Zəlzələ və Sunami I Yaponiya

Neçə gündür dünya Yaponiyadan danışır. Baharın gəlhagəlində təbiətin, qanın oyandığı bir ərəfədə heç kim bu fəlakətə hazır deyildi, heç kim bunu gözləmirdi. Amma o, gəldi - 11mart günü baş verən zəlzələ, ardınca da qorxunc Sunami. Neçə gündür gözlərimiz tv-lərdə, qəzet, jurnal, xəbər saytlarının səhifələrində yayımlanan Yaponiya Sunamisinin ürəkağrıdan şəkillərini seyr etməkdədir. Videoçəkimlərdə başlayan Sunaminin necə addım-addım ölkəni altına almasını - ev, maşın, zavod, gəmi, insan olduğunun fərqinə varmadan hər şeyi udduğunu seyr etmək tükürpədicidir. 
Sonra bütün bu zəlzələlərin, fəlakətlərin əlində əsir qalan aciz insanların əksləri sərgilənir gözlərimiz önündə. Qorxu, dəhşət yağan üzləri, yaralı bədənləri, çarəsizlik ifadə edən səsləri... Nə dediklərini anlamasaq belə təxmin edə bilirik, çünki özümüzü onların yerinə qoyuruq bir anlıq, çünki biz də insanıq, çünki heç birimiz başımıza gələcəklərdən sığortalanmadığımızı belə anlarda daha dərindən hiss edə bilirik. 
İnsandır bu. Bütün ömrü boyu yaşamaq üçün çarpışır. Yaxşı işim olsun, oldu. Yaxşı evim olsun, oldu. Yaxşı maşınım olsun, oldu. Yaxşı ailəm olsun, o da oldu. Yaxşı olsun, olsun, olsun.

Bu gün olan hər şeyini atıb, tək bir canını xilas etmək üçün qurtuluş axtarır. Heç nəyi gözə almadan, özü ilə heç bir şey götürə, daşıya bilmədən tək canının xilas yolunu axtarır. Evinin damına çıxaraq, boğulmasın deyə əlinə keçən bir ağac parçasından yapışaraq, qışqıraraq, ağlayaraq, inildəyərək, yalvararaq...
Və hələ xilas olarsa, bitməyən ağrıları - ailəsini, övladlarını, qohumlarını ümüdlə, "bəlkə sağdırlar, bəlkə möcüzə nəticəsində hardasa gizlənə biliblər" axtarışı. Daha sonra nə yeyəcəm, nə içəcəm, harada yaşayacam qayğıları. Bir sözlə yazıq, aciz və çarəsiz insan tablosu. 

...Fəlakətin bizim kimi kənardan seyr edənlərə səbəb axtarmaq, alışdığımız kimi ad qoymaq qaldı. Bəziləri bu fəlakəti təbiətin növbəti şıltaqlığı, bəziləri təbiətin qanunu, bəziləri Allahın bəlası, bəziləri Allahın imtahanı adlandırdı. 
Kimisi ibrət aldı, kimisi fəlakəti lənətlədi, kimisi yardım üçün yollar axtardı, kimisi laqeyd-laqeyd "mənə nə?" dedi.

Lakin heç kim qalxıb "Bu fəlakəti mən etmişəm!" deyə biləcək cəsarəti özündə tapa bilmədi. Bəli, dünyada baş verən hər bir fəlakətdə hərəmizin zərrə qədər də olsa payı var. Necə?
Sürdüyümüz maşınlarla, istifadə etdiyimiz deodrantlarla, çirkləndirdiyimiz su ilə, zərərli tullantılarla zəhərlədiyimiz torpaq ilə, bizə xidmət edən zavodlarla, tikdiyimiz binalarla, baxmaqdan doymadığımız dalğa tv kanallarla, əlimizdən yerə qoya bilmədiyimiz mobil telefonlarla və s. Saymaqla bitməz ki...

Təbiətin bizə, biz insanlara "cavab atəşi" idi bu fəlakət. 
"Bezdim, bitdim, dayan, dur, ey İnsan!" elanı idi.
"Bəlkə ibrət alasan?" sualı idi.
"Sən də məhv olan on minlərdən biri ola bilərsən!" xəbərdarlığı idi.

İndi mütəxəsisslər Yaponiyada fəlakətdən sonra partlamalar baş verən Atom Eliktrik Stansiyasını zərərsizləşdirmək üçün yollar axtarır. Yayılan radioaktiv şüalar Xirosima, Nakosaki hadisələrinin insanlığa, təbiətə vurduğu dəhşətli ziyanın təkrarlanması təhlükəsini doğurur. Elə bu gün səhərki, xəbərə görə, artıq havada zəhərli maddələr aşkar olunub və insanlara evlərindən çıxmamaq tövsiyyə olunub. Bəli, evlərindən çıxmamaq... 
Bəs dünya bizim evimiz deyildi mi? 
Kim evində atom istehsal edər və nəyə görə? 
Kimlərəsə bu sual ağılsız və ritorik görünə bilər. Amma...
İnsanlara zülm etməyi sevməyən Allah bizə doğru yaşamaq üçün göndərdiyi kitabında belə deyir;
"İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar." 
(Rum, 41)


 

0 şərh