KİNO: 12 Qəzəbli Kişi (12 Angry Men)

1 qətl, 1 qurban, 1 qatil, 1 məhkəmə, 1 müttəhim, 1 hakim, 1 qərar qəbul etməli olan 12 qəzəbli kişi. Həyat onların əlindədir, ölüm hökmü isə onların fikrində.



Reliz:         1957
Rejissor:     Sidney Lumet
Ssenari:      Reginald Rose
Baş rolda:   Henry Fonda

ABŞ hüquq sistemində bəzi cinayət işlərinə münsiflər məhkəməsində baxılır. 12 nəfərdən ibarət olan münsiflər, hər dəfə nümunəvi vətəndaşlar arasından seçilir. Filmin bəhs etdiyi dövrdə, münsiflərin verdiyi son qərar yekdil olmalı idi. Ya onlardan hamısı, ya da heç biri müttəhimin günakar olduğu qənaətinə gəlməli idi.

Bəlkə mən səhv mühitdə yaşayıram, amma tanıdığım adamlardan çoxu televizorda ağ-qara film görən kimi sürətli reaksiya ilə kanalı dəyişir. Sanki, belə kino görəndə onları yüksək gərginlikli cərəyan vurur. Özüm haqqımda onu deyə bilərəm ki, retro filmlərin böyük həvaskarı olmasam da hər dəfə bu filmə baxdıqdan sonra aldığım təəssüratdan özümü cərəyanla vurulmuş hiss edirəm.

Filmin 95%-i yalnız bir kiçik yarı-qaranlıq otaqda baş verir. İri stol ətrafında oturmuş 12 münsif ilk baxışdan çox sadə görünən bir cinayət işinə görə qərar verməlidirlər. Həddi-buluğa təzəcə çatmış gənc öz doğma atasının qətlində günahlandırılır. Şahidlər, dəlillər, ittihamçının odlu-alovlu çıxışı... Ona ölüm cəzası çıxatmaq üçün 10 səbəb var, onu elektrik stuluna göndərməyə hazır olan 11 nəfər var. Lakin 7 saylı münsif qalanlarını tələsməməyə çağırır. "Biz insan taleyini həll edirik, bəlkə qərarımız barədə bir qədər artıq düşünməliyik?" Münsiflərin onlar üçün ayrılmış xüsusi otaqda heç bir tərəddüdsüz qəti qərar çıxartdığı anda onlardan yalnız biri buna cəsarət etmir. Müxtəlif sosial təbəqələri təmsil edən, bir-birini əvvəllər heç vaxt görməmiş, ayrı-ayrı peşə sahibləri.  Onları yalnız "günahkardır!" ifadəsi birləşdirir. Yalnız №7, öz fikrinə görə onlardan fərqlənir. Və bu bəzilərinin hiddətinə səbəb olur. 12 sadə kişi, filmin sonuna doğru 12 qəzəbli kişiyə dönür. Münsiflərdən çoxu əllərində olan tutarlı sübutlara görə ona bəraət qazandırmır. Bəzilərinin isə başqa bəhanələri var. Kimsə yalnız müttəhimin milli azlığa mənsub olduğunu bəhanə gətirir, kimsə öz şəxsi həyatındakı uğursuzluğa görə, bir başqası isə, beysbol oyununa tələsdiyinə görə qətiyyən fikrindən dönmək, onun günahsız olma ehtimalını müzakirə etmək istəmir.

№3 - "Axı qonşular onun atasını ölümlə hədələdiyini eşidib!"

№7 - "Biz bunu hər gün deyirik - Səni öldürmək istəyirəm! Əzizim səni özldürəcəm! Vur onu Rokki! Amma kimisə öldürməyi doğrudan nəzərdə tutmuruq. Demək başqa, etmək başqa....."

№3 - "Sən çox çərənniyirsən......"

№7 - "Niyə özünüzü belə aparırsınız, elə bil qanun elə siz özünüzsüz"

№3 - "Bəli! Elə mənəm ki varam!"

№7 - "Bu otağa girdiyinizdən özünüz sadist kimi aparısız, və o uşağı elektrik stuluna göndərmək üçün alışıb yanırsız!"

№3 - "Kəs səsini, yoxsa səni öldürəcəm!!!"

№7 - "Məni öldürəcəyinizi doğrudan nəzərdə tutmurdunuz, deyilmi?"....



