Qırmızı-qırmızı, sarı-sarı ağlamaq...

Hamı ağlayırdı, amma hamı öləni ağlamırdı. Çox vaxt ölən unudulurdu, məclisin ab-havasından kövrələnlər öz keçmiş ölənlərini yada salırdılar. Bircə Zabıta arvad hamıdan fərqlənirdi. Onun bambaşqa ağlamağı vardı.

O təkcə göz yaşı tökmürdü, ölümün və ölənin şəklini çəkirdi - səsnən çəkirdi.

Səsnən ölümü izah edirdi.

Onun ağlamağı ölümün izharına çevrilirdi.

Ölümlə barışığa çağırırdı adamları.

Ölümə qarşı üsyan dərd çəkmək qorxusundan yaranır.

Ölümlə barışmaq öləni unutmaq deyil, dərdi çiyinə götürməkdir, dərdi çəkməyə razılıq verməkdir. Bu da bir mədəniyyətdir, dərd çəkmək əsilliyi, nəcibliyidir.

Zabıta arvad bu yolnan dərdi hamılaşdırırdı, hamınınkı edirdi. Hamının içində olanı ağlayırdı çünki. Hər kəs özlüyündə elə bilirdi ki, Zabıta arvad onun dərdini hönkürür.

Bununla dərdi adamların içindən çəkib çıxarırdı.

Dərd adamın bu dünyada qalan şəklidir, dəyəridir, qiymətidir.

Öz dərdini ağlaya bilməyənlər Zabıta arvadın səsindəki dərdə bozlayırdılar.

Zabıta arvad ağlamırdı, dərdi dərdə ucaltmaq dərsi keçirdi.

Hamı dərdini unudur, onun böyük dərd dastanına qulaq kəsilir, özünü tapır, toxtayırdı.

Zabıta arvad hamının dərdini yanına çəkə bilirdi.

***

Qocaların ölümü o qədər də kədərli deyildi; görürdün ki, belə yerlərə gedəndə çox da üzülmür, hətta gülən, zarafat edənlər də olurdu.

Amma Zabıta arvad o qocanı elə ağlayırdı, elə ağlayırdı ki, elə bilirdin ölən insan deyil, bir dünyadır.

Elə bilirdin o dünya dağı, daşı, ağacı, çiçəyi, buludu ilə boş qalıb.

Bağı, bostanı ilə boş qalıb. Və onlar heç vaxt əvvəlki yerinə dönməyəcək...

Ölümlər də cürbəcür olur - körpə ölümü, ağac ölümü, arzu ölümü...

Zabıta arvad körpəni ağlayanda gözlərindən əzilmiş yaz otunun ağrısı tökülürdü.

Zabıta arvad camaatın dərddaş simvolu idi.

***

... Böyük qardaşım Türkmənin toy mərasimi idi. O, boylu-buxunlu, yaraşıqlı, əsl kişi görkəmli bir gəncdi. Nişanlısı sayılıb-seçilən nəsildən idi. Toyu da azman sənətkar, bütün Azərbaycanda ad çıxarmış, musiqi tarixində öz yeri, öz çəkisi olan, bənzərsiz xanəndə Ağabala Abdullayev aparacaqdı. Səhər tezdən öz dəstəsi ilə gəlmişdi. Amma lələm demişdi ki, Bəyaz arvad gələnəcən səs olmasın. Onlar da çalğısız-filansız oturub gözləyirdilər.

Toyun təntənəsi əvvəldən adamı nəşələndirirdi.

Amma bir nisgilimiz vardı. Bəyaz nənəm dərdli idi. El içində böyük hörmət, izzət sahibi olan nənəm əslində nənəmiz deyildi, dayımın ömür-gün, dərd yoldaşıydı. Amma o qədər istəkli, ağbirçək, doğma idi ki, ona hamımız nənə deyirdik. Durna qanadlarına bənzəyən əlləri vardı. Üzü də saçları kimi nur içində idi. Elə bilirdim ona bu adı saçları və üzü belə bəyazlaşandan sonra veriblər.

Bəyaz nənəmi dərd ağartmışdı - saçlarını, üzünü, əllərini də.

