ABŞ iqtisadiyyatı necə işləyir?

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri

Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər - Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.
Korporasiyalar istehsal edəcəkləri mallar və xidmətlər üçün lazım olan resursları əldə edə bilməkdən örtü maliyyə ehtiyatlarına malik olmalıdır. Onlar öz aksiyalarını (öz aktivlərindəki   səhm paylarını) və ya istiqraz vərəqələrini (uzunmüddətli pul borclarını) sığorta şirkətlərinə, banklara, pensiya fondlarına, ayrı-ayrı fərdlərə və digər investorlara satmaqla lazım olan kapitalın həcmini xeyli genişləndirirlər. Bəzi institutlar, xüsusilə də banklar korporasiyalara və ya digər müəssisələrə birbaşa pul borc verirlər. Federal və ştat hökumətləri bu maliyyə sisteminin təhlükəsizliyini və möhkəmliyini təmin etmək və investorların ətraflı məlumat əsasında qərar çıxara bilmələri üçün azad informasiya axınını gücləndirmək məqsədilə müfəssəl qanunlar və tənzimləmə sistemi işləyib hazırlamışlar.
Daxili məhsul artımı bir ildə istehsal olunan mal və xidmətlərin ümumi həcmi ilə ölçülür. ABŞ-da bu göstərici sürətlə artır: 1983-cü ildə 3,4 trilyon dollardan çox olan bu göstərici 1990-cı ildə təxminən 8,5 trilyon dollara qədər yüksəlmişdir. Bu rəqəmlər iqtisadiyyatın sağlamlıq dərəcəsini müəyyən etməyə imkan versə də, ölkə rifahının heç də bütün aspektlərini dəyərləndirmək üçün kifayət etmir. Daxili məhsul artımı iqtisadiyyatın istehsal etdiyi mal və xidmətlərin bazar dəyərini göstərir, ancaq o, xalqın yaşayış səviyyəsinin keyfiyyətini ölçmür. Məsələn, fərdi səadət və ya təhlükəsizlik, yaxud təmiz ətraf mühit və möhkəm sağlamlıq kimi bir çox vacib göstəricilər onun fəaliyyət dairəsindən kənarda qalır.

Qarışıq iqtisadiyyat: bazarın rolu

Deyildiyi kimi, ABŞ iqtisadiyyatı ona görə qarışıq iqtisadiyyatdır ki, həm özəl biznes, həm də dövlət onda mühüm rol oynayır. Həqiqətən də Amerikanın iqtisadi tarixində ən uzun sürən bəzi mübahisələr məhz ictimai və özəl sektorların müvafiq rolları ilə bağlı olmuşdur.
biznesmen-azad sahibkar
Amerikanın azad sahibkarlıq sistemi özəl biznes sahibkarlığına xüsusi önəm verir. Özəl biznes mal və xidmətlərin çoxunu istehsal edir və demək olar ki, ümummilli məhsul istehsalının üçdə ikisi ayrı-ayrı insanların fərdi istifadəsinə sərf olunur (qalan üçdə bir hissə isə dövlət və özəl biznes tərəfindən alınır). İstehlakçının rolu o qədər böyükdür ki, bəzən ölkə, faktiki olaraq, «istehlakçı iqtisadiyyat» ölkəsi kimi xarakterizə edilir.
Özəl sahibkarlığa bu qədər xüsusi önəm verilməsi qismən amerikalıların fərdi azadlığa olan inanclarından doğur. Ölkə yarandığı dövrdən amerikalılar hədsiz dövlət hakimiyyətindən çəkinmişlər və bu səbəbdən də dövlətin fərd üzərində hakimiyyətini, o cümlədən onun iqtisadi sahədə rolunu məhdudlaşdırmağa çalışmışlar. Bundan əlavə, əhali arasında belə bir inam hökm sürmüşdür ki, özəl sahibkarlığa əsaslanan iqtisadiyyat möhkəm dövlət sahibkarlığına əsaslanan iqtisadiyyatdan daha səmərəli fəaliyyət göstərə bilər.
