Yaş psixologiyasının inkişaf tarixindən

Plan:

  1. XIX əsrin II yarısında inkişaf və yaş psixologiyasının müstəqil elm kimi meydana gəlməsi.
  2. Uşağın psixi inkişafı haqqında biogenetik və sosiogenetik nəzəriyyələri
  3. İnkişaf və yaş psixologiyası sahəsində uzaq xarici və yaxın xarici ölkələrdə, Azərbaycan psixoloqlarınıninkişaf və yaş psixologiyasının inkişafı və formalaşmasında xidmətləri.

Sual 1. XIX əsrin ortalarında yaş psixologiyasının müstəqil formalaşması və inkişafı üçün şərait yaranır, onlar haqqında nəzəriyyələr meydana çıxıb inkişafa başlayır. Bu istiqamətdə Qərbi Avropa və amerikan psixoloqlarının Tideman, B.Preyer, Ament, Qaull, Qross, E.Meyman, V.Ştern, K.Büler, Kompeyr, A.Bine, Bolduin, Drummond və b.) xeyli əsərləri nəşr olunmuşdur.

XX əsrin əvvəllərində psixi hadisələrin mahiyyətini düzgün başa düşmək və onların qanunauyğunluqlarını öyrənmək üçün təbiət elmlərinin tədqiqat üsullarından geniş istifadə olunurdu.

Təbiətşünaslıq elmlərinin nailiyyətləri əsasında belə bir ideya irəli sürüldü ki, psixika təkamül prosesində təşəkkül tapır, özü də o, ali heyvanların təkamülündə ən mühüm amildir. Elmdə belə bir müddəa da qəbul edildi ki, psixika və bütün psixi hadisələr xüsusi şəkildə yüksək təşəkkül tapmış materiyanın- beynin məhsuludur. Görkəmli rus psixoloqu B.F.Lomovun təbirincə desək, psixologiya beynin ali funksiyalar sahəsini əhatə edən təbiətşünaslığın “davamı” kimi inkişaf edirdi.

Sual 2. Ümumiyyətlə, yaş psixologiyasında psixi inkişafın əsas mənbəyinin müəyyənləşdirilməsinə görə alimlər bir-birinə zidd olan, iki cəbhəyə-biogenetik və sosiogenetik cərəyanlara bölünmüşlər:
Biogenetik — uşağın inkişafı tam bioloji yetkinlik kimi dərk olunur. E.Torndayk məsələyə bu cür yanaşan psixoloqlardandır. O, uşaq şəxsiyyətini “genlər toplayıcısı” kimi başa düşürdü. Digər xarici psixoloqlar isə uşağın psixi inkişafında başlıca yeri bədənin fiziki quruluşundakı dəyişikliklərlə əlaqələndirirdilər. Biogenetik cərəyan tərəfdarları bəzən uşağın psixi inkişafında ətraf mühitin, təlim və tərbiyənin rolunu cüzi dərəcədə qəbul etsələr də, bunları uşağın təməlinə təbiətən qoyulmuş keyfiyyət və xassələrin meydana çıxmasına əlverişli şərait yaradan zəmin kimi qiymətləndirirlər. Biogenetik nəzəriyyə öz mahiyyəti etibarilə psixikanın inkişafına ictimai mühitin təsirini inkar edir, ictimai həyat şəraiti ilə yanaşı, təlim və tərbiyənin də rolunu heçə endirir.
Sosiogenetik — düzgün elmi mövqedə dayanmırlar.Onlar inkişafın təbii əsaslarını, anatomik-fizioloji zəminlərin mövcudluğunu inkar edir, bununla da uşaq şəxsiyyətinin təlim və tərbiyə prosesində təşəkkülünü orqanizmin inkişafı və yetkinliyindən ayırırlar. Burdan belə bir nəticə çıxır: hər bir uşaağı müəyyən müddət ərzində kim istəsək edə bilərik. Bu vaxt ictimai mühitin özü də dəyişməz bir ehkam kimi götürülür.

