Qaralar üçün İsrail

XIX əsrdə amerikalılar Afrikada yoxdan bir ölkə yaratdılar. Məqsəd azad olunmuş qaradərili qulları əcdadlarının tarixi vətəninə qaytarmaq idi. Yeni dövlət keçmiş qullar üçün cənnət olmalıydı. Ona Liberiya (ing. “liberty”- “azadlıq”) adını verdilər. Amerikalıların ABŞ nümunəsində yaratdıqları ölkə, aparıcı demokratik dövlətin layiqli surətinə çevrilməliydi, amma nəsə düz getmədi.
1927-ci ildə kiçik Afrika ölkəsi Liberiyada prezident seçkiləri keçirildi. Hakim “əsl viqlər” partiyasından o vaxtkı dövlət başçısı mister Çarlz Kinq, müxalif Xalq partiyasından isə mister Tomas Folkner prezidentliyə namizəd göstərilmişdi. Seçkilər sakit keçdi və mister Kinq 243 min səs toplayaraq qalib gəldi. Amma cəmi 9 min səs toplamış mister Folkner məğlubiyyətlə barışmadı və mövcud hakimiyyəti saxtakarlıqda ittiham etdi. O, öz mövqeyini belə əsaslandırırdı: əgər respublikada qeydiyyatdan keçən seçicilərin ümumi sayı 15 mindirsə, hər iki namizədə 252 min insan necə səs verə bilərdi?
Liberiya qurulduğu gündən sabitlik və rahatlıq tapa bilmədi.
Liberiya gerbində kolonistlərin gəmisinin təsviri
Təbii ki, Çarlz Kinqi prezident vəzifəsindən uzaqlaşdırmaq mümkün olmadı, amma Liberiyada seçkidə iştirakın 1660% olması ilə bağlı gülünc hadisə barədə hətta Avropa qəzetləri də yazdı. Liberiyanın prezidenti olduğu və onu dörd ildən bir yenidən seçmək lazım gəldiyi bir çox oxucular üçün yenilik olmuşdu.
Əslində, səsvermədə istirak məsələsindəki rüsvayçılığın çox sadə bir izahı vardı: Kinq saxtalaşdırma prosesini azacıq demokratikləşdirmək qərarına gəlmişdi. Adətən, seçici siyahılarına yalnız amerikalı-liberiyalılar – dövlətin qurucularının xələfləri daxil edilirdilər. Prezident isə qəflətən xatırlamışdı ki, formal olaraq ölkədə hər kəsin səsvermə hüququ var və öz tərəfdarlarına yerli əhalini – kpelle, bassa və kru tayfalarının nümayəndələrini də əlavə etmişdi. Amma Liberiyada əhalinin siyahıya alınması aparılmadığına görə, aborigenləri seçici siyahısına daxil etmək texniki baxımdan mümkün deyildi.

Səsvermənin yekun nəticələrində çıxan əcaib rəqəmlərin səbəbi bu idi.
İlk baxışda, indi Liberiya Qərbi Afrikadakı qonşularından- Qvineya-Bisau, Syerra-Leone, Kot-d’İvuar və digərlərindən heç nə ilə fərqlənmir. Ölkələrin tarixləri bir-birinə oxşayır – onların hamısı Britaniya, Fransa, Portuqaliya müstəmləkələrinin sərhədində yaranıblar, 1950-70-ci illərdə isə bir-birinin ardınca müstəqillik qazanıblar. Avropalılar hakimiyyəti yerli hökumətlərə verərək onların ərazilərini tərk ediblər.
Amma Liberiya onlardan düz yüz il əvvəl – 1847-ci ildə müstəqillik qazanmışdı. Baxmayaraq ki, ölkənin yaranmasında əsas rolu ABŞ oynamışdı, Liberiya heç vaxt Amerikanın müstəmləkəsi olmamışdı.
Bu dövləti yerli sakinlər yox, cənub ştatlarından öz “tarixi vətənlərinə” – Qvineya körfəzinin sahillərinə qayıdan keçmiş qullar yaratmışdılar.