Nə üçün? Amerikalılar inanırlar ki, iqtisadi qüvvələrin əl-qolu bağlı olmayanda mal və xidmətlərin qiymətini təklif və tələb müəyyənləşdirir. Qiymətlər isə, öz növbəsində, biznes sahələrinin nəyi istehsal etməli olduqlarını bildirir; əgər insanlar iqtisadiyyatın istehsal etdiyi məhsullara nisbətən xüsusi mallara daha çox maraq göstərirsə, onda malların qiyməti qalxır. Bu da yeni və digər şirkətlərin diqqətini cəlb edir və həmin malların istehsalına başlamaqla daha çox mənfəət qazanacaqlarını anlamalarına imkan yaradır. Digər tərəfdən, əgər insanlar istehsal olunmuş mallara daha az maraq göstərirlərsə, qiymətlər aşağı düşür və nəticədə rəqabətə davam gətirməyən malların istehsalı dayandırılır, yaxud fərqli məhsulların istehsalına başlanır. Bu sistem «bazar iqtisadiyyatı» adlandırılır. Sosialist iqtisadiyyatı isə əksinə, dövlət sahibkarlığının daha güclü olması və mərkəzdən planlaşdırma ilə xarakterizə edilir. Amerikalıların əksəriyyəti sosialist iqtisadiyyatının mahiyyət etibarı ilə o qədər də səmərəli olmadığına əmindir, çünki vergi daxilolmalarına əsaslanan dövlət özəl biznes qədər qiymət siqnallarına qarşı diqqətcil və yaxud bazar qüvvələrinin irəli sürdüyü dissiplinlərə qarşı həssas deyil.
Ancaq azad sahibkarlığa da müəyyən məhdudiyyətlər qoyulur. Amerikalılar həmişə bu əqidədə olmuşlar ki, bəzi xidmətlər özəl müəssisələrə nisbətən ictimai təsisatlar tərəfindən daha yaxşı yerinə yetirilə bilər. Məsələn, ABŞ-da dövlət ədliyyə, təhsil (çox sayda özəl məktəb və təlim mərkəzlərinin olmasına baxmayaraq), yol sistemi, sosial statistika və milli müdafiə sahələrinə birbaşa məsuliyyət daşıyır. Bundan əlavə, qiymət sisteminin işləmədiyi hallarda situasiyanı qaydasına salmaq üçün tez-tez dövlətdən iqtisadiyyata müdaxilə etməsi xahiş olunur. O, məsələn, «təbii inhisarlar»ı tənzimləyir, son dərəcə güclənərək bazar qüvvələrini üstələyən digər biznes strukturlarına nəzarət etmək və ya onların fəaliyyətinə son qoymaq üçün antiinhisar qanunlarından istifadə edir. Dövlət, həmçinin, bazar qüvvələrinin fəaliyyətindən kənarda qalan məsələlərlə məşğul olur. O, öz şəxsi həyatlarında qarşılaşdıqları problemlərə və yaxud iqtisadi çevrilişlər nəticəsində işlərini itirdiklərinə görə özlərini dolandıra bilməyənləri sosial təminat və işsizlik müavinətləriylə təmin edir; yaşlılar və yoxsulluq içərisində yaşayanlar üçün tibbi sığortaların dəyərinin çox hissəsini ödəyir; atmosfer və su hövzələrinin çirkləndirilməsini məhdudlaşdırmaq məqsədilə özəl sənaye sahələrinin fəaliyyətini tənzimləyir və istənilən özəl müəssisə üçün son dərəcə baha olan kosmosun fəthində aparıcı rol oynayır.
Qarışıq iqtisadiyyat sistemində fərdlər iqtisadiyyata yalnız istehlakçı kimi öz seçimlərini etməklə deyil, həm də ölkənin iqtisadi siyasətini formalaşdıran rəsmi şəxslərin seçkisində iştirak etməklə də yardım edə bilirlər. Son illər istehlakçılar seçkilərdə müəyyən sənaye praktikaları nəticəsində məhsulun təhlükəsizliyi, ətraf mühitin çirklənməsi və əhalinin potensial sağlamlıq riskləri ilə üzləşməsiylə bağlı narazılıqlarını əks etdirmişlər; buna cavab olaraq dövlət istehsalçıların maraqlarını müdafiə edən agentliklər yaratmış və ümumi ictimai sağlamlıq sistemini gücləndirmişdir.
ABŞ iqtisadiyyatı eləcə də digər yollarla dəyişmişdir. Əhali və işçi qüvvəsi böyük axınla fermer təsərrüfatlarından şəhərlərə, tarlalardan fabrik-zavodlara və xüsusilə də xidmət sənayesi sahələrinə üz tutmuşdur. Bugünkü iqtisadiyyatda fərdi və sosial xidmət təchizatçılarının sayı kənd təsərrüfatı və sənaye məhsulları istehsalı ilə məşğul olanların sayından qat-qat çoxdur. Statistik məlumatların da göstərdiyi kimi, son əsrdə iqtisadiyyat inkişaf edərək kompleks şəkil aldıqca özü üçün işləməkdən özgələri üçün işləməyə doğru uzunmüddətli kəskin dönüş yaranmışdır.

