Ferat - Yoxluq

 
 


əllərimdə yad qadınların əl izləri
gözlərimdə son baxışından qalan nifrət
gedirəm sənsizlikdən uzaq bir şəhərə
bircə "əlvidam" qalacaq məndən geridə
bir də sənsizlik

Hər günə eyni səhərlərlə başlamaq... İlk səni axtarmaq… Gözlərini, əllərini, dodaqlarını... Amma yenə də məyusluq… Məyusluğa vadar edən boş otaq mənzərəsi… Bu mənzərənin eybəcərliyinə səbəbkar yoxluğun... 
Hərdən, yox elə tez-tez, əslində hər gün məni sənə aparır bizdən bəhs edən mahnılar. Otururam, səni düşünürəm. Şirin bir ağlamaq tutur. Sonra şirin bir gülüş. Kaşkilərə bağlanır arzular sənli xatirələri düşündükcə. Və hər düşündüyümdə öldükcə. Ölüb də hər sabah yenidən doğulduğumu gördükcə. Və kiçildikcə Bakının hər gün ucalan göydələnləri arasında. Mən bir az da sıxılıram sənsiz.. Darıxıram.
Sənsizlik dilimə əzbər olub bu aralar, daha doğrusu sən gedəndən bəri. Sənsizlik həsrətə, həsrət tənhalıq adlı xislətə, bu ucuz xislətdən əzaba, əzabdan da ağrılara çevrilib həm ürəkdə, həm başda. Qələmimin mürəkkəbinə hopub. Sənli günlərlə başlayıb sənsiz günlərlə bitir yazılar. 
Bəzən rədd olub da gedə bilsəm deyirəm bu şəhərdən. Səni də qoysam geridə. Silsəm yad şəhərlərdə sənli illərin xatirələrini. Quru-quru yazılan bu sənsizlik yazılarından, bu pessimizimdən xilas olsam da, daha xoşbəxtlikdən yazmağa başlasam deyirəm. Amma bir də baxıram ki, sənsizlik də xoşbəxtlik imiş. Amma bir də baxıram ki, sənsizlik bədbəxtlik imiş. Yox, bir də baxıram ki, sənsizlik elə “sənsizlik”di. Başqa adı yoxdu yoxluğunun. 
Bəzən qayıtsam deyirəm dünənə. Bu gün əslində dünəndi desəm. Dünənimdə səni görsəm. Baxsam gözlərinə. Gözlərinə baxıb titrəyəndə hər şey aydın olardı bəlkə də. Onda bəlkə bu uzun uzadı yazdığım yazıda ifadə etmək istədiyimi, titrəyərək sadəcə bir sözdə ifadə edə bilərdim bundan daha yaxşı. Bəlkə sən də daha yaxşı anlaya bilərdin məni. Və mən bu sənsizliyin içində çaşıb qalmazdım səni düşünərək. 

Müəllif: Ferat


 

1 şərh

lili95
ətraflı yazmağa vaxt yoxdu, ancaq özünü burada da tanıda biləcəksən...uğurlar