XIX əsrin sonu – XX əsrin əvvəllərində avropalılar, daha doğrusu, belə bir ölkənin mövcudluğundan xəbəri olanlar Liberiyaya bir az romantik yanaşırdılar. Nikolay Qumilyev (hərçənd o, Afrikaya səfərləri zamanı o yerlərə gedib çatmamışdı) bu yanaşmanı “Liberiya” şeirində belə ifadə etmişdi:

XVII əsrdə bura Amerikadan gəmilər
Sadəcə qara ağaclar, qullar aparmağa
Gəlirdilər
XIX əsrdə fələyin çərxi bura yenə
Bir yığın sürətli gəmi göndərdi
Bu dəfə onlar qulları yox, azad insanlar gətirirdi..

Avropalıların diqqətini çəkən təkcə azad olunmuş, uzun illərdən sonra əcdadlarının vətəninə qayıdan qullar haqqında əhvalat deyildi, onlar həm də “Qara Respublika” ideyasının özünü bəyənmişdilər.
XX əsrin əvvəllərində Afrikada Liberiyadan başqa daha bir müstəqil dövlət vardı – Efiopiya. Amma avropalı müşahidəçi üçün bu qədim, ənənəvi monarxiya daha “aydın” idi. Liberiya isə formal olaraq qərb (Şimali Amerika) standartlarına uyğun qurulmuş dövlət təsiri bağışlayırdı: ölkədə prezident, hökumət, siyasi partiyalar və s. mövcud idi.
“Cənnət torpaq”la bağlı hekayə birmənalı deyil – ən azı, ona görə ki, Liberiyanın meydana çıxmasında ağlar bilavasitə iştirak etmişdilər və onların əksəriyyəti qara respublika yaratmağı ABŞ-da quldarlıq sisteminin qorunmasının təminatı hesab edirdi.
Liberiya gerbində kolonistlərin gəmisinin təsviri2az`1
Niyə belə olmuşdu?
Qaradərili əhalini ABŞ-dakı deqradasiyadan xilas etmək
1820-ci ildə ABŞ-da 1,771 milyon qaradərili yaşayırdı və onların cəmi 233 mini azad insan idi.
Bəziləri buna müstəqillik uğrunda müharibənin gedişatında, inqilabi ordunun sıralarında vuruşaraq nail olmuşdular. Digərləri azadlığını lazımi məbləği ödəyərək qazanmışdılar; üçüncüləri abolisionist (quldarlıq əleyhinə) baxışları dəstəkləyən sahibləri azadlığa buraxmışdı.
“Azad zəncilər” azlıq təşkil edirdilər, xüsusən də cənub ştatlarında. Onlar seçici hüquqlarından məhrum idilər, dövlət vəzifəsi tuta və məhkəmədə ağlara qarşı şahidlik edə bilməzdilər. Lakin bu kateqoriyaya daxil olan insanların mövcudluğu faktının özü cənublu quldarları əsəbiləşdirirdi – xüsusən də, nəzərə alsaq ki, azad zəncilər tez-tez abolisionist hərakatlarda iştirak edirdilər.
Çoxları bu problemin həllini iğtişaşçıları Afrikaya deportasiya etməkdə görürdülər. Bu ideyanı vaxtilə Tomas Cefferson irəli sürmüşdü, onu həyata keçirmək isə 1816-cı ildə Vaşinqtonda yaradılmış Amerika Müstəmləkələşdirmə Cəmiyyətinin (AMC) boynuna düşmüşdü.
AMC, presviterian keşiş Robert Finli tərəfindən təsis olunmuşdu. Cəmiyyət, Afrikada keçmiş qullar vasitəsilə xristianlığı yaymaq arzusu ilə alışıb-yanan missionerlərdən ibarət idi. ABŞ dövlət xadimləri, o cümlədən prezident Ceyms Medison AMC-nin bu təşəbbüsünü dəstəkləyirdi. Təşəbbüsün əsas hədəfi aşağıdakı şəkildə ifadə olunurdu: Qaradərili əhalini Birləşmiş Ştatlarda gedən deqradasiyadan xilas etmək, <…> tabeçiliyində insan məxluqları saxlamaq istəməyən quldarlara, azad etdikləri qulları göndərə biləcəkləri bir sığınacaq vermək”.