Dövlətin iqtisadiyyatda rolu

İqtisadiyyatın formalaşması üçün lazım olan qərarların çoxunu istehlakçılar və istehsalçılar versə də, dövlət fəaliyyəti ABŞ iqtisadiyyatında ən azı dörd sahədə güclü təsirə malikdir.
dövlətin iqtisadiyyatda rolu
Stabillik və artım. Ən vacibi budur ki, federal hökumət stabil artım tempini, yüksək məşğulluq səviyyəsini və qiymətlərin sabitliyini qoruyub saxlamaq üçün ümumi iqtisadi fəaliyyətin sürətini yönləndirir. Xərc və vergi normalarını tənzimləməklə (maliyyə siyasəti) və yaxud pul ehtiyatlarını idarə etmək və kreditlərdən istifadəyə nəzarət etməklə (pul siyasəti) dövlət qiymət və məşğulluq səviyyələrinə təsir göstərən proseslərdə iqtisadi artım sürətini zəiflədə və ya gücləndirə bilər.
1930-cu illərdəki Böyük depressiyadan sonra uzun illər davam edən tənəzzül - zəif iqtisadi artım və yüksək işsizlik səviyyəsi ən böyük iqtisadi təhlükələr kimi dəyərləndirilmişdir. Bu tənəzzül təhlükələri ən ciddi şəkil alanda dövlət öz vəsaitlərini daha çox xərcləməklə və vergiləri azaltmaqla iqtisadiyyatı gücləndirməyə çalışmışdır; bu isə istehlakçıların daha çox xərclənməsinə və bu yolla pul ehtiyatlarının sürətlə artmasına səbəb olmuş və nəticədə dövləti daha çox xərcləməyə cəsarətləndirmişdir. 1970-ci illərdə qiymətlərin - xüsusilə də enerji sahəsində durmadan artması ciddi inflyasiya - bütün qiymət səviyyələrinin yüksəlməsi üçün böyük təhlükə yaratmışdı. Bu səbəbdən hökumət rəhbərləri xərcləri məhdudlaşdırmaq, vergiləri davamlı azaltmaq və pul ehtiyatlarının artımını yönləndirmək vasitəsilə tənəzzülə qarşı mübarizə aparmaq əvəzinə inflyasiyaya nəzarətlə məşğul olmuşdurlar.
İqtisadiyyatı sabitləşdirməyin ən yaxşı vasitələri barədə düşüncələr 1960-1990-cı illər arasında köklü surətdə dəyişmişdir. 1960-cı illərdə dövlət maliyyə siyasətinə - iqtisadiyyata təsir göstərə bilmək üçün dövlət gəlirləriylə manipulyasiya etmək siyasətinə hədsiz dərəcədə etibar edirdi. Xərc və vergilərə ölkə prezidenti və Konqres tərəfindən nəzarət edildiyindən bu seçkili rəsmi şəxslər iqtisadiyyatın idarə olunmasında aparıcı rol oynayırdılar. Yüksək inflyasiya, yüksək işsizlik və ağır dövlət defisitləri ümumi iqtisadi fəaliyyətin sürətinin tənzimlənməsində maliyyə siyasətinin əsas vasitə olduğuna inamı xeyli zəiflətdi. Pul siyasəti - ölkənin pul ehtiyatlarına faiz normaları vasitəsilə nəzarət olunması isə daha cazibədar görünməyə başladı. Pul siyasəti ölkə prezidenti və Konqresdən xeyli dərəcədə asılı olmadan fəaliyyət göstərən və Federal Ehtiyatlar İdarəsi adı ilə tanınan mərkəzi bank tərəfindən həyata keçirilir.
Tənzimləmə və nəzarət. ABŞ federal hökuməti özəl müəssisələrin fəaliyyətini bir sıra yollarla tənzimləyir. Tənzimləmə iki başlıca kateqoriyaya bölünür. İqtisadi tənzimləmə birbaşa və yaxud dolayısilə qiymətlərə nəzarət etməyə çalışır. Ənənəvi olaraq dövlət elektrik müəssisələri kimi inhisarçı birlikləri öz məhsullarının qiymətlərini onlara münasib həcmdə mənfəət qazandıran hədlərdən yuxarı qaldırmaqdan çəkindirməyə çalışır. Bəzi hallarda dövlət öz iqtisadi nəzarətini bu qayda ilə digər sənaye sahələrinə də şamil etmişdir. Böyük depressiyadan sonrakı illərdə dövlət sürətlə dəyişən təklif və tələb qarşısında ciddi təbəddülat keçirən kənd təsərrüfatı mallarının qiymətlərini stabilləşdirmək üçün kompleks sistem işləyib hazırlamışdı. Bir sıra digər sənaye sahələri - yükdaşıma və daha sonralar hava yolları qiymətlərin aşağı salınması üçün zərərli hesab etdikləri şeyləri məhdudlaşdırmaq məqsədilə uğurlu özünütənzimləmə üsulları axtarıb tapdılar.