Əslində uşağın psixi inkişafına iki amil təsir edir:

  1. Bioloji (təbii)
  2. Sosioloji (həyat tərzi, mütəşəkkil təlim və tərbiyə)

Avstriya psixiatrı və psixoloqu Ziqmund Freyd XX əsrin əvvəllərində psixikanın ümumi inkişaf nəzəriyyəsini yaratmışdır. O, psixi inkişafın hərəkətverici qüvvələrini sosial münasibətlərdən kənarda axtarır. O, psixikada həlledici yeri instinktiv başlanğıca-biolojiyə verir. Onun fikrincə, psixikanın inkişafını təmin edən qüvvə, orqanizmin bioloji dərinliklərindən gələn və onun fəaliyyətini müəyyənləşdirən meyllərdir, həvəsdir.Əvvəllər uşağın həvəsi cinsi fəaliyyətlə bağlı olmur. Lakin sonralar, erkən yaşlarda onların müəyyən obyektlər üzrə fərfiləşməsi prosesi baş verir. Uşaqda təzahür edən ilk həvəslərdən biri Freydin şagirdi Anna Freydin “Anaya məhəbbətin əmələ gəlməsi” əsərində ətraflı təhlil olunur.

Uşaq böyüdükcə qadağaları mənimsəyir və “həvəslərini” bir növ “ daxilə qovur”. Daxili hərəkətverici qüvvəyə çüvrilir və müəyyən vaxtlarda davranışın affektiv forması kimi xaricə çıxmağa səy göstərir.

Sosiogenetik inkişafın tərəfdarları uşağın psixi inkişafını onu əhatə edən sosial mühitin təsiri nəticəsi kimi nəzərdən keçirirlər. Bu cərəyanın ilk nümayəndəsi Emil Dürkheym sayılır. O, psixoloji baxımdan biogenetik nəzəriyyənin kəskin tənqidini verir. Onun fikrincə, uşağın psixi inkişafı-assimilyasiyadır, yəni başqa adamların hisslərinin, təsəvvür və imkanlarının mənimsənilməsidir. Uşağın ətraf aləmdən dərk etdiyi fikir və emosiyalar onun ruhi fəaliyyətini müəyyən edir.

Uşaq inkişaf prosesində adət-ənənələri (Dürkheymə görə bəşəriyyətin qazandığı təcrübə) mənimsəməlidir. Bu mənimsəmə isə təqlidetmə sayəsində olur. Uşaq anadan təqliqetmə xüsusiyyəti ilə doğulur.

Digər sosiogenetik cərəyan nümayəndəsi isə Şarl Blondel hesab olunur. O, Dürkheymi insanda üzvi və sosial olanları bir-birinə qarşı qoyduğu üçün təqsirləndirirdi. Blondel cəmiyyəti uşağın ətraf aləmlə bilavasitə əlaqəsinə kömək edən münasibətlər sistemi kimi nəzərdən keçirir, tərbiyənin sosial inkişaf qaydalarının rəftar və davranışda möhkəmlənməsini təmin etdiyini göstərirdi.

Uşağın sosiallaşmasının ilk mərhələlərini nəzərdən keçirən Blondel maddi cisimlərlə hərəkətlərin mənimsənilməsi faktına böyük əhəmiyyət verirdi. Onlarla hərəkət edən uşaqlar, Blondelin fikrincə, həmin cisimlərdən istifadə etmək üsullarına yiyələnirlər.

Beləliklə, nə bioloji, nə sosioloji şərh psixoloji inkişaf probleminin düzgün elmi həllini təmin edə bilməmişdir.

Biogenetik və sosiogenetik cərəyanların birtərəfliliyini aradan qaldırmaq təşəbbüsünü ilk dəfə alman psixoloqu Vilyam Ştern irəli sürmüşdür. Onun “Erkən uşaqlığın psixologiyası” əsərində uşaq psixikasının inkişafının əsas müddəalarından danışılır. Həmin əsərin “Ruhi inkişaf” fəslində yazılır: “Ruhi inkişaf heç də anadangəlmə xüsusiyyətlərin sadəcə olaraq ifadəsi, həm də xarici təsirlərin sadəcə qavranılması olmayıb, daxili məlumatların, inkişafın xarici şərtlləri ilə “konvergensiyasının”-görüşməsinin nəticəsidir.”