Ancaq bu yolu seçən təkcə amerikalılar deyildi. ABŞ-ın müstəqilliyi uğrunda müharibədə ingilis kralının tərəfində vuruşan qaradərililər digər loyalistlərlə bərabər Kanadaya mühacirət etmişdilər. Orda onlarla yerli sakinlər arasında irqçilik zəminində münaqişələr baş vermişdi. Nəticədə Britaniya ordusunun yüzlərlə qaradərili veteranı və onların ailə üzvləri Afrikada məskən salmaq qərarına gəlmişdilər. 1792-ci ildə elə həmin Qvineya sahilində, quldarların keçmiş faktoriyasının yerində Syerra-Leonenin gələcək paytaxtı Fritaun meydana çıxmışdı.
Sözügedən məskənin əsasını qoyanlardan biri də ABŞ-ın ilk prezidentinin keçmiş mehtəri, köləlikdən qaçmış və royalistlərin tərəfində vuruşmuş Harri Vaşinqton olub.
1807-ci ildə britaniyalılar qul ticarətini qadağan elədilər. İngilislər “canlı mal”ın satışı ilə məşğul olanlarla mübarizə aparmağa, onların əsirlərini azad etməyə başladılar. Adətən, Atlantikada üzən gəmilərdən xilas edilən əsirlər Fritauna gətirilirdi, orda onları Amerikadan gələn qaçqınlar qarşılayırdılar. ABŞ-da “azad qaradərililərin dövləti” ideyası fəal şəkildə müzakirə olunmağa başlayanda Fritaun artıq kifayət qədər böyük yaşayış məskəninə çevrilmişdi, amma hələ də Britaniyanın mülkiyyəti olaraq qalırdı. Təbii ki, Ştatlardan çıxan keçmiş qulları qara royalistlərin sığınacağına yollamaq qətiyyən mümkün deyildi.
AMC-nin təsisçiləri daha bir ciddi problemlə üzləşmişdilər: Afrikaya repatriasiya olunmaq fikri azad zəncilərin əksəriyyətində heç bir entuziazm yaratmırdı. Ümumiyyətlə, bu ideyanı ağdərili abolisionistlər də, qaradərili fəallar da mənfi qarşılaşmışdılar. Belə ki, 1820-ci illərdə böyük səs-küy doğurmuş “Amerika Birləşmiş Ştatlarında yaşayan qaradərili dünya vətəndaşlarına çağırış” məqaləsinin müəllifi, bostonlu jurnalist Devid Uoker, açıq-aşkar Cənubdakı zənciləri silahlı üsyana səsləsə də, hesab edirdi ki, silahlı üsyanın yekun nəticəsi məhz ABŞ-da bərabərlik qazanmaqdır.

Jurnalist, AMC-nin fəaliyyətinə də son dərəcə kəskin münasibət bildirmişdi: “İyirmi cüt eynək, dörd çətir və bir yeşik sabun”.
1820-ci ildə Fritauna cəmiyyətin üç ağdərili agenti və 40 müstəmləkəçi qaradərilidən ibarət bir qrup gəldi. Onlar yeni yaşayış məskəni üçün Fritaunun cənubunda yerləşən Şerboro adasını seçdilər. Ekspedisiya qarşısına qoyduğu məqsədi reallaşdırmaq üçün yaxşı hazırlaşmamışdı və müstəmləkə heç bir il belə mövcud ola bilmədi: mühacirlərin yarısı və AMC-nin bütün agentləri sarı qızdırmadan öldülər.
