Fateh Sultan Məhmədin Hakimiyyəti (1451-1481)

Fateh olaraq adlandırılan və türklərin tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən böyüyü olan II Sultan Məhməd, 19-20 yaşlarında ikən üçüncü dəfə 1451-ci ildə Osmanlı taxtına keçdi. Vəzir Çandaralı Xəlil paşanı vəzifəsində olduğu kimi saxladı. Karamanoğlunun II Muradın vəfatından sonra Osmanlı ərazilərinə hücumu nəticəsində ilk səfərini onlara qarşı etdi. Onları məğlub edərək bəzi ərazilərini ələ keçirdi və müqavilə imzaladı. Macarlarla da 3 illik bir müqavilə imzaladı. Bu əsnada dövlətlərlə heç bir münaqişənin çıxmamasına çalışdı.
Fateh Bəyazidin tikdirdiyi Güzəlcəhisann qarşısına bir qala tikdirmək, bununla da boğazın üst hissəsinin təhlükəsizliyini təmin etmək istəyirdi. Lakin Bizans elçilər göndərərək buna mane olmağa çalışırdı. Fateh imperatorun elçisinə belə dedi:
-“Mən şəhərdən heç nə götürmürəm. Şəhərin xəndək xaricində heç bir yeri yoxdur. Buna görə burada qala tikdirməyimə mane ola bilməzsiniz. Macar kralı bizim üstümüzə hücum etdikdə, franklar Çanaqqala boğazına gələrək boğazı tutmuşdular. Buna görə atam, buranı Allahın iznilə keçə bilmişdir. Bütün bu çətinliklərə necə dözdüyünü yaxşı bilirsiniz. İmperatorunuz bu vəziyyətə sevinərkən, müsəlmanlar əziyyət çəkirdilər. Atam boğazı çox təhlükələri göz önündə tutaraq keçə bilmişdi. Boğazı keçən kimi də Anadolu qalasının qarşısında başqa bir qala tikdirəcəyinə and içmişdi. Ancaq o bunu yerinə yetirə bilmədi. Allahın iznilə bunu mən etmək istəyirəm. Nə üçün buna mane olmaq istəyirsiniz? Məmləkətimdə istədiyimi edə bilmərəmmi? Gedin imperatora deyin ki, indiki padşah köhnə padşahlardan deyil. Onların edə bilmədiklərini bu asanlıqla edəcəkdir. Onların istəmədiklərini bu istəyir və edəcəkdir də. Bundan sonra bu məsələ üçün gələnin başı üzüləcəkdir”. Fateh üç hissəli bir qala tikdirdi. Bu inşaatda 5-6 min işçi işləyirdi. Qala tezliklə tikildi. Bürclərindən dəniz tərəfdə olanları Xəlil paşa, digərlərini də Zağanos paşa ilə Sanca paşa öz hesablanna tikdirdilər. Bu qala sayəsində boğaza nəzarət ələ keçirildi. Bu qalanın adı Rumeli qalasıdır.
 
Fəthə Hazırlıq və İstanbulun Qala Divarları
Ədiməyə qayıdan Fateh, mühəndis Müslihiddinlə, Sanca Sekban və Rumeli qalasının memarı Macar Urbanın səyi nəticəsində böyük toplar hazırlatdı. Bizans imperatoru Konstantin də, Avropadan kömək istəyərək özünümüdafiəyə hazırlaşdı.
Osmanlı ordusu 1453-cü il İstanbul qalalarının önünə gəldi. Şəhər ertəsi gün qılınan cümə namazından sonra qurudan və dənizdən mühasirəyə alındı. Maddi qüvvəylə bərabər mənəvi gücə də əhəmiyyət verən Fateh, Konstantinopolun mühasirəsinə böyük mütəsəvvif Ağşəmsəddin-lə, Ağbıyık Dədə kimi böyük vəliləri də gətirtmişdi. Fatehin müəlllimi Mola Gurani ilə Molla Xüsrəv də bu səfərdə iştirak edirdilər. Bütün alimlər və vəlilər də eyni zamanda mücahiddir. Bundan əlavə əsgərlərin mənəviyyatınıp yüksəltmək üçün, bir çox şeyx və dərviş də bu savaşa qatılmışdı. Konstantinopolun fəthi bütün İslam tarixi boyu həm dini, həm də dünyəvi bir vəzifə olmuşdur.
İstanbul qalaları Mərmərə, Xalic daxil olmaqla köhnə İstanbulu hər tərəfdən əhatə edirdi. Köhnə qala divarlarının önündə ikinci bir qala divarları da tikilmiş, onun da qabağındakı 6-7 metr dərinlikdə və 7 metr genişlikdə xəndəklə əhatələnmişdi. Öndəki qalanın hündürlüyü 8,5 m. qalinliği isə 2 m. idi. Arxasındakı ikinci qala isə ondan daha yüksək və geniş idi. Xalicin ətrafındakı qala divarları isə zəif idi. Oranın girişi qalın zəncirlərlə bağlanmışdı.
Böyük toplar Topqapı və Ədimə qapı arasında yerləşdirilmişdi. Osmanlı donanması Baltaoğlu Süleyman bəyin əmrində 150 gəmidən ibarət idi. İlk böyük topun atılması Bizanslıları qorxutdu. Bu qorxu uzun davam etmədi. Açılan dəlikləri bağlamağa başladılar. Bizanslılara Avropadan aprelin 20-si üç böyük gəmi, 1200 əsgər və bir gəmi də ərzaq gəldi. Osmanlı gəmiləri bu gəmiləri tuta bilmədilər. Zeytunburnundan bu vəziyyəti seyr edən Fateh bu hadisəyə çox əsəbləşdi və atını dənizə sürdü.