XX əsrin 30-cu illərinin əvvəllərində psixoloqların bir qrupu psixikanın inkişafında bioloji və sosioloji amillərin qarşılıqlı nisbəti problemində sosial amilə üstünlük verməyə başlayırlar.

Neofreydizmin nümayəndələri K.Xorni, Q.Salliven və E.Fromm belə hesab edirlər ki, insan psixikasının inkişafı və təşəkkülünə sosial şərait və şəxsiyyətlərarası münasibətlər təsir göstərir.

K.Xorninin fikrincə, insandakı — Freydin bioloji hesab etdiyi-bir sıra xassələr (etibarsızlıq, düşmənçilik, mürtəcelik və s.) sosial cəhətdən şərtlənmiş olur. Uşağın psixi inkişafını nəzərdən keçirən müəllif qeyd edir ki, valideynlərin ədalətsizliyi uşaqda davranışın mənfi formalarının meydana gəlməsinə səbəb olur.

Bu cərəyanın başqa nümayəndəsi də Erix Fromm hesab olunur.O, Freydin bioloji konsepsiyasını ciddi tənqid edir. O da şəxsiyyətin təşəkkül amilini ictimai-iqtisadi şəraitdə görür, lakin o, burada təhtəlşüur sahəyə, psixikanın daha dərin daxili təbəqələrinə böyük əhəmiyyət verir.

Nəticədə məlum olur ki, neyrofreydistlər də Freyddə olduğu kimi, psixi inkişafın başlıca qüvvəsini uşaq doğulan zaman, yada erkən uşaqlıqda meydana gələn, sonralar isə tamamilə dəyişməz qalan təhtəlşüur sahəsilə əlaqədar izah edirlər.

Uşağın psixi inkişafında sosial təsirlərin mövcudluğunu etiraf edən Jan Piaje eyni zamanda onların cüzi rol oynadığını göstərir. İstər məktəbəqədər yaşlı, istərsə də kiçik məktəbyaşlı uşaqlarda əqli inkişafın amillərini nəzərdən keçirən Piaje təlimi heç vaxt onların sırasına daxil etməmişdir. O, psixi inkişafda təlimin rolunu inkar etmir. Piajeyə görə təlim inkişafın məzmun, yaxud ardıcıllığını dəyişə bilməz; o onu ancaq ləngidə, yaxud sürətləndirə bilər.

Jan Piajenin “Uşağın mənəvi mühakimələri” kitabında o, uşaqda iki cür mənəviyyatın mövcudluğunu qeyd edir:

  • İlk mənəviyyat məcburiyyət sayəsində baş verir: yaşlı ilə uşağın qarşılıqlı münasibətində uşaq yaşlıların göstərişlərinə əməl etməyə alışır.
  • Əməkdaşlıq mənəviyyatı-bu, uşağın öz yaşıdları ilə qarşılıqlı münasibəti sayəsində yaranır.

Piaje inkişafı ayrı-ayrı fərdlərin ətraf mühitlə qarşılıqlı münasibətlərinin daxili səbəblərindən törəyən mürəkkəbləşmənin nəticəsi kimi nəzərdən keçirir. Piajeyə görə, uşaq təbii, eyni zamanda, anadan olduğu andan daxili strukturaya malik fəal varlıqdır.Uşaq ətraf aləmdə baş verən xarici təsirlərə sadəcə cavab vermir, həm də onu mənimsəyərək formalaşır.

Fransız psixoloqu A.Vallon öz əsərlərində bioloji və sosioloji amillərin münasibəti məsələsini nəzərdən keçirmiş və uşağın psixi inkişafını bəşəriyyətin inkişafının təkrarı kimi şərh edən nəzəriyyələri kəskin tənqid etmişdir.