Amma ilk aylar yeni “dövlətin” əhalisi 200 nəfəri keçmirdi. Əgər AMC-nin agenti İequda Aşmunun aktiv fəaliyyəti olmasaydı, yəqin ki, onlar da Şerborodakı insanların taleyini yaşayardılar. Həqiqətən, İ.Aşmunu Liberiya dövlətinin atası adlandırmaq mümkündür. O, Mesuradoya köçkünlərin yeni partiyasını gətirmişdi və dərhal geri qayıtmalıydı.
Ancaq köçkünlərin ürəkağrıdan vəziyyətdə olduğunu gördü: sarı qızdırma insanları məhv edirdi, gec də olsa, amerikalıların “torpaqların satışı” deyəndə nəyi nəzərdə tutduqlarını anlayan yerli tayfa başçıları isə təzəgələnləri dənizə tökməyi planlayırdılar.
Beləcə, Aşmun adada qalmaq və müqavimət hərəkatına rəhbərlik etməyə məcbur olur. Üstəlik o özü də xəstələnmişdi.
Müstəmləkəçilərin dei, mamba və vai tayfaları ilə qısa çəkən müharibəsi 1822-ci il noyabrın 11-də Kroun-Hill yaxınlığındakı döyüşlə başa çatdı – bu tarix Liberiyada şükran günü kimi qeyd olunur. Aborigenlər müstəmləkəçilərin yaxşı təşkil olunmuş dəstələri tərəfindən darmadağın edildilər və bundan sonra bir də heç kim yeni dövlətin varlığını mübahisələndirmədi.
Aşmun köçkünlərin qəbulu prosesini yoluna qoydu: ilk aylar ABŞ-dan gələn mühacirlər ərzaqla təmir edilir, iqlim dəyişikliyinin, sarı qızdırmanın öhdəsindən gələnlərə torpaq sahəsi və kənd təsərrüfatı ləvazimatları verilirdi. Koloniya, ABŞ-ın o vaxtkı prezidentinin şərəfinə Monroviya adlandırılmışdı. Sonralar satın alınmış torpaqlarda başqa koloniyalar da meydana çıxdı və onlar da mühacirləri qəbul etməyə başladı.
Mühacir axını elə də çox deyildi – Vətəndaş muharibəsinə qədər ABŞ-dan Liberiyaya 15 min, ümumən XIX əsr boyunca isə 22 mindən bir az çox qaradərili köçmüşdü. Mühacirlərin bir hissəsi (hərçənd az hissəsi) Vest-Hinddən gələn keçmiş qullardan ibarət idi.
Buna baxmayaraq, Liberiya koloniyaları həddindən artıq məşhurlaşmışdı – o cümlədən ilk mühacirlərin qul tacirləri ilə barışmaz mübarizəsi sayəsində.
İequda Aşmun Yeni İngiltərədə yaşayan puritan ailəsindən idi və dini səbəblərdən köləliyə son dərəcə mənfi baxırdı. 1820-ci illərdə canlı malı gəmilərə Monroviyanın lap yaxınlığında yükləyirdilər.
Mühacirlər Aşmunun rəhbərliyi altında qul tacirlərinə hücum edir, onların gəmilərini yandırır və əsirləri azad edirdilər. 1820-ci ildə konqres əsirlərin ABŞ-a daşınmasını yasaqlayandan sonra amerikan donanması qul tacirlərinin gəmilərini ələ keçirib Monroviyaya müşayiət etməyə başladı (eyni şəkildə ingilislər də gəmiləri Fritauna aparırdılar). Dənizdə azad edilən qaradərililər Liberiyada əhali sayını artırırdı. “Konqolezlər” adı ilə məşhur olan bu yeni qrup, cəmiyyətin iyerarxiyasında ABŞ-dan gələn mühacirlərdən bir pillə aşağıda dayanırdılar.
Aşmunun fəaliyyəti okeanın o tayında AMC idarə heyətinin narazılığına səbəb olmuşdu və heyət öz agentinə Afrikaya nədən ötrü göndərildiyini xatırlatmışdı – hərbi əməliyyatlar aparmaq üçün yox, mümkün qədər daha çox azad qaradərili ABŞ-dan köçsün deyə şərait yaratmaq üçün.
