İnkişaf və yaş psixologiyasının tədqiqat metodları

Plan:

  1. Metodologiya haqqında anlayış.
  2. Yaş psixologiyasının əsas tədqiqat metodları.
  3. Köməkçi tədqiqat metodları.

Sual 1. Psixologiyanın öyrəndiyi psixi hadisələr çox mürəkkəb, rəngarəng və müxtəlifdir. Ona görə də psixi hadisələri tədqiq edərkən bir sıra prinsiplər əsas tutulur, müxtəlif metodlardan istifadə olunur. Metodologiya 2 sözdən – “metod” (yun. metodos-tədqiqat deməkdir) və “loqos” sözlərindən əmələ gəlmişdir və elmi tədqiqatların metodları haqqında təlim deməkdir.

Müasir elmdə metodologiya termini üç mənada işlənilir. Bunlar aşağıdakılardır:ümumi, xüsusi və metodologiya konkret metodik priyomların məcmusu kimi.

  • Ümumi metodologiya tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşmanı, ümumi idrak üsulunu nəzərdə tutur.
  • Xüsusi metodologiya dedikdə müvafiq elm sahəsində, məsələn, bizim misalımızda yaş psixologiyasında tətbiq olunan metodoloji prinsiplərin məcmuyu nəzərdə tutulur. Xüsusi metodologiya ümumi metodologiyadan nəşət edir.

İnkişaf və yaş psixologiyası öz obyektini öyrənən zaman aşağıdakı tədqiqat prinsiplərinə istinad edir:

  • Psixi hadisələr obyektiv şəraitdə tədqiq edilməli, necə varsa, eləcə də öyrənilməlidir. Şəxsiyyətin fərdi psixi xüsusiyyətləri müəyyən təbii və sosioloji şəraitdə fəaliyyətlə qarşılıqlı əlaqədə tədqiq edildikdə ondan alınan nəticələr elmi, dəqiq və səhih olur.
  • Psixoloji tədqiqatların əsas prinsiplərindən biri də psixi hadisələri dinamikada, inkişafda öyrənməkdən, onu proses kiminəzərdən keçirməkdən ibarətdir. Təbiət və cəmiyyətdəki psixi hadisələr dialektik vəziyyətdə daxili ziddiyyətlərin mübarizəsi şəraitində təkmilləşib inkişaf edir: köhnə məhv olur, yeni meydana gəlir. Məhz buna görə də hər bir tərbiyəçi, müəllim və tədqiqatçı dünyaya yeni gələn uşağın gələcəyini indidən görməli, onun hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasına çalışmalıdır.
  • Psixi hadisələri öyrənərkən analitik-sintetik (təhlil-tərkib) prinsipi də böyük əhəmiyyət kəsb edir. Psixi proses və xassələr həm bir-birindən ayrı-ayrılıqda (məs., duyğu, qavrayış, təfəkkür və onların xüsusiyyətləri- analitik istiqamətdə tədqiqetmə prinsipi), həm də ümumi şəkildə (sintetik prinsip) öyrənilir. Sintetik prinsipdən istifadə edib psixi hadisələri tam, dialektik vəhdət halında araşdırıb öyrənirlər. Psixologiyada ən mötəbər məlumat o zaman əldə edilir ki, psixi hadisələr vahid və bütöv şəkildə tədqiq edilib öyrənilmiş olsun.

Bu prinsiplərlə yanaşı determinizm (psixi proses və xassələrin mənşəyini, səbəb-nəticə ələqələrini öyrənmək), fəaliyyət, tarixilik, sistemlilik və s. prinsiplərdən də istifadə olunur.

Determinizm prinsipi — səbəb-nəticə. Determinizm ictimai və təbii hadisələrin səbəbi haqqında təlimdir. Determinize lat. – müəyyən etmək deməkdir. İlk növbədə daxili və xarici səbəblər müəyyən olunur. Bunun əksi olaraq xətti determinizm prinsipinə görə psixi hadisələrin yalnız xarici səbəbləri vardır. Xarici təsir olmadan daxili psixi funksiyaların təzahürü mümkün deyil. (S-R düsturu, yəni stimul-reaksiya). Adi bir faktla bu nəzəriyyənin yalnış olduğunu göstərmək olar. Məsələn, ayrı-ayrı hallarda orqanizmdə baş verən daxili hallar subyektin hər hansı bir fəallıq göstərməsinə səbəb olur. Məhz buna görə də bu nəzəriyyənin ümumi psixi fonda bütün prinsipləri özündə ehtiva etdiyini söyləmək olmaz.

