sağ və sol tərəflərində divarda boşluqlar olduğunu müşahidə etdim. Həmin boşluqlar qapı hissəsini bağlamaq üçün hər hansı bir mexanizmin bərkidilməsinin izləri ola bilər. Qalanın orta hissəsindəki girişin sağında və solunda da boşluqlar var.



18. Həmin ərazidə çox sayda yeraltı kommunikasiyaların və quyuların olması necə izah edilə bilər?

— Qız qalasının ətrafında, Şirvanşahlar sarayının ərazisində bir-biri ilə yaxın məsafədə yerləşən quyuların su ilə yox, məhz neft ilə əlaqəsi olduğunu göstərir. Oxşar quyular Ukraynada yerləşən və neft mədəni olan Borislav şəhərində, Tustan deyilən tarixi tikintinin ərazisində də rast gəlir. Qədimdə həmin ərazidə hündürlüyü 25 metrə çatan və tez-tez yanğınlara səbəb olan qalanın olması bildirilir.



19. Qız qalasının, Şirvanşalar sarayının və digər qalaların ətrafında rast gəlinən ortasında dəlik olan dairəvi daşlar nə üçündür? 

— Bu daşlar quyulara kənar əşyaların düşməsinin qarşısını almaq və boruları istiqamətləndirmək üçün istifadə edilib. 


20. Niyə həmin ərazidə neftin izləri aşkar olunmayıb?

— İstər Qız qalasında, istər ətrafdakı tikililərin divarlarında neft məhsullarının yanması nəticəsində yaranan izləri gözlə görmək olar. Mərtəbələr arasında arakəsmələr 1960-cı illərin bərpası vaxtı tikildiyi üçün tavanda və döşəmədə iz ola bilməz. İzlər divarlarda olmalıdır, təəssüf ki, sonuncu bərpa işləri zamanı qalanın divarları daxildən təxminən 10 sm-dək aşılanıb və ağardılıb. Bərpaçıların işləməkdə çətinlik çəkdikləri yerlərdə — pilləkənlərin altında, divarlardakı boşluqlarda neft izləri aydın müşahidə edilir. Qala divarlarının çöl səthindədə, misal üçün — girişdən sağ tərəfdə, neft izləri aydın görünür.

Açıq ərazidə neftin yüngül fraksiyaları sürətlə buxarlanır, ağır fraksilar isə toza dönüb torpağa qarışır. 

Sonuncu bərpadan qabaq qala divarlarının çöl səthində neft izləri aydın müşahidə edilirdi

Qalada və ətrafdakı tikililərin divarlarında neft izləri

21. Niyə qala “Qız qalası” adlanır?

— “Qız” və “qala” sözlərinin Azərbaycan dilində başqa mənasıda var – “qızdırmaq” və “qalamaq” sözləri məhz qızdırılma prosesi ilə bağlı ola bilər. Ləzgi dilində qala “Kvız kele” adlanır və “Yanan qüllə” kimi tərcümə edilir. Qız qalasının ikinci adı «Hunzar qalası» isə «Tanrının qalası» kimi tərcümə edilir.

22. Nə üçün Qız qalası rəngi ilə digər tikililərdən seçilir?

— Bəzi mənbələrdə qalanın boz mişar daşından tikildiyi qeyd edilir. Bu səhv fikirdir. Qalanın divarlarına gedən proseslər nəticəsində his hopub. 

23. Qədim dövrdə neft və dizel nə üçün lazım idi?

— Konkret misal göstərim – “yunan alovu” deyilən, texnologiyası sirr olaraq saxlanılan, müharibələrdə geniş istifadə edilən və yüksək dəyər verilən yandırıcı maddə. Bu maddənin sirrini hələ də tapa bilmirlər. Ona görə tapa bilmirlər ki, qədimdə neft emalının mümkün olmadığını hesab edirlər, neftin və dizelin olmasını ağıllarına belə gətirmirlər. Müasir yandırıcı maddələrin əsas komponenti məhz neft və dizeldir. «Yunan alovunun» sirri tərkibindəki əsas maddənin məhz benzin və dizel olmasıdır.

 

24. Qədimdə neft emalı kimi çətin texnoloji prosesin həyata keçirilməsi nə dərəcədə realdır?

— Distillə prosesi hələ qədim Misirdə yağların alınması üçün istifadə edilib. Aristotel öz “Meteorologiya” əsərində bu prosesi təsvir etmişdir. 

Antik dövrdə bir çox ixtiralar olub –su və kanalizasiya sistemi, şüşə paketlər, faner, beton, Kolizey, Panteon, Kornalvo bəndi kimi nəhəng tikililər inşa edilib. Metal emalı heç də neft emalı texnologiyasından asan olmayıb. Bütün bunlar cəmiyyətdə bilik səviyyəsinin yüksək olmasını və neft emalının mümkün olmasını göstərir.