Öz məntiqi düşüncə tərzi və əvvəlcədən düşünülmüş addımları ilə ittihamçı tərəfin gətirdiyi sübutları bir-bir şübhə altına salan qəhrəman, digər münsiflərin də simpatiyasını qazanır..., lakin onların səsini qazana biləcəkmi?

Filmin bütün iştirakçıları elə təəssürrat yaradır ki, elə bil biz doğrudan da 12 nəfərin mübahisəsinə tamaşa edirik. Operator işi isə izləyicini sanki həmin otağın bir küncündə otuzdurur.

Film sona yaxınlaşdıqca, 12 nəfərin hamısının psixoloji portretini əldə edirik, öz fikri olmayan, başqalarının ardınca - populyar fikrə meyl edən, və ya başqalarının fikri heç vecinə olmayan, yalnız özünün doğru bildiyi kimi qərar çıxardan.

№7 - "Nə oldu, nə dərin xəyala getdiniz?"

№5 - "Mən də sizinləyəm, qərarımı dəyişirəm, günahsızdır!"

№3 - "Daha bir qəlbiyumşaq......."

№7 - "Bəs siz?"

№12 - "Bimirəm....."

№3 - "Necə yəni bilmirəm?!"

№12 - "....sadəcə olaraq bilmirəm!"




Hər dəfə münsiflərdən biri "mən rəyimi dəyişirəm - o günahsızdır!" dedikdə, insan elə hiss keçirdir ki, sanki sevimli futbol komandası rəqib qapısına daha bir qol vurur.

Filmə baxarkən məhkəmə sisteminin bəzən ədalətsiz olduğunu düşünürsən. Doğrudan da axı insan səhv edir. Fərqi yoxdur, riyazi hesablama apardıqda, yoxsa kiminsə taleyini həll etdikdə. İnsanın həyatını hər adama etibar etmək olmaz.

Filmin mərkəzində belə prosesləri əks etdirəm "əsaslı şübhə (ing. reasonable doubt)"  anlayışı durur.

"Mən demirəm ki, onun atasını öldürmək ehtimalı yox idi, sadəcə olaraq artıq onun günahkar olduğuna şübhəm oyanıb. Belə şübhəylə mən ona ölüm cəzası kəsilməyinə razı ola bilmərəm."




Aktyorların 12-sinin də parlaq ifası, həmçinin kamera onları fokusa tutmadıqda belə rollarını gözəl yerinə yetirməsi hətta film bitdikdən sonra uzun müddət bayaqdan gözümüzn qabağında baş verənin sadəcə  bədii filmin olduğunu unutdurur. "12 qəzəbli kişi" baxmalı olduğunuz kinodur.

Əgər filmə baxmısınızsa, onun barədə nə düşünürsünüz?

* Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

*Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.
 

2 şərh

videofan
Filmin ssenarisini çox yaxşı yazmısınız.Ona görə də adam o dəqiqə həvəsə gəlib filmə baxmaq istəyir.Amma filmi atxaranda çətinliklə rastlaşdım.Onu mütləq qeyd etməliydiniz. 12 angry men həm 1957,həm də 1997-ci ildə çəkilib.sizin yazdığınız məhz 1957-ci ilin retro ağ-qara filmidir.
Türkəl

Tamamilə doğrudur. Mənim yazdığım 1957-ci ildə ekrana çıxmış bədii filmdir. 1997-ci ildə isə bu əsərin əsasında televiziya filmi çəkilmişdir. Orada baş rolda Frank Lemon çəkilib. Mən 1997-ci ilin filminə yalnız James Gandolfini'nin iştarıkına görə baxdım və peşman olmadım. Bu iki aktyor və Tony Danza'nı çıxmaq şərtilə televiziya versiyasında heç bir aktyor original filmdəki aktyorların etdiklərinin 10%-ini də edə bilmir. 2007-ci ildə isə dahi rus rejissoru Nikita Mixalkov filmin rus variantını çəkir və onu sadəcə «12» adlandırır. Bu film ən yaxşı xarici dildə olan film nominasiyasında Oskara namizəd olur. amma düzünü deyim rus versiyası heç ürəyimcə olmadı, baxmayaraq ki, çoxlu təriflərə layiq görülmüşdür.


Youtube-da hissələrlə filmin originalına — 12 Angry Men (1957) baxmaq mümkündür. İngilis dilini bilənlər filmə məhz bu dildə baxmağı məsləhət görürəm. Belə ki, filmin böyük hissəsi söhbətlərdən ibarətdir və bu aktyorların ifasının diqqətəlayiq hissəsidir.