Şüurla fəaliyyətin vəhdəti prinsipinin mahiyyəti ondan ibarətdir ki, şüurla fəaliyyət bir-birilərinin əksi olmadığı kimi eyni də deyildir. Şüurla fəaliyyət vəhdətdədir. Bu prinsipə görə bütün hadisələr şüurla tənzim olunur.

Konkret tarixi yanaşma prinsipi — psixi hadisələr tarixi fonda qruplaşdırılır.

Sistemlilik prinsipinə görə psixi hadisələrin tədqiqinə sistemli yanaşmaq lazımdır, çünki psixi hadisələr özü də sistemli xarakter daşıyır.

Metodologiya konkret metodik priyomların məcmusu kimi dedikdə məqsəddən asılı olaraq konkret tədqiqatda isdifadə edilən konkret metodiki priyomların məcmuyu nəzərdə tutulur.Tədqiqat metodikasının elmiliyini təmin etmək üçün onun səmərəliliyini şərtləndirən aşağıdakı şərtlər vardır: metodun əsaslı olması (validliyi), yəni tədqiqatın məqsəd və vəzifələrinə uyğun olması, tədqiqatın mötəbərliyi, yəni müxtəlif şəraitlərdə tətbiqi zamanı nəticələrin müvafiq alınması, informasiyanın dəqiqliyi,tədqiqatın reprezentativliyi — öyrəniləcək adamlar elə seçilməlidir ki, orada sinif və sosial qrupların nisbəti düzgün nəzərə alınsın.

Tədqiqat metodikasının dörd mərhələsi vardır:

1.Fərziyyənin irəli sürülməsi-bu mərhələdə hər hansı bir qrupda və ya fərdi şəxslərdə müəyyən psixoloji problemləri öyrənmək üçün fərziyyə irəli sürülür. Fərziyyə əsasən, emprik faktlara əsaslanmalıdır.

 2.Fərziyyənin yoxlanması mərhələsi-bu mərhələdə artıq əldə olunmuş faktlar təsdiq üçün eksperimental proseduraya keçirilir. Bu zaman nəzəriyyə deyil, təcrübə ön plana keçir.

 3.Nəticələrin işlənilməsi mərhələsidir. Bu mərhələdə əldə edilmiş faktlar kəmiyyət və keyfiyyət baxımından təhlil edilir.

 4.Sonuncu mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir və fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır.

Sual 2. İnkişaf və yaş psixologiyasının əsas tədqiqat üsulları aşağıdakılardır:

  • Müşahidə
  • Eksperiment

Müşahidə psixi hadisələrin gedişinə müdaxilə etmədən onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir.

Hadisələr necə təzahür edirsə, o cür də müşahidə aparılır. Müşaahidə metodunun tətbiqinin əsas şərtləri aşağıdakılardır:

  1. Müşahidə məqsədyönlü olmalıdır.
  2. Müşahidə hadisələrin təbii axarına xələl gətirməməlidir.
  3. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil olunmalıdır.
  4. Müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirməməlidir.
  5. Əldə edilmiş nəticələr etibarlı olmalıdır.

Müşahidə özü də özünümüşahidə (introspeksiya) və obyektiv müşahidə olmaqla bölünür.

Özünümüşahidə psixologiyada qədim zamanlardan istifadə edilir və müəyyən praktiki əhəmiyyəti var. Bu üsulla hər bir şəxs və ya tədqiqatçı öz daxili aləmini, davranışını, təəsüratını, onların xarici təzahürünü, psixi proses və xassələrini, hafizəsinin məhsuldarlığını, tədris materialını nə dərəcədə mənimsədiyini, habelə mənalı və mexaniki yadda saxlamasını qismən müəyyənləşdirir. İnsan özünü qiymətləndirərkən də özünümüşahidədən, özünütəhlildən istifadə edir. Bu zaman adam, adətən, elə bil özünə başqa adamların gözüylə baxır, özünü başqalarıyla müqayisə edir.