İqtisadi tənzimləmənin başqa bir forması - antiinhisar qanunu bazar qüvvələrini o dərəcədə gücləndirməyə çalışır ki, birbaşa tənzimləməyə ehtiyac qalmasın. Dövlət və bəzən də özəl qruplar antiinhisar qanunundan sağlam rəqabəti məhdudlaşdıran praktikaları və müəssisələrin bir-birini udmasını qadağan etmək üçün istifadə edirlər.
Dövlət, həmçinin, ictimai sağlamlığı və təhlükəsizliyi qorumaq, ətraf mühiti təmiz və sağlam saxlamaq kimi sosial məqsədlərə nail olmaq üçün özəl şirkətlərin fəaliyyətinə nəzarət edir. Məsələn, ABŞ Qida və Dərman İdarəsi zərərli dərmanların istehsalını qadağan edir; Məşğulluğun Təhlükəsizliyi və Sağlamlığı İdarəsi işçiləri öz iş yerlərində qarşılaşa biləcəkləri təhlükə və risklərdən qoruyur; Ətraf Mühiti Mühafizə Agentliyi su və hava hövzələrinin kirlənməsinə nəzarət etməyə çalışır.
Amerikalıların dövlət tənzimlənməsinə münasibəti 20-ci əsrin son üç dekadasında köklü surətdə dəyişdi. 1970-ci illərin əvvəllərində siyasətçilərin iqtisadi tənzimləmənin hava yolları və yükdaşıma kimi sənaye sahələrində istehlakçıların məsrəfləri hesabına səmərəsiz şirkətlərin qorunub saxlanmasına xidmət etməsilə bağlı narahatlığı getdikcə artmağa başladı. Eyni zamanda texnoloji yeniliklər əvvəllər təbii inhisarlar hesab edilən telekommunikasiya kimi bəzi sənaye sahələrini yeni rəqiblərlə doldurdu. Hər iki inkişaf tənzimləməni yüngülləşdirən qanunların meydana çıxması ilə nəticələndi.
ABŞ-da mövcud olan hər iki siyasi partiyanın liderləri 1970, 1980 və 1990-cı illərdə ümumən iqtisadi tənzimləmənin aradan qaldırılmasına üstünlük versələr də, sosial məqsədlərin həyata keçirilməsi üçün nəzərdə tutulan tənzimləmə ilə bağlı ümumi razılıq hələ çox zəif idi. Sosial tənzimləmə məsələsi depressiyadan sonrakı və II Dünya müharibəsi illərində, bir daha 1960 və 1970-ci illərdə böyük əhəmiyyət kəsb etmişdi. Ancaq 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə hökumət işçiləri, istehlakçıları və ətraf mühiti müdafiə edən qanunları zəiflətdi və bu fikirlə razılaşdı ki, tənzimləmələr azad sahibkarlığın inkişafına maneçilik törədir, biznes fəaliyyətinin dəyərini bahalaşdırır və beləliklə də inflyasiyaya səbəb olur. Hələ də amerikalıların çoxu ətraf mühitin mühafizəsi də daxil olmaqla, bəzi sahələrdə dövlətin təcili yeni tənzimləmə qanunları çıxarmasını tələb edən spesifik hadisələr və meyllərlə bağlı öz narazılıqlarını bildirməkdə davam edirlər.
Bununla bərabər, bəzi vətəndaşlar seçdikləri rəsmi şəxslərin müəyyən problemlərlə təcili və kifayət qədər möhkəm məşğul olmadıqlarını hiss etdikdə məhkəmələrə baş vururlar. Məsələn, 1990-cı illərdə ayrı-ayrı fərdlər və tədricən hökumət özü də siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olması səbəbindən tütün şirkətlərinə qarşı məhkəmə işi qaldırırlar. Siqaretdən xəstələnmələrin müalicəsi ilə bağlı tibbi xərclərin ödənilməsi üçün ştat hökumətləri tərəfindən uzunmüddətli ödənişlər şəklində geniş maliyyə vəsaitləri ayrılır.
