Yaponların kağız əfsanəsi

Oriqaminin tarixi ilə bağlı konkret məlumat olmasa da, kağızın tarixi ilə, demək olar ki, eynidir.

Kağız ilk dəfə Çində icad edildiyi üçün ilk oriqami nümunələri də Çində meydana gəlmişdir. Daha sonra isə oriqami Çindən Yaponiyaya keçmişdir. Oriqaminin əsas inkişaf dövrü də elə yaponların adı ilə bağlıdır. Oriqaminin Yaponiyada inkişaf etməsinin əsas səbəbi isə yaponların kağıza verdikləri qiymətin nəticəsidir.
Oriqami yapon dilində "ori" (qatlamaq) "kami" (kağız) sözlərinin birləşməsindən ibarət olub, "kağız qatlama" sənətidir. Oriqamidə əsasən kvadrat formalı kağızlardan istifadə olunur. Bu kağızları kəsmədən və yapışqandan istifadə etmədən qatlayaraq müxtəlif fiqurlar əldə edilir. Təkcə kağızlardan yox, kağız pullardan düzəldilən modellər də az deyil.
Elə oriqami növləri var ki, bu növlərdə qayçıdan da istifadə olunur. Bu oriqami növləri "kiriqami" adlanır.
Oriqami klassik və modulyar oriqami olmaqla, iki qrupa ayrılır. Klassik oriqamidə bir qayda olaraq, bir kağızdan istifadə olunur. Modulyar oriqami isə oxşar hissələrin bir-birinə birləşdirilməsi nəticəsində meydana gəlir. Modulyar oriqami ilə heyvan və ya əşya fiqurlarından çox, üçölçülü həndəsi fiqurların düzəldilməsində istifadə olunur. Modulyar oriqami üçün hissələrin sayında heç bir məhdudiyyət yoxdur. Ona görə də bu hissələrin köməyi ilə (konstruktor tipli oyuncaqlarda olduğu kimi) bir yox, bir neçə fiqur düzəltmək mümkündür. Oriqamidə daha çox kvadrat tipli kağızlardan istifadə olunsa da, əslində burada da konkret bir məhdudiyyət yoxdur.
Müasir dövrdə oriqaminin müxtəlif növləri var. Kusudami və kiriqami isə bu növlərdən yalnız ikisidir. Bu oriqami növlərində yapışdırmaq və kəsmək azaddır. Kiriqamini oriqamidən fərqləndirən əsas cəhət isə kiriqamidə simmetrikliyin əsas olmasıdır.
Oriqaminin Avropa ilə tanışlığı İpək Yolu ilə bağlıdır.
Oriqaminin düzəldilməsində, demək olar ki, bütün növ kağızlardan istifadə etmək olar. Ancaq ayrı-ayrı modellər üçün ayrı-ayrı kağızlardan istifadə etmək lazımdır. Bu baxımdan klassik oriqamilər üçün nazik və möhkəm kağızlar xarakterik olduğu halda, modulyar oriqamilər üçün qalın kağızlar xarakterikdir.
 

0 şərh