Obyektiv müşahidə zamanı psixi hadisələrin gedişinə müdaxilə edilmir. Müşahidəyə əvvəlcədən hazırlıq aparılır, nəyin müşahidə ediləcəyi qabaqcadan dəqiqləşdirilir, bu isədüzgün nəticələr əldə etməsinə imkan verir.

Müşahidə uzunmüddətli və ya dövrü olur. Uzunmüddətli müşahidə zamanı psixi hadisə, xassə və ya keyfiyyət müəyyən dövr ərzində öyrənilir. Məsələn, körpəlik dövrünün müşahidəsi (N. V. Mençinskayanın oğlu üzərində apardığı müşahidələr, “Ananın gündəliyi”).

Dövrü müşahidə isə müəyyən müddət ərzində aparılır (məsələn, bir neçə gün ərzində şagirdi müşahidə etmək).

Yaş psixologiyasında həmçinin eksperiment üsulundan da istifadə olunur.Bu üsul daha əlverişli, dəqiq və fəal tədqiqat üsuludur. Eksperimentdən istifadə edərkən qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən psixi proses qəsdən, müəyyən məqsəd əsasında yaradılıb öyrənilir. Eksperiment üsulu laborator və təbii olmaqla iki növə ayrılır.

Laborator eksperiment xüsusi aparatlarla təchiz edilmiş laboratoriyalarda aparılır. Bu üsul daha düzgün və dəqiq elmi məlumat verir, lakin burada yaradılan süni şərait bəzən uşağa mənfi təsir göstərir. Eksperimentin laborator üsulundakı bu nöqsanları aradan qaldırmaq məqsədilə təbii eksperimentə geniş yer verilir. Təbii üsulla eksperiment adi, təbii şəraitdə məktəbdə, oyun və ya fəaliyyət prosesində aparılır.

Son zamanlar eksperimentin müəyyənedici və öyrədici (formalaşdırıcı) növündən də istifadə olunur.

Müəyyənedici eksperimentlə uşağın əqli inkişaf səviyyəsini tədqiq etmək məqsədilə həyata keçirilən test üsulunu bir-birinə qarışdırmaq olmaz.

Öyrədici eksperiment təbii eksperimentin xüsusi bir forması olub, tədqiqatçının fəal təsirilə şagirdin şəxsi fəaliyyətində gedən dəyişikliklər tədqiq olunur, onlarda müəyyən keyfiyyətlər formalaşdırılır, şagirdlərə öyrədilən məsələ üzrə tapşırıqlar verilir, mücərrəd məfhumların mənimsədilməsi imkanları müəyyənləşdirilir.Belə təbii üsulla daha düzgün və mötəbər elmi nəticələr əldə edilir.

Sual 3. Bu gün yaş psixologiyası daha geniş əhatəli problemləri həll etmək üçün psixodiaqnostik və elektrofizioloji metodlardan istifadə edir.

Psixodiaqnostik üsullardan biri psixoloji testlər deyilən üsuldur. “Test” ingiliscə — sınaq, “yoxlama” mənasını verir. Test üsulu ilə uşağın müəyyən sahədə malik olduğu bilik və bacarığı yoxlanılır, onun hər hansı bir işi icra etməyə nə dərəcədə yararlı və hazır olduğu müəyyən edilir. Şəxsiyyətin bəzi keyfiyyətləri aşkara çıxarılır, müəyyən peşəyə yararlığı aydınlaşdırılır.

Son zamanlar uşaq qruplarının öyrənilməsində sosiometrik üsuldan da geniş istifadə olunur. “Sosio”-cəmiyyət, “metr”-ölçürəm sözündən götürülmüşdür. Bu üsulla qrupun istiqaməti, kollektiv daxilində qarşılıqlı münasibət, kiçik qrupların və şəxsiyyətin vəziyyəti müəyyənləşdirilmişdir.