Fateh Xəlicə nəzarəti əlində saxlamaq üçün aprelin 20-22-də Dolmabağçadan başlayaraq Bəyoğluna qədər təkərlər üzərində apardığı 80-90 ədəd gəmini Qasımpaşadan Xəlicə endirdi. Bizans təşvişə düşdü. Bu təşəbbüs gənc padşahın üstün zəkasının işarəsi idi. Hüzuruna çıxan son Bizans elçilərindən birinə “manim qüdrətimin çatdığı şeyə, sizin xəyalınız belə çatmaz” demişdi. Xəlic yaxınlığındakı körpü və gəmilərlə xəlic qalaları da top atəşinə tutulmağa başlandı. 18 aprel və 12 may arasında edilən hücumlar nəticəsiz qaldı. Fateh 23 mayda bir elçi göndərərək şəhərin tərk edilməsini, imperatorun ailəsi və xəzinələri ilə çıxıb getməsini, qəbul etdiyi təqdirdə əhalinin də sərbəst olduğunu, ancaq şəhər müharibə yolu ilə alınarsa əhalinin əsir alınacağını bildirdi. Bunun əvəzində imperator nə qədər istəsə vergi verəcəyini və mühasirəni dayandırması istənilmişdi. Padşah “burdan getməyim doğru deyil. Ya mən şəhəri alaram, ya da şəhər məni alar” demişdir.
Mayın 29-da bütün ordu və donanmanın hər tərəfdən hücumu nəticəsində İstanbul 1453-cü ildə fəth edildi. Son imperator Konstantin isə müharibə əsnasında öldürüldü.
II Məhməd 22 yaşında Fateh ünvanını alaraq şəhərə daxil oldu. Bir patriarx təyin etdi. Ayasofiyanı məscidə çevirdi. 8 iyuna qədər burada qaldı.
Bu əsnada vəziri Xəlil paşanı Yeddiqülləyə həbs etdirdi. Sonra onu Bizansdan rüşvət aldığı və fəthə mane olduğu ilə ittiham edərək edam etdirdi. Bundan sonra Osmanlı dövlətində müxtəlif millətlərdən olan vəzirlər dövrü başlamışdır.
İstanbul fəthinin İslam dünyasına yayılması:
İstanbulun fəth edilməsi və Şərqi Roma imperiyasının dağılması İslam aləminin sevincinə səbəb oldu. Məmlük sultanı elçi göndərərək Fatehi təbrik etdi. Qahirədəki Abbasi xəlifəsinin əmrilə şəhidlərin ruhlarına dua edildi. İstanbulun fəthi türk tarixində ən şərəfli hadisə sayılır.
Fəth xəbərinin Avropaya yayılması: İstanbulun fəthi Avropanın təşvişə düşməsinə və kədərlənməsinə səbəb oldu. Bu fəth Avropanın zəifliyinin bir işarəsi idi. Bu səbəblə papa türklərə qarşı yeni səlib yürüşü tərtib etmək istəyirdi. 1454-cü ildən başlayaraq türklərə qarşı əlinə silah alan hər xristianın cənnətlə müjdələnəcəyini vəd və elan edirdi. Türklərə qarşı aparılası mübarizə üçün vergi toplanmağa başlandı. Bütün xristian dünyasına müqəddəs xaç vergisi qoyuldu. Hər hansı bir müsəlmana silah, ərzaq və başqa əşyalar satan xristiana işgəncələr veriləcəkdi. Papa V Nikolayın bütün bu səyləri heç bir nəticə vermədi. Belə ki Serblər, Trabzon-Rum imperatorluğu, Sakız və Midillidəki Geneviz bəyləri 1454-cü ilin əvvəlində elçilər göndərərək fatehi təbrik edərək onun hakimiyyətini qəbul etdilər və vergi də ödədilər.
 