XII-XIII əsrlərdə yaşamış alim Məhəmməd ibn Nəcib Bakran Abşeronda qara neftin ağ neftə çevrilməsi barədə yazırdı. Bu isə həmin dövrlərdə neftin emalının mümkün olmasını göstərir.

1960-cı ildə btitaniyalı kimyaçı və elm tarixçisi, bir çox elmi kitabların və məqalələrin müəllifi, London kimya cəmiyyətinin üzvü Ceyms Riddiq Partinqton özünün “Yunan alovunun və barıtın tarixi” əsərində yunan alovunun tərkibinin neftin yüngül fraksiyalarından, kükürd və digər maddələrdən ibarət olması barədə fikir irəli sürmüşdür. Peşəkar səviyyəsi şübhə doğurmayan kimyaçı alim qədimdə neftin emalı prosesinin mümkünlüyünü qəbul edirdi. 

Rəssam Yan van der Streyt, 16-cı əsr
25. Azərbaycanda və digər ölkələrdə bu tikililərin analoqları varmı?

— Azərbaycanda Abşerondan kənarda yalnız Xızı və Ağsu rayonlarında oxşar tikililər var. Digər ölkələrdə Tripoli şəhərinin tarixi mərkəzi (Livan), Dərbənddəki Narın qala (Rusiya), Türkiyənin Şanlıurfa, İranın İsfahan şəhərindəki bəzi tarixi abidələr, İçan-Qala (Xivə, Özbəkistan) Abşerondakı tarixi tikililərin analoqu sayıla bilər. Həmin şəhərlərin bəzilərində bu gün də neftayırma zavodları işləyir.

26. Qız qalası yeraltı və yağış sularını toplanması üçün istifadə edilə bilərmi?

— Birmənalı olaraq – yox. Yeraltı suların toplanması üçün quyu qazmaq kifayət edir, qala tikməyə lüzum yoxdur. Qalanın içində arakəsmələr inşa ediləndən sonra quyunun quruması yeraltı suların kifayət etməməsini göstərir. Yağış sularının toplanması üçün qala tikmək yox, hovuz qazmaq daha məntiqli olardı. Eyni zamanda Qalanın daxili konstruksiyası bu məqsəd üçün tikilmədiyini göstərir.

27. Qız qalasının altında neft varmı?

— Bildiyim qədər, şəhərin tarixi mərkəzində bu məqsədlə araşdırmalar aparılmayıb. Qız qalasından 2 km aralıda 200 ildən çox müddətdir neft çıxarılan Bibi Heybət neft-qaz yatağının qazma avadanlığı bu gün də neft çıxarır. Hesab edirəm ki, inşa edilən dövrdə Qız qalası Bibi Heybət neft yatağının konturları daxilində olub. Hazırda Qız qalasının altındakı quyuda neftin olmaması yataqların tükənməsi və yatağın konturlarının mərkəzə doğru daralması ilə bağlıdır. Neft yataqları çox vaxt yüksəkliklərlə əlaqəli olur. İçəri şəhərin yüksəklikdə yerləşməsi həmin ərazidə neftin olmasını göstərir. 

28. Abşeronda neftçıxarma və emalla bağlı bu qədər tarixi tikintinin olması böyük həcmdə istehsalın olmasını göstərir. Bu istehsalın həcmi nə qədər ola bilər?

— Tanınmış səyyah, coğrafiyaşünas Əbdürrəşid əl-Bakuvi yazırdı ki, hər gün Bakıdan neftlə yüklənmiş 200 dəvədən ibarət karvan yola düşür. Hər dəvə 300 kq neft daşıyırdı. Bu isə gün ərzində 60 ton neft deməkdir.

29. Hidratların yaranmasının qarşısını almaq üçün emaldan qabaq neft səmt qazından ayrılır. Qədimdə bu problem necə həll edilib?

— Müasir neft emalının problemlərindən biri neftin nəql edilməsi vaxtı yaranan hidratlardır. Bu problemi həll etmək üçün hazırda səmt qazı emaldan qabaq neftdən ayrılır.
Qısa məsafə və yüksək hərarət nefti çıxarıldığı kimi, səmt qazlarından ayırmamış emal etməyə imkan verirdi. 

30. Yanğınların qarşısını necə alırdılar?

— Yanğın təhlükəsizliyi iki şəkildə təmin edilirdi – sobalar torpağa basdırılırdı, qayalar üzərində olan sobaları torpağa basdırmaq mümkün olmayanda isə qüllə ilə soba arasında divarlar tikilirdi. Torpağa basdırılımış sobalar hazırda “qum hamamları” kimi tanınır. Torpaq üzərində tikilmiş sobalar hazırda məscid kimi fəalliyət göstərirlər. Misal kimi Ramana və Mərdəkan qalalarının yanındakı məscidləri göstərə bilərəm.