Otuzuncu illərdə cavan, nişanlı qardaşını - Yusifini itirmişdi. El dağdan qayıdanda qoşa çinarın arasında quldurlar vurmuşdular onu. Ävvəlcə köçün qabağına çıxıb xərac istəmişdilər. Xəbər Yusifə çatan kimi özünü yetirmişdi. Üç nəfərə qarşı atışmada birini yaralamışdı. Görmüşdülər onunla bacara bilməyəcəklər, hiyləyə əl atmışdılar. O üç nəfərdən biri qamışlıqdan keçib, onu namərdcəsinə arxadan vurmuşdu. Yusif yaralı olsa da, quldurlardan birinin tüfəngini və papağını almış, o birisini tutub saxlamışdı, biri isə qaçmışdı.

Yaşlılar danışırdılar ki, Yusif hər igidin tayı deyidi. Elnən bir ad çıxartmışdı. İrandan keçib gələn qaçaq-quldur dəstələri Yusifin adı gələn yerə üzükməzdilər. Bir ordunun qabağı idi Yusif. Tüfəngi, atı adnan deyilərdi. Tüfəngə də, ata da elçi düşənlər, mal-mülk tökənlər çox olsa da, Yusif razılıq verməmişdi.

Tüfəngi ona Türkiyədən gətirmişdilər. Üzərində gümüşdən işləmələri olan, haçadayaqlı aynalı idi. Hələm-hələm tapılan şey deyildi. Atı isə qulunluqdan özü böyütmüşdü, ən yaxın dostu idi onun, uşaq kimi oynayırdılar bir-biriynən. Yusifin bir işarəsi ilə yanına gələr, əlləri üstə qalxardı. At insan kimi dil bilirdi. Yusifin ölümündən üç gün sonra atı da vurulduğu yerdə - qoşa çinarın altında ölmüşdü.

Sovet hökuməti onun tüfəngini müsadirə elədi, amma durbini, nişan üzüyü və təsbehini Bəyaz nənəm ölənəcən nişanə kimi saxladı. Deyirdi, Yusifin iyini alıram onlardan...

Bəyaz nənəmin dərd imtahanı bununla bitmədi. Yusifin itkisindən uzun illər sonra oğlu Yaqubun Ukraynadan ölüm xəbəri gəldi. Qış idi, evimizdə bircə mən qalmışdım. Qar yağırdı. Yaqubun ölümü bütün kəndin hüznünə döndü. Bəyaz nənəmin qardaş dağının üzərinə indi də oğul dağı çəkildi.

***

... Toy günü onun gəlişi üzümüzü güldürdü. Maşından düşəndə lələmə nəsə dedi. Lələm isə Ağabala kişini kənara çəkib onunla xeyli söhbətləşdi. Ağabala kişi söhbət zamanı başını tez-tez yırğalayırdı. Sonra o, “yaxşı, yaxşı” deyib dəstədən aralandı, ə mimgilə tərəf getdi. Ämimgillə qapıbir qonşuyduq. Evlər bitişik idi. Ağabala kişi eyvana çıxıb, qonaq otağına keçdi. Mən də otağa girdim. Bəyaz nənəm qapının ağzında yaşmaq bağlayıb oturmuşdu. Ağabala kişi otağın baş tərəfində bardaş qurub, yerdən əyləşdi. Üzü çox kədərli idi. Səhərki adam deyildi. Nənəm mənə tərəf dönüb: “Nənən qurban, sən get mağara, biz də indi gəlirik. Get...”, - dedi. Otaqdan çıxdım, amma getmədim, maraq məni götürmüşdü. Burada nə baş verdiyini görmək üçün çox can atırdım, gah qapının deşiyindən, gah da pəncərənin arasından içəriyə boylanırdım.

Ağabala Abdullayev oxuyurdu.

Elə yanıqlı, elə dərdli oxuyurdu ki, məni ağlamaq tuturdu, özümü güclə saxlayırdım. O, oxuduqca Bəyaz nənəm səssiz-səssiz tökürdü. Yaş sel kimi axırdı. Yanaqlarından diyirlənən damlalar qar üzərində açılan cığıra bənzəyirdi. Elə bilirdim ki, o damlalar indicə Bəyaz nənəmin sifətində donub qalacaq.

Bəyaz nənəm ona görə daldaya çəkilmişdi ki, birdən camaatın içində özünü saxlaya bilməz.

Bunu kimsənin görməyini özünə sığışdıra bilmirdi.

***

Ağabala Abdullayev Bəyaz nənəm üçün oxuyurdu, onun dərdini balası kimi yüyürləyirdi, nənni deyirdi.

Dərdi beşikdə körpə kimi uyudurdu, oxşayırdı.

Səsin dizini yerə atıb, dərdin altına girirdi - dərdi dəyər taxtına qaldırmaq üçün.