Eyni zamanda Liberiyanın özündə də Aşmuna qarşı müxalifət formalaşmışdı. 1820-ci ilin ortalarında qaradərili kolonistlər AMC-dən özünüidarə üçün icazə almağa nail oldular. Dörd koloniya: Monroviya, Bassa-Kov, Qrinvill və Merilend – Liberiya Birliyində birləşdi. 1847-ci ildə isə Birlik AMC-nin himayəsindən tamamilə azad oldu və respublikaya çevrildi.
Əlbəttə ki, yeni dövlətin quruluşunda ABŞ modeli örnək seçilmişdi. Respublikaya kifayət qədər geniş səlahiyyətlərə malik olan prezident rəhbərlik edirdi. Liberiyanın birinci prezidenti virginiyalı Cozef Roberts oldu.
Amerikadakı kimi, Liberiyada da prezidentin hakimiyyəti senatdan və nümayəndələr palatasından ibarət parlamentlə məhdudlaşırdı. Metropoliya ilə bənzərliyi milli bayraq da simvolizə etməliydi.

Rasizmsiz aparteid
“Niyə Liberiyada heç nə alınmadı?” sualı həddindən artıq maraqlıdır. XIX əsrin birinci yarısında Qərbi Afrikada müstəqil bir dövlət yarandı. O zamanlar onun ciddi rəqibləri yox idi: fransızlar Fil Dişi Sahilini təzə-təzə mənimsəməyə başlamışdılar, ingilislər Fritaunda və Qambiyada yenicə koloniyalar yaratmışdılar. Amma heç kim liberiyalı kolonistlərin torpaqlarına iddialı deyildi, Qərbi Afrikanın daxili bölgələri isə o vaxtlar terra incognita kimiydi. İlk baxışda, dövlətin genişlənməsi və inkişafı üçün heç bir maneə görünmürdü. Lakin müstəqil Liberiya XIX-XX əsrlər boyunca regionun, müstəmləkə asılılığında olan digər ərazilərini qabaqlamağı bacarmadı, ötən əsrin son onilliklərində isə tamamilə xaosa, hətta müasir Afrikanın yetərincə kədərli fonunda belə, amansızlığı ilə insanı dəhşətə salan vətəndaş müharibəsinə yuvarlandı.
Liberiyanın genişlənməsi, həqiqətən, problem deyildi: müstəqillik qazanılandan sonrakı ilk illərdə kolonistlərin ekspedisiyaları qitənin dərinliklərinə doğru irəliləyir, sahibsiz ərazilərin coğrafi təsvirini tərtib edir və onları Liberiyanın mülkiyyəti adlandırırdılar. Yerli əhali sadəcə fakt qarşısında qoyulmuşdu: artıq onlar Monroviya hökumətinə tabe idilər.
Məntiqlə, özləri köləliyin zənicirlərindən yenicə qurtulmuş gəlmələr, yerli əhali ilə münasibətləri yoluna qoymalı idilər. Əslində isə, artıq gördüyümüz kimi, satdıqları torpaqların qarşılığında aldıqları tüfənglərin, muncuqların miqdarından narazı qalan yerli tayfalarla toqquşmalar koloniyanın mövcudluğunun ilk aylarından başlamışdı.
Yerli xalqları yeni dövlətin vətəndaşları etmək Liberiyanın qurucularının ağlına da gəlməmişdi. Ölkə istisnasız olaraq Qərb yarımkürəsindən gələnlər üçün qurulurdu. Yerlilərə qarşı münasibət isə Britaniya, ya da Fransız müstəmləkələrində olduğu kimiydi: sivilləşdirməyə məcbur olduğumuz “ağılsız yerlilər”.