Fatehin Səfərləri
Fateh İstanbulun fəthindən sonra Ədirnə-Segedin müqaviləsilə Serblərə verilən bəzi qalaların geri qaytarılmasını istədi. Ancaq rədd cavabı aldı. Bundan sonra Serbiyaya yürüş edərək bəzi qalaları tutdu. Fateh geri dönəndən sonra Serb despotu ora hücum etdi. Buradakı Fatehin komandiri Serb despotunu məğlub etdi. Fateh yenidən Serbiyaya qayıtdı. 1454-cü ildə 50 min nəfəri əsir alaraq geri döndü. Bunun 5 minini İstanbul və ətraf ərazilərə yerləşdirdi.
Fateh 1455-ci ildə II Serbiya səfərində gümüş mədənləri ilə məşhur olan Novoberda və Tirbicə şəhərlərini də tutdu. 1 il sonra da Belqradı mühasirəyə aldı. Ələ keçirəcəyi əsnada Macar kralı Jan Hunyadın köməyi nəticəsində Osmanlı ordusu məğlub oldu. Osmanlı ordusu geri çəkilmək məcburiyyətində qaldı. Fateh 1456-cı ildə ayağından yaralandı. Jan Hunyan isə bu döyüşdə aldığı yaralardan iyirmi gün sonra öldü.
 
Osmanlı Donanması və Adaların Fəthi
Bəyazidin dövründə sahillərin müdafiəsi məqsədilə qurulan Osmanlı donanması Fatehin dövründə də inkişaf etdi. Gelibolu, İzmit, Gəmlik və İstanbulda dəniz limanları quruldu. Osmanlı donanmasının mərkəzi Gelibolu idi. Göstərilən səylər nəticəsində Osmanlı donanması güclənirdi. Ege dənizində İmroz, Midilli, Taşoz, Limni və digər adalar alındı. Trabzon üzərmə donanma göndərildi. Osmanlı dövlətinin adaları ələ keçirməyə başlaması ilə Venediklə 7 il davam edən müharibə başladı. Ancaq 1470-ci ildə Enezə hücum edən Venediklilər imam və qazılar da daxil olmaqla 2 min müsəlmanı Əğriboz adasma əsir apardılar. Bu hadisədən sonra adanın fəthinə qərar verildi. Fateh qurudan, Mahmud paşa da dənizdən hərəkətə keçdi. 1470-ci ildə ada fəth edildi. Bu adanın fəthi Avropanmm narahatlığına səbəb oldu.

Fatehin Cənubi Qara Dəniz Səfəri
Fateh donanmanı Mahmud paşanın əmrində göndərərək özü də quurudan hərəkətə keçdi. Amasra Cenevizlilərin əlində idi. Padşah Boluya gəldikdə Ceneviz bəyinə təslim olmağı təklif etdi. Ceneviz bəyi bu təklifi qəbul etdi. Nəticədə 1460-cı ildə şəhər müharibəsiz alındı.
Candaroğlu İsmayıl bəy də Fatehin Sinopu almaq fikrini öyrəndikdə o da təslim oldu. Beləliklə, 1461-ci ildə bu bəylik də ləğv olundu. Bununla Fateh hər iki bəyliyi müharibəsiz ələ keçirdi.
Trabzon-Rum imperatorluğu 1204-cü ildə IV Səlib yürüşündə İstanbulun alınmasından sonra qurulmuşdu. Bu imperatorluq Giresun və Batuma qədər olan əraziyə sahib idi. İmperatorun qızı Dəspinə Ağqoyunlu hökmdarı Uzun Həsənin arvadı idi. Buna görə də Ağqoyunlu dövləti ilə aralarında qohumluq münasibətləri vardı.
Bu vaxt Trabzon-Rum dövlətinin Avropadan kömək istəməsi Fatehin qəzəbinə səbəb oldu. Fateh bu imperatorluğun məhvinə qərar verdi. Bundan əlavə kral David illik veıgindən də imtina etmişdi. Uzun Həsən vasitəsilə verdiyi veıgiləri geri istəmişdi. Fateh gələn heyətə “Siz gedin. Mən özüm gələrək borcumu ödəyərəm ” cavabını vermişdir.
Osmanlı donanması Mahmud paşanın əmrindəki 300 gəmi ilə Tarbzonu mühasirəyə aldı. Fateh də şəhəri qurudan mühasirə etdi. Çıxılmaz vəziyyətdə qalan Rumlar 1461 -ci ildə təslim olmağa məcbur oldular. Beləliklə 257 il hökmranlıq edən Rum imperatorluğu da dağıldı. Uzun Həsənlə də müqavilə imzalandı.
 