Anri Vallon psixi inkişafın hərəkətverici qüvvəsini uşağın onu əhatə edib get-gedə mürəkkəbləşən şəraitlə qarşılıqlı münasibətində görür. Bu inkişafa təsir göstərən şərtlər içərisində insani münasibətlər, davranış tərzləri və insanın yaratdığı şeylər daha çox əhəmiyyət kəsb edir.Psixi inkişafın gedişi zamanı qeyd olunan qarşılıqlı təsirlərin xarakteri dəyişilir. Əvvəllər uşağa xaricdən göstərilən təsir daha qüvvətli olur. Sonralar isə psixi inkişaf daxili zəminlərdən daha çox asılı olmağa başlayır. Vallona görə inkişaf keyfiyyətcə bir mərhələdən digərinə keçid şəklində həyata keçirilir, keçidlər isə böhranlar yolu ilə baş verir.O, uşaq psixiologiyasını elmi mövqedən həll etməyə səy göstərərək, “Uşağın psixi inkişafı”, “Hərəkətdən fikrə”, “Uşaq təfəkkürünün mənbələri” və başqa əsərlər yazmışdır.

 Rene Zazzo Vallonun şagirdi və davamçısı olmuşdur.Rene Zazzo göstərir ki, uşağın psixi inkişafında təbii və sosial olanları qarşı-qarşıya qoymaq o deməkdir ki, uşağın bioloji təbiətilə ali heyvanların təbiəti arasında keyfiyyətcə heç bir fərq yoxdur.

Zazzonun fikrincə, irsiyyət və mühit biri digərini tamamlayan, bir-birilə dialektik vəhdətdə olan vasitələrdir. Uşağın təbii, irsi imkanları həmişə ətraf mühitdən asılı vəziyyətdə olur; mühit əlverişli vəziyyətdə olduqda onlar inkişaf edir, əlverişsiz olduqda isə reallaşa bilmir.

Sual 3. Yaş psixologiyasının problemlərinin həllində mühüm rol oynayan almaniyalı E.Meymanın təşəbbüsü ilə məktəblərdə ilk psixoloji laboratoriyalar yaradılır. Bu laboratoriyalar təlim və tərbiyə prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi güdür. 1907-ci ildə Meymanın “Eksperimental pedaqogika üzrə mühazirələr” kitabı çap olunur.

İngilis məktəblilərinin tipoloji xüsusiyyətlərinin eksperimental şəkildə tədqiqilə görkəmli uşaq psixoloqu Ceyms Selli məşğul olmuşdur.

Fransada A.Binenin təşəbbüsü ilə təşkil edilmiş ekperimental uşaq laboratoriyasında psixodiaqnostik metodlarla uşaqların fiziki və psixoloji qabiliyyəti öyrənilirdi. Bine həm də T.Simonla birlikdə ağıldankəm uşaqların yardımçı məktəblərə seçilməsi metodikasını işləyib hazırlayır.

Amerika alimi Stenli Xoll uşaqların psixi inkişafını biogenetik qanun əsasında şərh edirdi. Onun uşağın yaş xüsusiyyətləri haqqında irəli sürdüyü fikirlər pedaqoji xarakter daşıyır.

Avstriyalı psixoloq Karl Büler “Uşağın mənəvi inkişafı haqqında oçerklər” adlı kitabında göstərir ki, uşaq öz ontogenetik inkişafında instinkt, öyrənmə və intellekt adlanan 3 mərhələdən keçməlidir.

Biheviorizmin görkəmli nümayəndəsi E.Torndayk heyvanlar üzərində apardığı tədqiqatlardan alınan nəticələri uşaqların təlim prosesinə şamil edir.

Müasir dövrdə biheviorizmin ən nüfuzlu nümayəndəsi sayılan Berres Skinner insan davranışını öyrənmiş və onun fikrincə, insan davranışının xarakterləri heç də onun öz təlabatlarından deyil, mühitdən irəli gələn vasitələrdən ( rəğbətləndirmə və ya cəzalandırma) asılıdır.

Müasir amerikan psixologiyasında mütərəqqi cərəyanlardan birini Cerom Bruner təmsil edir. O, özünün “Təlim prosesi”, “Təlim nəzəriyyəsi yolunda”, “İdrak fəaliyyəti inkişafının tədqiqi” əsərlərində təlim və inkişaf məsələlərini nəzərdən keçirmişdir.