Ürəyini dərdə dirək verirdi...

***

Nəhayət, Ağabala Abdullayev oxuyub qurtardı. Başını dizinin üstündə ikiəlli tutduğu qavala söykədi.

Üzü görünmürdü, bircə çiyinləri silkələnirdi...

Bəyaz nənəm ağ ağlayırdı, ağappaq ağlayırdı.

Ağ işıq kimi içində hər rəngdən - hər dərddən var idi ağlamağının. Sonralar Yaqubun əsgər paltarında ağappaq qarın üstündə çəkdirdiyi şəkli görəndə bu rəngi tanıdım. Bəyaz nənəm onda qar kimi ağlayırdı... Qar kimi səssiz, elə qar kimi də çox uzaqdan, çox hündürdən gəlirdi ağlamağı...

Bəyaz nənəm ölənəcən nə bu dərddən - itirdiklərindən ayrıldı, nə də bu dərdi birisi ilə paylaşdı.

Bu dərddən heç kimə qıymadı.

Elə bil dərdnən əhd bağlamışdı.

Dərdi bütöv saxladı Bəyaz nənəm.

Dərdi yaralamadı.

O, Yusifin, Yaqubun dərdini özlərini sevdiyi kimi sevdi ölənəcən.

Dərdi onların yerində görə bildi.

Dərdi Bəyaz nənəmin üzü idi, siması idi, bütün həyatı idi.

Bu dərdsiz nə toyu, nə də yası vardı.

Onu yaylığı kimi gəzdirirdi özü ilə.

Bu dərd onun ləyaqəti idi...

***

Bu dünyada hər dərdin öz səsi, öz rəngi, öz ağlartısı var.

Hər dərd bir səsə yatır, bir rəngin dizinə baş qoyur, bir ağlartıya sığır.

Hər səsdən bir dərd puçurlayır.

Dərd içimizdəkilərin ölümüdür.

İçimizdə bəslədiklərimizin, qurduqlarımızın, hamıdan gizli saxladıqlarımızın - pünhanların şamama tağı kimi qurumasıdır.

İçimizdə illərnən binə tutan arzu və sevgilər məmləkətinin viranə qalmasıdır.

İnsan belədir, bir şeyə ürəkdən bağlandısa, onu içində çiçək kimi bitirir. Həyatın hər zərbəsindən qorumaq üçün min cür əzaba qatlaşır.

Hərənin bir cür - özü kimi ağlamağının mənasını sonralar anladım.

O səslər mənə rənglər kimi çatırdı.

Qırmızı-qırmızı, sarı-sarı, bənövşəyi-bənövşəyi ağlayırdı adamlar.

Bu, onların içində əzilənlərin, solanların - qızılgüllərin, nərgizlərin, bənövşələrin rəngi idi. Hər əzilən çiçəyin, sınan qanadın, solan qönçənin ağrısı-acısı özü rəngdə ağlartıya dönürdü.

İnsanlar göz yaşları ilə içində əzilənlərin ağrısını toxuyurdular, dərdini toxuyurdular, ağlartısını hörürdülər - gilə-gilə, ilmə-ilmə, puçur-puçur, al-əlvan...

Yalnız içində çiçək bitirməyənlər, çiçək açmayanlar - ağrımayanlar rəngsiz ağlayırdılar.

Hiss olunurdu ki, hər şey gözlərindədir, gözlərini boşaldırlar.

Bomboz ağlayırdılar, bumbuz ağlayırdılar, dümdüz ağlayırdılar.

Dərdi də düz ağlamaq olar...

Bükülməsən, qatlanmasan, qıvrılmasan dərd açılar?!

Dərdə durmayana dərd dəyməz.

İçi göynəməyənin içində dərd dayanmaz.

Dərddən dönən əyilib gedər.

***

Rəngli ağlayanlar təbiətə bənzəyirdilər.

Göz yaşları payız yarpaqları kimi ələnirdi.

Adamlar da ağaclar kimidir.

Sarı-sarı, qırmızı-qırmızı, narıncı-narıncı ağlayırlar.

Bir də, günəş batanda qürub yerinin ağrısı rəngdə.

Müəllif: Loğman bəy, "Zaman - Azərbaycan" qəzetinin əməkdaşı
Mənbə: Zaman qəzeti, 11 mart 2011
 

1 şərh

kayzen
Müəllif və mənbəni qeyd etmək lazımdır. -1