Türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasının ilk təşəbbüskarı kimdir?

Rənglərinin ardıcıllığını əzbər bilməsək də, mənalarını əzbər bildiyimiz, hərdən baş-ayaq asdığımız, bunun üstündə bir-birimizi günahlandırdığımız bayrağımızda əks olunan “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyalarının ilk “uzlaşma təşəbbüskar”ı kimdir?
Azərbaycanda bu sual, ümumiyyətlə, müzakirə olunmur. Bizim üçün ünvan bəllidir. Türkiyədə isə fikir adamlarına görə dəyişir. Bəzilərinə görə, “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının ilk müəllifi Əli Suavidir, digərlərinə görə isə Əli Suavi olmasa da, konkret olaraq ünvan Əli bəy Hüseynzadə deyil.
Türk üçün hazırkı dünyanın bəlli bir portreti var. Türk müasir olmaya bilər, amma mütləq müsəlman olmalıdır. Bizim və Anadolu türklərinin də bilməli olduğu bir məsələ var. Türklük də, müsəlmanlıq da, müasirlik də nə bizim, nə də onların “monopoliya”sındadır.Əli Bəy Hüseynzadə
Əli Suavi, bəlkə də, türk-islam tarixinin ən şanssız nümayəndələrindən biridir. Bir tərəfdən məxsus olduğu cəmiyyətin, yaradıcı insanın şəxsiyyəti ilə yaradıcılığını eyniləşdirmək mərəzindən canını qurtara bilməməsi, ikinci tərəfdən ömrünün ona yaşlanıb “cavanlıq çılğınlığı”nın təsirlərini rəndələmək imkanı verməməsi hələ də Suavinin portretinin Türkiyədə “ədalət”li şəkildə qəbul olunmasına imkan vermir.
Suavi – üsyankar təbiətli, iynədili, çılğın, ədalətsizliyə qarşı ən sərt şəkillərdə mübarizə aparan bir xarakterdir. Fikirlərindəki istiqrarsızlıq, xarakterinin orijinallığı, ingilis arvadı, başına gah fəs, gah sarğı taxması, şərab içməsi, ən yaxın silahdaşlarına belə, ədalətsizliyi güzəştə getməməsi, yaşayarkən də, ölümündən sonra da fikirlərinin qəbul olunmasına əngəl yaratdı, haqqında məlumat verən mənbələrin təhrifinə gətirib çıxardı. Sözünü açıq deməsi və əməlinin nəticələrinə dözümlülüyü onu başqalarından fərqləndirirdi. Haqsızlıq gördüyü hər məsələyə müdaxilə edib sonuna qədər gedən xarakter sahib olması onu iş yerini tez-tez dəyişməyə və sürgünlərə məhkum edirdi. Sürgün və qaçış xəritəsi təkcə Osmanlı sərhədləri arasında yox, Paris-İstanbul, İstanbul-London, London- İstanbul arası da davam edirdi. Suavi, Türkiyədə və Avropada “Müxdir”, “Ulum”, “Respublika” adlı qəzetlər çıxarmışdır.
Sağlığında Suaviyə qarşı ən çox antipatiya oyadan fikir adamlarından biri Namiq Kamal idi. Birgə nəşr etdikləri qəzetin maddi dəstəkcisi üstündə Suavi ilə həmkarları Namiq Kamal və Ziya Paşanın arası dəyir. Suavi bu mövzuda “Mustafa Paşa Takımı” adlı bir yazı yazıb keçmiş qələm dostlarını ifşa edir. Suaviyə görə, Əli Paşa vasitəsi ilə “kabinə”də yer tutan birindən dəstək almaq qeyri-mümkün idi.
Öz növbəsində Namiq Kamal da dərhal Suaviyə, onun şəxsi həyatı üzərindən hücuma keçir, “Suavinin Avropada yaşayışı” adlı həcv yazır. Yazının əsas ideyası Suavinin arvadının ingilis olması vəonun yolunu azması haqqında idi. Əlbəttə, dram yazarı, ənənələrə daha sadiq olan Namiq Kamal Suavidən çox tanınır və sevilirdi. Ona görə, sözləri cəmiyyətə öz təsirini göstərdi. Suavi rəqiblərinin ciddi səyləri nəticəsində fikirlərindən daha çox, toplumun qəbul eləmədiyi “günahları” ilə, “Firəngistanda şapka qoyan, şərab içən, islama yaraşmayan günahlar edən, protestant Suavi” kimi tanındı.