Ramana qalası
Ramana qalasının yanında qayanın içindən çıxan neft nasosunun ştanqı

Beləliklə, yuxarıda qeyd edilən dəlilləri cəmləyərək prosesin necə getdiyini təsvir etmək istəyirəm:

Neft qalanın 3-cü mərtəbəsinə qalxır və oradan alt mərtəbələrə axır. “Hamam” deyilən sobalardan qalanın birinci mərtəbəsinə buxar daxil olur. Maye buxarla qarışaraq qızır, buxarlanır və hər mərtəbədə saxsı novalçalarda (boşqablarda) yığılır. 

Bina maili olduğu üçün məhsul halqavari çıxıntılardakı çuxurlara yönəlir, «kontrfors» deyilən soyuducuda soyudularaq qalanın yanındakı çənlərə ixrac edilir. Birinci mərtəbədə yığılan ağır fraksiya (mazut) divardakı dəlik vasitəsilə qalanın yanındakı quyuya axıdılır. Qalanın üst hissəsində yığılan yüngül fraksiya – qaz havaya buraxılır.

Emal həcminin nisbətən az olması, neftin bol və üzdə olması rektifikasiya qülləsini birbaşa quyunun üzərində tikməyə imkan verirdi. 

Hazırda Qız qalasının təyinatı ilə bağlı iki əsas fərziyyə var. Birinci fərziyyədə iddia edilir ki, Qız qalası dini məbəddir. Belə fərziyyələr tədqiqatçının texniki cəhətdən hazırlıqsız olmasını göstərir. Tarixin müəyyən dövlərində qala müəyyən məqsədlər üçün istifadə edilib, lakin ilkin tikinti məqsədi məbəd olmayıb.

İkinci fərziyyə iddia edir ki, qala yağış və yeraltı suların toplanması üçün istifadə edilib. Qalanın konstruksiyası bu məqsəd üçün uyğun deyil. Bu fərziyyəni irəli sürən tədqiqatçılar qalanın maye ilə əlaqəli olduğunu anlayırlar, lakin onlara bu mayenin su yox, neft olmasına – tarix barədə olan şablon düşüncələri, primitiv neft emalı prosesini müasir neftayırma zavodlarında gedən proseslərlə müqayisə etməkləri mane olur. 

Öz fərziyyəmin təsdiqini və ya təkzibini tapmaq üçün mən neft və kimya mühəndislərinin rəyi ilə maraqlandım. 

Neft və kimya mühəndisləri qalada distillə və neft ayırma prosesinin aparılmasını mümkün hesab edirlər. 

Ümumiyyətlə, bu fərziyəni təsdiq və ya təkzib etmək asandır – qalanın modelini hazırlayıb emal prosesini həyata keçirmək kifayət edəcək.

Bu məqalə dərc ediləndən sonra gözəl əfsanələr sevən insanlar fərziyyənin praqmatik olmasından məyusluq hissi keçirdilər. Onlara Prometey qalası barədə yeni əfsanə təklif edə bilərəm. 

Bu əfsanəni Prometeyin skif kralı olması, Abşeron yarımadasının skif padşahlığına daxil olması, Prometeyə Qafqaz dağlarında cəza verilməsi ilə əsaslandıra bilərsiniz. Bakının qədim adı Atəşi-Baquan — Alov tanrısının şəhəri kimi, Qız qalasının ikinci adı «Hunzar qalası» isə «Tanrının qalası» kimi tərcümə edilə bilər. Qədim Bakının memarlığının yunan üslubuna uyğun olmasınıda bu əfsanə ilə izah edə bilərsiniz. 

Neftdən alınan məhsulların işıqlandırmada, müharibələrdə, tikintidə və mumiyalaşdırma prosesində geniş istifadəsi — neftayırma prosesinin qədim dövrdən mümkünlüyünü göstərir.

Abşeron yarımadasında çox sayda oxşar tikililərin — içi boş dairəvi və dördbucaq qalalar (rektifikasiya qüllələri), «yeraltı hamamlar» (sobalar), ovdanlar (neft quyuları) və s. — olması qədim dövrdən bu ərazidə geniş miqyasda neftin çıxarılmasını və emal edilməsini göstərir.





Tarixçi memar Davud Axundovun restavrasiyası

Tikinti, saysız-hesabsız müharibələr, işıqlandırma, istilik, istehsal – bütün bunlar neft məhsullarına tələbat yaradırdı. Bu tələbatı qarşılamaq üçün imperiyalar müharibələr aparır, neft yataqları olan əraziləri – Abşeron yarımadasını, Mesopotamiyanı, Afrikanın şimalını, Aralıq dənizinin şərq sahillərini tutmağa çalışırdılar.

Cavab verilməyən müəyyən suallar qalır. Keçirilmiş bərpalara, dağıntılara, araşdırmaların az olmasına görə həmin suallara cavab vermək çətindir. 

Hesab edirəm ki, bu istiqamətdə yeni tədqiqatların aparılması bu suallara aydınlıq gətirə bilər.

 

0 şərh