Avtomobil alanlara 8 məsləhət

Yeni avtomobil almağın sevinci alqı-satqı prosesində müştərilərə bəzən məqamları unutdurur. Bu hal daha sonra müştəri ilə avtomobil salonları arasında müəyyən problemlərə səbəb olur. Avtomobil ekspertləri bildirirlər ki, maşın alarkən bir sıra məqamlar var ki, onlara diqqət yetirilməlidir.

Avtomobili baha almamaq üçün məbləğ əvvəlcədən ödənilməlidir
Avtomobil eksperti Eldəniz Cəfərli bildirir ki, fevral ayı ərzində avtomobil almaq məqsədəuyğundur. Çünki yeni avtomobil modelləri adətən yaz aylarından etibarən satışa çıxır. Bu isə o deməkdir ki, yazda gətirilən maşınların qiyməti 5-7% bahalaşacaq. Ekspert hesab edir ki, yeni modelləri daha sərfəli qiymətə almaq istəyənlər sifariş üçün müqavilə bağlanan zaman avtomobilin dəyərini tam olaraq ödəməlidirlər. Məsələn, müştəri avtomobili 40 min manatlıq maşın üçün 1000 manat ödəyib sifariş edir. Məbləğin qalan hissəsini sifarişin yerinə yetirilməsindən sonraya saxlayır.

Belə olan halda məzənnə dəyişkənliyi nəticəsində 40 min manatlıq avtomobil qiyməti ölkəyə gətirilən zaman daha baha ola bilər. Müştəri sifariş zamanı avtomobilin dəyərini tam olaraq ödədiyi halda isə manatın məzənnəsinin dəyişməsi nəticəsində avtomobilin bahalaşmasına baxmayaraq ondan əlavə ödəniş alınmır. Ümumilikdə isə ekspert hesab edir ki, indi yeni avtomobil almaq sərfəli olsa da, bir sıra məqamlara diqqət yetirmək vacibdir.

1. Avtomobilə gün işığında baxıb almaq lazımdır
Ekspert deyir ki, əvvəlcə avtomobilə gün işığında baxılmalı və sürülməlidir. Avtomobilin ideal vəziyyətdə olduğu dəqiqləşdikdən sonra onu almaq olar. E.Cəfərli bildirir ki, Lənkəranda müştəri salonundan maşını axşam vaxtı alıb. Daha sonra isə məluma olub ki, satılan maşın əvvəlcə aşıb və rənglənərək satışa çıxarılıb.

2. Avtomobil çirkli olmamalıdır
Bundan əlavə, yeni avtomobil alarkən onun tam ideal təmiz vəziyyət olmasına diqqət yetirilməlidir. Həm maşının içi, həm də çölü təmiz olmalıdır. Ekspert bildirib ki, belə olan halda avtomobildə hər hansı cızıq varsa, və yaxud daşınma zamanı hər hansı ziyan dəyibsə dərhal müəyyən etmək mümkün olur.

3. Müqavilədə avtomobilin təhcizatına, rənginə, istehsal ilinə diqqət yetirmək lazımdır
Avtomobil sifariş edərkən əsas diqqət yetirməli olan məsələ müqavilədir. E.Cəfərli qeyd edir ki, müqavilə bağlanan zaman avtomobilin rənginə, istehsal ilinə və təhcizatına diqqət yetirilməlidir. Bu daha sonra sifarişlə yarana biləcək hər hansı problemin qarşısını alacaq.

4. Əlavə təhcizatı kodla göstərilən detalların adı da qeyd edilməlidir
Avtomobil eksperti Rəşad Quliyev bildirir ki, bəzi hallarda avtomobillərin təhcizatı xüsusi kodlarla göstərilir. Amma adi müştəri bu kodun hansı detala və ya əlavə təhcizata aid olduğunu bilmirlər. Bu halda müştərinin aldadılma ehtimalı var. Ona görə də, avtomobilin əlavə təhcizatı kodla göstərilirsə, müqavilədə həmin detalın adının da qeyd edilməsi tələb edilməlidir.

5. İstehsal yerini Şassi nömrəsi ilə yoxlamaq lazımdır
R.Quliyev deyir ki, yeni avtomobil modelləri bəzi hallarda digər ölkələrdə də yığılır. Azərbaycanda rəsmi dilerlər də bəzi modelləri istehsal yerindən deyil, yığıldığı digər ölkədən gətirirlər. Məsələn, yeni modellərdən bəzilərinin hazırda Dubayda yığılan versiyaları var. Rəsmi dilerlər avtomobili Dubaydan gətirsələr də, istehsal ölkəsini qeyd edirlər. Yeni avtomobil sahibi avtomobilin kapotunun altında döymə şassi nömrəsini internetdə yoxlamaqla avtomobilin istehsal yerini dəqiqləşdirə bilər. Məsələn, WDF44781313011191 kodunu daxil etdikdə avtomobilin “Mercedes V Klass” və istehsal yerinin Almaniya olduğunu görmək mümkündür.  

6. Servis kitabçası tələb etmək lazımdır
Ekspertlər bildirirlər ki, yeni maşın sahibi olmaq istəyənlər adətən sevincli olduqları üçün və avtomobili dərhal sürmək istədikləri üçün bəzi detalları unudurlar. Bunlardan da biri avtomobilin servis kitabçasıdır. E.Cəfərli deyir ki, yeni avtomobil almaq istəyənlər mütləq servis kitabçasını tələb etməlidirlər. Əks halda, rəsmi dilerdən daha sonra bu kitabçanı almaq mümkün olmayacaq. Servis kitabçasını almaq üçün əlavə ödəniş etmək lazım gələcək.

7. Ehtiyat təkərin olub-olmadığını yoxlamaq vacibdir
E.Cəfərlinin sözlərinə görə bundan əlavə yeni avtomobilin baqajını açıb ehtiyat təkərin olub-olmadığını da yoxlamaq lazımdır. Sonradan ehtiyat təkərin olmadığını müəyyən etdikdə bu dilerlə müştəri arasında mübahisəyə səbə ola bilər. Müştəri avtomobildə ehtiyat təkərin olmadığını sübut etməkdə çətinlik yaşaya bilər.

8. Ehtiyat açarı unutmaq olmaz
Avtomobil alıcıları adətən servis kitabçası ilə yanaşı, avtomobilin ehtiyat açarını da unudurlar. E.Cəfərli sözlərinə görə bu da vacib məsələdir. Onun sözlərinə görə, əksər hallarda müştərilər 3-cü açarı tələb etmirlər. Bu bəzi hallarda müştərilər üçün problem yaradır: “Azərbaycanda adətən sürücülər iki açarı eyni vaxtda üzərlərində daşıyırlar. Avtomobilin açarı unudulanda və ya itəndə isə sürücü çıxılmaz vəziyyətdə qalır. Xüsusilə də qadın sürücülər belə hallarla tez-tez rastlaşır”.Ona görə də 3-cü açar mütləq vacibdir. Ekspert tövsiyə edir ki, gözlənilməz halla qarşılaşmamaq üçün avtomobilin açarlarından biri mütləq evdə və ya başqa yerdə saxlanılmalıdır.

 

Avtomobil həvəskarlarının diqqətinə:
Changan elaqe merkezi sizin hər zaman xidmətinizdədir. İstənilən model haqqında ətraflı məlumat üçün veb saytımıza və ya sosial şəbəkə hesabları vasitəsiylə Changan Azərbaycana müraciət edə bilərsiniz.

 

0 şərh