Əli Suavinin tərcümeyi-halını qısa olaraq Çırağan hadisəsində (1878-ci il) əqidə yoldaşları və 300 nəfərə qədər rumeli qaçqınının dəstəyi ilə Sultan Əbdülhəmidi taxtdan salıb V Muradı taxta çıxarmaq cəhdinin nəticəsini yazmaqla tamamlamaya bilərik. O, sözügedən uğursuz cəhdə görə Yedi Sekiz Həsən Paşanın (o vaxt Həsən ağa idi, yeddi-səkkizə qədər saymağı bildiyi üçün bu ləqəbi almışdı) ağacla başına vurması nəticəsində aldığı zərbədən 38 yaşında ölür.
Ümumiyyətlə, Suavinin ingilis qadınla evlənməsi, onun ədalətli və çılğın xarakterindən əziyyət çəkən rəqiblərinin əsas istinad faktı və bütün şəxsi qərəzlərin önünə yerləşdirdikləri “paratoner” olmuşdu. İkinci məşrutiyətdən sonra Namiq Kamal, Ziya Paşa hüriyyət qəhrəmanları kimi təqdim olunduğu halda Suaviyə, arvadı ingilis olduğuna görə ingilis casusu damğası vurub lənətləyirdilər.
Onun haqqında ilk tərəfsiz kitab ölümündən 70 il sonra İsmail Hami Danişmend tərəfindən yazılır və CHP nəşriyyatı tərəfindən nəşr olunur.
Suaviyə görə, yeni bir cəmiyyətin qurulması üçün sosial reformasiya baş verməli idi, millət yeni bir təhsil sistemi ilə yeni rejimə uyğun şəkildə yetişdirilməliydi. Latın qrafikasında yazmaq, teokratiyadan, təkkəçilikdən, dərvişlikdən imtina eləmək lazım idi.
O, Parisdə çıxardığı “Ulum” qəzetində tarix, coğrafiya, hüquq, ilahiyyat, statistika, ticarət, sənaye, əkinçilik, arxeologiya və bir çox başqa mövzularda yazılar yazır, şərq-islam elmlərinə aid mövzuları bacardıqca qərb mədəniyyəti və metodları ilə tədqiq eləməyə çalışırdı. Bəhs etdiyi elmlərdən heç birini dərindən öyrənməsə də, qərb fikrinə duyduğu dəlicəsinə aclıq, onun maraq dairəsini hədsiz dərəcədə genişləndirirdi. Bu, Suavini qərb ilə yeni təmas dövrünün ən istəkli öndərinə çevirmişdi. Əli Suavi, dünyəviliyi dəstəkləyir, dünyanın din qanunları ilə idarə olunmasına qarşı çıxır, ibadətin türkcələşməsini, namaz surələrinin türkcəyə çevrilə biləcəyini deyirdi. Xilafət müəssisəsinə və monarxiyaya hücum edir, açıq-aşkar respublikanı dəstəkləyirdi.
Suavi Osmanlıcılığa qarşı türklüyü irəli sürürdü. O deyirdi ki, islamda faiz caizdir. Eyni zamanda həm İslam millətləri birliyindən söz edir (Sonradan onun bu yolunu Əfqani davam etdirəcəkdi), həm də qərbin elmini, inkişafını açıq şəkildə dəstəkləyirdi. “Bunu bilin ki, məsafələri qısaldan onlardır. Süveyiş kanalını onlar açdı. Dünyanı 80 gündə gəzmək imkanını onlar yaratdı” bildirir, rəsm, heykəltəraşlıq kimi sənətlərin Teymur sarayında, İranda, Elxanilərdə nümunələri olduğunu göstərib “dində bu sənətlərin qadağasına aid heç nə yoxdur” deyirdi. Bundan başqa, ərəb adı ilə tanınan İbn Sina kimi fikir adamlarının məhz türk olduqlarını və Osmanlıdan əvvəl yetişdiklərini yazırdı.
“Türk Yurdu” jurnalı ilk türkçülər qismində Süleyman Paşa ilə Bursalı Tahirin adını çəkir. Ancaq Bursalı Tahir ona Suavinin təsir etdiyini yazır. Suavi isə Comte de Gobineaudan təsirləndiyini qeyd edir. Suavinin türkçülük hərəkatını dəstəkləməsi, təbii olaraq, onun Osmanlıya qarşı olduğu təəssüratını yaradırdı. Onun fikrincə, osmanlıca adında dil yoxdur. Hilmi Ziyaya görə, Ziya Gökalp “türkcələşdirilmiş türkcədir” sözünü Suavidən götürmüşdü. Türk dili ilə hind-avropa dilləri arasında ilk dəfə etimoloji müqayisəni Suavi aparmışdı. Ülkənə görə, Ziya Gökalp elmi teriminlərin ərəb dilindən alınmasının vacibliyini mədrəsənin təsiri altında yazıb.
Suavi islamçılıqla qərbçilik arasında ziddiyyət görmürdü, əksinə, birinciyə ikincinin təməli kimi yanaşırdı. Ziya Ülkənin fikrincə, Suavinin yazdıqlarından bu nəticəyə gəlmək olar ki, islamçılıq və qərbçilik ancaq türkçülüklə birləşərsə, qərb millətlərinin önündə dura bilər.
 