K.D.Uşinskinin “İnsan tərbiyə mövzusu kimi” və ya “ Pedaqoji antropologiya” adlı kitabı, B.Preyerin “ Uşaq qəlbi” adlı əsəri uşaq psixologiyası problemlərinə həsr olunmuş ilk fundamental psixoloji əsər kimi qiymətləndirilməlidir.

Uşinski sübut edir ki, bütün psixi proseslər həyati inkişafın qanunauyğun məhsulu və zəruri amilidir. Görkəmli alim orqanizmin inkişafını-insanın təşəkkülü, ictimai fərdiyyərin təşəkkülü kimi qiymətləndirir. O, uşağın hissi idrakına xüsusi diqqət yetirməklə yanaşı, uşağın inkişafında, onun əqli və mənəvi qüvvələrinin formalaşmasında nitqin də böyük rol oynadığını qeyd edirdi. Hər uşaq ana dilində öz xalqının mənəvi aləmilə tanış olur. Buna görə də dilin mənimsənilməsi gənc nəslin istər əqli, istər mənəvi, istərsə də vətəndaşlıq inkişafının zəruri rəhnidir.

XIX əsrin 70-ci illərindən etibarən eksperiment üsulunun təbii elmlərlə, eyni zamanda ümumi psixologiyaya tətbiqilə əlaqədar uşaq psixologiyası sahəsində eksperimental tədqiqatlar aparılmağa başlanıldı.

İ.A.Sikorskinin “Uşaq ruhu” adlı monoqrafiyası, A.P.Neçayevin “Müasir eksperimental psixologiya və məktəb təlimi məsələlərinə onun münasibəti”, “Tərbiyəçi və müəllimlər üçün psixologiya oçerkləri”, P.O.Efrusi, N.E.Rıbakova və K.N.Kornilovun əsərləri tarixilik baxımından maraq doğurur.

XX əsrin başlanğıcında M.V.Bexteryevin rəhbərlik etdiyi Psixonevroloji İnstitutda, Q.P.Rassolimonun Uşaq Nevrologiyası və Psixologiyası İnstitutunda müvafiq laboratoriyalar, elmi müəssisələr yaradıldı.

Görkəmli rus fizioloqu İ.M.Seçenovun əsərləri təbii-elmi zəmin baxımından yaş psixologiyası üçün çox qiymətli əhəmiyyət kəsb edirdi. O, göstərir ki, psixologiya elmi öz məzmunu etibarilə “psixi fəaliyyətin əmələ gəlməsi” haqqında təlim olmalıdır.

İ.M.Seçenov psixi inkişafın reflektor nəzəriyyəsini yaratmış, onun fizioloji əsaslarının nədən ibarət olmasını göstərmişdir. Görkəmli fizioloq uşaqlarda psixi proseslərin və özünüdərketmənin inkişaf yollarının elmi təhlilini vermişdir.

Azərbaycanda psixologiya elminin, o cümlədən yaş psixologiyasının inkişafı qədim bir tarixə malikdir. Azərbaycanda psixologiyanın bir eksperimental elm kimi formalaşması isə XX əsrin 20-ci illərinə təsadüf edir. Bu vaxtdan başlayaraq Azərbaycanda psixi hadisələr eksperimental surətdə öyrənilməyə, peşakar psixoloqlar hazırlanmasına başlanmışdır.

1926-cı ildə Azərbaycan Dövlət Universitetində görkəmli psixoloq F.Ə.İbrahimbəyov psixologiya laboratoriyası yaratmış, bununla da ilk dəfə olaraq gələcək eksperimental tədqiqatların əsasını qoymuşdur. 1928-29-cu illərdə yeniyetmə və gənclərin əmək vərdişlərini, imkanlarını, onun qanunauyğunluqlarını öyrənmək məqsədilə Bakıda psixofiziologiya və psixotexnika cəmiyyəti yaradılır və onun nəzdində 6 psixologiya laboratoriyası təşkil edilir.

L.S.Vıqotski insanın psixi inkişafı haqqında mədəni-tarixi nəzəriyyəni işləyib hazırlamışdır. O, qeyd edirdi ki, təlim proqramları və üsulları heç də yalnız uşağın əldə etdiyi əqli inkişaf səviyyəsinə deyil, həm də “onun inkişafının yaxın zonasına” müvafiq gəlməlidir.