İctimai rəyi, şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün intervyü metodundan istifadə olunur. “İntervyü”- “sorğu”, “söhbət”, “müsahibə” mənasını verir. Bu zaman hər hansı bir məsələ barədə müəyyən adamın fikri, mülahizəsi soruşulur.

Müsahibə üsulu ilə uşağı öyrənərkən qarşıya qoyulmuş məqsədə müvafiq olaraq suallar düzəldilir, həmin suallar əsasında uşaqlardan cavablar toplanılır, sonra təhlil edilərək uşağın psixi xüsusiyyətləri müəyyənləşdirilir.Müsahibə-kollektivi öyrənməkdə, uşaqların əqidəsini, marağını, hafizəsinin xüsusiyyətlərini və s. aşkara çıxarmaqda tətbiq edilir, hər bir müsahibənin planı olmalıdır, sorğu-sual səmimi və təbii şəkildə aparılmalıdır. Yoxlanılan adamın verdiyi cavablar, toplanılmış material vaxtında təhlil edilməlidir ki, uşaq haqqında düzgün mühakimə yürütmək mümkün olsun.

Fəaliyyət məhsullarının təhlili – şagirdlərin yazdıqları yazı işləri, çəkdikləri rəsm, dərnəkdə çıxışları, yazdıqları şeir və hekayələr təhlil edilərək uşağın bacarıq və vərdişləri, qabiliyyətləri, onun psixi inkişaf xüsusiyyətləri haqqında müəyyən fikirlər yürüdülür.

Anket üsulu-kütləvi psixoloji tədqiqat üsuludur. Bu üsul yazılı formada aparılır, miqdarca daha çox şagirdləri əhatə edib, psixi prosesləri təcəssüm etdirən faktları toplayıb onların elmi təhlilini verməyə, psixi hadisələrin bəzi qanunauyğunluqlarını araşdırıb təhlildən keçirməyə imkan verir.

Araşdırılan məsələlərlə bağlı suallar qoyulur, uşaqlar həmin suallara cavab yazırlar. Cavabları təhlil edərək onların qabiliyyət, bacarıq və digər xüsusiyyətləri aşkar olunur.

Genetik üsulla-uşaqların psixoloji xüsusiyyətlərini, dərketmə imkanlarını aşkara çıxarmaq məqsədi ilə aparılır və psixi hadisələr bir proses kimi dialektik inkişafda öyrənilir.

Sitoloji üsul – xromosomlar (DNT və RNT) və onlarda gedən dəyişiklikləri öyrənir. DNT-irsiyyət daşıyıcıları, RNT-dəyişkənliyin daşıyıcıları kimi müəyyən olunur. Yəni yeni nəslin insan növünə məxsus əlamətləri və onlarda təzahür edən fərdi psixoloji xüsusiyyətlərin inkişafı məsələsi öyrənilir.

Ailə genelogiyası üsulu ilə-ailənin, nəslin psixi xüsusiyyətləri genotiplə əlaqədar öyrənilir. Bu üsuldan ən çox psixiatrik tədqiqatlarda istifadə olunur.

Əkizlər metodu – vasitəsilə eyni yumurtadan və başqa-başqa yumurtadan əmələ gəlmiş əkizlərin psixi inkişaf xüsusiyyətləri, uşağın irsiyyəti, xüsusilə mikromühitlə, aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətlər müəyyənləşdirilir. Bu, onların irsi fondlarının eyniliyini nəzərə alıb mühit və tərbiyə amillərinin təsirini geniş surətdə öyrənməyə imkanverir.  

Müəllif: Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Mənbə:

  1. Əzimli Q.Ə. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Bakı 2004.
  2. Əzimli Q.Ə. Yaş və pedaqoji psixologiyanın müasir problemləri. Bakı 2006.
  3. Həmzəyev M.Ə Yaş və pedoqoji psixologiyanın əsasları Bakı 2003.
  4. Qədirov Ə.Ə Yaş psixologiyası. Bakı, 2003.
  5. Vəliyev M.V., Mustafayev A.M. İnkişaf və yaş psixologiyası. Bakı, 2013.
 

0 şərh