Birbaşa xidmətlər. Dövlətin hər səviyyəsində birbaşa xidmətlər təmin edilir. Məsələn, federal hökumət milli müdafiə məsələləri üçün məsuliyyət daşıyır, çox vaxt yeni məhsulların inkişafına aparıb çıxaran araşdırmaları dəstəkləyir, kosmosun tədqiqi ilə məşğul olur və işçilərin iş yerləri yaratmaq və iş tapmaq qabiliyyətlərinin inkişafına kömək məqsədilə tərtib olunmuş bir sıra proqramları həyata keçirir. Dövlət xərcləri həm yerli, həm də regional iqtisadiyyatlara və hətta ümumi iqtisadi fəaliyyətin sürətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Ştat hökumətləri isə şose yollarının əksəriyyətinin tikilməsi və saxlanılması üçün məsuliyyət daşıyır. Ştat, qraflıq və şəhər hökumətləri ictimai məktəblərin maliyyələşdirilməsi və fəaliyyət göstərməsində aparıcı rol oynayır. Polis və yanğından mühafizə məsələləri üçün də başlıca olaraq yerli hökumətlər cavabdehdir. Bu sahələrin hər birinə çəkilən yerli hökumət xərcləri yerli və regional iqtisadiyyata müəyyən təsir göstərsə də, federal qərarlar ümumən daha böyük iqtisadi təsirə malikdir.
Ümumən götürüldükdə federal, ştat və yerli hökumət xərcləri 1997-ci ildə ümumi daxili məhsul istehsalının, demək olar ki, 18 faizinə bərabər olmuşdur.
Birbaşa yardım. Hökumət biznes strukturlarını və ayrı-ayrı fərdləri bir çox yardım növləri ilə də təmin edir. O, kiçik biznes müəssisələrinə imtiyazlı şərtlərlə borc və texniki yardım təklif edir və kolleclərdə oxumaq üçün tələbələrə yardım olaraq borc verir. Dövlətin sponsorluq etdiyi müəssisələr borc sahiblərindən daxili girovları satın alır, onları investorlar tərəfindən alınıb-satıla bilməsi üçün qiymətli kağızlara çevirir və beləliklə də daxili borc verənləri cəsarətləndirir. Hökumət, həmçinin, ixracatı təşviq edir, xarici ölkələri idxalı məhdudlaşdıran ticarət əngəllərini qoruyub saxlamaqdan çəkindirməyə çalışır.
Hökumət öz qayğılarını adekvat şəkildə cavablandıra bilməyən şəxsləri himayə edir. İşçilərdən və işəgötürənlərdən toplanan vergi hesabına maliyyələşdirilmiş sosial təminat Amerikanın tədavüldən çıxan gəlirinin ən böyük hissəsini təşkil edir. Tibbi yardım proqramı azgəlirli ailələrin tibbi ehtiyaclarını maliyyələşdirir. Ştatların çoxunda hökumət ruhi xəstələr və ciddi fiziki qüsurlara malik insanlar üçün zəruri institutlar saxlayır. Federal hökumət yoxsul ailələrə qida əldə etməkdə köməklik göstərmək üçün «Ərzaq yarlıqları» adlı proqram həyata keçirir, azgəlirli uşaqlı ailələri himayə etmək üçün federal və ştat hökumətləri birlikdə rifah qrantları ayırır.
Sosial təminat proqramı da daxil olmaqla, bu proqramlar öz başlanğıcını 1933-cü ildən 1945-ci ilədək ABŞ-ın prezidenti olmuş Franklin D. Ruzveltin «Yeni kurs» proqramlarından götürmüşdür. Ruzvelt islahatlarının başlıca ideyası bu olmuşdu ki, yoxsulluq fərdi iradənin iflasa uğramasından daha çox adətən sosial və iqtisadi səbəblər nəticəsində meydana çıxır. Bu görüş kökü Yeni İngiltərə puritanizminə gedib çıxan və hər bir uğurun Allahın insanı sevməsinin, uğursuzluğun isə Allahın ondan üz döndərməsinin əlaməti olması ilə bağlı əhali arasındakı ümumi düşüncəni inkar etmək demək idi. Və bu, Amerika sosial və iqtisadi düşüncəsində çox vacib bir dönüş nöqtəsi oldu. Ancaq hətta bu günün özündə belə bəzi məsələlər, xüsusilə maddi rifah ətrafında aparılan mübahisələrdə həmin keçmiş düşüncənin əks-sədaları eşidilməkdədir.
