Ferat - Sənsizlik




Sənsizlik

“Səssizlikdən qorx əzizim, sənsizlikdən qorxduğum kimi. Nağıllarda xoşbəxtlik yoxdu, nağıllarda yalanlar var. Sən, mən və bizim nağılımız. Sən, mən və bizim “yalanımız”. Ən böyük yalanlar gözlərdə gizlənib. Baxışlarda deyilən yalanlar. Həqiqətlər belə şirin olmur. Həqiqətlər isitmir bizi ən böyük yalanımız kimi. Tənhalığın ağuşunda boğularkən səssizlikdən, ən böyük yalanımız nəfəs verir.”
... və beləcə başladım yazmağa. Davamı isə gəlmədi. Nə qədər məcbur etsəm də özümü, yaza bilmədim. Sonra yazmağı unudub stolda sağ küncümdə duran və səhərə qədər bitirəcəyimi qarşıma məqsəd qoyduğum bir şüşə dolusu ucuz şəraba baxdım. Onsuz son günlər yarımçıq yazılarla dolmuşdu vərəqlər. Artıq adət halını almışdı. Heç bunun dərdini çəkmədən sol küncümdəki stəkanı əlimə alıb bir qurtum içib diqqətlə şərabın stəkanda dalğalanmasını izlədim. Otağın səssizliyini qramafonda adını unutduğum gözəl bir qadın səsinə həvalə edib isti sobanın qırağında oturdum. Boynuma alıram şərabı bitirməmiş elə ilk qədəhdən sərxoş olmuşdum. Axı mən içən deyiləm. Arada bir içirəm. Onda da belə tez təsir edir. Təsadüfən əlimdə oxumağa qərar verdiyim kitabın düz ortasından bir səhifə açıldı və gözlərim bax bu cümlələrlə rastlaşdı: “Mən yıxıldım, sevgilim isə yoluna davam elədi. Yəqin ki, mənim yıxılmağımı heç görməmişdi. Əgər görsəydi, mütləq ayaq saxlayıb mənə tərəf əyilər, köməy etməyə çalışardı. Lakin o, yoluna davam etdi və mən də fikirləşdim ki, yıxılmağımı görmədi.” Və təkrar... təkrar... təkrar... beləcə düz bir saat bu cümlələri təkrarladım. Mən yıxıldım və sevgilim getdi. Hara getdi? Hm... Mən qaldım və o getdi. O yıxıldı və mən getdim. Kimsə yanımızda yıxıldı və biz ikimiz getdik. Biz yıxıldıq yanımızdan keçənlər heç bizə fikir vermədən getdi. İnsanlar gəlir, insanlar ölür, yeni insanlar doğulur... Onlar yaradır, sonra məhv edir. Bir sevgili digəri ilə yolda əl-ələ gedir. Sonra oğlan yıxılır. Qız başqa bir oğlanın əlini tutur və gedir. Beynim qarışdı. Gözlərimi tavana zilləyib düşünürdüm. Əgər o, səni sevirsə niyə heç geriyə belə baxmadı? Sonda qarışan beyin və sərxoş halla kitabın həmin səhifəsindəki son cümlənin altından bir cümlə yazıb sabahın olmayacağını düşünərək elə sobanın qırağındaca yatdım. O gün heç yuxu da görmədim. Bəlkə də görmüşəm yadımdan çıxıb. Səhər duranda kitabın həmin səhifəsi hələ də açıq idi. Və ora yazdığım cümləni sanki başqa bir adam yazmış kimi bir də oxudum: 
“Həyat bizə özünü bakirə kimi sırımağa çalışan fahişə kimidir.”

Müəllif: Ferat
 

0 şərh