Balaca uşağın qidalandırılması

Körpələrin sağlamlığı böyük sevincdir. Amma bəzən analar bilməyərəkdən uşaqlarına lazım olmayan süni qidalar verir. Halbuki, Tanrı körpələrə elə doğulan gündən təbii qida, ana südü bəxş edib.
Uşağın düzgün qidalandırılması onun fiziki və əqli inkişafi üçün vacib şərtdir. Odur ki, hər bir valideyn buna həssas yanaşmalıdır. Artıq təsdiq olunub ki, ilk altı ay ərzində körpəyə yalnız ana südü verilməlidir. Respublikanın baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, ananın bədənində hazırlanan bu təbii qidanı heç bir süni qarışıqla əvəz etmək olmaz. Onun tərkibindəki qida komponentlərini süni yolla yaratmaq qeyri-mümkündür.
“Ananın südü uşaq orqanizmi tərəfindən ən az qalıqla mənimsənilən qidadır. Ana südünün tərkibində olan istər zülal, karbohidratlar, istərsə də yağlar uşaq orqanizmi üçün ən optimal nisbətdədir. Ana südünün tərkibində olan hazır immuncismlər ana südü vasitəsilə uşaq orqanizminə ötürülür və passiv immunitet yaratmaqla uşağı yoluxucu xəstəliklərdən qoruyur”, - deyə Nəsib Quliyev bildirib.
körpə uşağın qidalanması
Hətta, müəyyən edilib ki, süni qida qəbul edən uşaqlar arasında xəstələnmə halı ana südüylə qidalananlarla müqayisədə 17% çox olur. Bəzən körpələrə inək, keçi və digər heyvanların südünü verirlər. Bu zaman zülal yüklənməsi səbəbindən həzm prosesi çətinləşir.

“Nə keçinin, nə inəyin, nə də digər canlıların südü ana südünə bənzəməz. Təsəvvür edin inəyin balası inək südü ilə qidalanıb, uzağı iki ilə inək böyüklükdə olur. İnsanın övladı isə ana südü ilə qidalanarkən valideynlərinə 18 ildən sonra gəlib çatır”, söyləyən həkim bunun qəti əleyhinə olduğunu bildirdi.
Yalnız 9 aylıq uşağa qaynadıldıqdan sonra heyvan südü içirtmək olar. Qidalanma rejiminə gəlincə, sağlam körpə ilk 3-4 ayında gündüz üç saat, gecə isə altı saatlıq fasilə ilə yeddi dəfə qida qəbul etməlidir. 6 ayından başlayaraq ana südü ilə yanaşı, əlavə qidalar da təyin olunur.
Baş pediatrın sözlərinə görə, bu zaman uşağa manna sıyığı verilə bilər. Bu qidaları bəzən düyü unundan, buğda unundan da düzəldirlər. 5-6 ayı tamam olan uşaqlara meyvə şirələri, yumurta sarısı, 7 aydan sonra təbii yolla düzəldilmiş şor, yəni qatığın çürüdülməsi nəticəsində əldə edilən şor vermək lazımdır.

Uşaqlara 7 aydan sonra kök, çuğundur, gül kələmindən hazırlanan tərəvəz püreləri, alma, armud, banan kimi meyvələr, ət xörəkləri, ilk dəfə olaraq buğda bişirilmiş kotlet, toyuq ətindən olan suplar da vermək olar. Həkimlər 6 aya qədər uşaqlara heç bir maye verilməməsini tövsiyə edir. Çünki ana südü tamamilə uşağın suya olan ehtiyacını ödəyir. Yalnız ağır ishal və yüksək temperatur olduqda əlavə olaraq maye içirtmək lazımdır.

Mənbə: ANS Press

Döşlə qidalandırma infarkt və insult riskini aşağı salır
Qadın uşağı döşlə nə qədər çox qidalandırsa, infarkt, insult və ürək-damar xəstəlikləri riski o qədər aşağı olur. Bu barədə Pittsburq Universitetinin kardioloqları bildirirlər. Nəticələr 139 681 qadın üzərində aparılmış uzunmüddətli müşahidələrə əsaslanmışdır.
Həkimlərə uzun illər ərzində körpə sağlamılığının döşlə qidalanmasının faydaları məlum idi, lakin indi onlar bilmişlər ki, bu, ananın sağlamlığı üçün də çox mühümdür. Qeyd olunmuşdur ki, öz körpəsini döşü ilə qidalandıran qadınlar ən azı bir ay diabet xəstəliyinə gec tutulmuş, qanda xolesterinin stabil səviyyəsinə və normal arterial qan təzyiqinə malik olmuşlar. Bu amillər ürək-damar sisteminin pozğunluqları riskinin qarşısını almağa imkan vermişdir.
Ürək xəstəlikləri qadınlar arasında ölümün aparıcı səbəbidir, lakin uşaqlarını bir ildən çox qidalandıran analar ürək ağrılarına və ya insulta 10% az məruz qalırlar və ürək xəstəliklərinə qarşı ümumi mühafizəni isə artırırlar. Həkimlərin sözlərinə görə, ana öz uşağına nə qədər çox vaxtda süd verirsə, bu, onların hər ikisi üçün daha faydalı olur.

 
loading...

0 şərh