Amma “mədəniləşdirmə” prosesi o qədər də sürətlə getmirdi. Ölkənin ucqarlarında yaşayan tayfaların böyük hissəsi ictimai inkişafın əvvəlki pilləsində idi — sadəcə indi Monroviyaya xərac ödəyirdi. Üsyanlar silah gücünə yatırdılırdı, hakimiyyət “vəhşiləri” bir-birinə qırdırmağa çalışırdı. Sahilyanı tayfalar və konqolezlər “amerikan-liberiyalıların” başçılıq etdikləri iqtisadi sistemə daxil edilmişdilər. Maraqlıdır ki, XX əsrin əvvəllərində bura bərabərlik uğrunda mübarizənin yeni dalğasının vüsət aldığı ABŞ-dan qaradərili fəallar gəlməyə başlamışdılar. Bəzi siyasətçilər “qara respublikada” vəziyyətin necə olduğunu görmək, bəlkə də ondan nümunə götürmək istəyirdilər.
Amma onlar görürdülər ki, Liberiyanın vəziyyəti daha çox Amerikanın cənubundakı vəziyyəti xatırladır – sadəcə burda plantasiyaçıların rolunu ABŞ-dan gəlmə qara mühacirlər oynayırdı.
Liberiya hökuməti 1904-cü ildə formal olaraq yerli əhalinin də vətəndaşlıq hüquqları olduğunu qəbul etmişdi. Amma faktiki olaraq aborigenlər XX əsrin ikinci yarısına qədər seçkilərdə iştirak etməmiş və heç bir vacib dövlət vəsifəsində çalışmamışdılar.
“Azad respublikanın” mövcudluğunun ilk dövrlərində formalaşmağa başlayan amerikan-liberiyalılar elitası Afrikanın iqtisadi həyatında əhəmiyyətli rol oynayırdı. Hər şeydən əvvəl onlar tranzit ticarəti və gəmiqayırma sayəsində varlanırdılar, Monroviyada tərsanələr işləyirdi, qaradərili biznesmenlərin bir çoxu bizneslərini ABŞ-dan bura köçürmüşdü.
Tədricən, varlı liberiyalıların çevrəsində hökumət əleyhinə müxalifət formalaşırdı. Narazılıq doğuran məsələlərdən biri də o idi ki, “qara respublikanın” rəhbərliyini çətinliklə “qaradərili” adlandırmaq olardı – prezident Roberts mulat qadınla ağdərili kişinin oğlu idi. Bu mübarizə nəticəsində Afrikada ilk siyasi bloklar meydana çıxdı – respublikaçılar və “əsl viqlər” (o vaxtkı amerikan viqlər partiyasının analoqu).
1869-cu il noyabrın 17-də qitənin o biri ucunda Liberiya iqtisadiyyatı üçün fəlakətə çevrilən bir hadisə baş verdi: Süveyş kanalı açıldı və Afrika ətrafında dəniz yolları ilə ticarətin həcmi kəskin şəkildə azaldı.
Digər tərəfdən, buxarlı gəmilər erası başlayırdı və Liberiya tərsanələrində tikilən yelkənli gəmilər onlarla rəqabət apara bilmirdi. Bütün bunlar son dərəcə ağır iqtisadi və siyasi böhrana səbəb oldu.
1871-ci ildə Liberiyada Afrika tarixindəki ilk hərbi çevriliş oldu: “əsl viqli” prezident Edvard Roy devrildi, çox güman ki, hətta öldürüldü və artıq xeyli yaşlanmış “millət atası” Roberts hakimiyyətə qaytarıldı.
Amma liberiyalıların uzun sürən siyasi qarışıqlıq lüksü yox idi. İngilislər və fransızlar gözlərini respublikanın ərazilərinə dikmişdilər. Liberiya sərhədlər haqqında əlverişsiz müqavilə bağlamağa və torpaqlarının bir hissəsini müstəmləkəçi dövlətlərə verməyə məcbur qaldı. Bu vəziyyətdə ölkə daxilində gedən siyasi mübarizə sakitləşdi, 1870-ci ildə isə dominant siyasi gücə çevrilmiş viqlər bütün hakimiyyəti ələ keçirdilər.