Albaniya səfərləri
Osmanlı sarayında yetişən İsgəndər bəy 1441-ci ildə qaçaraq Albaniyada üsyan etdi. II Muradın dövründən başlayan və yatırılmayan üsyanı yatırmaq üçün Fateh ora ordu göndərdi. Ancaq üsyan yatırılmadı. Çünki Osmanlı ordusu gələnə qədər dağlara çəkilən İsgəndər bəy, onlar geri çəkiləndən sonra əraziləri yenidən ələ keçirirdi. Bundan əlavə İsgəndər Napoli krallığından kömək də alırdı. Fateh İsgəndər bəyin üzərinə 1465-1467-ci illərdə iki dəfə səfər etdi. Bununla yanaşı İsgəndər yaxşı müdafiə olunurdu. İsgəndər bəyin 1468-ci ildə ölümündən sonra, 1479-cu ildə Fateh üçüncü Albaniya səfəri zamanı bölgəni tamamilə ələ keçirdi.
 
Karaman bəyliyi və Osmanlı-Ağqoyunlu Münasibətləri
Karamanoğullan tarix boyu Osmanlıların düşmənləri ilə müttəfiq olmuşdular. Karamanoğlu Pir Əhmədin Osmanlı üzərinə hücum etməsi nəticəsində Fateh ora ordu yeritdi. Konya və Karamanı ələ keçirdi. 1466-cı ildə Pir Əhməd qaçdı. Sonra Rum Məhməd paşa Karaman səfərinə göndərildi. Bir çox ailəni yox edən bu paşa came və türbələri də yağmaladı. Bu əsnada Varsaq türkmənlərinin ani hücumu ilə məğlub oldu. Bundan sonra İshaq paşa 1470-ci ildə səfərə çıxdı. Bəzi yerləri tutdu.
Karamanoğullan bu hadisələrdən sonra Uzun Həsəndən kömək istədilər. 1471-ci ildə Gedik Əhməd paşa Karamana səfər edərək Alaiyyə və ətrafını ələ keçirdi. Bir müddət sonra Karamanoğullan Uzun Həsənin köməyi ilə Konyanı geri alsalar da, Mahmud paşanın əmrindəki Osmanlı ordusu onları geri oturtdu.
 
Otluqbeli müharibəsi
Fatehin Trabzon səfəri əsnasında olduqca zəif olan və anasını göndərərək sülh müqaviləsi imzaladan Uzun Həsən 12 il ərzində güclənmiş, Qaraqoyunlulan məğlub etmiş, sərhədlərini Türküstana qədər genişlətmişdi. Özünü Asiyanın ən böyük hökmdan kimi görürdü. Avropa dövlətləri ilə ittifaqa girdi. Onlardan toplar istədi. Bu vaxt 1472-ci ildə Osmanlılara tabe olan Tokatı tutaraq talan etdirdi. Bütün bunlarla yanaşı Uzun Həsən Fatehdən elçi göndərərək mərkəzi Anadolu və Trabzonun özünə verilməsini istədi. Fateh buna rədd cavabı verdi. Bu təklifdən sonra Ağqoyunlu hökmdarını döyüşə dəvət etdi.
1473-cü ilin martında 100 min nəfərə yaxın ordu ilə səfərə çıxan Fateh Otluqbeliyə gəldi. Fateh kədərli idi. Çünki Ankara savaşını unutmamışdı. Bundan əlavə ordunun ilk hissəsi məğlub olmuşdu. Uzun Həsənin ordusunun əksəriyyəti də süvarilərdən ibarət idi. İki türk dövləti, iki türk ordusu 1473-cü il avqustun 11-də qarşı-qarşıya gəldi. Top və tüfəng atəşləri qarşısında tab gətirməyən Uzun Həsənin ordusu məğlub oldu. Uzun Həsənin məqsədi isə Fatehi məğlub edərək İstanbulu tutmaq idi. Avropadan istədiyi toplar gəlmədiyindən döyüşdə məğlub oldu.
Fatehin Uzun Həsənlə müharibəsindən istifadə edən Avropa dövlətləri İzmir, Antalya və Midillini tutaraq yandırdılar. Osmanlı-Səlib döyüşləri 1478-ci ilə qədər davam etmişdir.
 