Tibbi qayğı və tibbi xidmət proqramları da daxil olmaqla, ayrı-ayrı fərdlər və ailələrə bir çox digər yardım proqramlarına 1960-cı illərdə prezident Lindon Consonun (1963-1969) «Yoxsulluğa qarşı müharibə» kursu dövründə başlanılmışdır. Həmin proqramların bəzisi 1990-cı illərdə maliyyə çətinlikləriylə üzləşsə və bir sıra islahatlar təklif şəklində qalsa da, Birləşmiş Ştatla­rın iki ən böyük siyasi partiyası onları bu gün də möhkəm müdafiə etməkdə davam edir. Ancaq tənqidçilər bu fikirdədirlər ki, işsiz, amma sağlam insanların maddi rifahla təmin edilməsi əslində problemlərin həllindən çox həmin insanlarda asılılıq hissi yaradır. Maddi rifah islahatları ilə bağlı 1996-cı ildə prezident Bill Klintonun (1993-2001) dövründə qüvvəyə minən qanunvericilik insanlardan müavinət almağın şərti kimi işləməyi tələb edir və onların müavinət alacaqları müddətlərə məhdudiyyətlər qoyur.

Yoxsulluq və bərabərsizlik

Amerikalılar öz iqtisadi sistemləri ilə qürur duyur və onun bütün vətəndaşlara yaxşı yaşaya bilmək imkanı yaratdığına inanırlar. Ancaq ölkənin bir çox yerində yoxsulluğun inadla davam etməsi onların bu inamının başı üzərini buludlarla örtüb. Dövlətin yoxsulluq əleyhinə göstərdiyi səylər müəyyən nəticələr versə də, bu problemi kökündən ləğv etməyib. Bir çox iş yerlərinin açılmasına və əməkhaqqılarının yüksəlməsinə səbəb olan güclü iqtisadi yüksəliş dövrləri yoxsulluğun müəyyən qədər azalmasına səbəb olsa da, onu tamamilə aradan qaldırmayıb.
Yoxsul insanlar etiraz aksiyası keçirirFederal hökumət dörd nəfərlik ailənin normal dolanışığı üçün zəruri olan minimum gəlir həcmini müəyyən edir. Bu məbləğ ailənin yerləşdiyi yerdən və yaşayış minimumuna görə dəyişə bilər. 1998-ci ildə illik gəliri 16.530 dollardan aşağı olan dörd nəfərlik ailə yoxsulluq içərisində yaşayan ailə kimi təsnif olunurdu.
Yoxsulluq səviyyəsindən aşağıda yaşayan əhalinin sayı faiz nisbətinə görə 1959-cu ildə 22,4%-dən 1978-ci ildə 11,4%-ə enmişdir. Ancaq həmin vaxtdan sonrakı dövrlərdə bu göstərici o qədər də ciddi surətdə dəyişməmişdir. 1998-ci ildə belə əhalinin sayı 12,7% təşkil etmişdir.
Bundan əlavə, ümumi göstəricilər daha ciddi yoxsulluq qruplarının real vəziyyətini açıb göstərmir. Belə ki, 1998-ci ildə bütün afro-amerikalıların dörddə biri (26,1%) yoxsulluq həddində yaşamışdır; bu rəqəm nə qədər xoşagəlməz dərəcədə yüksək olsa da, qaraların 31 faizinin rəsmən yoxsul kimi təsnif edildiyi 1979-cu illə müqayisədə müəyyən irəliləyiş baş verdiyini əks etdirir və həmin göstərici 1959-cu ildən üzü bəri bu qrup arasında ən aşağı səviyyədə olmuşdur. Tənha anaların başçılıq etdiyi ailələr yoxsulluğa xüsusilə həssasdırlar. Qismən də bu fenomen səbəbindən 1997-ci ildə hər beş uşaqdan biri (18,9 faiz) yoxsul olmuşdur. Afro-amerikalı uşaqlar arasında yoxsullar 36,7 faiz, latın amerikalı uşaqlar arasında isə 34,4 faiz təşkil etmişdir.
Bəzi analitiklər belə güman edirlər ki, yoxsulluq göstəriciləri real yoxsulluq səviyyəsini şişirdilmiş şəkildə təqdim edir, çünki onlar yalnız nağd pul gəlirlərini hesablayır, «Ərzaq yarlıqları», sağlamlığa qayğı və ictimai mənzil təminatı kimi müəyyən dövlət yardımı proqramlarının nəticələrini nəzərə almırlar. Ancaq digərləri qeyd edirlər ki, bu proqramlar çox nadir hallarda ailənin ərzaq və tibbi ehtiyaclarını ödəyə bilir, ictimai mənzil təminatında isə qıtlıq mövcuddur. Bəzilərinin fikrincə isə, hətta gəliri rəsmi yoxsulluq səviyyəsindən yuxarı olan ailələr belə bəzən qidaya qənaət etməklə mənzil, tibbi qayğı və geyim kimi şeylərə daha çox pul xərcləyir və ac qalırlar. Bəziləri isə onu da qeyd edirlər ki, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan adamlar bəzən təsadüfi işlərdən və «xəlvəti» iqtisadiyyat sektorundan nağd gəlir əldə edirlər və bu gəlirlər heç vaxt rəsmi statistikada qeydə alınmır.
Hər halda aydındır ki, Amerika iqtisadi sistemi öz gəlirlərini bərabər qaydada bölüşdürmür. Vaşinqtonda yerləşən İqtisadi Siyasət İnstitutunun məlumatlarına görə, 1997-ci ildə ölkədəki ailələrin beşdə birini təşkil edən ən varlı ailələr milli gəlirin 47,2 faizinə sahib olmuşlar. Əksinə, ölkədəki ailələrin beşdə birini təşkil edən ən kasıb ailələr ölkə gəlirinin yalnız 4,2 faizinə, 40 faizi təşkil edən kasıb ailələr isə bu gəlirin yalnız 14 faizinə yiyələnə bilmişlər.
Bütövlükdə Amerika iqtisadiyyatının yüksək inkişaf səviyyəsinə baxmayaraq, 1980-1990-cı illər ərzində gəlirlərin qeyri-bərabər bölüşdurülməsiylə bağlı narahatlıq davam etmişdir. Qlobal rəqabətin durmadan artması bir çox ənənəvi istehsal sənayesi sahəsində çalışan işçiləri qorxuya salmış və onların əməkhaqqıları artmamış qalmışdır. Eyni zamanda, federal hökumət varlı ailələr hesabına azgəlirli ailələrin şəraitini yaxşılaşdırmaq məqsədini güdən vergi siyasətlərindən tədricən əl çəkmiş və həmçinin imkansızlara yardım üçün nəzərdə tutulan bir sıra daxili sosial proqramlara ayırdığı xərcləri azaltmışdır. Amma varlı ailələr fond birjalarında yaşanan yüksəlişin gətirdiyi mənfəətlərin böyük bir hissəsini mənimsəmişdir. 1990-cı illərin sonlarında əməkhaqqıları, xüsusilə də ən kasıb işçilərin əməkhaqqıları sürətlə artdıqca bu uyğunsuzluğun aradan qalxacağına işarə edən bəzi əlamətlər meydana çıxdı. Amma həmin onillik başa çatdıqdan sonra belə bu meylin davam edəcəyini qəti söyləmək hələ çox tezdir.

Hökumətin böyüməsi

ABŞ hökuməti prezident Franklin Ruzvelt administrasiyası dövründən başlayaraq durmadan böyümüşdür. İşsizliyə və Böyük depressiyanın ağır nəticələrinə son qoymaq məqsədilə Ruzveltin «Yeni kurs»u çərçivəsində bir çox yeni federal proqramlar yaradıldı və mövcud proqramların xeyli hissəsi genişlən­dirildi. II Dünya müharibəsində və ondan sonra Birləşmiş Ştatların dünyanın ən qüdrətli hərbi gücü kimi yüksəlişi də federal hökumətin böyüməsini daha da sürətləndirdi. Müharibədən sonrakı dövrdə şəhər və şəhərətrafı tipli yaşayış məskənlərinin çoxalması ictimai xidmətlərin genişləndirilməsinə imkan yaratdı. Təhsilə bəslənilən böyük ümidlər hökumətin məktəb və kolleclərə xeyli investisiya qoyması ilə nəticələndi. Elmi və texnoloji üstünlüyə qeyri-adi dərəcədə ümummilli həvəs 1960-cı illərdə kosmosun tədqiqindən tutmuş tibbi qayğıya qədər bir sıra sahələrdə yeni agentliklərin meydana çıxmasına və həmin sahələrə çoxlu ictimai investisiya qoyulmasına səbəb oldu. Digər tərəfdən, amerikalıların çoxunun 20-ci əsrin əvvəllərində mövcud olmayan tibbi və sosial proqramlardan asılılığının artması federal xərclərin getdikcə böyüməsinə aparıb çıxardı.
Amerikalıların bir çoxu Vaşinqtondakı federal hökumətin şar kimi üfürülüb şişirdildiyini düşünsə də, işçilərin sayı ilə bağlı göstəricilər bunun heç də belə olmadığını göstərir. Doğrudur, hökumətdə çalışan işçilərin sayında əhəmiyyətli dərəcədə artım olmuşdur, ancaq bu artım əsasən ştat və yerli səviyyələrdə baş vermişdir. 1960-cı ildən 1990-cı ilədək ştat və yerli hökumət işçilərinin sayı 6,4 milyon nəfərdən 15,2 milyon nəfərədək artmışdır, mülki federal hökumət işçilərinin sayı isə çox az - 2,4 milyon nəfərdən 3 milyon nəfərədək artmışdır. 1998-ci ildə federal səviyyədə aparılan ixtisarlar nəticəsində federal işçi qüvvəsinin sayı 2,7 milyon nəfərə düşmüşdür, ştat və yerli hökumət işçilərinin sayı isə 1998-ci ildə 16 milyon nəfərə çatmışdır (Hərbi sahədə çalışan amerikalıların sayı Birləşmiş Ştatların Vyetnamda müharibəyə sövq edildiyi 1968-ci ildə 3,6 milyon nəfərdən 1998-ci ildə 1,4 milyon nəfərə düşmüşdür).
Genişləndirilmiş hökumət xidmətləri üçün ödənən xərclərin dəyərinin artması, eləcə də amerikalıların ümumiyyətlə «güclü hökumət» anlayışını xoşlamamaları və ictimai işçi birliklərinin getdikcə güclənməsi 1970, 1980 və 1990-cı illərdə bir çox siyasətçiləri dövlətin ehtiyac duyulan xidmətlərin ən səmərəli təminatçısı olub-olmaması məsələsini gündəmə gətirmələrinə səbəb oldu. Yeni bir söz - «privatization» (özəlləşdirmə) sözü meydana gəldi və o, tezliklə bütün dünyada dövlətin müəyyən funksiyalarının özəl sektora verilməsi praktikasını nəzərdə tutan işlək bir termin kimi qəbul edildi.
Birləşmiş Ştatlarda özəlləşdirmə başlıca olaraq bələdiyyə və regional səviyyələrdə həyata keçirildi. Nyu-York, Los-Anceles, Filadelfiya, Dallas, Feniks kimi iri ABŞ şəhərləri küçə işıqlarının təmirindən tutmuş zibil daşımalarına, informasiyaların işlənməsindən tutmuş həbsxanaların idarə olunmasına qədər əvvəllər bələdiyyələrin özlərinin gördükləri bir sıra işlərdə özəl şirkətlərdən və gəlir güdməyən təşkilatlardan istifadə etməyə başladı. Eyni zamanda bəzi dövlət agentlikləri də özəl müəssisələr kimi fəaliyyət göstərməyə çalışır. Məsələn, ABŞ Poçt Xidməti İdarəsi vergi ödəyicilərinin vəsaitinə güvənməkdən daha çox öz gəlirləri hesabına fəaliyyət göstərir.
Bütün bunlara baxmayaraq, ictimai xidmətlərin özəlləşdirilməsi mübahisəli məsələ olaraq qalır. Bu fikrin tərəfdarları özəlləşdirmənin qiymətləri aşağı saldığını və məhsuldarlığı artırdığını israrla sübut etməyə çalışsalar da, digərləri bunun əksinə çıxaraq həmin işləri görmək üçün hökumət strukturları ilə müqavilə bağlayan özəl şirkətlərin daha çox mənfəət qazanmağa çalışdıqlarını və onların o qədər də məhsuldar olmadıqlarını irəli sürürlər. Dövlət sektoruna məxsus birliklər, heç də təəccüblü deyil ki, bir çox özəlləşdirmə təklifinə qarşı inadla çıxırlar. Onlar israrla bildirirlər ki, özəl şirkətlər bəzi hallarda müqavilələri uda bilmək üçün əvvəlcə son dərəcə aşağı qiymətlər təklif edir, ancaq sonralar onları xeyli artırırlar. Bu fikrin tərəfdarları belə hesab edir ki, özəlləşdirmə rəqabətə yol açdığı təqdirdə səmərəli ola bilər. Bəzi hallarda özəlləşdirmə qorxusu hətta yerli hökumət işçilərini belə daha səmərəli çalışmağa ruhlandıra bilər.
Tənzimləmə, dövlət xərcləri və maddi rifah islahatları ilə bağlı bütün mübahisələrin də göstərdiyi kimi, ölkə iqtisadiyyatında dövlətin hansı rolu oynaması məsələsi Birləşmiş Ştatlar 200 il bundan əvvəl müstəqil ölkəyə çevrildiyi gündən bəri ən qızğın
mübahisə obyekti olaraq qalır.

 

 

0 şərh