Quran haqqında anlayış

  • Quran
Quran Uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: "Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır" (əl-Bəqərə surəsi, 1-2).
Digər bir ayədə buyurur: "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)". (əl-Kəhf surəsi, 1-2)
Bu elə bir kitabdır ki, haqqı batildən ayırar, qəlblərə şəfa verər, insanlardan bəzilərini ucaldar və bəzilərini zəlil edər.
Quran oxumaq qəlbin dərmanıdır. Uca Allah buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik”. (əl-İsra surəsi, 82)Başqa bir ayədə buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (əl-İsra surəsi, 57)
Hər bir müsəlman Quran oxumağı bacarmalıdır.
Quran oxumağı bacarmaq nə qədər tükənməz, böyük bir nemətdir. Odur ki, Quran oxuyan kəs onun ədəblərini, oxuma qaydalarını öyrənməli və ona riayət etməlidir ki, bu gözəl əməli lazımınca yerinə yetirmiş olsun. Uca Allah buyurur: "Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, (Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir". (Fatir surəsi, 29-30)

Quranı öyrənib və onu insanlara öyrədən şəxs isə ən xeyirli insanlardır. Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənib və onu öyrədəndir”. (Səhuh əl-Buxari 9/66, 67, Sunən ət-Tirmizi 11/32)
Quran oxumaq insana qiyamət günü ən çox fayda verən əməllərdən olacaqdır. Əbu Uməmə əl-Bəhi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Quran oxuyun! O, Qiyamət günü sahibinə şəfaətçi olaraq gələcəkdir". (Səhihu Muslim 6/90)

Quranı oxuyan kəsə oxuduğu hər bir hərfinə görə on savab yazılır. İmanı güclü olan müsəlman heç vaxt Quran oxumaqdan doymaz. Abdul-Həmid əl-Həmməni Sufyan əs-Sövrinin (Allah ona rəhmət eləsin) belə dediyini eşitmişdir: “Qəlbləriniz təmiz olarsa Quran oxumaqdan doymazsınız”. Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurmuşdur: “Kim bilmək istəyirsə o Allahı sevir ya yox, özünü Qurana fəda versin. Quranı sevdikdə Allahı sevmiş olur. Çünki Quran Allahın kəlamıdır”.
Fudeyl ibn İyad (Allah ona rəhmət eləsin) demişdir: "Quranı daşıyan kəs İslam bayrağını daşıyandır".
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: "Üç şey zehni gücləndirir və bəlğəmi aparır; sivakla dişləri təmizləmək, oruc tutmaq və Quran oxumaq".
Quran bizə, bizdə olan xəstəlikləri göstərən ən əsas vasitədir. Qatədə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Quran sizə xəstəliklərinizi və onun dərmanını göstərir. Sizin xəstəliklərinizin, etdikləriniz günahların dərmanı isə istiğfardır”. İstiğfar Allahdan bağışlanma diləməkdir. Quran oxuyan şəxs əsrlər öncə yaşamış qövmlərin öz əməlləri ucbatından üzləşdiyi müsibətlər barəsində məlumat alınca, Cənnət və Cəhənnəm ayələrini oxuduqda Allahdan hər bir zaman bağışlanma diləyir. Allah isə heç şübhəsiz ki, Bağışlayan və Rəhmlidir.

Ramil Soltanov (Ilahiyyatci)
 

7 şərh

Flaqman-91
Maraqli idi
Old_Baku_
Emin qeyd etdiklərinin hamısı doğrudu belə bir mövzuya toxunub bizləri bilikləndirdiyin üçün bütün oxucuların adından sənə təşəkkürmü bildirirəm.Belə maraqlı mövzuları yazmağa dəvam et (Allah səndən razı olsun)
seyidova
Quranı oxumaq üçün mütləq ərəb dilində yəni özü kimi oxumaq lazımdı hə?Yəni öz dilimizə çevrilmişi oxumaq düz deyil?
TAE
Quran insanlari dogru yola cagirir ereb dilini oyrenmek lap yaxsi erebce oxuyub anlamaq /en onemlisi Qurani anlamaqdi
Gülnar
Cümlədə nə demək istəmisiz? Heç nə başa düşmədim. Bir də ki, azərbaycan hərfləri ilə yazmaq lazımdır.
rdgr
yəni esas Qurani anlamaqdi ,eyer ereb dilin bilmirsense azerbaycan dilinde oxumaq lazimdi ki,bilesen ki Allah sene ne deyir)
Gülnar
Hər kitabı orijinaldan oxumaq daha gözəl olduğu kimi, «Quran»ı da ərəbcə oxumaq daha yaxşı olar. Amma dili bilməyən üçün heç bir qəbahət yoxdur. «Quran»ı dilimizdə oxumaq adi kitabın tərcüməsini oxumaq kimi günahsız bir işdir. Qəti qorxusu yoxdu yəni )