Amerikan-liberiyalılar gəmiçilik işində avropalılarla rəqabət apara bilmədilər. Ölkə iqtisadiyyatında əsas rol plantasiya təsərrüfatının- hər şeydən əvvəl kauçuk istehsalının – ixtiyarına keçdi. Təbii ki, müstəmləkəçilərin özləri və xələfləri torpaqda işləmirdilər, bu işə yerli tayfaların nümayəndələri və digər Afrika ölkələrinin sakinləri cəlb olunurdu.
Artıq 1920-ci illərin ortalarında ölkədəki əmək şərtləri beynəlxalq səviyyədə, o cümlədən Millətlər Liqasında müzakirə edilirdi.
Bildirilirdi ki, Liberiya plantasiyalarında tətbiq olunan “uzunmüddətli muzdluluq sistemi” quldarlığı çox xatırladır.
Amerikan-liberiyalılar özlərini ölkənin qalan hissəsindən təcrid etmişdilər. Tacirlər və mülkədarlar cəmiyyəti Monroviyanın və bir neçə başqa şəhərin imtiyazlı məhəllələrində yaşayırdı. Ən vacib ictimai institutlar (əsl viqlər partiyası və presviterian kilsəsi) yalnız onların nəzarətində idi. Burda yaradılmış sistem faktiki olaraq CAR-dakı aparteidi xatırladırdı, sadəcə burda irqi ayrıseçkilik yox idi. Yerli əhaliyə yalnız XX əsrdə bürokratik aparatda və orduda ən aşağı vəzifələr verilməyə başlanmışdı.
Elə amerikan-liberiyalıların hakimiyyətinə də məhz belə ordu zabitlərindən biri son qoydu. 1980-ci ildə kran tayfasının nümayəndəsi olan serjant Samuel Dou “əsl viqlər” partiyasından olan sonuncu prezident Uilyam Tolberti devirdi və öldürdü.
Özünü general rütbəsi ilə mükafatlaтdıran Dou da Liberiyada 1990-cı illərdə başlayan vətəndaş müharibəsində həlak oldu.
Onda prezidentin qətlini göstərən kadrlar bütün dünyanı sarsıtmışdı: Belə ki, Dounu axtalamış, barmaqlarını kəsmiş və öz qulağını yeməyə məcbur etmişdilər.
Amma ölkədə törədilən vəhşiliklər bununla bitmədi və qəddarlıq Liberiya reallığında normal bir hala çevrildi. Növbəti on beş ildə ölkə vətəndaş müharibələrində Afrikanın digər dövlətlərindən daha çox insan itirdi.
Köhnə amerikan-liberiya siyasi sistemi tamamilə məhv edildi.
İlk qara respublikanın taleyi başqa cür ola bilərdimi? Məlum deyil. Çox güman ki, yerli əhalinin ehtiyaclarını nəzərə almadan azad olunmuş qullar üçün dövlət qurmaq ideyasının özü yanlış idi. XIX əsrin yerli siyasətçilərindən bir çoxu – məsələn, uzun müddət Liberiya XİN-ə başçılıq etmiş Edvard Blayden – başa düşürdülər ki, bu ölkə amerikalı qaradərililərdən daha çox aborigenlərə lazımdır və panafrika ideyalarını işə salmağa çalışırdılar.
Digər tərəfdən Liberiya keçən əsrin afro-amerikalı xadimlərini cəzb edirdi. Məsələn, rastafariliyin (dini təriqət) əsasını qoyan Markus Qarvi 1920-ci illərdə öz ardıcıllarının bir hissəsini bura köçürməyə çalışmışdı. Amma yerli hakimiyyətlə dil tapa bilməmişdi və ölkə “rastafari səltənəti”nə çevrilməmişdi. O, heç dekolonizasiya hərəkatının mərkəzi, ya da ABŞ-dan gələn bütün azad qaradərililərin sığınacağı da olmamışdı.
Bütün bunlara baxmayaraq, müstəqil Afrika dövləti olan Liberiya öz mövcudluğu faktı ilə XX əsrdə qitənin bütün tarixinə böyük təsir etmişdi.
 
 
 
Mənbə: azlogos.eu
 

0 şərh