Atmosferdə su

Atmosferdə 14 min km3 su buxarı var. Bunun 86%-i okean və dənizlərdən, 14%-i isə quru səthdən buxarlanma hesabına atmosferə daxil olur. Suyun maye və bərk haldan qaz halına keçməsi prosesinə buxarlanma deyilir. Buxarlanmanın intensivliyi - döşənən səthdən, temperaturdan, havanın rütubətliliyindən və küləyin sürətindən asılıdır. Buxarlanmanın ən yüksək kəmiyyəti tropik enliklərin okean səthi üzərində (2000 mm), ən az isə tropik səhralarda (50-100 mm) olur. Ekvatorda yüksək buludluluqla əlaqədar buxarlanma (1000 mm) xeyli azdır. Ekvatordan qütblərə doğru buxarlanmanın miqdarı azalır.
Su buxarının maye hala keçməsi kondensasiya; su buxarının birbaşa bərk hala (qar, buz) keçməsi isə sublimasiya adlanır. Müəyyən temperaturda buxarlana bilan rütubət miqdarına buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma deyilir. Tropik səhra və savannada buxarlanma qabiliyyəti daha yüksək; Arktik səhra və tundrada isə daha azdır. Buxarlanma qabiliyyəti daha böyük olan ərazilərdə - sutkalıq temperatur amplitudu böyük, fiziki aşınma intensiv, canlılar aləmi isə (bitki, heyvan) kasıb olur. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Bu fərq ən çox səhra və yarımsəhralarda, ən az isə su sahələri üzərində olur. Əraziyə düşən yağıntının buxarlanmaya olan nisbəti rütubətlik əmsalı adlanır və buxarlanmaR.ə. = Y:B ilə ifadə olunur. Rütubətlik əmsalı -istilik və rütubət arasında asılılığı, məntəqənin coğrafi mövqeyini, çay və göl şəbəkəsinin sıxlığını, fiziki və kimyəvi aşınmanın intensivliyini, kənd təsərrüfatının yerləşməsini, əhalinin sıxlığını göstərir, təbii zona və bitki örtüyü haqqında məlumat verir. Rütubətlik əmsalı:
a) R.ə.= 1 olduqda normaldır;
b) R.ə < 1 (vahiddən kiçik) olduqda rütubət çatışmamazlığı var. Bu cür ərazilərdə quraqlığa davamlı kserofit bitki örtüyünün inkisafı və duzlu göllərin əmələ gəlməsi üçün əlverişli şərait yaranır . Quraq (arid) iqlimdir. Suvarma tələb olunur. Düz radiasiya çox, fiziki aşınma intensivdir;
c) R.ə. > 1 Bu cür ərazilərdə yağıntı buxarlanmadan çox olduğundan rütubət boldur, düz radiasiyanın miqdarı az, çay şəbəkəsi sıx, bataqlıqların yaranması üçün əlverişli təbii şərait mövcuddur. Rütubətli (humid) iqlimdir.
Yuxarıda göründüyü kimi rütubət əmsalı nə qədər kiçik olursa, iqlim bir o qədər quru olur.
1 m3 havada olan su buxarının qramlarla miqdarına mütləq rütubət deyilir. Mütləq rütubət temperaturla düz mütənasibdir.
1 m3 havada olan su buxarının həmin temperaturda mümkün ola biləcək su buxarına faizlə olan nisbətinə nisbi rütubət deyilir. Əgər nisbi rütubət 70%-ə bərabərdirsə, bu o deməkdir ki, hava həmin temperaturda mövcud ola biləcək su buxarının 70%-ni özündə saxlayır. Nisbi rütubət temperaturla tərs mütənasibdir. Nisbi rütubət ekvator və qütb ərazilərində maksimuma, tropik səhralarda isə minimuma çatır. Nisbi rütubət nə qədər çox olarsa, yağıntının düşməsi üçün bir o qədər real şərait yaranır. Nisbi rütubətin miqdarı artdıqca, hava doyma həddinə yaxınlaşır. Nisbi rütubət 30%-dən az olduqda hava quru, 70% çox olduqda isə hava rütubətli sayılır və yağıntının düşməsi ehtimalı çoxalır.
Havanın su buxarını saxlamaq qabiliyyəti temperaturdan asılı olaraq dəyişir. Yəni temperatur artdıqca, havanın su buxarını saxlamaq qabiliyyəti də artır. Lakin son həddə çatdıqda hava «doyur». Müəyyən temperaturda havada mümkün ola biləcək qədər su buxarı varsa, o «doymuş hava» hesab olunur. Doymuş hava rütubətliyi 100% olan havadır. Yəni yağış havasıdır. Adətən isti və quru səth üzərində olan havada həmin temperaturda ola biləcəyindən az su buxarı olur. Belə havaya doymamış hava deyilir. Doymuş hava qızdırıldıqda, o doymamışa çevrilir. Çünki hava qızarkən genişlənir və onun həcmi də artır. Bu da onun su buxarını saxlaya bilmək qabiliyyətini artırır.
Iqlim xəritələrində eyni buxarlanma qabiliyyətinə malik olan əraziləri birləşdirən xətlər izoqaminlər adlanır. Havanın rütubətliliyini ölçmək üçün psixrometr, hiqrometr və hiqroqraf adlı cihazlardan istifadə olunur.

loading...

0 şərh