A.N.Leontyev məktəbəqədər və məktəb yaşlı uşaqların psixi inkişafının hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını, müxtəlif motivasiyalar zamanı uşaqların fəaliyyətinin (oyun,təlim, əmək) gəlişini və ayrı-ayrı yaş qruplarından olan uşaqların mənəvi inkişafına onun təsiri mexanizmini öz tədqiqatlarında ardıcıl izləyib aşkara çıxararaq belə bir nəticəyə gəlir: hər bir yaş dövründə fəaliyyətin bir növü üstünlük təşkil edir və uşağın psixi inkişafında həlledici rol oynayır.

Təlim və uşağın əqli inkişafının qarşılıqlı əlaqəsi sahəsində D.B.Elkonin mütərəqqi addım ataraq sübut etdi ki, uşağın əqli inkişafında təlim öz aparıcı rolunu hər şeydən əvvəl, uşağın mənimsədiyi biliklərin məzmunu sayəsində həyata keçirir.Burada uşaq tərəfindən mənimsənilmiş yeni biliklər onun əqli inkişafının mühüm meyarı kimi çıxış edir.

L.İ.Bojoviçin rəhbərliyilə tədqiq olunan, uşaq şəxsiyyəti təşəkkülünün müxtəlif dövrlərində onun psixoloji xarakteristikasını müəyyənləşdirən, P.Y.Qalperin və onun şagirdlərinin uşaqların müxtəlif yaş dövrlərində əqli fəaliyyətin mərhələlər üzrə təşəkkül problemlərini açan tədqiqatlarında aydın görmək olar.

Respublikamızın uşaqların, gənclərin psixi inkişaf xüsusiyyətlərini öyrənən nümayəndələrindən M.C.Məhərrəmov, Ş.S.Ağayev, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Ə.Ə.Qədirov, F.Ə.İbrahimbəyov, Z.M.Mehdizadə və başqalarının adını qeyd etmək olar.

XX əsrin ortalarından başlayaraq uşaq psixologiyasının ümumi məsələlərinə, qanunauyğunluqlarının aşkar edilməsinə və uşaqların əmək fəaliyyətinə, qavrayış, nitq, diqqət, hafizə, təfəkkür, hiss və xarakterinin inkişaf və tərbiyəsinə bir sıra kitab, əsər və məqalələr həsr olunmuşdur. Bunlara misal olaraq, Ş.S.Ağayev “Ailədə uşaqların nitqinin inkişaf etdirilməsi” Bakı 1962; M.Ə.Həmzəyev “Ailədə uşaqların oyunlarına rəhbərlik”,Bakı 1965; Ə.S.Bayramov “Ailədə müstəqil təfəkkürün tərbiyəsi haqqında”,1957; Z.M.Mehdizadə “Uşaqlarda təfəkkür və nitqin inkişafı”,Bakı 1960; Ə.Ə.Qədirov “Uşaqlarda idrak prosesinin inkişafı”, Bakı 1970; Ə.Ə.Əlizadə “Uşaqlarda kollektivçilik hissinin tərbiyəsi”,Bakı 1963 və s. göstərmək olar.

Respublikamızda gənclərin şəxsiyyətinin formalaşması, ideya-siyasi tərbiyəsinin, yaradıcı fəallığın sosial psixologiyası, bədii yaradıcılığın psixoloji xüsusiyyətləri, təlim tapşırıqlarının mənimsənilməsinin psixoloji əsasları da öyrənilmişdir.

Ölkəmizdə yaş psixologiyası üzrə problemlərin tədqiqinə maraq durmadan artır. Hal-hazırda yaş psixologiyası üzrə araşdırmalar, yaradıcı axtarışlar yeni metodlar əsasında davam etməkdədir.

Müəllif: Kamilə KazımovaBakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  2. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  3. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
  4. Vəliyev M.V., Mustafayev A.M. Uşaq psixologiyası. Metodik vəsait. Bakı, 2011.
  5. Шаповаленко И.В. Возрастная психология. М: Гардарики, 2005.

 

 

0 şərh