Suavi avropalıların Osmanlını aşağılayan fikirləri ilə razılaşmır, İngiltərə səfiri Thomas Roenun (1623), Volney Les Ruinesin (1791) Osmanlı Dövlətinin qocaldığı, türklərin süquta məhkum olduğu ilə bağlı fikirlərinə qarşı çıxırdı. Hətta onların bu fikirləri ilə mübarizə aparırdı. “Bir millətin ki sərvət mənbələri nəinki bağlanmayıb, əksinə, hələ açılmayıb, demək, o, qocalmayıb, hələ təzədir…” deyib üsyan edirdi.
Ülkən, “Türkiyədə çağdaş düşüncə tarixi” kitabında yazır ki, bu inqilabçı türk fikir adamı islamlaşmaq, modern mədəniyyət səviyyəsinə çatmaq və türkçülük fikirləri ilə bir çox türkoloqa öncülük eləyib. Düşüncələrinin qapalı çevrədə qalması, sərt xarakterinə görə həm öz zamanında, həm də sonrakı dövrlərdə onu sevməyənlərin hücumları, fikirlərinin yayılmasını, demək olar, imkansız etmişdi.
Suavi özü isə, haqqındakı “səthi, bilgisiz, fikir dəyişdirən mütəfəkkir” ittihamlarına cavab olaraq “800 il sonra Qəzalini araşdıranlar tapıldığı kimi, bir gün Suavini araşdıranlar tapılacaq” söyləmişdi.
Azər Turan “Əli bəy Hüseynzadə” kitabında “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasının Hüseynzadəyə aid olduğunu isbatlamaqdan ötrü Fuad Köprülü, Tanpınar kimi Suavini sevməyən yazarların mətnlərinə istinad edir və belə bir ideologiyanın əsla Suavi kimi bir adama aid ola bilməyəcəyi nəticəsinə varır.
Hilmi Ziya Ülkən “Türkiyədə çağdaş düşüncə tarixi” kitabında Əli bəy Hüseynzadədən bəhs edərkən yazır: “Bu üç tərəfli yanaşma, daha əvvəl bir az qeyri-müəyyən şəkildə Əli Suavi tərəfindən irəli sürülüb, müdafiə edilmişdir. Fəqət Əli Suavi türkçülüyün hələ oyanmadığı və Namiq Kamalın Osmanlı-İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdur. Hüseynzadənin təklifi tam zamanında gəlimişdi. 1905-ci ildə Tiflisdə irəli sürülən bu fikir, yeddi il sonra – 1911-ci ildə ətrafına hərarətli tərəfdarlar topladı. Gökalp “Türkləşmək”, “İslamlaşmaq”, “Müasirləşmək” adlı məqalələrini, 1918-ci ildə isə həmin məqalələrdən ibarət kitabını nəşr etdirdi. Fəqət Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adı çəkilmir.”
Ülkənin yazısından aydın görünür ki, o, Hüzeynzadənin, Əli Suavinin haqqını vermədiyinə eyham vurduğu kimi, Gökalpın da Hüseynzadənin haqqını vermədiyinə ehyam vurur. Kim bilir, bəlkə də müəllif “haqqı itirənin haqqını itirərlər” demək istəyib.
Buna rəğmən, Ziya Gökalp Hüseynzadəyə “yalavaç” (peyğəmbər) deyirdi. Hilmi Ziya isə Hüseynzadəni xarakterizə edərkən yazırdı: “Fəqət nə Gökalp qədər məhsuldar idi və fikrini hadisələrin axınına uyğunlaşdırmışdı, nə də Akçura kimi iynəli zəkaya sahib idi. Çəkingən xasiyyəti və iddiasızlığına görə, kütlələr üzərində deyil, fikir adamları üzərində təsiri vardı.”
 
 
 
 
 
Müəllif: Gülnar Əhməd
Mənbə: azlogos.eu
 

0 şərh