Şimali Qara Dəniz və İtaliya Səfərləri
Fateh Cenevizlilərə aid Azak və Kəfəni tutaraq Qaradənizi özününküləşdirmək üçün 1475-ci ildə Gedik Əhməd paşanı 70 min əsgər və 300 gəmi ilə şimali Qaradəniz səfərinə göndərdi. Kəfə və Azak alındı. 1477-ci ildən başlayaraq Krım xanlığı da Osmanlılara tabe oldu.
1479-cu ildəki İtaliya səfərinə də Gedik Əhməd paşa göndərildi. Paşa həmin il Zanta, Kefaloniya, Ayamavra adalarını aldı. 1480-cı ildə səfərinə davam edərək İtaliyada Otranto və ətraf ərazilərini fəth etdi.
Ancaq Fatehin 1481-ci ildə vəfat etməsilə İtaliya fəthləri yarımçıq qaldı. Türklər Otrantanı əlirində cəmi 13 ay saxlaya bildilər.
 
Rodos Səfəri
Osmanlı dövləti bir tərəfədən İtaliyaya donanma göndərərkən, digər tərəfdən də Rodosa hücum etmək üçün hazırlıqlara başladılar. Fateh 1479-cu ildə Məsih paşanı kəşfiyyat məqsədilə Rodosa göndərdi. Məsih paşa sonrakı il böyük bir ordu ilə Rodosu mühasirəyə aldı. Adanı ələ keçirmək üçün qalaları aşmağa başlayarkən əsgərlərə yağmalamaq imkanı vermədi. Bu səbəbdən Rodos alınmadı.
 
Fatehin Vəfatı və Şəxsiyyəti
Fateh yeni bir səfər üçün ordugahını Qəbzə yaxınlığında qurduğu əsnada 1481-ci ildə 51 yaşında vəfat etdi. Ölümü gizlədilməyə çalışıldı. Lakin əsgərlər tezliklə bundan xəbər tutdular.
Onun zəhərlənərək öldürüldüyü də bildirilir və bu ani ölüm türk tarixində böyük bir itki idi. Bir müddət də yaşasaydı dünya tarixinin axarını tamam dəyişə bilərdi. Fateh sadəcə İstanbulun yox, eyni zamanda iki imperatorluğun (Şərqi Roma və Trabzon), 4 krallığın (Knm, Karaman, Serbiya və Bosniya) və 11 bəyliyin yəni 17 dövlətin fatehidir.
Bu dövlətlərin 5-i türk, digərləri xristian olmuşdur. Fateh 30 il hökmdarlıq etmiş və 25 səfərdə iştirak etmişdir. Anadoluda xristian dövləti qoymamışdır.
Dövlət idarəçiliyində sərt idi. Səfərləri gizli saxlayardı. Hərbi sirri yaxşı bilirdi. Əsgərləri həyəcanlandıra və döyüşə təşviq etmə məharətinə malik idi. Bir neçə dil bilirdi. Şairlik qabiliyyəti də vardı. Dini və dünyəvi elmlərin inkişafında böyük xidmətləri olmuşdur. İstanbulu elm və ticarət mərkəzi etmişdir. Üç övladı olmuşdur.

Ə. II Bəyazidin Hakimiyyəti (1481-1512)
Fatehin ani ölümü böyük siyasi böhrana səbəb oldu. Padşahın ölüm xəbərini eşidən Yeniçərilər İstanbula hücum etdilər. Vəzir İshaq paşanın təşviqi ilə böyük vəzir Karamam Məhməd paşa öldürüldü.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh